Azərbaycan qlobal iqtisadi layihələri
daxili imkanları hesabına gerçəkləşdirir
Azərbaycanın
son illərdə dinamik inkişafını təmin edən
başlıca amillərdən biri məhz milli iqtisadiyyatın
şaxələndirilməsi siyasətinin uğurla həyata
keçirilməsi, habelə prioritet istehsal sahələrinin
uzlaşdırılması, inkişaf potensialının
qarşılıqlı kömək mexanizmi əsasında
realizə edilməsidir. Bir sıra dövlətlərin
təcrübəsində uğurla sınaqdan
çıxmış, özünü doğrultmuş bu
iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft
sektoruna, istehsal sahibkarlığının inkişafına
yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda
xüsusi çəkisinin artırılmasını nəzərdə
tutur. İqtisadiyyatın bütün sahələrinin
inkişafı həm də makroiqtisadi sabitliyin qorunub
saxlanılması və maliyyə təhlükəsizliyinin təmini
baxımından vacib əhəmiyyət kəsb edir.
Konkret zaman
intervalında qarşıda duran hədəflərin
düzgün müəyyənləşdirilərək
dövrün gerçəkliklərinə cavab verən
çevik iqtisadi siyasətin həyata keçirilməsi,
mütərəqqi yeniliklərin tətbiqi yolu ilə
çoxvektorlu inkişaf strategiyasının
reallaşdırılması, infrastrukturun bütün
sahələrdə müasirləşdirilməsi, vətəndaşların
sosial rifah halının yüksəldilməsi Azərbaycan
hökumətinin qarşıya qoyduğu məqsədlər
sırasında mühüm yer tutur. Modernləşməyə
əsaslanan bu strategiya respublikanın perspektiv inkişaf
modelinin əsasını təşkil edən başlıca
amilə çevrilmiş, iqtisadi, siyasi və hüquqi
islahatların paralelliyi prinsipinin gözlənilməsi səmərəli
nəticələrə yol açmışdır.
Uğurla
gerçəkləşdirilən yeni neft strategiyasının
2003-cü ildən başlayaraq daha yüksək nəticələrə
yol açması, respublikamızın regionda analoqu olmayan
inkişaf mərhələsinə qədəm qoyması -
ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin
ildən-ilə əhəmiyyətli dərəcədə
çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə
imkan yaratmışdır. Belə mərhələdə
mövcud uğurların qorunub saxlanılması
üçün idarəçilikdə yüksək səmərəliliyin,
məqsədyönlülüyün və çevikliyin təmin
edilməsi, strateji əhəmiyyətli sahələrin
inkişafında tarazlığın saxlanılması vacib məsələlərdəndir.
Azərbaycan Prezidenti İlham Əliyevin
ötən 8 ildə praqmatizmə və real əməli siyasətə
söykənən siyasətinin qayəsində insan və
şəxsiyyət amili dayanmışdır. "Hər
bir məmur xalqının xidmətçisi
olmalıdır" - deyə hakimiyyəti xalqa layiqli xidmət
məramı kimi dəyərləndirən dövlət
başçısının qətiyyəti və
prinsipiallığı hökumətin daha çevik və məsuliyyətli
fəaliyyətini şərtləndirməklə
yanaşı, həyata keçirilən islahatların səmərəli
nəticələr verməsini təmin etmişdir. Cənab İlham Əliyevin siyasi iradəsinə
uyğun olaraq hökumətin fəaliyyəti ilə
bağlı müntəzəm hesabat verməsi isə cəmiyyətdə
şəffaflığın və sosial ədalət
normalarının qorunmasını təmin edir, dövlət
məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini
artırır, onları qarşıya qoyulmuş vəzifələrin
uğurla həyata keçirilməsi üçün daha səylə
çalışmağa sövq edir.
