Elmdə islahatlar yeni dövrün tələblərinə uyğunlaşdırılır

 

1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini yenidən bərpa etdi. Bu elə bir dövr idi ki, həm respublika daxilində, həm də qlobal geosiyasi kontekstdə cərəyan edən proseslər ölkənin varlığı üçün real təhlükəyə çevrilmişdi. Bütün sahələrdə böhran vəziyyəti hökm sürürdü. Bununla da ölkə çətin və ciddi sınaqlarla üz-üzə dayanmışdı. Ziyalılar, xüsusilə yaradıcı ziyalılar arasında mənəvi və ideoloji axtarışlar intensiv bir hal almışdı. Azərbaycanın ictimai, siyasi, dini, iqtisadi tarixinə yenidən baxmaq, müxtəlif konsepsiya və baxışlar irəli sürmək təşəbbüsləri duyulurdu. Lakin hər bir cəmiyyətdə olduğu kimi, bizdə də mənəvi axtarışlar milli taleyə və tərəqqiyə yol göstərməkdən çox insanların tarixi dəyişikliklərə hazırlığı xarakteri daşıyırdı.

1993-cü ilin ortalarında Azərbaycandakı böhranın səbəblərindən biri cəmiyyətdəki mənəvi və ideoloji pərakəndəlik idi. Bir sıra siyasət adamları yanlış olaraq güman edirdilər ki, tarixi hadisələri, xalqın taleyini qərar və qətnamələrlə dəyişmək mümkündür. Bu, təbii ki, yanlış bir təsəvvür idi. Çünki mücərrəd ideologiyalar millətin mənəvi birliyini pozur, onun taleyini, istiqamətlərini həyatda deyil, müəyyən nəzəriyyələrdə, subyektiv tendensiyalarda axtarırdı. O zaman keçmiş SSRİ-nin süqutunu müşayiət edən və müxtəlif yerlərdə alovlanan regional münaqişələr ümumdünya səviyyəli bir təhlükədən xəbər verirdi. Sovetləri dağıdan dünya qloballaşma prosesləri, hətta bir sıra yerlərdə vaxtı keçmiş ideologiyaların dirçəldilməsi ilə müşayiət olunur və siyasi meydana çıxması ilə nəticələnirdi. Həyat göstərirdi ki, dünyadakı nizamın yenidən qurulması, qlobalizmin dərinləşməsi prosesləri Azərbaycanın mənəvi həyatında da pərakəndəlik yaratmışdı: milli şüur praktiki olaraq parçalanmış vəziyyətdə idi. Vətəndaş müharibəsi, qardaş qanı axıdılması real tarixi fakt idi.

Həmin dövrdə Azərbaycan elmi də sanki sınağa çəkilirdi. Ölkədə başlanan nizamsız siyasi proseslər, həmçinin elmin problemlərinə dövlət səviyyəsində laqeydlik və biganəlik bu sahənin gözdən düşməsinə səbəb olmuşdu. Belə neqativ hallar xalqın əsas sərvəti olan kadr potensialına da mənfi təsir göstərirdi. SSRİ-ni bürüyən iqtisadi böhran, rublun qiymətdən düşməsi alimlərin maddi vəziyyətinin aşağı olmasına, onların real gəlirlərinin azalmasına gətirib çıxarmışdı. İnflyasiya dərinləşdikcə vəziyyət daha da pisləşir, əməkhaqqının indeksasiyası həyata keçirilmədiyindən ziyalılar real tənəzzülə uğrayırdılar. O dövrdə yazıçıların, şairlərin, sənət adamlarının əksəriyyəti acınacaqlı vəziyyətdə idi. Yaranan durumun təbii nəticəsi isə elmi kadrların, yüksək ixtisaslı və xalqın sabahına ən gərəkli adamların ölkədən xaricə iş dalınca axınına səbəb olurdu. Təkcə 1988-ci ildə 14 minə yaxın beyin axını Azərbaycandan digər ölkələrə üz tutmuşdu. 1990-1993-cü illər ərəfəsində isə bu rəqəm 16 minə yaxın olmuşdur. Ölkədəki qeyri-sabitlik, həqiqi elmin arxa plana keçməsi prosesi daha da gücləndirirdi. Vaxtilə SSRİ-nin müxtəlif şəhərlərində təhsil almış alimlərin bir hissəsi Türkiyəyə, İrana, ərəb ölkələrinə, Avropaya, Kanadaya üz tutmağa başlamışdılar. Onların hamısı öz sahələrinin qabaqcıl mütəxəssisləri, geniş dünyagörüşünə malik insanlar idilər. Təbii ki, onlar üçün xaricdə bünövrə salıb qalmaq problem deyildi. Digər tərəfdən, həmin adamların çoxu təbiyyat və texniki, dəqiq elmlər sahəsində qabaqcıl elmi məktəblərin nümayəndələri idilər. Dünya ölkələrində isə keçmiş SSRİ-nin fundamental elmlər sahəsində yaratdığı məktəblərin səviyyəsi hamıya yaxşı məlumdur. Bu kadrları xarici ölkələrin elmi laboratoriyalarına böyük məmnuniyyətlə cəlb edirdilər. Nüvə fizikası, riyaziyyat, neft geologiyası, dəqiq cihazların layihəsi və yaradılması üzrə mühəndis və alimlər yüksək səviyyədə işlə təmin olunurdular.

