Qədim diyarın yeni
dövranı
Ümummilli lider Heydər Əliyevin
respublikada hakimiyyətə gəldiyi 1969-cu ilədək Azərbaycan
SSRİ-nin iqtisadi cəhətdən geridə qalmış
regionlarından biri idi. Geniş iqtisadi resurslarının, zəhmətsevər
insanlarının olmasına baxmayaraq, respublikada
süstlük, passivlik vardı. Planlar yerinə yetirilmir,
dövlət tapşırıqlarına əməl olunmurdu. Heydər Əliyevin rəhbərliyi altında ətalət
buzu əriməyə başladı. Hər sahədə
canlanma və ruh yüksəkliyi yarandı. Əhali daha
yaxşı işləməklə daha yaxşı yaşamaq
vərdişinə yiyələndi. İstehsaldan əldə
olunan gəlirlər vasitəsilə böyük quruculuq
işləri aparıldı.
Bütün
bunlar Lənkəranda da özünü qabarıq və
dolğun şəkildə göstərdi. İndi Lənkəranı
gəzərkən müxtəlif yerlərdə ulu öndərin
bu torpağın insanları ilə görüşlərini əks
etdirən fotoplakatlarla rastlaşırsan. Onların hər biri
ən yeni tariximizin şərəfli səhifələridir.
Rayon inkişaf edib, abadlaşıb. Neçə-neçə
tikililər o dövrün yadigarlarıdır. Hələ
sovetlər dönəmində respublikamıza gələn
qonaqlar tez-tez Lənkərana səfər edərdilər.
Şərqdən bol nemətli Xəzərlə, cənub-qərbdən
yaşıl örtüklü dağlarla əhatə olunan bu
məkan hər kəsdə xoş təəssürat
yaradırdı. Rus xalqının böyük şairi
Nikolay Tixonov Lənkəranı "Cənub mirvarisi"
adlandırmışdı. O zamanlar rayon həm də
SSRİ-nin tərəvəz bazası hesab edilirdi. Faraş məhsul soyuducu kamerası olan xüsusi
vaqonlara yüklənərək ardı-arası kəsilmədən
Rusiyanın paytaxtına və digər şəhərlərinə
yola salınırdı. Bu torpaq ətirli çayı, limonu,
portağalı, naringisi və digər subtropik məhsulları
ilə də məşhurdur. Onun hüsnünə,
neçə-neçə nemətinə şeirlər
yazılıb, mahnılar bəstələnib. Lənkərana
ən çox şöhrət gətirən isə mərd,
mübariz oğulları, istedadlı ziyalıları, qonaqpərvər
camaatıdır.
Müstəqilliyimizin
ilk illəri ölkənin digər regionları kimi, Lənkəran
üçün də çətin olmuşdur. Bir tərəfdən erməni millətçiləri
havadarlarının köməyi ilə Qarabağı
işğal edir, digər tərəfdən üzdəniraq
yerli separatçılar daxildəki xaosdan,
başsızlıqdan istifadə edərək Azərbaycanı
parçalamaq istəyirdilər. Lakin onların niyyətləri
baş tutmadı. Xalqın təkidi ilə hakimiyyətə
qayıdan ümummilli lider Heydər Əliyevin polad iradəsi
sayəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsindən
qurtuldu. Amma qarşıda mühüm vəzifələr
dururdu: atəşkəsə nail olmaq, dağıdılmış
iqtisadiyyatı dirçəltmək, insanların güzəranını
yaxşılaşdırmaq lazım idi. Böyük uzaqgörənliklə
əsrin neft layihəsi üzərində ciddi iş
aparıldı. Bəzi qüvvələr onu şübhə
altına alaraq icrasına əngəl törətmək istədilər.
Lakin onların bu cəhdləri də boşa
çıxdı. Dünyanın ən iri neft şirkətləri
"Əsrin müqaviləsi"nə imza atdılar.
...2002-ci ilin noyabr ayı idi. O zaman Lənkəran
Şəhər İcra Hakimiyyətinin
başçısı işləyən Yaşar Rzayevlə
görüş təyin etmişdik. Buludlu payız
havasında elektrik lampası közərdiyindən
alaqaranlıq otaqda stol arxasında oturan həmsöhbətimizi
güclə görmək olurdu. Elektrik enerjisi hətta
ŞİH-ə qrafiklə verilirdi. O da zəif. Üstəlik, təbii qaz, içməli su
sarıdan problem vardı. Bir sözlə,
vaxtilə coşub-daşan, səsli-küylü Lənkəranı
tanımaq olmurdu. Kənd əhalisi öhdəsində
olan torpaq sahələrini başlı-başına
buraxdığından subtropik meyvə bağları, çay
plantasiyaları mal-qara üçün otlaq sahəsinə
çevrilmişdi. Heç kəs tərəvəz
əkmək istəmirdi. İqtisadi əlaqələr
kəsildiyindən emal müəssisələri də fəaliyyətini
dayandırmışdı.
