Biz hərb istəmirik, amma hərbə hazırıq
İtkilərimiz
böyük, dərdlərimiz ağır
olsa da, zaman öz
axarındadır. Toy məclisləri qururuq, yas mərasimlərini
yola veririk.
Gül-çiçəkli yazı sevinclə
qarşılayır, qışın
şaxtasına-sazağına dözürük.
Yenə də həyata körpələr göz
açır, yenə də adamlar ömrünü başa vurub dünyadan köç edirlər. Amma
Qarabağsız həyatın mənası, dadı-tamı
başqadır. Ağrı-acımıza məhəl qoymayan quş qanadlı
illər ötüb keçsə də,
ürəyimizdəki Qarabağ yarası qaysaq bağlamır. Bu
yaranın bir məlhəmi, bu dərdin bir dərmanı
var - o da
Qələbədir! Üçrəngli, ay-ulduzlu
bayrağımız Ağdamda, Şuşada, Laçında, Füzulidə...
dalğalanmayınca Qarabağ təşnəsi
ürəklər rahatlıq tapa bilməz!
Ən
böyük hakim olan zaman ötən illər
ərzində çox şeyi
yerbəyer etmişdir. Əzəli
düşmənimiz olan ermənilərin əsrlərdən
bəri yeritdiyi məkrli siyasətin bir çox qaranlıq məqamlarına
işıq salındı. Qarabağ
savaşında düşmən dəyirmanına su tökən, hakimiyyət ehtirasları ilə gözü
pərdələnən AXC-Müsavat dəllallarının
xəyanətləri ifşa olundu. Zaman öz
nehrəsini çalxaladıqca yağı yağ,
ayranı ayranlıq elədi...
Elimizdə belə
bir deyim var: igid odur
atdan düşə atlana...
Yəgin ki, bu üç-dörd sözün
birləşməsindəki mənanı açmağa,
şərh etməyə ehtiyac yoxdur. Bu, etiraf
edilməlidir ki, məlum obyektiv
və subyektiv səbəblər
ucbatından biz Qarabağ
savasının birinci mərhələsini
uduzmuşuq. Məcazi mənada atdan düşmüşük.
Amma müharibə bitməyib. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində reallaşan atəşkəs dövrünün
verdiyi imkanlardan
bacarıqla bəhrələnib özümüzü
yenidən toparlamışıq. Atəşkəs
dövründə ötən illərin hədər keçmədiyini
sübut etməyə ehtiyac
yoxdur. Zamanın bizim
xeyrimizə işlədiyi hər kəsə - dosta
da, düşmənə də gün kimi aydındır.
Atdan düşən Azərbaycan igidləri
indi tam və qəti
qələbə eşqi ilə yenidən
atlanırlar. Yenidən atlanan igidlərin
alacağı intiqamın yaman
olacağı şübhəsizdir. Bu
yenilməz iradənin qarşısında dözüş
gətirə biləcək güvvə təsəvvürə
gəlmir.
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin Qarabağ münaqişəsinin həllinə
yönəlmiş dəyişməz, qətiyyətli və prinsipial mövqeyi bu sahədəki siyasətimizin
qırmızı xəttidir. "Bir qarış torpaq da güzəşt edilməyəcəkdir"
deyən dövlət başçısının bu qətiyyəti bir tərəfdən
düşmənlərimizi qorxuya
salırsa, digər tərəfdən ölkə vətəndaşlarına,
Azərbaycan gəncliyinə, xüsusilə Qarabağ
əhalisinə yüksək əhvali-ruhiyyə, qələbəyə
sonsuz inam, ən
başlıcası, yaşamaq eşqi bəxş edir.
Bəli, zaman çox şeyi dəyişib... Ağdamın işğal günü həmişə
göz yaşı ilə, ağlaşma
ilə qeyd edilərdi. İndi
o yaşlı gözlərdə qəzəb
şimşək kimi çaxır, ürəklər
düşməndən qisas almaq üçün
çırpınır. Ağdamda uşaq da, böyük
də, qadın da, kişi
də qınından sıyrılmış qılınca bənzəyir.
