Uzun ömrün
naxışları
Sovet dönəmində
yaşayıb-yaradanların bir çoxunun xalq və
hökumət qarşısında xidmətləri SSRİ-nin müxtəlif mükafatları ilə
qeyd edilirdi. Memar Mikayıl Ələsgər oğlu Useynovun əməyi
də dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.
Lakin adlı-sanlı memarın əməyinə,
yaradıcılığına verilən qiymətdən
söhbət düşəndə bir
neçə məqamı unutmaq olmur.
Əvvəla,
Mikayıl Useynov Vətəni Azərbaycan
üçün, doğma
xalqı üçün həqiqətən
də böyük işlər görmüşdür. Odur
ki, aldığı mükafatlar
yorulmaz sənətkarın halal haqqı idi.
Yaratdığı əsərlər belə yüksək mükafatlara heç bir güzəşt olmadan
layiq görülmüşdü.
Başqa sözlə desək, bunlar mükafat xatirinə
verilən təltiflər deyildi. Digər
tərəfdən, memarın əsərləri təkcə bir günün, müəyyən
vaxt kəsiyinin, beş
ilin, on ilin tələbini ödəmirdi. O elə
işlər görmüşdü ki, onlardan biz
indi də bəhrələnirik. Düşünürük ki,
sabaha hesablanmış bu
sənətdən hələ yeni nəsillərə
də pay düşəcək.
50, 60, hətta
70 il bundan əvvəl
Mikayıl Useynov haqqında
yazılmış qəzet məqalələrini oxuduqca, onu
tanıyanların xatirələrini dinlədikcə və
ümumiyyətlə, tərcümeyi-halını vərəqlədikcə
az qala təəccüblənirsən.
Heyrət edirsən ki, bu
qədər mükafatları almağa, bu sayda titulları qazanmağa bir insan ömrü necə
kifayət edib? Hərçənd,
Mikayıl Useynov doğrudan
da uzun bir
ömür yaşamışdı. Təbii
ki, deyilənlərin səbəbi
yaşadığı illərin çoxluğunda
deyil, yenə də gərgin əməyində,
gördüyü işlərin dəyərindədir.
Mikayıl
Useynov Azərbaycan SSR Elmlər
Akademiyasının həqiqi üzvü,
memarlıq doktoru, professor
idi. Əməkdar incəsənət xadimi və SSRİ-nin xalq arxitektoru fəxri
adlarına layiq görülmüşdü.
SSRİ Dövlət mükafatı laureatı və dəfələrlə
SSRİ Nazirlər Sovetinin təltiflərini
almışdı.
Memarın sinəsini üç Lenin və iki
"Qırmızı bayraq" ordeni, çoxlu medallar bəzəyirdi. Yaşadığı dövrün meyarları ilə bunlar çox yüksək
adlar və mükafatlar
idi.
O,
1985-ci ildə Sosialist Əməyi Qəhrəmanı
kimi şərəfli ada
layiq görülmüşdü.
Mübaliğəsiz demək olar ki, Mikayıl Useynov bu adı da fədakar
yaradıcı əməyi, gərgin zəhməti, əməksevərliyi
və alnının təri ilə qazanmışdı.
Yaradıcı insanlardan söz
düşmüşkən: hər hansı bir
mahnı ifa ediləndə onun
bəstəkarının, sözlərini yazanın adı elan olunur. Hansısa bir kitab çapdan
çıxanda üz qabığında
müəllifin ismi göstərilir. Rəssamlar
da öz əsərlərinə
imza atırlar. Memar isə
ancaq yaradır və təəssüf ki, əsərin müəllifinin adını
bilənlər o qədər də çox olmur. Memar əsərini torpağın üstündə
yaradıb xalqa bəxş edir.
Bu əsər nə qədər mükəmməldirsə,
bir o qədər uzunömürlü olur,
xalqın yadigarına çevrilərək əbədiləşir.
Bu gün biz
Bakının küçələrindən keçərkən
neçə-neçə möhtəşəm tikilinin qarşısında ayaq
saxlayır və onları yaradan müəllifin
istedadının, zövqünün, əməyinin,
ağlının izlərini aydın görürük. Bu binalar 105 il əvvəl bir bahar günündə
Bakıda dünyaya göz
açmış və 90 ilə yaxın yaşamış yorulmaz, usanmaz memar Mikayıl Useynovun həm
də ömür
naxışlarıdır.
Useynqulu xanın nəslindən olan bu memar həqiqətən
zəngin ənənələrə malik bir ailədə böyümüşdü.
