Sahibkarlığın inkişafı daha dinamik xarakter alır

 

Bazar iqtisadiyyatının ən vacib atributlarından hesab edilən sahibkarlığın dinamik inkişafı ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən olaraq qalır. Bu kontekstdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlığın bütün növləri indi sürətli tərəqqi yolundadır. İstehsal, sənaye, aqrar, ticarət, xidmət, maliyyə, sığorta kimi sahibkarlıq növləri ötən illərlə müqayisədə inkişaf tempini daha da artırıb, məcmu istehsal həcmini və xidmət səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldib. Bunun nəticəsidir ki, artıq ölkəmizdə ümumi daxili məhsul istehsalında özəl sektorun payı davamlı olaraq artır, bu sahədə sahibkarlıq institutu aparıcı qüvvəyə çevrilir.

Sahibkarlığın yüksək templərlə müşayiət olunan tərəqqisi əhalinin maddi-rifah halının daha da yaxşılaşmasına, məşğulluq səviyyəsinin artması, yoxsulluq probleminin daha tez həllinə təsirsiz ötüşmür. Nəticə etibarı ilə sahibkarlıq ölkənin, cəmiyyətin sosial-iqtisadi tərəqqisində xüsusi çəkisi daim artan bir instituta çevrilir. Bütün bunlar həm də sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən və konkret məqsədlərə hesablanan siyasətin məntiqi bəhrəsidir. Yeni sahibkarlıq subyektlərinin yaradılması, əvvəl mövcud olanların daha da gücləndirilməsi, iqtisadi imkanlarının artırılması dövlətin maraq dairəsindədir. Bu məqsədlə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların qeydiyyat prosedurunun dünya standartlarına uyğunlaşdırılmasından tutmuş onlara müxtəlif səpkili yardımların göstərilməsi, üzləşdikləri çətinliklərin vaxtında və səmərəli həlli üçün müvafiq addımlar atılır.

Qeyd edilənlər son nəticədə Azərbaycanda güclü sahibkarlar sinfinin formalaşmasına, onların iqtisadi inkişaf prosesində oynadıqları rolun daha da yüksəlməsinə gətirib çıxarıb. Cari ilin ilk yarısının sosial-iqtisadi yekunlarına da nəzər salmaqla bunun real mənzərəsini görmək mümkündür. Sözügedən dövr ərzində sahibkarlığın inkişafı üçün dövlət tərəfindən zəruri tədbirlər görülüb, bu sahədə fəaliyyət göstərənlərə yenə böyük diqqət və qayğı duyulub. Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Həmişə olduğu kimi, bu ilin altı ayında da sahibkarlığın inkişafı üçün böyük tədbirlər görülmüşdür, kreditlər verilmişdir. Nəzərdə tutulan kreditlərin 60 faizə qədəri artıq verilmişdir. İlin sonunadək qalan hissə də veriləcəkdir. Beləliklə, bu il də özəl sektora güzəştli şərtlərlə kifayət qədər böyük həcmdə - 125 milyon manat kredit veriləcəkdir ki, bu da özlüyündə növbəti illərdə yeni istehsalların, yerlərinin açılmasına və qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir".

Aparılan təhlillər göstərir ki, cari ilin ilk yarısında ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayında ciddi artım baş verib. Belə ki, bu ilin yanvar-iyun ayları ərzində hüquqifiziki şəxslərin sayı daha da çoxalıb. Statistik rəqəmlərdən belə aydın olur ki, hesabat dövrü ərzində ölkəmizdə 2841 hüquqi şəxs qeydiyyatdan keçib. Onların 209-u dövlət mülkiyyətinə, 2354-ü xüsusi mülkiyyətə, 205-i tam xarici investisiyalı, 69-u isə birgə müəssisələrə aid olub. Yaradılan yeni müəssisələrin 50,7 faizi Bakıda, 10,6 faizi Aran, 7,8 faizi Abşeron və 7,1 faizi Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib. Bu da sahibkarlığın, eləcə də ümumi iqtisadi inkişafın bütün Azərbaycan üzrə proporsional qaydada paylanmasının daha bir bariz göstəricisi hesab edilə bilər.