Digər səbəb isə bizim bəzi elmi işçilərin SSRİ-nin vahid elmi məkanından ayrı düşdüklərinə görə öz əvvəlki fəaliyyətlərini davam etdirə bilməmələri ilə bağlı idi. Bir çoxları ixtisaslarını dəyişərək çıxış yolunu tətbiqi sahələrə keçməkdə görürdülər. Bununla da dünya elmi üçün əslində çox böyük nüfuz sahibi olan nadir mütəxəssislər orta elmi personalın yerini tutmuş olur, bəzi alimlər isə ümumiyyətlə elmi fəaliyyətdən uzaqlaşırdılar. Gedən alimlərin çoxu isə cavan kadrlar idi. Onların itirilməsi ilə ölkə bütün sənaye potensialını da itirə bilərdi. Çünki müasir sənaye hazırlıqlı elmi, mühəndis-texniki mütəxəssislər olmadan fəaliyyət göstərə bilmir, fəaliyyət göstərəndə isə belə sənaye müəssisələri ziyanla işləyir, iqtisadi səmərəlilikdən uzaq olurdu. Bu itkiləri hesablasaq, Azərbaycanın nə qədər qiymətli milli sərvətdən məhrum olduğunu aydın görərik. Çünki yüksək təfəkkürə və elmə malik olan bu cür alimlərin yenidən hazırlanması həddindən artıq böyük vəsait tələb edirdi.

Bir sözlə, 1990-1993-cü illər dövrü respublikanın elmi mühitinin ən çətin illəri idi. Belə bir vəziyyətdə elmi ictimaiyyəti tarixi bir qismət, əlamətdar bir hadisə xilas etdi. Böyük siyasi xadim, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bir çox tərəddüdlərə və narahatlıqlara son qoydu. Həmin dövrdə ümummilli lider bütün regionlardan olan sağlam təfəkkürlü insanları öz ətrafına topladı. Bir çox sahələr kimi Azərbaycanın elmi potensialının dağılmasının qarşısı alındı. Elmlər Akademiyasının nüfuzunun bərpası üçün konkret tədbirlər həyata keçirildi. Bu qayıdış Azərbaycanın sovetlərdən qalmış iqtisadi və mədəni-mənəvi sərvətlərinin dağıdılması proseslərini dayandırdı və yeni quruculuq işləri varislik prinsipi əsasında əvvəlki mərhələlərdə xalqımızın əldə etdiyi nailiyyətlərin davamı kimi həyata keçirilməyə başlandı.

1993-cü ildə ulu öndər ilk növbədə ölkənin intellektual elitası ilə görüşdü. Bu görüş respublikadakı siyasi böhranın mütləq həll ediləcəyi inamı ilə yanaşı, alimlərin, yaradıcı ziyalıların, xüsusilə elm məbədi olan Elmlər Akademiyasının ümummilli nüfuzunun qaytarılması üçün də bəzi dairələrə ciddi siqnal oldu. Tezliklə akademiyanın statusu və taleyi ilə bağlı açıq və pərdəarxası diskussiyalar birmənalı şəkildə həll edildi. Bütün sahələrdə elmi tədqiqat işləri aparılmağa başlandı. Fundamental tədqiqatların əhəmiyyəti və onların inkişafının təminatı sahəsində bir çox əməli işlər görüldü.