Atası Ələsgər neftçi olsa da, yüksək daxili mədəniyyətə malik,
qəlbən, ruhən ziyalı bir insan idi. Bu zadəgan nəslinin
nümayəndəsi inqilabi təlatümlərə
və əmlakını mənimsəmiş
qohumlarının satqınlığına dözməyərək
1920-ci ildə vəfat etmiş və həyat
yoldaşı Fatiməni üç uşaqla tək qoymuşdu.
Mülklərini və gəmilərini yeni
hakimiyyət mənimsəmişdi. Ona
görə də ailə yalnız öz
gücünə arxalanıb yaşamalı idi.
Useynovlar ailəsinin yeganə kişisi olan Mikayıl
anasının və iki
bacısının qayğısına qalmalı idi. Mikayıla isə gələcək sənəti
ilə bağlı sanki Tanrı vergisi verilmişdi. O, ətraf aləmi dərk etməyə başlayandan rəsm çəkir,
kağız üzərində müxtəlif bədii formalar yaradırdı. 15 yaşı olanda o artıq çertyojçu kimi
işləyib pul qazanırdı. İnsafən,
ailədə onun
"yaradıcılığı"na hər cür şərait vardı. Xüsusilə,
anası oğlunun "iş"lərinə
dəstək verirdi.
Mikayıl hələ
orta məktəbdə oxuyarkən seçimini qətiyyətlə elan etmişdi: "Memar olacağam!" O,
1920-ci ildə asanlıqla İncəsənət Məktəbinə,
sonra isə Azərbaycan Politexnik
İnstitutunun təzəcə
açılmış memarlıq fakültəsinə daxil olmuşdur.
Xoşbəxtlikdən
məktəb yoldaşı Sadıq Dadaşovun
da bu sənətə
meyli vardı. Azərbaycan
memarlığının banilərindən olan
akademik Sadıq Dadaşov
M.Useynovdan dörd gün əvvəl dünyaya
gəlmişdi. Seçimlərinin eyniliyi
həmyaşıd olan bu
gəncləri ömürlük birləşdirir,
onlar sədaqətli dost
və həmkar olurlar. Hətta ilk dövrlərdə eyni
əsəri birlikdə işləyirlər. Sonra
onların qohumluq əlaqələri də
yaranır. Sadıq Mikayılın bacısı Leyla ilə ailə həyatı qurur. Lakin çox
təəssüf ki, Sadıqın həyat
yolu tez
qırılır. O, 1946-cı ildə dünyasını dəyişir.
Mikayıl isə sənət yolları ilə irəliləyərək
yüksəkliklərə çatır, zirvə dalınca
zirvə fəth edir.
Hələ gənc
yaşlarında Sadıq və Mikayıl Şirvanşahlar
sarayının dəqiq ölçülərini apararaq kompleksin aydın, görümlü, müasir
şəklini yaradırlar. Eyni zamanda, dahi Nizaminin
abidəsi layihəsinin müsabiqəsində iştirak
edib birlikdə mükafata
layiq görülürlər.
Bakıda
Hökumət evinin layihəsi ilə
bağlı müsabiqə hər iki
memarın yaradıcılığında xüsusi
mərhələ olur. Burada
bir sıra görkəmli memarlar
da iştirak edir. İki gənc layihədə
qarşıya qoyulan əsas məqsədi
parlaqlığı ilə açıb gözəl bir memarlıq əsərinin layihəsini yarada bilirlər. Burada
memarlığın milli xüsusiyyətləri
ilə müasir dövr
həmahənglik təşkil edirdi.
Həmin vaxtlar Moskvada Ümumittifaq Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisindəki "Azərbaycan SSR pavilyonu" hər ikisinin
yaradıcılığının nümunəsi idi. Bu uğurlara
görə memarların ikisi də
Dövlət mükafatı alır.
Mikayıl Useynovun Azərbaycanda aparılan geniş inşaat işlərinə
qoşulması əsasən 1930-cu illərə təsadüf
edir. Bu dövrdə memar Bakının müxtəlif
rayonlarında tikilmiş bir
sıra binaların layihələrini verir
və saysız-hesabsız memarlıq əsərlərinin
müəllifinə çevrilir. Həmin
dövrdə SSRİ-də yüzlərlə beşmərtəbəli
bina inşa etmiş mühəndis Laqutenko
ilə yarışmaq çox çətin
idi. Bir qayda olaraq, çoxlu
bina inşa edənlərin
adı yaddan çıxırdı. Dahilərdə
isə on layihələrdən biri həyata keçirdi. Useynov isə 250 layihədən az qala 200 bina
tikmişdi. Bunların da
hamısı həyatda özünü doğrultmuşdu. Bu, misilsiz bir məhsuldarlıq
idi. Nizami adına Azərbaycan
Ədəbiyyatı Muzeyi, "Nizami" kinoteatrı, M.F.Axundzadə adına
Mərkəzi Kitabxana, bir
sıra mehmanxanalar, Elmlər
Akademiyasının kompleks şəhərciyi
Mikayıl Useynovun onilliklər boyu gördüyü
işlərin yalnız bir qismidir.