Heç nə birdən-birə hasilə
gəlmir, vaxt lazımdır. Xatırlatdığımız
bu kiçik epizod həmin lazım olan vaxta təsadüf
edirdi. Nəhayət, görülən
işlər, həyata keçirilən islahatlar, bağlanan
müqavilələr bəhrəsini verməyə
başladı. Ölkənin büdcəsinə
neftdən gələn vəsaitlər daxil oldu. 2004-cü ildən isə Azərbaycan daha coşqun
inkişaf yoluna qədəm qoydu. 2003-cü
ilin payızında Prezident seçilən İlham Əliyev əldə
olunan vəsaitdən səmərəli istifadə etmək, əhalinin
sosial vəziyyətini yaxşılaşdırmaq, neft
kapitalını insan kapitalına çevirmək, ordunun
döyüş qabiliyyətini artırmaq üçün
müxtəlif sənədlər imzaladı. Onlardan biri 2004-2008-ci illər üçün
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı idi. Bu mühüm sənəd hər bir
bölgənin, rayonun, şəhərin, qəsəbə və
kəndin yenidən dirçəlişinə təkan verdi. Məhz bu proqrama əsasən,
Astara rayonu ərazisində porşen tipli elektrik stansiyası
istifadəyə verildi və beləliklə, Lənkəranda,
o cümlədən cənub bölgəsində elektrik
enerjisi böhranı aradan qaldırıldı. Ardınca yeni istehsal müəssisələri
yaradıldı. Bu isə yeni iş yerlərinin
açılması, əhalinin məşğulluğunun
yüksəldilməsi, ailələrin büdcəsinə pul
vəsaitinin daxil olması və insanların gün-güzəranının
yaxşılaşması demək idi.
Ötən 20 il ərzində
Lənkəran sürətlə inkişaf etmiş, daha abad
olmuşdur. Görülən işləri
sadalamaqla qurtarmaq mümkün deyil. Cənub
şəhərini gəzərkən hər addımda yeni
tikililərlə qarşılaşırsan. Heydər Əliyev memorial parkı lənkəranlıların
ən çox xoşladıqları istirahət yeridir. Parkda ulu öndərin əzəmətli tunc heykəli
ucalır. Xalqımızın böyük
oğlunun həyat və fəaliyyətini, habelə Lənkərana
səfərlərini özündə cəmləşdirən,
onları gənc nəslə çatdıran muzey də burada
yerləşir. Fəvvarələr,
güllər, çiçəklər, akasiya, dəmirağac
parka gözəllik verir.
Ümumiyyətlə, Lənkəranda
son illər istirahət guşələrinin, park və
xiyabanların sayı xeyli çoxalıb. Hər biri də milli memarlıq üslubuna uyğun
yaradılıb və biri digərini təkrarlamır. Qala xiyabanı müasirliklə yanaşı,
keçmişi də özündə yaşadır. Xiyabanda addımladıqca adamın ürəyi
açılır. Lənkəran şəraitinə
uyğun tikilmiş, damı qırmızı kirəmitli
yaşayış evləri də təmir-bərpa işlərindən
sonra daha baxımlı, cazibədar görünür.
2004-cü ildə əsaslı şəkildə yenidən
qurulan N.Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrı, akademik Zərifə Əliyeva
adına Uşaq Sağlamlıq Mərkəzi, bir çox
ticarət, mədəni-məişət obyektləri bu xiyaban
boyunca yerləşir. 2006-cı ildə tikilib
istifadəyə verilmiş Sahil parkı da əhalinin
xoşladığı istirahət yerlərindəndir. Xəzərin qoynunda salınmış istirahət
guşəsində dənizdən əsən xəfif meh
yayın istisində ürəyə məlhəm kimi
yayılır. Buradakı çayxanada dəmlənən
Lənkəran çayı isə başqa bir aləmdir.
Parkda balacaların əyləncəsi də
unudulmayıb, onlar üçün guşə düzəldilib,
qurğular yerləşdirilib.
Lənkərana gələnlər,
ilk növbədə, şəhərin girişində
inşa olunmuş Xalq Sənətkarlığı Mərkəzi
ilə rastlaşırlar. Mərkəz
qədim insan məskəni olan bu yerin koloritini, adət-ənənəsini
özündə əks etdirir. Samovar,
yanındakı armudu stəkan, təndir ətrafına
yığılan çırpı bu yerin simvoludur. Sənətkarlıq
şəhərciyindəki kiçik evlərdə bu yerlərin
camaatının qədim zamanlardan istifadə etdikləri əmək
alətləri, toxuduqları xalça, palaz, həsir və s.
nümunələr nümayiş etdirilir.