Nazirlər
Kabinetinin 2011-ci ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu
uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin
əsas təminatçılarından birinə çevrilən,
demokratikləşmə yolunda atdığı ardıcıl
addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi
kimi
tanınan respublikamızın iqtisadi sahədə yeni nailiyyətlərə
imza atdığını göstərir. Bir
çox dünya ölkələrində qlobal maliyyə-iqtisadi
böhranın mənfi təsirlərinin hələ tam aradan
qalxmadığı şəraitdə Azərbaycanın
valyuta ehtiyatlarının 38 milyard dollara çatmasını,
ümumilikdə son 3 ildə 30 milyard, hesabat dövründən
isə 9 milyard dollardan çox artmasını mühüm
uğurlar sırasında xüsusi qeyd etmək
lazımdır. Nazirlər Kabinetinin bu ilin 6
ayının yekunlarına həsr olunmuş iclasında
dövlət başçısı İlham Əliyev bunu
hökumətin fəaliyyətinin mühüm nəticələrindən
biri kimi dəyərləndirmişdir: "Ölkəmizin
strateji valyuta ehtiyatları artır. İlin əvvəlindən
ehtiyatlarımız 9 milyard dollar artmışdır. Bu
da çox gözəl göstəricidir. Biz həm əldə
edilmiş gəlirləri ölkə iqtisadiyyatının
inkişafı üçün lazım olan sahələrə
məqsədyönlü şəkildə xərcləyirik,
eyni zamanda, ehtiyatları daha da artırırıq.
Bütövlükdə, hazırda ölkəmizin strateji
valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir. Bu,
çox böyük rəqəmdir və əminəm ki, bu rəqəm
ilin sonuna qədər artacaqdır. Bu, bizə imkan verir ki,
ölkə iqtisadiyyatının inkişafını təmin
edək, insanların sosial problemlərinin həlli
üçün əlavə maliyyə resursları cəlb edək.
Bir sözlə, ölkə iqtisadiyyatının hərtərəfli
inkişafına nail olaq".
Müasir
dövrdə dövlət büdcəsi hər bir dövlətin
inkişafının mühüm göstəricisi
sayılır. 2011-ci ilin dövlət büdcəsinə dəyişikliklər
bu baxımdan Azərbaycanın dünyanı bürüyən
qlobal böhran şəraitində dinamik inkişaf edən, məqsədlərinə doğru inamla
addımlayan, qlobal layihələri daxili imkanları
hesabına gerçəkləşdirən dövlət
olduğunu bir daha təsdiqləyir. 2011-ci ilin ötən
dövrü ərzində ölkə iqtisadiyyatının
inkişaf dinamikası, əldə edilmiş iqtisadi göstəricilər,
artan real vergi bazası, dövlət və icmal büdcələrin
gəlir proqnozunun yenidən hesablanması ilin sonunadək
dövlət və icmal büdcələrinə təsdiq
edilmiş həcmdən artıq vəsaitin daxil olmasına zəmin
yaratmışdır. Dünya bazarlarında Azərbaycan
neftinin qiyməti 2011-ci il dövlət büdcəsinin
hesablamalarında istifadə olunmuş qiyməti - 60 dolları
xeyli müddətdir ki, üstələyir. Dünya maliyyə
qurumlarının ən pessimist proqnozlarında isə bu il
neftin 1 barelinin orta qiymətinin 95 dollar olacağı göstərilir.
Bütün bunları nəzərə alan
hökumət 2011-ci ilin may ayında büdcəyə dəyişiklik
edərək neftin qiymətini 80 dollar müəyyənləşdirərkən
həm reallığı nəzərə almış, həm
də konservativ yanaşma ilə ehtiyatlığı qoruyub
saxlamışdır. Büdcədə neftin bir barelinin
80 ABŞ dolları səviyyəsində hesablanması nəticəsində
2011-ci ilin dövlət büdcəsinə əlavə olaraq
770 milyon, Azərbaycan Respublikası Dövlət Neft Fonduna isə
3,7 milyard manat vəsaitin daxil olması gözlənilir.
Hesabat
dövrünün ən mühüm göstəricilərindən
biri büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə
artmasıdır. Ümumiyyətlə, hər ilin
ortalarında dövlət büdcəsinə yenidən
baxılması, gəlir və xərclərin
artırılması dinamik inkişaf göstəricisi
kimi təqdirəlayiqdir. Bu cür sürətli artıma və
büdcə dəqiqləşdirmələrinə
dünyanın çox az ölkələrində rast gəlinir.
