Azərbaycanda kapital
bazarının modernləşdirilməsı
İnkişaf etmiş bazar iqtisadiyyatı şəraitində
qiymətli kağızlar investisiya prosesində aparıcı
rol oynayır.
Qiymətli kağızların köməyi ilə
investorların sərbəst pul vəsaitlərindən
iqtisadiyyatın ən müxtəlif sahələrində
istehsal məqsədləri üçün istifadə edilir.
Xarici ölkələrin təcrübəsi
göstərir ki, qiymətli kağızların, ilk növbədə
səhmlərin və istiqrazların emissiyaları ənənəvi
olaraq korporasiyaların maliyyələşdirilməsinin xarici
mənbələrinin strukturunda mühüm yer tutur.
Bazar dəyişiklikləri ilə əlaqədar Azərbaycan
iqtisadiyyatında da səhmdar müəssisələri əhəmiyyətli
yer tutmağa başlamışdır. Bu gün səhmdar
cəmiyyəti iqtisadiyyatın bütün sənaye və
maliyyə sahələrində müəssisənin hüquqi
forması kimi üstünlük təşkil edir.
Azərbaycanda şirkətlər səhmi adi və ya
imtiyazlı növundə buraxa bilər. Adi səhm
sahibinə emitentin mənfəətinin bir hissəsini dividendlər
şəklində almaq, emitentin fəaliyyətinin idarə
olunmasında iştirak etmək və emitentin ləğvindən
sonra qalan əmlakının bir hissəsini əldə etmək
hüququnu verir.
İmtiyazlı
səhm emitentin təsərrüfat fəaliyyətinin nəticəsindən
asılı olmayaraq, sahibinə bir qayda olaraq səhmin nominal dəyərinin
sabit faizi şəklində dividend almasına təminat,
emitentin ləğvindən sonra qalan əmlakının bir
hissəsini almaqda digər səhmdarlara nisbətən
üstünlük hüququnu, habelə səhmlərin
buraxılış şərtlərində və emitentin
nizamnaməsində nəzərdə tutulan digər
hüquqlar verən səhm növüdür.
Səhmlərin
ilkin ictimai təklif üsulu ilə yerləşdirilməsi
(İPO)
Ən geniş yayılmış fikrə görə, səhmlərin
ilkin ictimai təklif üsulu ilə yerləşdirilməsi
(İPO) kapital cəlb etməyin müasir bazar mexanizmidir. Bu halda
şirkət öz səhmlərini qiymətli kağızlar
bazarında geniş əhatə dairəsinə malik olan
investorlara təklif edir. Səhmlərin
ilkin ictimai təklif üsulu ilə yerləşdirilməsi
emitentin qiymətli kağızlarının ilk sahiblərinə
özgəninkiləşdirilməsidir. Emitent
investisiya qiymətli kağızlarının yerləşdirilməsi
hüququnu onlar dövlət qeydiyyatından keçdiyi andan əldə
edir.
Kütləvi təklif üsulu ilə yerləşdirilən
səhmlərin dəyəri yalnız pulla ödənilir. Elmi ədəbiyyatda
İPO termininin qısa və geniş tərifləri
çoxdur. Bununla bərabər, İPO-nun
əsas səciyyəvi cəhəti onun
açıqlığıdır. Bu o deməkdir
ki, İPO tədbirləri həyata keçirən şirkət
öz səhmlərini investorlara təklif etmək
üçün fond birjasından istifadə edir.
Ümumiyyətlə,
beynəlxalq təcrübədə İPO tədbirlərinin
həyata keçirilməsi prosesinin
ardıcıllığı belədir: birjaya
çıxış haqqında qərar qəbul edilməsi;
şirkətin yenidən təşkil edilməsi; audit
aparılması; emissiya prospektinin hazırlanması;
sindikatın formalaşması; buraxılışın
qeydiyyatı; fond birjasında hərracların
başlanması.
İPO tədbirlərinin həyata keçirilməsi barədə
qərar qəbul ediləndən sonra şirkət səhmlərin
yerləşdirilməsi əməliyyatları
üçün anderrayter (adətən, investisiya bankı) və
məsləhətçilər seçir. Anderrayterin əsas
vəzifələri İPO prosedurunu seçmək, başqa məsləhətçilərin
fəaliyyətini əlaqələndirmək, səhmlərin
yerləşdirilməsi parametrlərini (cəlb edilən vəsaitlərin
həcmini, yerləşdirmə qiymətini) müəyyən
etmək, səhmlərin yerləşdirilməsi sahəsini
seçməkdən ibarətdir.
