Azərbaycan
və Polşa prezidentləri birgə mətbuat konfransı
keçirmişlər
İyulun 25-də Azərbaycan-Polşa sənədlərinin
imzalanması mərasimindən sonra prezidentlər İlham Əliyev
və Bronislav Komorovski birgə mətbuat konfransı
keçirmişlər. Dövlət başçıları əvvəlcə
bəyanatlarla çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə
salamlayıram. Sizin səfəriniz çox böyük əhəmiyyət
daşıyır. Bu gün keçirdiyimiz görüşlərdə
və apardığımız danışıqlarda bir daha əmin
oluruq ki, Polşa-Azərbaycan əlaqələri strateji
xarakter daşıyır və əminəm ki, Sizin səfəriniz
bu əlaqələrin inkişafı üçün yeni
imkanlar açacaqdır.
Bizim əlaqələrimizin çox yaxşı tarixi
var. Biz siyasi sahədə daim uğurlu əməkdaşlıq
aparmışıq və ikitərəfli əlaqələrin
gündəliyinə baxanda görürük ki, bu gündəlik
çox zəngindir. Əminəm ki, siyasi sahədə əməkdaşlığımız
uğurla davam etdiriləcəkdir.
Eyni zamanda, bu gün iqtisadi sahədə əməkdaşlığın
perspektivləri haqqında geniş fikir mübadiləsi
aparılmışdır. Müxtəlif fikirlər var,
müxtəlif ideyalar var, əminəm ki, bu gün
keçiriləcək Polşa-Azərbaycan biznes forumu da bu
istiqamətdə növbəti addımların atılması
üçün əhəmiyyətli olacaqdır.
Biz iqtisadi sahədə qarşılıqlı ticarətin
artırılması və gələcəkdə
qarşılıqlı investisiya layihələrinin icrası
istiqamətində daha da fəal siyasət aparmalıyıq.
İqtisadi əlaqələr, əlbəttə ki,
bütün digər sahələrdə olan əlaqələrə
də güclü təkan verəcəkdir.
Bu gün, eyni zamanda, enerji sahəsində əməkdaşlığın
mövcud vəziyyəti və gələcək perspektivləri
haqqında fikir mübadiləsi aparılmışdır. Bir
müddətdir ki, bu istiqamətdə bizim qurumlarımız
arasında fikir mübadiləsi, danışıqlar
aparılır, Azərbaycan neftini və qazını dünya
və Avropa bazarlarına çıxarmaq üçün yeni
imkanlar araşdırılır. Bu sahədə Polşa-Azərbaycan
əlaqələrinin mühüm yeri var. Əminəm ki,
hazırda Avropa İttifaqının sədri olan Polşa bizim
bütövlükdə Avropa İttifaqı ilə
apardığımız danışıqlarda öz
sözünü deyəcəkdir.
Azərbaycanın çox zəngin neft-qaz
ehtiyatları vardır, çoxşaxəli ixrac infrastrukturu -
nefti və qazı dünya və Avropa bazarlarına
çıxara biləcək 7 kəmər mövcuddur və
bunlar fəaliyyətdədir.
Avropa İttifaqı ilə Azərbaycan
arasındakı əlaqələr sürətlə
inkişaf edir və əminəm ki, Polşa Avropa
İttifaqında sədrliyi dövründə öz tərəfindən
bu əlaqələrin inkişafına dəyərli töhfəsini
verəcəkdir. Bu ilin yanvar ayında Avropa
Komissiyasının sədri cənab Barrozunun Azərbaycana səfəri
zamanı imzalanmış bəyannamə, əminəm ki, gələcək
sahədə əməkdaşlığa çox
güclü təkan verəcəkdir.