Azərbaycan hökuməti isə ilk növbədə
şəffaflıq, ədalətlilik, dürüstlük,
sosial ədalət prinsipini rəhbər tutaraq, habelə vətəndaşların
rifah halının davamlı şəkildə yüksəldilməsi
məramını qarşıya məqsəd qoyaraq bu təcrübədən
məqsədyönlü şəkildə bəhrələnir.
Dövlət büdcəsinə dəyişikliklərin edilməsi
hökumətin fəaliyyətinin effektivlik əmsalını
daha da artırır, qarşıya qoyulmuş məqsədlərin
realizəsinə yaxşı imkanlar açır. Yalnız bir faktı demək kifayətdir ki, son 8 ildə
büdcə gəlirləri 12 dəfədən çox
artmış, 1,2 milyard manatdan 15 milyard manata yüksəlmişdir.
İlk dəfə olaraq Azərbaycanın dövlət
büdcəsi 20 milyard ABŞ dollarını
keçmişdir. Respublikamızın büdcə gəlirlərinin
illik artım tempinin orta hesabla 20-40 faiz təşkil etməsi
də diqqətəlayiq faktlardan biri kimi
vurğulanmalıdır.
Yenidən baxılma ilə
2011-ci ilin dövlət büdcəsinin gəlirləri 3493,2
milyon manat artırılaraq 15554,2 milyon manata
çatdırılmışdır. Bu, təsdiq edilmiş
proqnoza nisbətən 29 faiz, 2010-cu ilin faktiki icra göstəricilərinə
nisbətən 4151,2 milyon manat çoxdur. Büdcə gəlirlərinin
artımının 770 milyon manatı vergi və gömrük
daxilolmaları, 2,7 milyard manatı Dövlət Neft Fondundan
transfert hesabına təmin ediləcəkdir. Bundan başqa,
2011-ci ilin dövlət büdcəsi xərcləri 3193,2
milyon manat artırılaraq 155941,2 milyon manata
çatdırılmışdır. Bu, 2011-ci il
üçün təsdiq edilmiş dövlət büdcəsinin
xərclərinə nisbətən 25 faiz, 2010-cu ilin faktiki icra
göstəricilərinə nisbətən 4175,3 milyon manat və
ya 35,5 faiz çoxdur. Dəqiqləşdirmələrdən
sonra büdcə kəsiri 300 milyon manat və yaxud 43,7 faiz
azalmışdır. Nəticədə dövlət büdcəsinin
kəsiri ilin sonuna gözlənilən ümumi daxili məhsulun
0,9 faizini təşkil edəcəkdir.
Ümumilikdə, artımdan
sonra xərclərin 48,4 faizini və ya 7716,5 milyon
manatını cari, 49,4 faizini və ya 7878,0 milyon
manatını əsaslı, 2,2 faizini və ya 346,7 milyon
manatını dövlət borclarına xidmətlə
bağlı xərclər təşkil edir. Dəqiqləşdirmələrdən
sonra 698 milyona yüksələn cari xərclərin 462,7 milyon
manatı və ya 66,3 faizi əhalinin sosial müdafiəsi tədbirlərinin
həyata keçirilməsi üçün nəzərdə
tutulmuşdur. Bu fakt Azərbaycanda həyata keçirilən
iqtisadi siyasətin sosialyönümlü olduğunu və vətəndaş
mənafeyinə xidmət etdiyini bir daha təsdiqləyir.
2011-ci ilin ötən 6
ayında Azərbaycanda ümumi daxili məhsul istehsalı 0,9,
qeyri-neft sektoru 7,2, kənd təsərrüfatı 6,2, əhalinin
pul gəlirləri 17 faiz artmışdır. Dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, Azərbaycanda
neftdən asılılığın azaldılması istiqamətində
həyata keçirilən tədbirlərin səmərəli
nəticələr verdiyini göstərir: "...Sevindirici hal
ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru
artmışdır. Artım 7,2 faiz təşkil etmişdir. Bu, əslində son illər ərzində
apardığımız islahatların nəticəsidir.
