Leyləklər yolumuzu
gözləyir
Jurnalistika da aviasiya kimidir:
şturvalın arxasına keçib birinci dəfə səmaya qalxan
pilot birdəfəlik göylərə vurulduğu kimi,
işıq üzü görmüş
təzə mətbəə boyalı qəzet səhifəsində
ilk imzasını oxuyan
qələm sahibi də bu
peşəyə həmişəlik könül
bağlayır. Təki
ilham qabında azdan-çoxdan
barıtın və bir də seçdiyin həyat yolunda
səni addımlamağa sövq edən
iradən olsun.
Ancaq bir həqiqət
də var ki, həyatda
hər şey insanın iradəsindən
asılı deyil. Elə taleyüklü
hadisələr baş verir
ki, qurduğun dinc planlara həyat öz amansız korrektələrini edir və sənin həmin düzəlişləri
qəbul etməkdən başqa çarən
qalmır. Belə hadisələrdən söhbət açanda hər şeydən öncə
müharibəni nəzərdə tuturam. Qarabağ savaşı bütövlükdə
Azərbaycan xalqının həyat ritmini
dəyişdiyi kimi, mən də jurnalist olmağıma baxmayaraq,
qələmi silaha dəyişdirdim.
Ekstremal jurnalistikanın ilk
qaranquşlarını xatırlamaq, zənnimcə, yerinə düşür, Allah onlara rəhmət eləsin, əlinə kamera və ya qələm
alıb erməni silahlı dəstələri tərəfindən
oda qalanmış şəhər və kəndlərimizi
gəzdilər, arxalı erməninin törətdiyi vəhşilikləri kar
və kor olan
dünyanın nəzərinə çatdırmağa
çalışdılar.
Elə jurnalistlər
də oldu ki, onlar bir müddət qələmi
yerə qoymağa məcbur oldular. Xeyr, onlar yazmaq istəyindən
daşınmadılar, sadəcə, Vətənin müdafiəsi
üçün təzə
yaradılmaqda olan, uşaq
kimi hələ kövrək
addımlarını atan orduya
çağırıldılar. Qələmi süngüyə
çevrilən jurnalistlərdən biri də
mən idim.
Müharibənin
öz rəhmsiz qanunları var. Sən komandirsənsə artıq köhnə
peşənin - jurnalistikanın sənə heç
bir dəxli yoxdur. Sən
yazmağa görə yox,
döyüşə görə, əsgərlərinin həyatına
görə məsuliyyətlisən. Hərbi əməliyyatların
tüğyan etdiyi
bölgələrdə jurnalistlərlə qeyrilərinin bir fərqi dərhal diqqətə
çarpır: peşə borcunu yerinə
yetirən jurnalist yaralananda
bütün dünya bilir. Döyüşən əsgərlərin
isə yalnız ümumi statistikası verilir. Əslində, bunda
qeyri-adi bir şey yoxdu, Vətən
qarşısında hamı birdir və
hamı onun müdafiəsində dayanmağa borcludur.
Digər yandan hansı statusda müharibədə
gülləyə tuş gəlmək o qədər də önəmli deyil, həm də ona
görə ki, hərbi əməliyyatlarda,
ümumiyyətlə, müharibədə ölüm
həddindən artıq adiləşir. Güllə və mərmilərin
gecə və gündüz rekviyem çaldığı döyüş
meydanından kənarda kiminsə övladı, atası, əzizi
kimi qiymətli olsan da, mərmilər və güllələr
kimisə seçib ayırmırlar.
İnsanlar da sərtləşirlər.
Uğultuyla yerə sancılmış mərminin
və ya qəfil güllənin ruhunu göylərə uçurduğu
insan cəsədlərinə baxdıqda əvvəlki
kimi tüklərin qabarmır və ruhuna hakim kəsilən qəzəb
və nifrət lal olur.
İxtisasca jurnalist olsam da, döyüşən
ordu hissələrindən birində tərbiyə
işləri üzrə zabit idim. Ancaq təyyarəçilə
müqayisə etdiyim jurnalist
üçün bir yazmaq yanğısı da var və cəbhədə baş
verən gerçəkliklərə hərbçi olmaqla yanaşı, həm də qələm əhlinin
gözülə baxırsan. Gördüklərin
barədə yazmaq, insan
nəslinə xas əməl və
duyğuların bütün
çılpaqlığı ilə üzə
çıxdığı cəbhə həyatından
maraqlı və heyrətamiz hesab etdiyin anları qələmə almaq ürəyindən keçsə də, buna, sadəcə, vaxtın və imkanın yoxdur. Tərbiyəvi iş
üzrə zabitlərin müharibə vaxtı işi də həmişə başından
aşıb. Kadrların daim
çatışmadığı cəbhə bölgəsində
əgər haradasa zabitə ehtiyac varsa, əmin ola bilərsən ki, oraya mütləq səni göndərəcəklər.
Ona görə "zampoliti"
zabitlər öz aralarında arabanın ehtiyat təkəri adlandırırdılar.
Bununla belə, inadkar
istək yaxandan əl çəkmir və
şahidi olduğun
önəmli hadisələr barədə qələmə almaq zəruri ehtiyaca çevrilir. Digər tərəfdən necə
jurnalistsən ki, xalqın, ölkənin
nəbzinin vurduğu yerlərdə olasan və burada baş verənləri qələmə almayasan?! Belə məqamda
köməyimə dəftər gəlib, yəni fürsət
yarandıqca ətrafımda baş verənlərin
doğurduğu təəssüratları
haçansa oçerklərə, kitaba çevirmək ümidilə gündəlik
olaraq meşin üzlü dəftərə köçürürdüm.