Fikrimizcə, İPO prosesində ən mühüm mərhələlərdən
biri yeni təşkilati formaya hazırlıqdır. Çünki
məhz bu dövrdə şirkət uçot sisteminin Beynəlxalq
Maliyyə Hesabatı Sisteminə (BNHS) müvafiq şəkildə
qurulması, korporativ idarəçiliyin yenidən təşkil
edilməsi kimi genişmiqyaslı təşkilati dəyişikliklər
aparmalıdır. Beləliklə, səhmlərin
ilkin açıq yerləşdirilməsi həm kapital mənbəyi,
həm də şirkətin genişlənməsinin idarə
edilməsi üçün mükəmməl mexanizmdir.
Fond
birjasının fəaliyyəti
Azərbaycanda
fond birjası qiymətli kağızlarla əqdlərin
bağlanması üçün zəruri şəraitin
yaradılması, qiymətli kağızlarla ticarətin təşkili,
eləcə də tələb və təklifin əlaqələndirilməsi,
qiymətli kağızların tələbi, təklifi,
kotirovkası və ticarətinə dair məlumatların
ictimaiyyətə açıqlanması, eləcə də
şəffaf, ədalətli və effektiv ticarətin təmin
edilməsi kimi vəzifələri həyata keçirir.
Bakı Fond Birjasında 2010-cu ildə səhmlərin
ilkin bazarında artım müşahidə olunmuş və həyata
keçirilmiş məqsədyönlü tədbirlər əsasında
2009-cu ildən başlanan səhm ticarətinin mütəşəkkil
bazara doğru istiqamətlənməsi tendensiyası davam
etmişdir.
Belə ki, hesabat ili ərzində səhm
bazarı əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 37 faiz artmışdır. Nəticədə
səhmlərin yerləşdirilməsində 2 dəfədən
çox artım müşahidə olunmuşdur. Həyata
keçirilmiş tədbirlər nəticəsində səhmlərlə
əməliyyatların 95,5 faizi mütəşəkkil
bazarda (Bakı Fond Birjasında) bağlanmışdır ki,
bu da 2009-cu ilin göstəricisindən 4,5 faiz yuxarıdır.
Səhmlərin
qiymətinə təsir edən makro və mikro amillər
Ölkəmizin rəqabət qabiliyyətliliyinin yüksəldilməsində
uğurlu pul və büdcə siyasətinin mühüm rolu
danılmazdır. 2008-2009-cu illər "Qlobal rəqabətqabiliyyətlilik
hesabatı"nda Azərbaycan "Büdcə balansı"
subindeksinə görə 134 ölkə sırasında 31-ci
yeri tuturdu. 2009-2010-cu illər hesabatında
ölkəmiz bu göstəriciyə görə 133 ölkə
sırasında 6-cı, 2010-2011-ci illər hesabatında isə
4-cü mövqeyə yüksəlmişdir.
Azərbaycanda aparılan iqtisadi islahatların və həyata
keçirilən yeni neft strategiyasının nəticəsi
kimi iqtisadi həyatımızın bütün sahələrində
uğurlar əldə edilmişdir. 2008-ci ildən
başlayan dünya maliyyə böhranı şəraitində
Azərbaycan iqtisadiyyatı xarici təsirlərə
dayanıqlı olduğunu göstərmişdir. Belə
ki, 2009-cu ildə dünya üzrə ümumi daxili məhsul
0,6, MDB ölkələrində 7 faiz azaldığı halda,
Azərbaycanda bu göstərici 2009-cu ildə 9,3, 2010-cu ildə
isə 6 faizə qədər artmışdır. Həmçinin iqtisadi böhranla əlaqədar
dünyada məcmu tələbin həcminin azaldığı
bir vaxtda, Azərbaycanda analoji göstərici artmaqda davam
etmişdir. Məsələn, 2009-cu ildə ölkədə
son istehlak xərcləri 2008-ci ilə nisbətən 15,2 faiz artaraq 19,4 milyard manata bərabər
olmuş, 2010-cu ildə də bu meyil davam etmişdir.
Əmək
bazarı, gəlirlik və məşğulluq
Azərbaycanda iqtisadi artım tempinin yüksək
olması məşğulluq səviyyəsinin də yüksəlməsinə
səbəb olmuşdur. Hazırda ölkəmiz əhalinin məşğulluğunun
təmin olunması ilə əlaqədar ən gərgin
dövrə qədəm qoymuşdur. Belə ki, əhalinin
ümumi sayında əmək qabiliyyətli yaşda
olanların xüsusi çəkisi 1999-cu ildə 56,8 faizdən 2009-cu ildə 68,0 faizə qədər
yüksəlmişdir. Nəticədə əmək
qabiliyyətli yaşda olan əhalinin sayı qeyd edilən
dövrdə 1 milyon 550 min nəfər artmışdır.