Bütövlükdə Avropa İttifaqı - Azərbaycan
əlaqələri bu gün geniş müzakirə edildi və
bu məsələ ilə bağlı heç bir fikir
ayrılığı yoxdur. Biz maraqlıyıq ki, bu əlaqələrə
yeni təkan verilsin. Çünki bu əlaqələrin həm
Avropa üçün, həm də Azərbaycan
üçün çox böyük əhəmiyyəti var
və hazırda formalaşmaqda olan tərəfdaşlıq
strateji xarakter daşıyır. Biz istəyirik ki, Avropa
qurumları ilə tərəfdaşlıq əlaqələrimiz
daha da inkişaf etsin.
Eyni zamanda, bu gün regional məsələlər
haqqında fikir mübadiləsi aparılmışdır.
Polşa öz regionunda, Azərbaycan isə öz regionunda Xəzər
dənizi - Baltik dənizi əməkdaşlığının
inkişafı üçün çox ciddi mövqelərə
malikdir. Hər iki dövlət yerləşdiyi regionda
çox güclü geosiyasi mövqelərə və iqtisadi
potensial baxımından həlledici sözə malikdir. Biz elə
etməliyik ki, Xəzər dənizi-Qara dəniz-Baltik dənizi
ölkələri arasında əməkdaşlıq daha da
intensiv aparılsın və bu sahədə Polşa-Azərbaycan
əlaqələrinin çox mühüm yeri vardır.
Regional əməkdaşlıqla bərabər, biz bu
gün regional təhlükəsizlik məsələlərini
də nəzərdən keçirdik. Xüsusilə mən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli yolları və
danışıqların indiki vəziyyəti haqqında cənab
Prezidentə məlumat verdim. Bir daha demək istəyirəm
ki, bu münaqişə bölgə üçün ən
böyük təhlükədir, ən böyük ədalətsizlikdir.
Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınmış ərazi bütövlüyü uzun illərdir
ki, Ermənistan tərəfindən pozulub,
torpaqlarımızın 20 faizi işğal altındadır.
Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
aparılmışdır və bir milyondan artıq azərbaycanlı
öz doğma torpağından didərgin düşərək
qaçqın-köçkün həyatı yaşayır.
Məsələ ilə bağlı beynəlxalq təşkilatlar
öz mövqelərini bildirmişlər. BMT, Avropa
İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT qətnamələr
və qərarlar qəbul etmişlər. Yəni bu qərar və
qətnamələr məsələnin həlli
üçün hüquqi bazanı yaradır. Əlbəttə,
məsələnin beynəlxalq hüquq normaları əsasında,
ölkələrin ərazi bütövlüyü çərçivəsində
tezliklə həll olunması bölgəyə sülh gətirəcək,
əməkdaşlıq gətirəcək və belə olan
halda, bölgədə bütün proseslər daha da sürətlə
və müsbət istiqamətdə inkişaf edəcəkdir.
Bütövlükdə demək istəyirəm ki, cənab
Prezident Komorovskinin Azərbaycana ilk rəsmi səfəri
çox uğurla keçir. Səfərin çox zəngin
proqramı var. Bu gün və sabah biz görüşləri
davam etdirəcəyik və əminəm ki,
bütövlükdə səfərin gözəl nəticələri
olacaq və bu nəticələr Polşa-Azərbaycan əlaqələrini
yeni müstəviyə çıxaracaqdır.
Sağ olun.
Polşa Prezidenti Bronislav Komorovskinin bəyanatı
- Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Mən ilk növbədə, Azərbaycana
səfər etmək barədə dəvətə görə
öz təşəkkürümü bildirirəm. Eyni zamanda, Polşanın
ünvanına söylədiyiniz xoş sözlərə
görə minnətdaram. Mən xüsusi
vurğulamaq istəyirəm ki, təmaslarımız sürətlə
inkişaf edir. Əslində, bu təmaslar
həm siyasi, həm digər səviyyələrdə baş
verir və hesab edirəm ki, ictimai həyatın bütün
sahələrində inkişaf edəcəkdir. Əminəm ki, Polşa və Azərbaycan öz
regionlarında mühüm, getdikcə əhəmiyyəti
artan rol oynamaqdadır. Bu, o faktla sübut
olunur ki, biz hamımız həm Azərbaycanda, həm də
Polşada sürətli iqtisadi artımın şahidiyik.
