Polşa Prezidenti Azərbaycan xalçaları ilə tanış olmuşdur

 

Azərbaycanda rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 25-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehirli ilmələr" qalereyasında olmuşdur.

Qonağa məlumat verildi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, onların bütün Şərqdə məşhur olduğunu bildirmişlər. Azərbaycan xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı "Azərilmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülmüşdür. Müəssisədə iplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.

Bildirilmişdir ki, bölgələrdə də emalatxanaları olan müəssisənin məqsədi Azərbaycan xalça sənətinin ənənələrini inkişaf etdirməkdir. Hazırda "Azərilmə"də çalışan işçilərin arasında rəssamlar, sənətşünaslar, xalçaçılar, boyaqçılar və digər mütəxəssislər vardır. "Azərilmə" Avropanın Biznes Assambleyasının "United Europe" və "XXI əsrin liderləri" beynəlxalq imic proqramının "Avropa keyfiyyəti" nüfuzlu mükafatına layiq görülmüşdür.

Bronislav Komorovski müxtəlif xalça nümunələrindən ibarət sərgiyə də baxdı. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir.

Azərbaycan xalçaları ali qonaqda böyük maraq doğurmuşdur.

 

* * *

 

İyulun 25-də Bakı Biznes Mərkəzində Azərbaycan-Polşa biznes forumu keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Bronislav Komorovski biznes forumda çıxış etdilər.

Forumdan sonra prezidentlər Dənizkənarı milli parkda gəzintiyə çıxdılar. Dövlət başçıları burada Polşadan gələn bir qrup tələbə ilə görüşdülər. Bildirildi ki, Gənclər və İdman Nazirliyinin Azərbaycanın xaricdəki səfirlikləri ilə birgə keçirdiyi "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda esse-yazı müsabiqəsində Polşa da daxil olmaqla 9 ölkədən tələbələr iştirak etmişlər.

Tələbələr prezidentlər İlham Əliyev və Bronislav Komorovski ilə xatirə şəkli çəkdirdilər.

İyulun 25-də Polşa Prezidenti Heydər Əliyev Fondu ilə tanış olmuşdur.

Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Polşa Prezidenti Bronislav Komorovskinin şərəfinə rəsmi ziyafət verilmişdir.

Dövlət başçıları ziyafətdə nitq söylədilər.

(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 26 iyul.- S. 3.