Hüquqi şəxslərlə yanaşı, hesabat dövründə qeydiyyatdan keçən fiziki şəxslərin sayında da ciddi artım yaşanıb. 2011-ci ilin yanvar-iyun aylarında 26238 fiziki şəxs qeydiyyatdan keçib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb. Bu arada onu da xatırlatmaq yerinə düşərdi ki, fiziki şəxslərin qeydiyyat proseduru daha da asanlaşdırılaraq müasir dünya standartlarına uyğunlaşdırılıb. Prezident İlham Əliyevin 23 may 2011-ci il tarixdə imzaladığı "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar və vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşlarının birbaşa təmaslarını məhdudlaşdırmaq məqsədilə görülən tədbirlər bu sahədə əsl inqilabi dönüş yaradıb.

Artıq cari ilin iyul ayının 1-dən etibarən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin vergi orqanlarına gəlmədən İnternet Vergi İdarəsi vasitəsilə birbaşa on-layn rejimində qeydiyyata alınmasına başlanılıb. Beləliklə, vergi ödəyicilərinin on-layn qeydiyyatı sisteminin tətbiqi ilə fiziki şəxslər vergi orqanlarına getmədən, vaxt itkisinə yol vermədən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində istifadəçi kodu və şifrə-parol vasitəsilə uçota alınırlar. Elektron qeydiyyat sisteminin tətbiqi vergi ödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsi, şəxslərin vergi orqanına gəlmə asılılığının minimuma endirilməsi, vergi ödəyiciləri ilə fiziki əlaqə formalarının məhdudlaşdırılması, eyni zamanda həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxtmaddi resurs sərfiyyatının azaldılmasına geniş imkanlar açır. Hüquqi şəxslərin on-layn rejimində qeydiyyata alınması prosedurunun tətbiqinin isə gələn ildən həyata keçirilməsi gözlənilir.

Bütün bunlar bir daha sahibkarlığın inkişafına dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğının real təzahürü kimi çıxış edir. Sahibkarların maliyyə ehtiyacının qarşılanması məqsədilə onlara güzəştli kreditlərin verilməsi prosesinin davamı öz müsbət nəticələrini verməkdədir. Cari ilin ilk altı ayı ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 823 sahibkarlıq subyektinə 72 milyon manat həcmində güzəştli kredit ayrılıb. Bu vəsaitin 72 faizi respublikanın regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür. Vəsaitlərin 70 faizindən çoxu aqrar sektorun inkişafına yönəldilib. Ayrılan kreditlər hesabına yaradılan yeni yerlərinin sayı 3500 olub. Bir mühüm faktı da qeyd etmək lazım gəlir ki, ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə güzəştli kredit alan sahibkarların sayı və kreditlərin məbləği 1,5 dəfə, yeni yerlərinin sayı isə 1,6 dəfə artıb.

Qeyd edilənlər bundan sonra da ümumi iqtisadi inkişafda sahibkarların xüsusi çəkisinin artan xətt üzrə inkişaf edəcəyini göstərir. Çünki ölkədə artıq sahibkarlıq institutunun dinamik tərəqqisi üçün möhkəm baza yaradılıb və bu da daha çox sayda sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqifiziki şəxslərin olacağını göstərir. Digər tərəfdən o da olduqca önəmli amildir ki, Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə köklü islahatlar aparılıb və bu proses indidavam etməkdədir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilib və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurla davam etdirilir. Çünki ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların tərəqqisinin sürətləndirilməsi sahəsində özəl sektorun əhəmiyyəti olduqca böyükdür. Əldə olunan nailiyyətlər isə məqsədyönlü dövlət siyasəti nəticəsində özəl sektorun dinamik yüksəliş mərhələsində olduğunu aydın göstərir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.-2011.-24 iyul.-S.2.