Ayağı yer tutan hər
kəs çoxdan gözlədiyi müqəddəs
savaşın təşnəsinə çevrilib.
Bu ağrılı gündə Ağdam niskilini, doğma yurd göynərtisinı
elə ağdamlıların özlərindən eşitmək
istədik.
Raya Ağayeva, Bənövşələr
qəsəbəsində müəllim:
- Ağdamsız
yaşamaq çox
çətindir. Amma hər an üzərimizdə hiss
etdiyimiz dövlət qayğısı ərköyün
bir uşağın nazı ilə oynayan fədakar ana nəvazisi
kimi bizi ovundurur. Elindən-obasından, doğma ev-eşiyindən perik
salınan ağdamlılar məcburi köçkün
həyatının ağır məşəqqətlərini
yaşamağa məhkum edildilər.
Çadır şəhərciklərində,
qarğı-qamışdan tikilib
palçıqla suvanmış daxmalarda
neçə qarlı-şaxtalı qışı, qaynar yayı yaşadıq. Ancaq bir an
diqqətdən kənarda qalmadıq. Dövlətimizin iqtisadi imkanı yaranan kimi birinci növbədə
qaçqın və məcburi köçkünlərin
qayğısına qalındı. Bir-birinin
ardınca Ağdam rayonu
ərazisində çox sayda
qəsəbə tikilib rayon
sakinlərinin istifadəsinə verildi.
Artıq çoxdan məişət
rahatlığına qovuşmuşuq. Bizim ailəyə də yeni
qəsəbədə ev veriblər.
Qazımız, suyumuz,
işığımız var. Təknəmizin
çörəyi boldur. Firavan
yaşasaq da,
Ağdamın yoxluğu bütün
bunları gözdən salır. Ağdam bizim qibləmizdi, həyatımızın mənasıdır.
Onsuz yaşanan günü ömürdən saymırıq. Ağdama qovuşacağımız günün yaxında olduğuna
isə inamımız böyükdür. Bu inamı bizdə möhtərəm Prezidentimizin yeritdiyi müdrik siyasət doğurur.
Məhz bu siyasət sayəsində beynəlxalq
aləm artıq kimin kim
olduğunu yaxşı bilir.
Amma Prezident İlham Əliyevin dediyi kimi, sülh
danışıqları sonsuza qədər
uzanası deyil. İllərdən bəri
böyük dözüm
nümayiş etdirən Azərbaycan
xalqının səbir kasası artıq dolub.
Konkret addımlar atmağın
vaxtıdır. Biz qarabağlılar isə
Prezidentimizin, Ali Baş Komandanın arxasında həmişə
olduğu kimi, yenə
də sıx cərgələrlə durmuşuq.
Eldar HÜSEYNOV, Quzanlı qəsəbəsinin sakini:
- Köçkünlük həyatının üzücü illərini Tərtər rayonunun Hüsənli kəndindəki fermada, ucuq-sökük bir daxmada
yaşamışıq. Xaçın çayı
yanımızdan keçirdi. Hər yaz çay gələndə
onun bulanıq sularından içib
təskinlik tapırdım. Axı bu su doğma torpaqların
dadını-tamını gətirirdi özüylə... İndi o günlər arxada qalıb. Quzanlı qəsəbəsində
rahat evə köçmüşük.
Amma təbii ki, hər
hansı rahatlıq bizə Ağdamı unutdura
bilməz.