Ötən il Azərbaycanın iqtisadi
artımı çox yüksək səviyyədə
olmuşdur. Əslində, bu, Sizin ölkənizə
böyük hörmət qazandırır və biz bundan
çox şadıq. Əminik ki, bu əməkdaşlığın,
bu əlaqələrin təbii xarakteri vardır və biz indi əməkdaşlığımızın
yeni sahələrini araşdırmalıyıq. İqtisadi sahədə Polşa ilə Azərbaycan
arasında əlaqələr inkişaf etməlidir. Hesab edirik ki, bugünkü iqtisadi forum çox
vacibdir. Bu tədbirdə nəinki Polşa
ekspertləri, həm də Polşa nazirliklərinin və
müvafiq qurumların təmsilçiləri iştirak edəcəklər.
Bu gün Azərbaycanın siyasi
elitasının nümayəndələri ilə də
görüşlərimiz baş tutacaqdır.
Bizim münasibətlərimiz iki dövlət
arasında olan münasibətlərdir. Demək olar ki, hər iki
ölkə müstəqilliyini eyni vaxtda əldə
etmişdir və bu, bizə azadlıq gətirdi. Biz müdrik addımlar atdıq ki, müstəqilliyimiz
yaxşı olsun, o cümlədən iqtisadi əməkdaşlığın
yaxşı təməli olsun. Əslində
bu, standart deyil, standartlardan daha yüksək bir əməkdaşlıqdır.
Mən sizin diqqətinizi bir sıra faktlara
yönəltmək istəyirəm, bu faktlar Polşa-Azərbaycan
münasibətlərinə təsir edir. Çünki
həmin faktlar sırf bu münasibətlərin çərçivəsindən
də kənara çıxır. Bu, həmçinin
Azərbaycanın Avropa İttifaqı, Avropa ilə münasibətlərinə
aiddir. Bildiyiniz kimi, hazırda Polşa
Avropa İttifaqında sədrlik edir. Beləliklə,
Polşa Avropa İttifaqının gündəliyini müəyyən
edir və həmçinin bu, Avropa İttifaqına üzv
olmayan dövlətlərlə münasibətlərin istiqamətlərini
müəyyən edir.
Biz bilirik ki, sentyabrda Varşavada
keçiriləcək sammitdə cənab Prezident də
iştirak edəcəkdir. Əslində, bu zirvə
görüşü "Şərq tərəfdaşlığı"
proqramında iştirak edən dövlət
başçılarının toplantısı olacaqdır.
Mən demək istəyirəm ki, Polşa Azərbaycanın
nailiyyətlərində maraqlıdır. Biz
istərdik ki, Azərbaycan ilə Avropa İttifaqı
arasında assosiativ üzvlük Sazişi haqqında
danışıqlar uğurla keçsin. Çünki
bizi eyni prinsiplər, eyni qaydalar bağlamalıdır. Bu, Qərblə Azərbaycan arasında münasibətlərin
gələcək inkişafı üçün xüsusi əhəmiyyət
kəsb edir. Bunun Polşa-Azərbaycan
münasibətləri üçün də çox
böyük əhəmiyyəti vardır.
Biz bir çox məsələləri nəzərdən
keçirdik, müzakirə etdik, regiondakı siyasət, böyük
qonşularımızın regionda gedən proseslərə təsiri
haqqında danışdıq. Həmçinin enerji sahəsində əməkdaşlığa
toxunduq. Polşa bir daha maraqlı
olduğunu bəyan edir ki, enerji resurslarının
çatdırılmasına öz töhfəsini verməyə
hazırdır. Hesab edirəm ki, bu, nəinki
bizim ölkə üçün, bütövlükdə
Avropa İttifaqı üçün vacibdir. Avropa İttifaqı tərəfindən təsdiq
edilmiş bir layihə var. Əslində, bu,
Odessa-Brodı-Plotsk-Qdansk boru kəmərinə aiddir. Bu layihə aktual hesab olunur və demək istəyirəm
ki, bugünkü dünyada əgər əhəmiyyətdən
söhbət gedirsə, bu layihənin biznes baxımından əhəmiyyəti
artır.