Odur ki, yeni iş yerlərinin açılması dövlətin
iqtisadi siyasətinin prioritet istiqaməti kimi qəbul
edilmiş, bununla əlaqədar bir sıra dövlət
proqramları qəbul edilərək icra olunmuşdur. Bu
proqramlarla yanaşı, Prezidentin sərəncamları ilə
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf
Proqramı", "2006-2015-ci illər üzrə Azərbaycan
Respublikasının Məşğulluq Strategiyası",
"2007-2010-cu illər Azərbaycan Respublikasının Məşğulluq
Strategiyasının həyata keçirilməsi üzrə
Dövlət Proqramı" qəbul edilmişdir. Həyata
keçirilmiş tədbirlər nəticəsində 1
milyondan çox yeni iş yeri açılmış,
işsizliyin səviyyəsi xeyli azalmışdır. Müqayisə üçün qeyd edək ki,
sözügedən dövrdə işsizliyin səviyyəsi
ABŞ-da və Avropa İttifaqı ölkələrində
7-10 faiz civarında yüksəlmişdir.
Bunlardan əlavə,
son 7 il ərzində Azərbaycanda əməkhaqqı
və pensiyalar orta hesabla 5 dəfə artmışdır. Hazırda ölkəmizdə orta aylıq pensiya məbləği
150 dollar təşkil edir ki, bu da respublikamızın həmin
göstərici üzrə MBD ölkələrinin əksəriyyətini
üstələdiyini təsdiqləyir.
Tədiyyə
balansı
İnvestisiya təhlilinin həyata keçirilməsində
tədiyyə balansının cari əməliyyatların
saldosu, xalis investisiya gəliri, ölkədə və xaricdə
olan birbaşa, yaxud portfel investisiya, həmçinin digər
investisiyaların strukturu və dinamikası kimi mövqeləri
önəm kəsb edir. Onu da qeyd etmək lazımdır ki, xarici
investisiya yalnız səmərəli istifadə olunduğu
zaman tədiyyə balansına müsbət təsir göstərir.
Səmərəli istifadə yalnız əmtəə
və xidmət sahəsində ixracın artdığı,
idxalın isə azalmağa doğru getdiyi halda olur. Belə ki, portfel investisiyası köhnə
borcların yenidən maliyyələşdirilməsi
üçün istifadə edildiyindən onların
artırılması gec-tez maliyyə iflasına gətirib
çıxarır.
Ölkəmizdə neft strategiyasının
reallaşması nəticəsində tədiyyə
balansının "Cari əməliyyatlar hesabı"nda da
müsbət nəticələr əldə edilir. Dövlət
tərəfindən həyata keçirilən məqsədyönlü
iqtisadi siyasət nəticəsində Azərbaycana cəlb
edilən xarici kapitalın artması hesabına investisiyaya
yönəldilmiş malların və xidmətlərin
idxalı artır.
Pul və
valyuta siyasəti
Azərbaycanda
dərin makroiqtisadi təməllərin yaradılması və
maliyyə sabitliyinin möhkəmlənməsi istiqamətində
çevik iqtisadi addımların atılması, eləcə
də Mərkəzi Bank tərəfindən həyata
keçirilən pul-kredit siyasətinin səmərəliyinin
artırılması milli valyuta olan manatın yerli maliyyə
bazarı ilə yanaşı, regionda aktiv pul aləti kimi
çəkisinin yüksəlməsinə səbəb
olmuşdur. Bütün dövlətlərin
milli valyutası dəyərini itirdiyi halda, Azərbaycan
hökumətinin həyata keçirdiyi monetar siyasət nəticəsində
milli valyutanın məzənnəsi əhəmiyyətli dərəcədə
möhkəmlənmişdir.