Ulu öndərin 1997-ci il yanvarın 31-də AMEA-da alimlərlə görüşü xüsusilə unudulmaz hadisəyə çevrildi. Həmin görüşdə Heydər Əliyev Azərbaycan elminin inkişaf strategiyası ilə bağlı prioritet vəzifələrin nədən ibarət olduğunu böyük müdrikliklə açıqladı. Ümummilli lider ictimai və humanitar elm sahələrində yeni dövrün tələblərinə uyğun yeniləşmənin, eləcə də sovetlər birliyi dövründən qalmış, köhnəlmiş stereotiplərdən, səmərəsiz tədqiqat metodlarından uzaqlaşmağın vacibliyini xüsusi diqqətə çəkdi. Əsasən də tarixçiləri Azərbaycanın keçmişi ilə bağlı həqiqətləri daha obyektiv araşdırmağa, dövlətçilik maraqları baxımından bu sahəyə xüsusi həssaslıqla yanaşmağa çağırdı: "İndi mən elmin inkişafı üçün strategiya haqqında ümumi fikirlərimi deyirəm, amma konkret olaraq bu məsələlərlə siz özünüz məşğul olmalısınız. Ancaq bir məsələ barəsində mən konkret təkliflərimi vermək istəyirəm. Bu da Azərbaycanın tarixi ilə bağlıdır. Məlumdur ki, geniş kütlə, xalq, millət üçün ən çox təsirlisi humanitar elmlərdir və xüsusən millətin, xalqın tarixi, ya ümumiyyətlə tarix onun ədəbiyyatının, mədəniyyətinin tarixidir. Bu, indi bizim üçün xüsusilə lazımdır. Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər lazımdır. O cümlədən, mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır".

Ulu öndər Heydər Əliyev bu fikirdə idi ki, Azərbaycanın humanitar-ictimai və fundamental elm sahələri sürətlə yeniləşərək yeni dövrün reallıqlarına cavab verməli, dövlətçiliklə bağlı praktiki məqsədlərin gerçəkləşməsində, milli maraq və mənafelərin, milli ideologiyanın möhkəmlənməsində, ümumən cəmiyyətin proqressiv dəyərlər əsasında inkişafında lokomotivə çevrilməlidir. Ulu öndər bu islahatların həyata keçirilməsində AMEA-nın vəzifələrini düzgün müəyyənləşdirərək, onun maddi-texniki bazasının, strukturunun təkmilləşdirilməsinə xidmət edən bir sıra mühüm sərəncamlar imzaladı.

2001-ci ilin mayında ümummilli lider Heydər Əliyevin fərmanı ilə Elmlər Akademiyasının dövlət statusu möhkəmləndirildi. Bununla da MEA-nın fundemental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu, nüfuzu və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğu bir daha təsdiqləndi. 2001-ci ilin iyun ayında MEA-nın həqiqi və müxbir üzvlərinin seçkiləri keçirildi. Akademiyanın tərkibində gənc və istedadlı alimlərin sayı artdı. 2002-ci il avqustun 7-də ölkə rəhbəri "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin təsis edilməsi haqqında" böyük əhəmiyyət kəsb edən yeni bir sərəncam imzaladı. Elm tariximizdə misilsiz dəyərə malik olan bu sənəd qədim və əzəli diyarımız olan Naxçıvanın Azərbaycanın zəngin elmi mərkəzlərindən birinə çevrilməsinə real imkanlar açdı.