Çünki biz hesab edirik ki, burada ən
vacibi nəinki siyasi məsələlərdir, eyni zamanda,
biznes üçün də əsaslandırılmış məsələlər
olmalıdır. Çünki bu kimi məsələlər həmin
layihə üçün çox vacibdir. Ona görə də mən bildirmək istəyirəm
ki, Azərbaycan nefti artıq neftayırma zavodlarına daxil
olur, bunlar Polşa kapitalı əsasında işləyən
zavodlardır. Bir milyon ton Azərbaycan nefti
ilbəil neftayırma zavodlarına daxil olur. Bizim müəssisələrimizə, lakin
Çexiya Respublikasının ərazisində olan
zavodlarımıza daxil olur. Bu, o deməkdir
ki, siz artıq bizim sərhədlərimizə
yaxınsınız. Bu, o deməkdir ki, biz
indi elə bir təsir göstərməliyik ki, öz
regionumuzun enerji məsələlərinin həllinə nail olaq.
Hesab edirik ki, bu, tam əsaslandırılmış
formada olmalıdır.
Çox sağ olun.
* * *
Sonra dövlət başçıları
jurnalistlərin suallarına cavab verdilər.
* * *
- Mənim sualım cənab Prezident Komorovskiyədir. Siz bildirdiniz ki, əməkdaşlığı davam
etdirəcəksiniz, Odessa-Brodı-Qdansk boru kəməri
haqqında danışdınız. Bu barədə
məlumat verə bilərsinizmi?
Bronislav KOMOROVSKİ: Mən xahiş edərdim ki, bu
sualı forumda verəsiniz. Bu gün saat beşdə
keçiriləcək bu forumda diskussiyanı o insanlar
aparacaqlar ki, onlar birbaşa bu istiqamətdə, bu layihə
üzrə işə başlayıblar. Onlar
mənim nümayəndə heyətimin üzvləridir.
Polşanın "Sarmatia" şirkətinin
təmsilçisi də var və əslində, onlar bu layihədə
iştirak edən tərəfdir. Siyasi
baxımdan biz bu layihəyə dəstək veririk. Lakin qərarın qəbul edilməsinə,
infrastrukturun daha da təkmilləşdirilməsinə gəldikdə,
bizim dəqiq biznes planımız olmalıdır. Biz bilməliyik ki, nə qədər, hansı həcmdə
neft həmin sistemə daxil edilə bilər və nə qədər
neft bizim tərəfimizdən qəbul olunacaqdır.
- Mənim sualım cənab Komorovskiyədir. Ermənistan Azərbaycan ərazilərinin 20 faizinə
qədərini indiyədək işğal altında
saxlayır. BMT-nin Ermənistan silahlı qüvvələrinin
bu ərazidən çıxmasını tələb edən
dörd qətnaməsinə, Avropa İttifaqının qətnaməsinə,
Avropa Şurasının qətnaməsinə baxmayaraq, ATƏT-in
və cənab Prezident İlham Əliyevin bayaq
sadaladığı digər sənədlərin dərhal bu tələblərin
yerinə yetirilməsi barədə
çağırışlarına məhəl qoymayan Ermənistanın
Azərbaycan ərazilərini işğal altında
saxlaması təkcə Azərbaycan üçün yox, həm
də region üçün, bütövlükdə Avropa
üçün çox böyük təhlükədir. Cənab
Prezident, Polşa olaraq sizin mövqeyinizi bilirik. Amma
təkliflərinizi eşitmək istərdik. Yaranmış vəziyyətdən Azərbaycan necə
çıxa bilər? Təşəkkür
edirəm.