Azərbaycan yeganə ölkələrdəndir ki,
denominasiyadan sonra milli valyutası dəyərini artırmaqda
davam edir. 5 il əvvəl pul islahatları başlayanda və
ilk yeni banknotlar dövriyyəyə buraxılanda manatın
dollarla nisbətdə dəyəri 0, 92 qəpik təşkil
edirdi və həmin dövrdə ABŞ pulu ümumilikdə
dünya maliyyə bazarlarında əsas aparıcı valyuta
növü idi. Yəni həmin illərdə
dünya iqtisadiyyatında böhran meyilləri
olmadığından və dollar dünya pulu kimi aparıcı
dönərli valyuta hesab olunduğundan yenicə tədavülə
buraxılmış Azərbaycan manatının məzənnəsini
sabit qoruyub saxlamaq asan məsələ deyildi. Amma Azərbaycan hökumətinin ölkədə
güclü sabitlik potensialı yaratması və mükəmməl
məzənnə siyasəti yürütməsi denominasiyanın
ilk ilindəcə öz effektiv nəticələrini göstərdi.
Manat digər xarici valyutalarla nisbətdə nəinki
öz mövqeyini sabit qoruyub saxladı, hətta 2 faizə
yaxın nisbi dəyər qazandı.
Azərbaycanın yeni milli valyutası son 5 ildə həm
dollar, həm də avro və digər valyutalar
qarşısında öz məzənnəsini möhkəmləndirərək
ən yüksək templə aktiv pul alətinə
çevrilib.
Bu müddət ərzində milli valyuta dollarla
nisbətdə 20 faizdən çox möhkəmlənib.
Avro da son 5 ildə manat qarşısında dəyərini
itirib. Ümumiyyətlə, son illərdə
valyuta bazarında çoxseqmentli proseslər gedib və
onların heç biri milli valyutanın dəyərinin dəyişməsinə
gətirib çıxarmayıb. Əksinə,
bu proseslər milli valyutanın möhkəmlənməsinə
əsaslı zəmin yaradıb.
Manatın məzənnəsinin sabitliyi idxalın və
daxili istehsalda istifadə olunan xarici mənşəli əmtəələrin
kəskin bahalaşmasının qarşısını
almış, habelə əhalinin əmanətlərinin dəyərsizləşməsinin,
xarici valyutada borc yükünün artmasının, manata
etimadın azalmasının və iqtisadiyyatda yüksək
dollarlaşmanın qarşısını almışdır.
Azərbaycan hökumətinin həyata keçirdiyi
monetar siyasət təsdiqləyir ki, respublikamızda
güclü iqtisadiyyat və düşünülmüş
iqtisadi strategiya ən çətin dövrlərdə belə
iqtisadi fəallığın aşağı düşməsinin
qarşısını alır, maliyyə sisteminin sağlam və
dözümlülüyünü gücləndirir. Ölkəmizdə
həyata keçirilən pul siyasətinin makro və
mikroiqtisadi diaqnostikasının gücləndirilməsi,
makromodellər vasitəsilə iqtisadiyyatın gözlənilən
vəziyyəti üzrə zəruri simulyasiyalar
aparılması, eləcə də monetar siyasətin
balanslaşdırılmış sistem üzrə həyata
keçirilməsi manatın davamlığını möhkəmləndirir.
Maliyyə
siyasəti, büdcə və vergi
Azərbaycanda
2011-ci il dövlət büdcəsinin gəlirləri
(dövlət büdcəsinə may ayında olunan dəyişikliklər
nəzərə alınmamışdır - red.) 12061 milyon, xərcləri
isə 12748 milyon manat təşkil edir. 2011-ci ildə büdcənin
gəlirləri 2009-cu ilə nisbətən 16,8,
2010-cu ilə nisbətən 4,8, büdcənin xərcləri
isə müvafiq olaraq 3,9 və 21,4 faiz artmışdır.
Dövlət büdcəsinin kəsiri 687 milyon manat məbləğində
müəyyən edilmişdir ki, bunun da ümumi daxili məhsula
nisbəti 1,7 faiz təşkil edir. Yeri gəlmişkən qeyd etmək lazımdır
ki, son illər dövlət büdcəsinin kəsiri Avropa
Birliyi ölkələri üçün müəyyən
olunmuş 3 faizlik normadan yüksək olmamışdır.
Həmçinin 2011-ci ildə büdcə kəsirinin
əvvəlki illərdən fərqli olaraq inflyasiya yaratmayan mənbələr
hesabına maliyyələşdirilməsi nəzərdə
tutulmuşdur. Bu mənbələrə özəlləşdirmədən,
daxili və xarici borclanmadan daxilolmalar və 2011-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin
vahid xəzinə hesabının qalığı aiddir.