Artıq xeyli vaxtdır ki,
zamanın bizim xeyrimizə işləməsi
Qarabağ ağrısı çəkən
hər kəsdə böyük nikbinlik yaradır. Hər şey
göz qabağındadır. Televiziya ilə yayımlanan hərbi parada baxanda ürəyim dağa döndü. Bir daha inandım ki, ermənilərdən qisas
alacağımız, işğal
altındakı torpaqlarımızı azad
edib doğma yurda dönəcəyimiz gün
uzaqda deyil. Sübut etməyə ehtiyac
yoxdur ki, ölkəmizin
dinamik sosial-iqtisadi
inkişafı, ordumuzun artan
qüdrəti o günü
sürətlə yaxınlaşdırır. Ağdamı
itirdiyimiz üçün
axıtdığımız göz
yaşları, qurduğumuz yas mərasimləri artıq dünəndə
qalıb. İndi zaman,
ən başlıcası isə, respublika
Prezidenti İlham Əliyevin
yeritdiyi müdrik və
uzaqgörən siyasət bizə fərqli mövqe
diktə edir. Biz
döyüş ruhuna
köklənmişik. Yaxşı ki, bu belədir! Rayonumuzda məqsədli
şəkildə formalaşdırılan sağlam
mənəvi-psixoloji mühit böyük səmərə verir.
Rayonun bütün
sakinləri, xüsusilə gənclər vətən uğrunda istənilən fədakarlığı
etməyə hazırdırlar. Rayonda gənclərin
hərbi-vətənpərvərlik ruhunda
tərbiyəsinə böyük önəm
verilir. Bu istiqamətdə
həyata keçirilən məqsədyönlü tədbirlərin
məntiqi nəticəsidir ki, indi rayonumuzda hərbi xidmətdən
yayınan bir nəfər də olsun fərari yoxdur. Gənclər
hərbi xidmətə indi toy-bayramla
gedirlər. Elə bayram, elə əlamətdar
gün olmur ki, rayon rəhbərliyi,
ictimaiyyət nümayəndələri, xüsusilə məktəblilər
ərazidəki hərbi hissələrə baş
çəkməsinlər. Təbii ki, bayram xonçaları, musiqi
sovqatı ilə. Cəbhə bölgəsi olan
Ağdamda əsgərə hər kəs öz övladı kimi
baxır, ona nəvaziş göstərməyi
mənəvi borcu bilir.
Bütün bunları görəndə mən
bir şəhid atası kimi
təskinlik tapıram. Bölgədə yaşayan
hər bir mülki vətəndaş
da elə potensial əsgərdir.
Bir əmrə müntəzirdilər ki, silah götürüb
döyüşə atılsınlar.
Emin BƏŞİRZADƏ, "Qərvənd" kəndli-fermer
təsərrüfatının rəhbəri:
- Bizim fermer təsərrüfatının
əkin sahələri düşmənlə təmas xəttinə
çox yaxındır. Erməni əsgərlər
dəfələrlə atəş açıb problemlər
yaratmışlar. Müxtəlif xəsarətlər olsa da, xoşbəxt təsadüf
nəticəsində ölüm
olmamışdır. Müharibədə çörək də
silah qədər vacibdir.
Fermer təsərrüfatının
üzvləri taxılçılıqla məşğuldular.
Bu il 25 hektar sahənin hər hektarından 44 sentner taxıl götürmüşük.
Taxılçılığın inkişafına dövlət
dəstəyi bizi məhsul bolluğu uğrunda
mübarizəyə ruhlandırır. Toxumçuluq
üzrə ixtisaslaşmışıq. Bu
il istehsal etdiyimiz yüksək reproduksiyalı 109 ton toxumu texniki
qarışıqlardan təmizləyib səpin üçün hazır vəziyyətə gətirmişik.
Cəbhə
bölgəsində yaşamağın özünəməxsus
qayğıları var. Əkinlə-biçinlə
məşğul olsaq da,
həmişə səksəkədəyik. Hər atılan
güllə müharibənin başlayacağından soraq verə bilər. Biz buna nəinki hazırıq, əslində intizarla qisas gününü, intiqam
anını gözləyirik. Aqillər deyir
ki, torpağı əkib-becərməsən,
qorumağa, qorumasan, əkib-becərməyə
dəyməz. Ermənilər cəbhə xəttinə
yaxın işğal altındakı ərazilərdə
heç nə əkmirlər. Hərdən
durbinlə baxırıq. Gözlə görünən məsafədə
heç bir təsərrüfat
işləri görmürlər. Əlimizdə olan ərazilərdə isə bol
məhsullu zəmilər, bağ-bağçalar,
bostan-tərəvəz sahələri üzə gülür. Dövlətimizin torpaq
istifadəçilərinə verdiyi subsidiyalar bu sahədə mühüm rol oynayır.