- İlk növbədə, mən sizin dərdinizə
şərik çıxıram. Çünki burada elə problemlər var
ki, regionun bütöv, funksional olmasına maneçilik
törədir. Bu regionda, dünya xəritəsinin
bu hissəsində Azərbaycan məhz sabitliyə töhfə
verən bir ölkə kimi tanınır, sabitlik amili rolunu
oynayır. Mən cənab Prezidentə dedim ki, hər
hansı bir formul olaydı ki, biz bu çətin sualdan bir
növ kənara çəkilək. Dağlıq
Qarabağ məsələsinə gəldikdə, Ermənistan
və Azərbaycan arasındakı bu münaqişə
sülh yolu ilə həll olunsun. Lakin bizim
özümüzün mürəkkəb təcrübəmiz
var. Biz bilirik ki, ərazi bütövlüyü məsələsi
nə qədər vacibdir. Bu, müqəddəs
məsələdir. Amma eyni zamanda,
xalqların öz müqəddəratının təyin etməsi
hüququ da vacibdir. Harada ki münaqişələr
mövcuddur, bu prinsiplər təsdiq edilmişdir. Ən təhlükəlisi odur ki, kimsə
coğrafiyadan, siyasi şəraitdən asılı olaraq, buna
fərqli mövqelərdən yanaşıbdır.
Bizim Polşada özümüzün
ağrılı təcrübəmiz olubdur. Əslində bizim çox
çətin, mürəkkəb tariximiz, keçmişimiz
olub. Tarixən bizim torpaqlarımız olub
ki, orada etnik və dini azlıqların nümayəndələri
yaşayıblar. Demək istəyirəm
ki, mənim nəslimdən, "Solidarnost" nəslindən
olan insanların ən böyük nailiyyəti ondan ibarətdir
ki, biz nifrətin və dözümsüzlüyün aradan
qaldırılmasına nail olmuşuq. Çox
güclü qonşumuzla münasibətdə Polşanın
çox kəşməkəşli tarixi olubdur. Almaniya,
Rusiya, Ukrayna ilə olan münasibətlərimizə xələl
gətirən proseslər olubdur. Amma biz müvəffəqiyyət
əldə etdik, bu tarixi çətinliklərdən
çıxdıq. İndi isə tamamilə
başqa bir mühitdə, inteqrasiya mühitində addımlar
atırıq. Bu, Avropaya inteqrasiya
mühitidir və tam yeni həyat şəraitidir. Buna görə də biz, təbii ki, onun tərəfdarıyıq
və istərdik ki, bu münaqişə ümumiyyətlə,
aradan qaldırılsın, həll olunsun və bu region
xalqları sakit şəraitdə layiqincə yaşasınlar.
Bu məqsədlə Minsk qrupu yaradılıb,
o, bu məsələ ilə məşğuldur. Lakin mən bildirmək istəyirəm ki, bu
münaqişəyə aidiyyəti olan şəxslər əziyyət
çəkiblər və istərdim ki, məhz həmin şəxslər
özləri desinlər ki, hansı yolla getməliyik. Onlar münaqişənin tənzimlənməsində
fəal şəkildə iştirak etsinlər. Bizim üçün olduqca vacibdir ki, insanların qəlbinə
yol tapaq, bu regionda yaşayan insanların qəlbinə daha
yaxın olaq.
- Cənab Prezident Komorovski burada təhlükəsizlik
məsələsinə toxundu. Norveçdə baş vermiş hadisələrdən
irəli gələrək, Avropa İttifaqı çərçivəsində
təhlükəsizlik məsələlərinə necə
yanaşırsınız? Bir növ daha da
təcridolunma şəraiti yaradılmalıdırmı?
Bu sualım isə cənab Prezident Əliyevədir. Siz Varşavada "Şərq
tərəfdaşlığı" sammitində iştirak
edəcəksiniz. Siz bu sahədə əməkdaşlığı
necə görürsünüz?