Tarixin müəyyən dövrlərində
Vətənimizin, torpaqlarımızın azad edilməsi,
dövlətçiliyimizin müdafiəsi uğrunda qurban gedənlərin
xatirəsi Lənkəranda həmişə əziz tutulur. İki
dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor
Həzi Aslanovun möhtəşəm abidəsi, buradakı
xatirə parkı, qəhrəmanın ev-muzeyi,
soyqırımı qurbanlarının, Qarabağ müharibəsi
şəhidlərinin şərəfinə
ucaldılmış xatirə kompleksləri lənkəranlıların
və şəhərə gələn qonaqların müqəddəs
ziyarət yerləridir.
Hər bir qala, tikili nəsildən-nəslə
keçən yadigarlardır. Gənc
nəslin öz el-obasının tarixini öyrənməsində
onların müstəsna əhəmiyyəti var. Buna görə
də rayon ərazisindəki abidələr qayğı ilə
hifz olunur. "Zindan" qalası əsaslı
şəkildə yenidən qurulub. Diqqətlə
qorunan Lənkəran xanının sarayı italiyalı memar tərəfindən
tikilib, hazırda Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət
göstərir.
Regional Müalicə Diaqnostika Mərkəzi
2006-cı ildə açılmışdır. Bölgənin əhalisi müxtəlif xəstəliklərlə
bağlı əvvəllər Bakıya və digər yerlərə
gedirdilərsə, indi bu mərkəzə müraciət edirlər.
Böyrək
çatışmazlığından əziyyət çəkən
xəstələrə burada hər cür qayğı
göstərilir. Dünya standartlarına
cavab verən müalicə ocağında ən müasir tibbi
avadanlıqlar quraşdırılıb. Burada
açıq ürək əməliyyatları da
aparılıb. Bundan əlavə, son illər
rayonda 23 həkim və tibb məntəqəsi istifadəyə
verilib və onlar müasir tibbi avadanlıqlarla təchiz edilib.
Lənkəranın sənaye
potensialı getdikcə genişlənir. Son illər burada çay emalı və tikiş
fabrikləri, süd emalı və meyvə-tərəvəz
emalı zavodları və digər müəssisələr
tikilib istifadəyə verilib. Həmin
müəssisələrin bəzisində istehsal olunan məhsullar
artıq bir neçə ildir dünya bazarlarına
çıxarılır. Eyni zamanda,
müxtəlif idarə, müəssisə və təşkilatlar
üçün inzibati binalar inşa edilib. Yüksək zövqlə tikilən fərdi
yaşayış evləri, kommersiya şəbəkələri
də şəhərə xüsusi gözəllik gətirir.
Lənkəranda təhsil, səhiyyə,
mədəniyyət ocaqlarının tikintisi, onların təmiri
də diqqət mərkəzindədir. Dövlət vəsaiti, habelə Heydər Əliyev
Fondunun təşəbbüsü ilə rayonda 23 məktəb
inşa edilib. Yeni dərs ilində 4 saylı orta məktəbdə
560 şagirdlik əlavə korpus, Osaküçə kəndində
220 şagirdlik yeni məktəb binası şagird və
müəllimlərin istifadəsinə veriləcək. Həmçinin
Lənkəran Uşaq Evi və Osman Mirzəyev adına
Qarışıqtipli İnternat Məktəbi yenidən
qurulub. Bu sırada Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət
Teatrının fəaliyyətini də qeyd etmək
lazımdır. Teatr keçən il qardaş Türkiyənin
paytaxtı Ankarada keçirilən beynəlxalq teatr
festivalında iştirak etmiş, Naxçıvanda qastrol səfərində
olmuş, Fransa, İspaniya, Gürcüstan, Ukrayna və Rusiya
Federasiyasının teatrları ilə əməkdaşlıq
əlaqələri qurmuşdur.
Azərbaycanın qeyri-maddi mədəni
irsinin təbliği və təşviqi məqsədilə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən "2010-2014-cü illər
üçün xalq yaradıcılığı
paytaxtları" proqramı təsdiq olunmuşdur. Həmin
proqrama əsasən, 2011-ci il
üçün Lənkəran şəhəri "Azərbaycanın
folklor paytaxtı" elan edilmişdir. Bununla əlaqədar
olaraq il ərzində Lənkəranda
nominasiyalara uyğun surətdə təntənəli mərasimlərin,
respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans,
"dəyirmi masa", konsert, müsabiqə, festival, sərgi
və s. tədbirlərin keçirilməsi nəzərdə
tutulmuşdur. Bu tədbirlərdən
"Tarixin canlı şahidləri" (qocaman el sənətkarları
ilə görüşlərin təşkili), "Bayatı
axşamları folklor gecəsinin təşkili", "Nənələr
və nəvələr" folklor gecəsi, Lənkəran mətbəxi
festivalını göstərmək olar. Lənkəran
şəhərinin "Azərbaycanın folklor
paytaxtı" elan olunması xalqımızın şifahi
xalq ədəbiyyatını, adət və ənənələrini
bir daha dünyaya tanıdacaq, mədəniyyət tariximizdə
yeni bir səhifə olacaq.
