Cari ilin birinci yarısında cinayətkarlığın mütəşəkkil və transmilli növlərinə qarşı məqsədyönlü mübarizə aparılmışdır

 

İyulun 22-də respublikanın daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Ramil Usubov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən Heydər Əliyev strateji kursunun, sosial-iqtisadi və hüquq-mühafizə siyasətində əldə edilən irəliləyişlərin məntiqi nəticəsi olaraq cinayətkarlığa qarşı mübarizədə, asayişin mühafizəsində, insan hüquq və azadlıqlarının qorunmasında əvvəlki illərin müsbət təmayülləri inkişaf etdirilmiş, əməliyyat şəraiti nəzarətdə saxlanılmışdır. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində sahəvi xidmətlərin, orqan və hissələrin yeni məlumat və axtarış texnologiyaları, avadanlıq və vasitələrlə təmin olunması, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması və ən yüksək tələblərə cavab verən şəraitdə, xalqın və dövlətin maraqlarına uyğun səmərəli fəaliyyəti üçün hər cür imkanlar yaradılmışdır. Cinayətlərin qarşısının alınması, açılması, cinayətkarların axtarışı, ictimai qaydaya nəzarət, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair sahələrdə tətbiq edilən çoxsaylı informasiya resursları xidməti vəzifələrin icrasının effektivliyini əhəmiyyətli dərəcədə artırmış, hüquq pozuntuları barədə məlumatlara çevik reaksiya verilməsinə müsbət təsir göstərmişdir. Maddi-texniki bazası beynəlxalq standartlara tam uyğun gələn, peşəkar kadr potensialına malik daxili işlər orqanları müasir dövrün çağırış və təhdidlərinə cavab verməyə qadirdir.

Hesabat məruzəsi ilə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı Vilayət Eyvazov qeyd etmişdir ki, cari ilin 6 ayında həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər cinayətkarlığa, onun mütəşəkkil və transmilli növlərinə qarşı mübarizənin daha məqsədyönlü aparılmasını təmin etmişdir.

Nazirlik sistemində müasir texniki vasitələrdən, statistik, axtarış, kriminalistik və digər uçotlardan geniş istifadə edilməsi profilaktik işin səmərəsini xeyli artırmışdır. "102" və "Təhlükəsiz şəhər" xidmətləri tərəfindən məişət zəminində baş vermiş 2493 hüquqazidd əməlin, 147 ictimai asayişin pozulması faktının, 28 yanğının, 8 avtoxuliqanlığın və s. hadisələrin qarşısı alınmış, axtarışda olan 16 avtomobil saxlanılmışdır.

"Məlumat Portalı" vasitəsilə 447 təqsirləndirilən şəxs müəyyən edilmiş, cinayətlərin açılmasında əhəmiyyət kəsb edən 270 minə yaxın sorğu cavablandırılmışdır. Avtomatlaşdırılmış kriminalistik laboratoriyalardaktiloskopik informasiya sistemlərinin köməyi ilə istintaqı aparılan cinayət işlərinin 22,4 faizi (1954) üzrə sübut bazası toplanılmışdır. Bütün subyektlər üzrə 12139 cinayət qeydə alınmışdır ki, onların 95 faizi, yəni 11520-si daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmuşdur. Həmin cinayətlərin 90,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 9,5 faizini ağır və xüsusilə ağır növlər təşkil etmişdir. Ümumi cinayətlərin 82,2 faizi, daxili işlər və prokurorluq orqanlarına aid olanların isə 83,4 faizi açılmışdır. Qəsdən adam öldürməyə cəhdlərin açılması 3,3 faizi, avtonəqliyyat oğurluğu faktlarının açılması 60 faiz yaxşılaşmış, adam oğurluğu cinayətləri tam açılmışdır. Cinayətlərin ağır və xüsusilə ağır növləri 19 faiz, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər 7,2 faiz, hədə-qorxu ilə tələb etmələr 33,3 faiz, cibgirliklər 3,7 faiz azalmışdır. Adamları girov götürmə və banditizm cinayətləri qeydə alınmamışdır.

Naxçıvan Muxtar Respublikasında, həmçinin ölkənin 31 şəhər və rayonunda ağır və xüsusilə ağır cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə daha az olmuşdur. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 155, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində isə "isti izlərlə" 566 cinayətin açılması təmin edilmişdir. Cinayətkarlığa qarşı mübarizədə vətəndaşların da böyük əməyi olmuşqeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin 85 faizi məhz onların yaxından iştirakı ilə açılmışdır.