Buraya Bakı Metropoliteninin
"Nərimanov" və "Nizami"
stansiyalarının memarlıq işləri də daxildir. Onun layihələri
əsasında yaradılmış metro
stansiyaları bir-birinə bənzəməsə də, milli ənənələrin zərif
duyulması və işlədilməsi baxımından vəhdət
təşkil edirdi. Bu
stansiyaların bəzəyi emosional dolğunluq yaradırdı. İstər-istəməz
Əcəmi Naxçıvani yada düşürdü. Bu da təsadüfi deyildi. Çünki Mikayıl Useynov
da Əcəmini yetişdirən
istedadlı xalqın oğlu idi.
Ustad memarın
yaradıcılığında cəlbedici xüsusiyyət nədir?
Bu suala Azərbaycanın
əməkdar memarı İ.Əliyev vaxtilə belə cavab verib: "Bizə elə
gəlir ki, memarın əsərlərinə
köçmüş yüksək humanizm hissi, insanlara məhəbbət və onları
gözəllik aləminə qovuşdurmaq
istəyi... Hərtərəfli dünyagörüşü,
texniki vasitələrdən geniş istifadə bacarığı və heç şübhəsiz ki,
böyük istedadı onun
hər bir əsərinin ətraf
mühitlə gözəl bağlanmasına, binanın
memarlıq obrazını düzgün
tapmasına imkan yaradıb".
Sənətşünaslıq
doktoru, əməkdar memar
Kamil Dadaşzadə isə onun əsərləri haqqında belə yazmışdır:
"Bu layihələr funksional
həllin rasionalizmi, kompozisiya
quruluşunun dəqiqliyi və cəlbedici
plastikası ilə seçilirdi. Mütərəqqi
konsepsiyalara üstünlük
verən M.Useynov memarlıq layihələrinə
realist münasibət bəsləyərək
mücərrəd forma
yaradıcılığından qaça
bilmişdi".
Akademikə Sosialist Əməyi Qəhrəmanı adı
verilərkən Azərbaycan Memarlar
İttifaqı İdarə Heyətinin ona
ünvanladığı məktubda fəaliyyəti yüksək
qiymətləndirilmişdir. "Sosial bərabərliyi, humanist
ideyaları özündə əks etdirən memarlıq əsərləriniz,
doğrudan da, mənsub
olduğunuz xalqın, eləcə də dünya xalqlarının tikinti
mədəniyyətinin zəngin ənənəsi, qabaqcıl
təcrübəsi ilə yaxından bağlıdır.
Buna
görə də insanlara təbii həyat
sevinci, xoş duyğular gətirməkdədir. İnsanlar üçün
çalışmaq, estetik mənada həyat
və məişət tələblərinə, daha yaxşı işləmək və istirahət
etmək arzularına funksional cavab verə bilən əsərlər yaratmaq sizin
yaradıcılıq amalınız olmuşdur.
Yaradıcılığınız
kimi, ictimai fəaliyyətiniz
də sizə böyük şöhrət,
ad-san gətirmişdir".
Memarın milli irsə əsaslanmağı, onu qabarıq şəkildə nəzərə
çatdırmağı, ilk
baxışdan kolorit duyğu
oyatmağı ən yaxşı xüsusiyyətləri kimi diqqəti cəlb edir.
Bu, onunla əlaqədardır
ki, M.Useynov hələ
gənc yaşlarından qədim maddi mədəniyyət
abidələrimizlə maraqlanmış, məbədlərin,
sarayların, qala divarlarının sirlərini
öyrənmişdir. Həmin məqsədlə dəfələrlə
Qarabağ, Naxçıvan, Bərdə,
Şəki, Ordubad və digər yerlərə
getmişdir. Bu səfərlər
memarın yaradıcılığına müsbət təsir
göstərmiş, ona yeni
ideyalar, fikirlər vermişdir.