2011-ci ilin
"Turizm ili" elan olunması ilə bağlı Lənkəran
Şəhər İcra Hakimiyyəti, şəhər mədəniyyət
və turizm şöbəsi ardıcıl tədbirlər həyata
keçirir. Yaradılmış Turizm İnformasiya Mərkəzi
artıq fəaliyyətə başlayıb. Sahənin
inkişafına nail olmaq üçün investorlar, donor təşkilatlar
bu işə cəlb olunur, yerli və beynəlxalq turizm təşkilatları
ilə əlaqələr yaradılır. Yeri gəlmişkən
qeyd edək ki, Lənkəranda 11 turizm obyekti fəaliyyət
göstərir. İndiyəcən turistlərə müasir tələblərə
cavab verə biləcək xidmətin göstərilməsi ilə
bağlı mehmanxana və mehmanxana tipli obyektlərin rəhbərləri
ilə iş aparılıb. Onların demək olar ki,
hamısı lisenziya alıb. Keçən il isə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları
üçün Türkiyədən dəvət olunmuş
mütəxəssislərin iştirakı ilə xüsusi
hazırlıq kursları keçirilib və onlara sertifikatlar
verilib. Bundan savayı, Nazirlər Kabinetinin müvafiq qərarı
ilə Lənkəranda 87 tarix və mədəniyyət abidəsi
qeydə alınaraq dövlət mühafizəsinə
götürülüb. Həmin abidələrin turizm
üçün istifadəsi məqsədilə marşrut xəritəsi,
habelə abidələr barədə 3 dildə - ingilis, rus və
Azərbaycan dillərində məlumatlar hazırlanıb.
Rayonda ekoturizmin inkişafı istiqamətində də müəyyən
işlər görülüb. Belə ki, kəndlərdə
müvafiq şəraitə malik olan evlərin
aşkarlanması və sahiblərinin razılığı əsasında
tələb olunan şəraiti, habelə xidməti
reallaşdırdıqdan sonra turistlərin qəbulu gerçəkləşəcək.
Lənkəranda
aeroport, dəniz limanı, dəmiryol vağzalı və
avtovağzalın olması, Hirkan Milli Parkının,
Qızılağac qoruğunun təbii şəraiti və mənzərəsi
burada turizmin inkişafı üçün münbit şəraitin
olduğunu bir daha təsdiq edir. Balıq və quş ovu ilə
məşğul olmaq istəyən turistlər
üçün razılaşdırılmış ərazilərdə
ov mövsümünün təşkil edilməsi nəzərdə
tutulur. Hirkan Milli Parkında xüsusi ekoturizm marşrutları
əsasında gəzintilər təşkil olunur. Turizmin inkişafına göstərilən diqqət
və qayğı sayəsində Lənkərana gələn
turistlərin sayı ildən-ilə artır. 2010-cu ildə
rayona gələn turistlərin sayı 8 min nəfərə
çatmışdır ki, bu da 2006-cı ildəkindən 50
faiz çoxdur. Gələn turistlərin 35 faizini əcnəbilər
təşkil edib. Yaxın günlərdə Lənkəranın
turizm imkanlarını əks etdirən bələdçi
kitabının, turizm marşrutu xəritəsinin və
videoçarxının hazırlanması nəzərdə
tutulub. Eyni zamanda, rayonun turizm potensialının təbliği
ilə əlaqədar Azərbaycan, ingilis və rus dillərində
internet saytı fəaliyyət göstərir.
Məlum
olduğu kimi, Ələt-Astara magistral şose yolu hazırda
yenidən qurulur. Avtomobil yolu bütün göstəricilərinə
görə dünya səviyyəli olacaq. Bu yol Azərbaycanın
cənub bölgəsinin, eləcə də Lənkəranın
bundan sonra daha sürətlə inkişaf etməsinə təkan
verəcək. Lənkəran hava limanı isə artıq 2
ildir ki, sərnişinlərə xidmət edir.
Bunlar bir regionun inkişafının
qısa xronikasıdır. Bu
inkişaf getdikcə geniş vüsət alır, həyatın
bütün sahələrini əhatə edir. Deməli, sabahımız daha firavan və mənalı
olacaq.
Seyran CAVADOV
Azərbaycan.-2011.-23
iyul.-S.2.