Ümummilli lider Azərbaycanın milli-mənəvi dəyərlərinə, maddi mədəniyyət abidələrinə xalqın, millətin varlığının təcəssümü kimi həmişə böyük diqqət və qayğı göstərirdi. Milli Elmlər Akademiyasının həyatında baş vermiş əlamətdar hadisələrdən biri də 2002-ci ilin oktyabrın 24-də ulu öndərin böyük Azərbaycan dramaturqu Hüseyn Cavidin ev muzeyinin açılışında iştirak etməsi və həmin gün Əlyazmalar İnstitutuna Azərbaycan şifahi və yazılı ədəbiyyatının şah əsəri olan "Kitabi-Dədə Qorqud"un ən qədim əlyazması olan Drezden əlyazmasının nəfis şəkildə hazırlanmış nüsxəsini (faksimilesini) hədiyyə kimi şəxsən təqdim etməsi olmuşdu. Ulu öndərin bu maddi və mənəvi dəstəyini alimlərimiz elmə dövlət qayğısının yeni nümunəsi kimi qəbul etmişdilər.

Elmi-intellektual potensialın gücləndirilməsi sahəsindəki bu siyasəti ötən 8 ildə inamla davam etdirən dövlət başçısı İlham Əliyev bununla bağlı ardıcıl islahatlar həyata keçirir. "İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq" - deyən cənab İlham Əliyev neftdən əldən olunan gəlirlərin insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Elmdə islahatlar prosesinin son illərdə daha geniş vüsət alması isə ölkənin iqtisadi sahədə ciddi uğurlara imza atması ilə şərtlənir. Büdcə gəlirlərinin artımı ölkə rəhbərliyinə bu sahənin inkişaf strategiyasını dəqiq müəyyənləşdirməyə, mövcud problemlərin həlli istiqamətində qətiyyətli addımlar atmağa imkan verir. Məsələn, elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə əgər 16,6 milyon manat təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 71,7 milyon manata, 2009-cu ildə isə 105,8 milyon manata yüksəlmişdir. Ümumilikdə, 2009-cu ildə elmə ayrılmış vəsaitlərin həcmi 2008-ci illə müqayisədə 34,1 milyon manat və ya 47,6 faiz çox olmuşdur. 2010-cu ilin dövlət büdcəsindən elm xərclərinə 98,2 milyon manat ayrılmışdır və bu da dövlət büdcəsi xərclərinin 0,9 faizini təşkil edir. Bu ilin elm xərclərində elmin maliyyələşməsinin yeni mexanizminin tətbiqi ilə əlaqədar elmi-tədqiqat layihələrinin Elmin İnkişafına Yardım Fondu vasitəsilə həyata keçirilməsi üçün əlavə 7 milyon manat vəsait ayrılmışdır. Beləliklə, 2011-ci ilin dövlət büdcəsi layihəsində elmə 108,6 milyon manat vəsait nəzərdə tutulub. Bu isə ötən cari büdcə ilindəkindən 5,6 faiz çoxdur.

Şübhəsiz, hər hansı islahatı uğurla həyata keçirmək, səmərəli nəticələr əldə etmək üçün ilk növbədə onun qanunverici bazasını formalaşdırmaq lazımdır. Bu baxımdan Prezident İlham Əliyevin son illərdə imzaladığı "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında", "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Elmin İnkişafına Yardım Fondunun yaradılması haqqında" və digər sərəncamlar elm sahəsində yeni dövrün tələbi ilə səsləşən islahatların aparılmasını təmin edib.

Məlumdur ki, cəmiyyət inkişaf etdikcə, elmin qarşısındakı prioritet vəzifələr də dəyişir. Yeni dövrün gerçəklikləri elmi tədqiqatların bütövlükdə iqtisadi-siyasi, mədəni-humanitar həyatla əlaqələndirilməsini zəruri edir. Eyni zamanda elmi tədqiqatların bütövlüklə insan amilinin rifah və tərəqqisinə xidmət etməsi qloballaşma əsrinin qaçılmaz reallığıdır. Elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin səmərəliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf modelləri ilə bağlı sanballı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi, ali təhsilin müasirləşdirilməsi, dünya elminə çevik inteqrasiyanın təmin edilməsi alimlərimizi daim düşündürən məsələlərdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərində Azərbaycan elminin mövcud durumuna münasibət bildirilir, elmi inkişafın aktual problemlərinə toxunulur, onlara açıq, obyektiv və cəsarətli yanaşma özünü göstərir. Filosof əsərdə xüsusən də ictimai və humanitar elm sahələrində mövcud vəziyyəti dərindən təhlil edərək yazır: "İctimai elmlər cəmiyyətdə baş verən proseslərin və dövlət-vətəndaş münasibətlərinin əlaqələndirilməsini təmin etməlidir. O, elmimizi obyektiv istiqamətlərə yönəltməklə millətin düşünən beyninə, insanlarımızın ictimai əxlaqının yüksəldilməsinə, bütünlükdə inkişafın aparıcı amilinə çevrilməlidir. Bu vəzifələrin öhdəsindən gəlmək üçün ictimai elmlər sahəsində yeni ideyalar irəli sürməyə qadir şəxslərə, kreativ düşüncəli insanlara ehtiyac vardır. Qlobal elm məkanına uğurlu inteqrasiya üçün alimlərimiz ölkədə elmin nüfuzunu və əhəmiyyətini yüksəldə bilərlər".