Nazir müavini vurğulamışdır ki, törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipi rəhbər tutularaq müxtəlif cinayətlərə görə 6857 nəfər məhkəmə məsuliyyətinə cəlb olunmuş, yerli və dövlətlərarası axtarışda olanların 48,4 faizi (2151-dən 1042-si) tutulmuş, İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 68 nəfərin yeri müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 233 ağır və xüsusilə ağır cinayət törətmiş 308 nəfəri birləşdirən 95 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilmiş, qanunsuz odlu silah saxladığına və daşıdığına görə 102 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bununla bərabər, qanunsuz dövriyyədən ümumi məbləği 382 min manat təşkil edən 4382 ədəd saxta millixarici əskinas, açıq satışı qadağan olunmuş 6 mindən çox dərman preparatı, habelə 185 kiloqram civə və 600-ə yaxın saxta tədris vəsaiti götürülmüşdür. Narkotraffikə qarşı mübarizədə həyata keçirilmiş sistemli tədbirlərlə qanunsuz dövriyyədən 366 kiloqramdan çox narkotik vasitə çıxarılmış, 57 nəfərdən ibarət 22 cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, ümumi çəkisi 214 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında görülən işlərlə 63 fakt aşkarlanaraq 15 nəfər cinayət məsuliyyətinə cəlb olunmuş, bu növ hüquqazidd əməllərin qurbanı olan 26 şəxs müəyyənləşdirilmişdir. Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bütövlükdə 408342 inzibati xəta müəyyən edilmiş, 1895 şəxsin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır. Avtomobillərinin şüşələrinə pərdə və plyonka çəkmiş 5130, avtoxuliqanlıq etdiyinə görə 298 şəxs barəsində qanunauyğun tədbirlər görülmüşdür. Müxtəlif inzibati xətalara görə tərtib olunmuş 411381 protokol üzrə 369979 nəfər cərimələnmiş, 1724 nəfər məhkəmələr tərəfindən həbs olunmuşdur. Məruzəçi hesabat dövründə 20265 ərizə və şikayətin araşdırıldığını, nazirliyin rəhbərliyi və struktur xidmətlər tərəfindən 2500-dən çox vətəndaşın qəbul edildiyini, qanunçuluğun pozulmasına qarşı həyata keçirilən davamlı mübarizənin müsbət nəticəsi olaraq polis əməkdaşlarından şikayətlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,1 faiz azaldığını da qeyd etmişdir.

Nazir müavini Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində şəxsi heyətin yüksək tələblərə cavab verən şəraitdə xidmətinin təşkili, orqan və hissələrin yeni informasiya texnologiyaları ilə təchizatı ilə bağlı görülən işlər barədə ətraflı məlumat vermişdir.

Məruzə ətrafında müzakirələrdə nazirliyin ayrı-ayrı struktur qurumlarının və şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, fəaliyyətdə yol verilmiş nöqsanlar, onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat vermişlər.

İclasa yekun vuran general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının hesabat dövründəki fəaliyyətinin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə və xüsusi əməliyyatlarda Daxili Qoşunların hərbçilərinin yüksək peşəkarlıq nümayiş etdirdiklərini bildirmişdir. Xidməti vəzifələrinin icrasında fərqlənən əməkdaşların və hərbi qulluqçuların fədakar əməyinin dövlət başçısı İlham Əliyev tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyini də kollegiya iştirakçılarının diqqətinə çatdıran nazir ölkə Prezidentinin xüsusi diqqət və qayğısına cavab olaraq şəxsi heyətin qanunla müəyyən edilmiş vəzifələrin icrasına daha böyük məsuliyyətlə yanaşmalarının vacibliyini vurğulamışdır. Eyni zamanda, əməliyyat-xidməti fəaliyyətdə müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu, bir sıra ərazi orqanlarında kriminogen durumda baş verən dəyişikliklərə vaxtında adekvat reaksiya verilməməsinin ümumi fəaliyyətə mənfi təsir göstərdiyini qeyd edərək müvafiq istiqamətlərdə qarşıda duran vəzifələrə toxunmuşdur.

Sonda dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında müəyyən etdiyi prioritet vəzifələrin yerinə yetirilməsində, o cümlədən milli yüksəliş xəttinin uğurla davam etdirilməsində mühüm amillərdən olan ictimai asayişin etibarlı qorunmasının, fəaliyyətin beynəlxalq normastandartlara uyğun davamlı şəkildə təkmilləşdirilməsinin vacibliyini kollegiya iştirakçılarının nəzərinə çatdırmışdır. Həmçinin vətəndaşların müraciətlərinə baxılmasının keyfiyyətinin yüksəldilməsi, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarına ciddi riayət olunması, əməkdaşların peşəkarlığının artırılması, yeni informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə olunması ilə bağlı konkret tapşırıq və tövsiyələrini vermişdir.

Daxili işlər naziri əmin olduğunu bildirmişdir ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmini sahəsində qanunla müəyyən edilmiş funksiyaları, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-23 iyul.-S.5.