Odur ki,
yaratdığı ansambllarda qədim Azərbaycan
memarlığından gələn nə qədər element var! Müəllif onlardan yerli-yerində yaradıcılıqla
istifadə etdiyindən "bina"ları belə əzəmətli
və gözəl görünür.
M.Useynov təkcə ictimai
binaların deyil, bir çox yaşayış evlərinin də
layihəsini verib. Xüsusilə, İkinci Dünya
müharibəsindən sonra bu sahədə geniş fəaliyyət
göstərib, əhalinin mənzillə təmin olunması
işinə kömək göstərib. Ona
görə də akademikin Bakı şəhərinin
fəxri vətəndaşı adını alması təsadüfi
olmamışdır.
Memar müharibə şəhərlərinin
yenidən qurulması işində də əməyini əsirgəməyib.
Bundan əlavə, Orconikidze
və Qroznı şəhərlərində bir
sıra mehmanxanaların, Düşənbədə "Rudəki"
abidəsinin memarlıq işlərini görür.
Başqa sözlə, Mikayıl Useynovun fəaliyyəti və şöhrəti
Azərbaycanın sərhədlərini aşırdı.
1985-ci
ilin yazında Londonda
İngiltərə Memarları Kral İnstitutunun təşkil etdiyi
"Bakının memarlığı" sərgisində böyük sənətkarın Azərbaycanın
paytaxtının müasir görkəminin
formalaşmasında və yeni memarlıq
məktəbinin yaranmasında xüsusi rolu qeyd edilmişdir. Bu sərgidən
sonra İngiltərə memarlarının
xahişi ilə Bakının keçmiş "Xalqlar dostluğu sarayı"nın maketi
Londonda saxlanılmışdır.
Azərbaycan
memarlığını xarici muzeylərdə
təmsil edən belə nümunələr təəssüf
ki, hələ çox
azdır.
1992-ci ilin iyun ayında görkəmli
memar Mikayıl Useynov
Beynəlxalq Memarlar Akademiyasına (BMA) fəxri
üzv seçilir.
BMA-nın prezidenti Y.H.Rozanov
memarın ünvanına göndərdiyi təbrik məktubunda
yazırdı: "Mən əminəm ki, sizin istedadınız və
təcrübəniz akademiyaya böyük xeyir gətirəcək
və siz dünya
memarlığının görkəmli nümayəndəsi kimi BMA-nın qarşısında duran xeyirxah məqsədlərin
həyata keçməsi üçün
dəyərli işlər görəcəksiniz".
Mikayıl Useynov həm də tədqiqatçı-alim idi. O, memarlıq sənətinin tədqiqi, bu elm sahəsinin
inkişafı üçün çox iş görüb. Azərbaycan
memarlığının dünya mədəniyyətindəki
yerini və rolunu
müəyyən edib. Memarlıq tariximizin öyrənilməsində bir sıra nəzəri məsələlərin
araşdırılması onun elmi fəaliyyətində mühüm
əhəmiyyət daşıyır. Yazdığı tədqiqat
əsərləri Azərbaycanın memarlıq elmi və ümumən incəsənəti üçün çox
qiymətlidir. Təsadüfi deyil ki, memarlıq doktoru, professor M.Useynovun kitab və məqalələrindən elmi-tədqiqat
müəssisələrində, ali məktəblərdə
bu gün də dəyərli
vəsait kimi istifadə edilir.
Mikayıl Useynov uzun illər Azərbaycan
memarlarının yaradıcılıq ittifaqına rəhbərlik
edib. Azərbaycan SSR Elmlər
Akademiyası Arxitektura və İncəsənət
İnstitutunun direktoru
olduğu dövrdə onun
rəhbərliyi altında bu sahənin
neçə-neçə mütəxəssisi püxtələşib.
Saysız-hesabsız fəxri fərman almış M.Useynov həmçinin iki
çağırış SSRİ Ali
Sovetinə, dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.
Unudulmaz memarı tanıyanlar onun sadə, müsahibini
dinləməyi və duymağı bacaran,
ağıllı məsləhətlər verən bir insan kimi
xatırlayırlar. Onun xarakteri
ilə sənəti bir-birilə harmoniya təşkil
edirdi. İndiyədək bəlkə də
onun həyat çətinliklərini heç kəs müfəssəl bilmir. O öz həyatından
danışmağı sevmirdi, sovet dövründə bu,
proletar əsilli olmayan
insan üçün
qorxulu nəticələr verirdi.