Əsərdə daha çox ictimai və humanitar elmlərin mövcud durumu ilə bağlı ziyalı və vətəndaş narahatlığının ifadə edilməsi təsadüfi deyil. Sosial-iqtisadi inkişafın hazırkı mərhələsində insanların maddi imkanlarının yüksəlməsi bəzən ifrat maddiləşməyə, praqmatizmə, hətta bazar "əxlaqı"nın, biznes maraqlarının insani münasibətlərə sirayət etməsinə gətirib çıxarır. Bu baxımdan cəmiyyətdə mənəvi ab-havanı saflaşdırmaq, normal ritmi, harmoniyanı qorumaq üçün humanitar və ictimai elmlərin fəallığı son dərəcə zəruridir.

Problemi aktuallaşdıran həm də odur ki, qarşısıalınmaz qloballaşma prosesləri tarixən özünəməxsusluğunu qoruyub saxlamağa müvəffəq olmuş hər bir xalqı yad təsirlərə məruz qoyur. Milli ideal və dəyərlər maddiləşmiş sosial münasibətlər fonunda müəyyən aşınmaya məruz qalır. Belə bir şəraitdə xalqın mənəviyyatının, mədəniyyətinin, adət-ənənələrinin qorunması vacibliyi elm xadimlərinin, ziyalıların, ümumən cəmiyyətin intellektual təbəqəsinin qarşısında yeni vəzifələr aşkarlayır. Müstəqil dövlətin dilinin, tarixinin, mədəniyyətinin, habelə xalqımızın əsrlərlə formalaşmış milli-mənəvi dəyərlər sisteminin elmi-konseptual əsasda tədqiqi və ümumiləşdirilməsi milli ideologiyanın əsas tələbləri sırasında mühüm yer tutur. Bu reallıqdan çıxış edən akademik Ramiz Mehdiyev bu günlərdə dərc olunan "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində yazır: "Milli ideyanın mahiyyətinin məğzi nədən ibarətdir? Qeyd etmək lazımdır ki, milli ideya əvvəlcə milli şüurun oyanması, müstəqillik uğrunda mübarizə ilə şərtlənən əqli nəticə, ictimai ideya kimi yaranır. Dövlətçilik yaranıb təkamül etdikcə, ölkənin sosial-iqtisadi mövqeyi möhkəmləndikcə, mədəniyyət inkişaf etdikcə milli ideya tədricən milli maraqlarla, dövlətin beynəlxalq birlikdə rolunun elmi dərki ilə qovuşur. Bu şəraitdə milli ideya elmi cəhətdən əsaslandırılır və müvafiq ideologiyanın formalaşması üçün zəmin kimi çıxış edir".

Milli ideologiyası olmayan hansısa xalqın uğurlu gələcəyindən, dünya arenasında layiqli yer tutmasından, bir sözlə, mütərəqqi inkişafından söhbət gedə bilməz. Milli ideologiya hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət-ənənə və inanclar sisteminin məcmusu kimi özünü göstərir. Lakin bu gün qloballaşan dünyanın qaçılmaz reallıqları fonunda mənəvi dəyərlərin fövqünə qalxan ifrat maddiləşmiş münasibətlər xalqları kor-koranə ideologiyasız cəmiyyətə sürükləyir. Qloballaşan dünyanın yeni nizamı həqiqi mahiyyətindən çox-çox uzaqlaşmış "qərbləşmə", "avropalaşma" kimi kosmopolit dəyərləri məcburən hansısa millətlərə tətbiq etməyə çalışır. Azərbaycan xalqının bu qaçılmaz prosesə tarixən formalaşmış mənəvi-əxlaqi dəyərlər sistemi və ideologiyası ilə layiqli müqavimət potensialının gücləndirilməsi vacibdir. Bu sahədə əsas iş yenə də ictimai və humanitar sahədə çalışan alimlərin, elm xadimlərinin üzərinə düşür.