Bronislav KOMOROVSKİ: Mən istərdim ki, Azərbaycana səfərimə
aid sualları daha çox verəsiniz. Amma siz
indi mənə elə bir sual ünvanladınız ki, bu,
başqa məsələyə aiddir. Bu, təhlükəsizliyə
və regionumuzdakı demokratiya prinsiplərinə aiddir. Demək istəyirəm ki, Norveçdə baş
verənlər görünməmiş hadisələr xarakteri
daşıyır. Əslində, burada
düşmənçilik səviyyəsi nəinki xalqlar,
etnik azlıqlar arasında, həmçinin müəyyən
qruplar arasında olan mühüm bir amildir və o, aradan
qaldırılmalıdır. Mən
Norveçin Baş nazirinin tutduğu mövqeyə tərəfdaram,
onun dərdinə şərikəm. Belə
bir ağır vəziyyətdə bildirdim ki, biz açıq
demokratiyanın qurulması istiqamətində işləməliyik.
O demokratiyadan söhbət gedir ki, digər xalqların, millətlərin
təmsilçiləri üçün də
açıqlıq şəraiti təmin edilsin. Bizi gələcəyə aparan mövqe budur. Biz bunun həll yolunu öz daxilimizdə
tapmalıyıq. Beləliklə, əgər
biz bu yolla getsək, belə hadisələrin, faciələrin
gələcəkdə də təkrarlanmasından yan
keçə bilərik.
Prezident İlham ƏLİYEV: Bildirmək istəyirəm
ki, Azərbaycan dövləti Norveçdə baş vermiş
dəhşətli terror aktını qətiyyətlə pisləyir.
Terrorizmin bütün formalarını qətiyyətlə
pisləyir. Norveçdə həlak
olanların yaxınlarına, qohumlarına Azərbaycan
dövləti adından bir daha başsağlığı
verirəm, yaralananlara şəfa diləyirəm.
Azərbaycan terrorizmdən əziyyət
çəkmiş ölkə kimi Norveç xalqının
acılarını çox yaxşı dərk edir. Bizə qarşı erməni
terrorist təşkilatları tərəfindən 30-dan
artıq terror aktı törədilmişdir. Bu aktlar nəticəsində 2000-dən artıq dinc
Azərbaycan vətəndaşı həlak olmuşdur və
bizə qarşı terror bu gün də davam edir.
O ki qaldı Avropa İttifaqı-Azərbaycan əlaqələrinə
və xüsusilə "Şərq tərəfdaşlığı"
proqramına, Azərbaycan bu proqrama çox böyük
ümidlərlə qoşulmuşdur. Bu proqrama qədər
yeni qonşuluq proqramı icra edilirdi. Bütövlükdə
Avropa İttifaqı-Azərbaycan əlaqələrinin
artıq böyük tarixi vardır. Bu il
Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana
səfəri, keçən ay mənim Belçikaya səfərim
bu əlaqələri yeni səviyyəyə
çıxarır.
Biz ümid edirik ki, "Şərq tərəfdaşlığı"
proqramı konkret məna daşıyacaqdır. Çünki bu vaxta qədər
kifayət qədər xoş niyyətlər ifadə
olunmuşdur. Müvafiq siyasi bəyanatlar
verilmiş, çərçivələr müəyyən
edilmişdir. Mən hesab edirəm ki, vaxt gəlib
çatıb ki, "Şərq tərəfdaşlığı"
proqramı konkret mahiyyət daşısın. Həm
Avropa, həm də Azərbaycan açıq-aydın görməlidir
ki, bu proqramın faydası nədən ibarət olacaqdır. Avropaya və Azərbaycana, konkret vətəndaşlara
bu proqramın xeyri nədən ibarət olacaqdır.