Bu gün yenidən
həmin gündəlikləri vərəqlədikcə xəyalən
bir daha əzablı və
qanlı-qadalı illərə qayıdır, artıq unutmağa başladığım bir sıra hadisələri yaddaşımda bərpa
edirəm. Bu xatirələr artıq
neçə-neçə oçerkə çevrilib,
işıq üzü görüb.
1992-ci
ilin soyuqlu-şaxtalı dekabr
günündə Qubadlı rayonuna gələrkən
ilk təəsüratlarımdan ən
önəmlisi qışın gəlməsinə və
camaatın atəş altında yatıb güllə səsinə
oyandığı rayonda leyləklərin
öz yuvalarını tərk etməməsi
oldu. Axşam-səhər çör-çöpdən
hördükləri çoban
papağına oxşar iri
yuvalarında ailə üzvləri kimi
bir-birilə mehriban davranan,
tez-tez dimdiklərini şaqqıldadan bu quşlar nə qədər
xoş duyğular
oyadırdı! Leyləklər bir-birinə qarşı yetərincə
sədaqətlidirlər və təsadüfi deyil
ki, insanlar evlərə
onların xoşbəxtlik gətirməsinə çox inanırlar. Ağır
çağlarını yaşayan
qubadlı sakinlərini leyləklər sanki
düşmənlə üz-üzə tək qoymaq
istəməmişdilər və bu, yerli insanların müqavimət gücünü, mübarizə əzmini daha da artırırdı.
O quşlar, mənə elə gəlirdi ki, azərbaycanlıların ümid
quşları idilər.
Qarabağ müharibəsində çox hadisələrin şahidi
olduq. Hər yerdə insanlar müxtəlif olduğu
kimi, cəbhədə də fərqli idilər.
İçlərində Vətənin ağır günlərində
ürəklərinin istəyilə cəbhəyə gələnlər
də vardı, küçə və meydanlarda
"oblava" ilə tutularaq
ön xəttə göndərilənlər
də. Döyüşlər zamanı ağciyərlik
göstərənlər də olurdu, ölümün gözünə dik baxanlar da.
Amma, nədənsə, ikincilər insan yaddaşında daha çox qalır. Doğma
Laçın rayonunu qorumaq
üçün gəlib, qanlı
döyüşlərin qızışdığı
Yuxarı Fərəcan kəndinə yollanmış, qorxu hissi bilmədən
düşmənin üstünə atılmış Sahib kimi oğulları necə
unutmaq olar?! Beş
ağır güllə yarası alsa da, idarə etdiyi tankı
düşmənin mühasirəsindən çıxarıb
Qubadlının Yazı düzündəki mövqelərimizə
gətirmiş İlham Məmmədovun qəhrəmanlığı
bugünkü gənclərə ən
yaxşı örnəkdir. 57 yaşında bir
çətən külfəti atıb Ağdam
kəndləri uğrunda döyüşlərə
yollanmış astaralı Müzəffər Əsədovun hərəkəti
də igidlikdir, elə deyilmi?!
Simaları hələ də gözümün
önündən getməmiş neçə-neçə belə
Vətən oğlunun adını çəkmək
olar.
Qarabağ müharibəsindən
danışarkən bir məsələyə
də toxunmamaq, əslində, mümkün deyil. Bəli,
bu müharibədə biz
Şuşanı, Kəlbəcəri, Ağdamı,
Laçını və başqa
rayonları itirdik, Vətənimizin
beşdəbiri düşmənin tapdağı altına düşdü. Konkret insanların
bu uğursuzluqlarda
günahı nə qədərdir? Bəlkə
vaxtında ermənilər kimi
yaxşı təşkilatlana bilsəydik, təşəbbüsü
düşmənə verməsəydik, uğursuzluqlar
bir-birinin ardınca bizi
yaxalamazdı? 1993-cü ilin sonlarında Horadiz qəsəbəsi uğrunda
aparılmış döyüşlər bir
sıra mətləblərə aydınlıq gətirdi.
O vaxt ölkə rəhbərliyinə
qayıtmış Heydər Əliyevin bir
dəvətilə silaha minlərlə oğullar sarıldı. O vaxtadək uğursuzluğa düçar
olsa da, Azərbaycanın
öz oğulları toparlanıb bir gecədə düşməni 40 kilometr arxaya atdı, ona sarsıdıcı zərbələr endirdi. Horadiz əməliyyatı göstərdi ki,
Azərbaycan xalqının döyüşməyi bacaran və Vətən yolunda
hər cür fədakarlığa
hazır olan oğulları var, ancaq ordunun
düşmən qabağında duruş
gətirməsi üçün digər
önəmli şərtlər də gərəkdir...
Cəbhə
gündəliyində öz əksini
tapmış belə nümunələrdən çox
gətirmək olar. İmkan
daxilində meşin üzlü
qalın dəftərlərin saralmış səhifələrində
öz əksini tapmış həmin hadisələr
mütləq işıq üzü
görəcək.
Bir də... Nədənsə, Qarabağ müharibəsindən söz düşəndə yadıma çətin
günlərində Qubadlını tərk etməmiş sədaqətli
leyləklər düşür. Və mənə
elə gəlir ki, onlar
hələ də Qubadlını tərk etməyiblər, bizim yolumuzu gözləyirlər.
Əbülfət
QASIMOV
Azərbaycan.-2011.-23
iyul.-S.5.