Sevimli şairimiz Səməd
Vurğunun "Çörək bol olarsa, basılmaz vətən"
misrası fəaliyyətimizin devizinə çevrilmişdir.
Bu il rayonumuzun
taxılçıları rekord nəticə
qazanmışlar. Rayon üzrə hər hektardan orta hesabla 31,4 sentner məhsul götürülmüşdür. Bu, son illərin ən
yüksək göstəricisidir.
Əlimiz təsərrüfat
işlərində olsa da,
ürəyimiz Ağdamla döyünür.
İndi Ağdamdan ötrü ağlamırıq, Ağdamı xilas etmək üçün
çalışırıq. Hesab edirik ki, bir
ovuc buğda da bu mübarizəyə
köməkdir. Hər kəs - elinə, obasına
bağlı hər bir qarabağlı bu mübarizəyə öz
töhfəsini verməlidir. Biz zərbəçi
əməyimizlə, istehsal etdiyimiz bol məhsulla
möhtərəm Prezidentimiz, Ali Baş Komandan
İlham Əliyevin yeritdiyi
müdrik siyasətə fəal dəstək
verməyə çalışırıq. Bu
gün əkinçi olsaq
da, sabah döyüşçüyük. Bir əmr yetər ki, silaha sarılaq, düşmənin
üstünə atılaq.
Ağdamın
işğalından ötən illər ruzigarın ağac budağından qoparıb apardığı
saralmış xəzan yarpaqlarına bənzəmir. Bu illər ərzində biz
nəfəs dərib toxtamışıq. Ölkəni bürümüş xaosdan
qurtulub baş verənləri
soyuq başla təhlil
etmişik. Respublikamızın ərazi bütövlüyünü təmin etmək üçün proqram
hazırlamışıq. Bu illər ərzində
qüdrətli milli ordu
yaratmışıq. Bu torpağın hər
qarışını canından artıq sevən vətənpərvər
nəsil yetişdirmişik. Bu illər ərzində
dövlət başçısının Qarabağ
düyününün
açılması istiqamətində dəyişməz
mövqedən apardığı qətiyyətli və prinsipial danışıqlar ölkə əhalisində
torpaqlarımızın işğaldan azad ediləcəyinə olan
inamı sarsılmaz etmiş, qələbənin
tezliklə reallaşacağını zərurətə
çevirmişdir. Ağdamın
timsalında görmək olar ki, bu illər ərzində
dövlət doğma ev-eşiyindən perik salınmış qaçqın və məcburi
köçkünlərə necə hayan
durmuş, rahat mənzillərdən
tutmuş adi məişət
qayğılarına qədər onların bütün
problemlərini necə canıyananlıqla həll etmişdir. Qaçqın və
məcburi köçkünlərin problemlərini öz gərgin fəaliyyətində prioritet məsələ olduğunu
dəfələrlə bəyan edən Prezident
İlham Əliyev onlardan
qayğı və diqqətini bir zərrə
qədər də əsirgəməmişdir. Bu doğma münasibətin
nəticəsidir ki, illərlə
çadır şəhərciklərində, yük
vaqonlarında zillət çəkən ağdamlı məcburi
köçkünlər indi hər cür rahatlığı olan
yeni qəsəbələrdə yaşayırlar.
Onların istifadəsinə məktəblər, xəstəxanalar,
mədəniyyət evləri və s. verilmişdir. Əlbəttə, dövlət
başçısının dediyi kimi, bunlar müvəqqəti
bir dövr üçün edilmişdir.
Biz ən möhtəşəm
sarayları yağı düşmənin işğalından
azad edəcəyimiz doğma
torpaqlarda tikəcəyik. O gün isə uzaqda deyil, yaxındadı, çox
yaxında.
Lazım QULİYEV
Azərbaycan.-2011.-23 iyul.-S.4.