* * *
Mən hesab edirəm ki, Avropa
İttifaqı-Azərbaycan əlaqələrinin indiki səviyyəsi
bunu deməyə əsas verir. Biz proqramdan konkret nəticələr
gözləyirik ki, Avropa ilə Azərbaycan arasında əlaqələr
daha da güclənsin. Azərbaycan Avropaya daha
da yaxın olsun və Azərbaycan vətəndaşları
öz həyatlarında bu proqramın nəticələrini
görsünlər. Bizim ümidlərimiz
bundan ibarətdir. Eyni zamanda, demək istəyirəm
ki, biz Avropa strukturları ilə əməkdaşlıqda daim
bərabərlik prinsipini gözləmişik. Bir daha demək istəyirəm ki, biz Avropa
İttifaqı ilə bərabər hüquqlu tərəfdaş
kimi öz rolumuzu görürük və hər iki tərəf
maraqlarına cavab verə biləcək töhfələr verə
bilər və verməlidir.
- Mənim sualım Polşa Prezidentinədir. Polşa ilə Azərbaycan arasında
qarşılıqlı sərmayə qoyuluşuna dair konkret
hansı layihələr müzakirə olundu?
Bronislav KOMOROVSKİ: Həmin sərmayə layihələri
haqqında biz forum çərçivəsində
danışacağıq. Demək istəyirəm
ki, bu gün Azərbaycan Polşanın mühüm ticarət
tərəfdaşıdır. Bu, onunla
bağlıdır ki, Polşa Azərbaycanın enerji
resurslarının alıcısıdır. Hesab edirəm ki, artıq vaxt yetişibdir. Bilirik ki, Azərbaycanın maliyyə imkanları, sərmayə
imkanları vardır və hesab edirik ki, Polşada iqtisadi
inkişaf daha da artır və Polşa da xaricdə öz sərmayələrini
yatırmaqdadır və biz artıq yeni səviyyəyə
çıxırıq. Əslində, bu səviyyə
nəticəsində biz müəyyən imkanlar, sərmayələrin
qoyulması imkanlarını əldə edəcəyik. Yəni burada söhbət elə sərmayədən
gedir ki, bu, hər hansı bir konkret çərçivəyə
deyil, yeni sahələrə aid olacaqdır. Hesab edirəm, çox güman ki, emal sənayesinə,
kənd təsərrüfatı məhsulları sahəsinə
böyük sərmayələr qoyula bilər. Ətraf mühitin qorunması sahəsində
işbirliyi qura bilərik. Polşada bu sahədə
təcrübə mövcuddur. Əfsuslar
olsun ki, əvvəlki illərdə ekologiyaya böyük ziyan
dəymişdir. Amma bu gün biz fərəh
hissi ilə demək istəyirik ki, Polşa bu sahədə
Avropa meyarlarını həyata keçirir. Polşada çox gözəl təbiət var və
bu təbiət bizim böyük sərvətimizdir. Baxmayaraq ki, bu sahədəki əməkdaşlıqda
hələ ki, böyük nailiyyətlər, nəticələr
yoxdur.
Bir sıra digər sahələr də
var. Amma nümayəndə heyətində işgüzar dairələrin
təmsilçiləri vardır və onlar
danışıqlar apardıqdan sonra, zənnimcə, müəyyən
addımlar atılacaq ki, sərmayələr qoyulsun. Burada bir sıra şəxslər
iştirak edə bilər. Polşa bu sahədə
işbirliyinin qurulmasında maraqlıdır. Polşa bu sahədə artıq işləyir.
Həmçinin digər sahələrdə, sənayenin
başqa sahələrində də Azərbaycan ilə əməkdaşlıq
edə bilərik. Hesab edirik, biz nəinki
artıq gördüyümüz işi dəyərləndirməliyik,
eyni zamanda, mövcud qarşılıqlı sərmayə
imkanlarını araşdırmalıyıq ki, biznes sahəsində
bu işə birgə baxaq.
AzərTAc
Azərbaycan.- 2011.- 26 iyul.- S. 2-3.