Bu gün Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdən biri də milli ideya, milli ideologiya, düşüncə sistemi, azərbaycançılıq məfkurəsi və digər bu kimi fəlsəfi-siyasi mövzularda sanballı araşdırmalar aparmaq, milli özünüdərkin güclənməsinə yardımçı olmaqdır. Doğrudur, bu istiqamətlərdə müəyyən araşdırmalar aparılıb, lakin onların sayının azlığı da açıq etiraf olunmalıdır. Həmin qəbildən olan araşdırmalar ilk növbədə gənc nəslin azərbaycançılıq məfkurəsini dərindən dərk edərək milli ruhda yetişməsi baxımından aktuallıq kəsb edir. Milli ruhlu, kreativ düşüncəli gəncliyin yetişməsi isə qloballaşmanın sərhəd tanımadığı, yabançı mədəniyyətlərin milli-mənəvi dəyərlər sisteminə təhdid kimi çıxış etdiyi bir zamanda ümumi müqavimətin təşkili baxımından vacibdir. Xüsusən də ictimai və humanitar elm sahələrində tədqiqatlar aparan alimlərin üzərinə ciddi vəzifələr düşür. Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın bu il aprel ayında keçirilmiş illik ümumi yığıncağında bəyan etdiyi kimi, "Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub. Ona görə bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir. Hesab edirəm ki, Elmlər Akademiyası bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir. Sadəcə olaraq, qeyd etməliyəm ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır".

Azərbaycanın innovasiyalı inkişafa keçidinin zəruriliyi insan kapitalının gerçəkləşdirilməsinə, insanların potensial imkanlarının səmərəli realizəsinə əsaslanan elmi strategiyanın tətbiqini şərtləndirir. Qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafının təmini baxımından son dərəcə zəruridir. Sevindirici haldır ki, respublikamız son illərdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində uğurlu nəticələr əldə edir. 2010-cu ildə Azərbaycanda İKT üzrə 32,1 faiz artımın olması da bu sahənin uğurlu inkişaf perspektivlərindən xəbər verir. Fəqət, respublikamız əldə olunan nəticələrlə kifayətlənmir, nanotexnologiyaların, kosmik sənayenin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirir. Şübhəsiz, nisbətən yeni olan bu sahələrin inkişaf istiqamətlərinin düzgün müəyyənləşdirilməsi fundamental və tətbiqi elmlərin qarşısında mühüm vəzifələr kimi dayanır.

Gənclərin intellektual yüksəlişinə sərmayə qoyulması, onların fərdi keyfiyyət və qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi də hazırda milli elm qarşısında dayanan əsas vəzifələrdən biridir. Cənab İlham Əliyev də çıxışlarında daim vurğulayır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcəkdir. Məhz bu hədəfin reallaşdırılması məqsədilə son illərdə gənclərin xarici ölkələrdə ali təhsil almasına imkan yaradan mühüm dövlət proqramları, sərəncamlar imzalanıb.

İxtisaslı kadrların hazırlanmasına yönəldilən investisiyalar müasir dövrdə insanın formalaşmasına qoyulan investisiya sayılır. Başqa formada bu insana kapital qoyuluşu da adlandırılır və belə investisiyalar insan kapitalı yaradır. Müasir dövrdə bu növ investisiyalar rəqabətdə üstün olmağın həlledici amili hesab edilir. Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" sərəncamı bu sahədə həyata keçirilən dövlət siyasətində ardıcıllığın və sistemliliyin təmin olunması baxımından təqdirəlayiqdir. Dövlət Proqramı məhz azərbaycanlı gənclərin müəyyən elmi istiqamətlər üzrə dövlət hesabına xaricdə təhsil almalarını nəzərdə tutur.