Danışırdısa da, deməli, bəzən
xatirələr qoyulmuş həmin qadağalardan kənara
çıxırdı. Məsələn, sovet
dövründə onun soyadını rusca "Quseynov" kimi yazmağa
çalışırdılar. Nəslinə hörmətlə
yanaşan alim onda susa bilməmişdi:
"Mən sizin Useyn xan kimi
tanıdığınız zadəgan nəslinin nəvəsiyəm,
Quseynov deyiləm!" - deyə o əsəbiləşmişdi. Buna görə də onun
soyadının rusca variantı Azərbaycan
memarlıq tarixinə "Useynov" kimi daxil olmuşdu.
Mikayıl müəllim səliqə-sahmanı, idmanı,
xüsusilə üzgüçülüyü,
kitabları, gəzintiləri çox sevərdi.
Evi həmişə qonaqlı-qaralı
olardı.
Bir faktı da qeyd edək ki, keçmiş SSRİ-də memarlıq həmişə
siyasətin əsirinə çevrilmişdi.
Ona görə 40-cı illərdə Useynov formalizmə, 60-cı illərdə bər-bəzəyə,
70-ci illərdə isə yenə də milli
ənənələrdən geri çəkilməyə
görə tənqid olunmuşdur. O isə
heç bir irada və tənqidə fikir
vermədən tikməkdə davam etmişdi. M.Useynovun, əksinə,
həmişə düşündüyü
məsələ memarlıqda milliliklə bağlı idi. O zaman sovet
hakimiyyəti belə bir düstur
fikirləşmişdi: "Formaca milli, mahiyyətcə sosialist".
Həmin vaxt bu çox əhəmiyyətli siyasi
bir məsələ idi:
respublikalar SSRİ çərçivəsində
necə inkişaf etməlidir? Həmin məsələ
bu gün də
aktuallığını itirməmişdir, yəni qlobalizm çərçivəsində
özünəməxsusluğu necə saxlamalı?! Millilik təkcə dekor və
ornamentdən ibarət deyil, o həm də həyat tərzi, adət-ənənələrlə
bağlıdır. Belə sadə, hətta praqmatik
süjetlər Useynovun
yaradıcılığında müxtəlif yollarla
əksini tapırdı. Bu illərdə memar tərəfindən bir-birinin
ardınca yeni şedevrlər
yaradılmışdır. Nizami Muzeyi, "Buzovnaneft"in binası, Neftçilər prospektindəki
yaşayış binası, sonuncu şedevr isə M.F.Axundov
adına kitabxana olmuşdur.
Bu dövr bitdikdən
sonra M.Useynov yenidən
tənqidə məruz qalmışdır. Bu
isə arzuolunmaz nəticələrə gətirib
çıxarmışdır. Elmlər Akademiyasının
binası qülləsiz, dekorsuz, karnizlərsiz,
gerbsiz qalmışdır. Ustad
çaşqınlıq içərisində vurnuxmuş
və o, 7 il heç nə tikməmişdir, yalnız abidələr
yaratmışdır: S.Vurğun, M.Füzuli, Rudəki, Lenin,
K.Marks və s. Daha sonra o,
bir-birinin ardınca təmtəraqlı
mehmanxanaların layihələrini verir.
1963-cü ildə "Azərbaycan", 1965-ci ildə "Abşeron", 1967-ci ildə "Moskva" və s. 1972-ci
ildə o, Bakıda Hökumət evinin arxasındakı əkiz binalarda
"penhaus"lar
layihələşdirmişdir. Maraqlıdır ki, bu binaların mövzusu onda
Nyu-Yorkdakı "Əkizlər"lə eyni
vaxtda peyda olmuşdur. Bu nümunələr
barədə çox danışmaq olar...
Mikayıl Useynov 1985-ci ildə İngiltərə
Kraliçası II Yelizavetanın himayəsi altında Böyük Britaniya və
İrlandiya Kral Asiya İcmasının fəxri üzvü seçilmişdi.
XIX
əsrdə bu adı azərbaycanlı
şərqşünas Mirzə Kazım bəy
almışdı. XX əsrdə isə həmin ad Londonda keçirilən
sərgi zamanı işləri nümayiş
etdirilən Mikayıl Useynova verilmişdi. Əminik ki,
memarlığımızın və incəsənətimizin inkişaf yollarını qəlbində yanan məşəlin nuru ilə
işıqlandırmış görkəmli alim,
akademik Mikayıl Useynovun
adının ardınca bu siyahıya yeni, XXI əsrin
mükafatçılarının adları yazılacaq.
İradə ƏLİYEVA
Azərbaycan.-2011.-24
iyul.-S.5.