Həmçinin qeyri-neft sektorunun inkişafı da bu sahədən
daxil olan vergi gəlirlərinin artmasına səbəb olacaq. Son illər həyata
keçirilən tədbirlər ölkədə investisiya və
sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına
gətirib çıxarmışdır. Belə
ki, vergi ödəyicilərinin hüquqlarının
artırılması və mənafelərinin qorunması,
vergi yükünün aşağı salınması, vergi
inzibatçılığının və vergi nəzarətinin
təkmilləşdirilməsi ilə əlaqədar
ardıcıl tədbirlər həyata keçirilmişdir.
Dövlət büdcəsinin qısa şərhini
tamamlayaraq onu da qeyd etməyi vacib sayırıq ki, Azərbaycan
Cənubi Qafqazda ən güclü iqtisadiyyata malik ölkədir
və sözün əsl mənasında, regionun iqtisadi
güc mərkəzinə çevrilmişdir. Rəqəmlərlə
ifadə edilsə, 2011-ci ildə dövlət büdcəmizin
həcmi digər iki qonşu dövlətin birlikdə büdcəsini
üstələyir. Ölkəmizin 2011-ci ildə
büdcə gəlirləri və xərcləri təkcə
Ermənistanın müvafiq göstəricilərindən 6,3 və 5,7 dəfə çoxdur. Yalnız onu demək kifayətdir ki, 2011-ci ildə Azərbaycanın
ümumilikdə hərbi xərcləri Ermənistanın
bütövlükdə büdcəsindən xeyli yüksəkdir.
Qlobal
iqtisadi böhranın Azərbaycanın qiymətli
kağızlar bazarına təsiri
Dünyanın bir çox ölkələrində qiymətli
kağızlar bazarında böhran yaşandığı
halda, Azərbaycanda bu sahədə sabit artım baş
vermişdir. 2010 ilin yekununda qiymətli kağız bazarında
dinamik inkişaf qeydə alınmışdır. Belə ki, maliyyə sektorunda təmsil olunan şirkətlərin
dinamik kapitallaşması prosesi nəticəsində korporativ
qiymətli kağızların artımı müşahidə
olunmuşdur. Həmçinin il ərzində
sözügedən sahədə bazara yeni alətlər
çıxarılmışdır.
Qlobal iqtisadi böhran şəraitində digər sahələrdə
olduğu kimi, Azərbaycanın maliyyə sektorunda da dinamik
inkişaf tempi qorunub saxlanılmışdır. Bu isə
öz növbəsində digər sahələrdə
inkişaf tendensiyasına müsbət təsir göstərir.
Bütün bunlar dünyanın bir çox ölkələrindən fərqli olaraq, qlobal böhran şəraitində də dinamik iqtisadi inkişafın mümkünlüyündən xəbər verir və bunun ən bariz nümunəsi kimi məhz Azərbaycan çıxış edir. Elə bu səbəbdən beynəlxalq aləmdə qlobal iqtisadi böhranın təsirlərindən qorunmaq baxımından Azərbaycan təcrübəsinə diqqət artır. Çünki uğurla həyata keçirilən inkişaf və modernləşmə strategiyası sayəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətini itirmədi, artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bildi. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da imkan yaratdı.
Məlum olduğu kimi, Prezidentin 2011-ci il 16 may tarixli sərəncamı ilə "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramının başlıca məqsədi müasir, beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən və risklərin etibarlı idarə olunmasını təmin edən, yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının formalaşdırılmasıdır. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
- qiymətli kağızlar bazarının tənzimlənməsi mexanizmlərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi;
- ölkə iqtisadiyyatında kapitallaşma dərəcəsinin yüksəldilməsinə nail olunması, iqtisadi layihələrin maliyyələşdirilməsində qiymətli kağızlar bazarı vasitəsilə cəlb edilən qeyri-inflyasiya mənşəli investisiya vəsaitlərindən istifadənin genişləndirilməsi;
- iqtisadi subyektlərin və əhalinin yığımlarının fond bazarında səmərəli yerləşdirilməsi üçün investisiyaların qorunduğu və risklərin etibarlı idarə olunduğu müvafiq şəraitin yaradılması;
- ölkənin qiymətli kağızlar bazarının tədricən beynəlxalq kapital bazarlarına inteqrasiya olunması üçün müvafiq şəraitin formalaşdırılması.
Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarının inkişafı üçün müəyyən olunmuş vəzifələrin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur və sənəddə ölkənin qiymətli kağızlar bazarının tədricən beynəlxalq kapital bazarlarına inteqrasiya olunması üçün müvafiq şəraitin formalaşdırılması bir vəzifə kimi qarşıya qoyulur.
Zahid
MƏMMƏDOV,
iqtisad elmləri
doktoru, professor
Azərbaycan.-2011.-24 iyul.-S.4.