2010-cu il 9 fevral tarixli Azərbaycan Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" sərəncam da məhz bu məqsədə xidmət edir. Sərəncam respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını, Azərbaycan elminin inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi daşıyır.

Qərbin bir sıra inkişaf etmiş ölkələrində elm bütün sahələr üzrə proqnozlar verir, səmərəli istehsal üsul və vasitələrini müəyyənləşdirir, mühüm siyasi qərarların qəbulu prosesinə təsir göstərir. Yəni elmi tədqiqatlar futuroloji - gələcək barədə real proqnozlar vermək funksiyası ilə də mühüm əhəmiyyətə malikdir. Bu mənada Azərbaycanda da müxtəlif elm sahələrinin qarşısında duran əsas vəzifələrdən biri elmlə idarəçiliyin əlaqələndirilməsidir. Dövlət başçısı İlham Əliyev beynəlxalq təcrübəni və ilk növbədə respublikamızın hazırkı sosial-iqtisadi inkişaf tempini nəzərə alaraq 2007-ci il 12 noyabr tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasına qərar verib.

Mühüm siyasi qərarların qəbulu mərhələsində elmi postulatlara, proqnozlara, təhlillərə istinad olunması son dərəcə vacib məsələ kimi qarşıda durur. AMEA-nın illik ümumi toplantısında dövlət başçısı İlham Əliyev bu zərurəti önə çəkərək demişdir: "Biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı olsun".

Müstəqillik illərində Azərbaycanın xüsusən humanitar elm sahələrinin qarşısında duran mühüm vəzifələrdən biri də müəyyən siyasi reallıqların nəzərə alınması ilə bağlı olub. Söhbət xalqımızın ümummilli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tarixi həqiqətlərin araşdırılması və bütün dünyaya çatdırılması, bədnam erməni lobbisinin apardığı məkrli təbliğat kampaniyasına qarşı effektiv əks-hücumun təşkili vacibliyindən gedir. Bu məsələ daim ölkə Prezidentinin diqqət mərkəzindədir - cənab İlham Əliyev hələ 2005-ci ildə AMEA-nın 60 illik yubileyində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı dəyərli tövsiyələrini vermişdi. Dövlət başçısı AMEA-nın aprel ayında keçirilmiş illik ümumi yığıncağında bu məsələyə bir daha toxunub, akademiyanın apardığı işi müsbət dəyərləndirib, eyni zamanda əldə olunan uğurlarla kifayətlənməməyi tövsiyə edib.

Müstəqilliyinin 20 illiyini qeyd edən Azərbaycan inkişaf yolunu müəyyənləşdirərkən məhz elmi-intellektual potensiala söykənir. Milli inkişaf strategiyasını düzgün müəyyənləşdirən Prezident İlham Əliyev ölkənin gələcək tərəqqisi prosesində elmin rolunu yüksək dəyərləndirdiyi üçün bu sahəyə davamlı diqqət və qayğı göstərir. Son aylarda AMEA-nın elmi-tədqiqat institutlarında çalışan işçilərin məvaciblərinin artırılmasını, akademiyanın ayrı-ayrı elmi-tədqiqat institutlarının maddi-texniki təminatının gücləndirilməsini, qeyri-akademik qurumların "Akademiya şəhərciyi"ndən çıxarılmasını nəzərdə tutan bir sıra mühüm sərəncamlar imzalanması buna əyani sübutdur. Azərbaycanın gələcəyini təbii resurslara bağlamayan ölkə rəhbərliyi neft-qaz gəlirlərinin insan kapitalına çevrilməsi yönümündə məqsədyönlü və ardıcıl siyasət yürüdür. İnnovativ yeniliklərin idarəçilikdə tətbiqi, informasiya texnologiyalarının inkişaf etdirilməsi, elektron hökumətin formalaşdırılması bu siyasətin əsas mahiyyətini təşkil edir. Bir sözlə, ölkəmizin getdikcə artan iqtisadi imkanları respublikanın bu sahədə daha böyük uğurlara imza atacağına əminlik yaradır.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2011.- 26 iyul.- S. 5.