Çünki əsas məqsədimiz qeyri-neft sektorunun
inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin
təmin edilməsidir. 7,2 faiz səviyyəsində artan
qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir.
Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan
iqtisadiyyatının enerji amilindən
asılılığı azalır. Eyni zamanda, bizə
ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsi üçün
əlavə də imkanlar yaradılacaqdır".
2011-ci ilin birinci yarısı
hökumətin ötən illərdən üstünlük
verdiyi iqtisadi strategiyaya - sosialyönümlü siyasətə
sadiqliyini bir daha nümayiş etdirir. Azərbaycan
dövlətinin sosial siyasəti bütövlükdə cəmiyyətin
və ayrılıqda hər bir vətəndaşın
rifahının yüksəldilməsinə, onların sosial
müdafiəsi və layiqli həyat səviyyəsinin təmin
olunmasına, habelə şəxsiyyətin azad inkişafı
üçün bərabər imkanlar yaradılmasına
yönəlmişdir. Sosialyönümlü
siyasətin məqsədi heç də sosial bərabərsizliyi
aradan götürmək deyil, onu tarazlaşdırmaq, vətəndaşların
maddi vəziyyətindəki kəskin fərqliliyi aradan
qaldırmaq, kəskin təbəqələşməyə
yol verməmək, cəmiyyətin bütün üzvlərini
layiqli həyat səviyyəsi ilə təmin etmək
üçün fərdin ictimai statusunu yüksəltməkdir.
Başqa sözlə, bazar iqtisadiyyatı prinsiplərinin
sürətlə bərqərar olması Azərbaycanda
dövlətin sosial funksiyalarının həyata keçirilməsinə
qətiyyən mane olmur. Dövlət azad iqtisadi
münasibətlərə, azad rəqabətə, özəl
mülkiyyətçiliyə və sahibkarlığın
inkişafına hər cür kömək göstərməklə
yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə
ehtiyacı olan təbəqəni qətiyyən nəzərdən
qaçırmır.
Hesabat
dövründə büdcə xərclərinin 30,9 faizi və
ya 1 milyard 508,1 milyon manatı sosialyönümlü
olmuşdur və bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 152,6 milyon manat və ya 11,3 faiz
çoxdur. Ötən 6 ayda təhsil xərclərinə 50,9
milyon manat (9,9 faiz), sosial müdafiə və sosial təminat
xərclərinə isə 62,1 milyon manat (10,2 faiz) çox vəsait
yönəldilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli fərmanı ilə
əhalinin içməli su təchizatı və kanalizasiya
xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinə
olan 294,2 milyon manat məbləğində borclarının
silinməsi də ötən dövrün sosialyönümlü tədbirləri
sırasında mühüm yer tutur.
Keçid
dövrünün başlanğıcında Azərbaycanın
üzləşdiyi ciddi sosial təhlükələr əhalinin
sosial vəziyyətinin ağırlaşmasında
özünü göstərmiş, həmçinin sovet
dönəmindən qalmış sosial müdafiə
institutlarının bazar iqtisadiyyatı ilə ciddi
uyğunsuzluğu ölkəmiz üçün qlobal
problem olmuşdur. Lakin həmin dövrdə
ümummilli lider Heydər Əliyevin müdrikliyi, təcrübəsi
və gərgin əməyi sayəsində ictimai-siyasi və
iqtisadi həyatın bütün sahələrində həyata
keçirilən tədbirlərlə ölkədə
hökm sürən böhran dayandırılmış,
inkişaf elementlərinin əhalinin sosial müdafiəsinə
yönəldilməsinə başlanmışdır. Həyata keçirilən davamlı sosial müdafiə
tədbirləri nəticəsində, ölkə əhalisinin
daha həssas təbəqəsi olan pensiyaçılar,
keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox
bağlı olan, qısa vaxt ərzində isə dəyişdirilməsi
çətinliklər törədən pensiya sisteminin bazar
iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini
kəskin hiss etməmişdir. Buna paralel olaraq, Avropaya
inteqrasiya yolunu seçmiş ölkəmizdə beynəlxalq
standartlara uyğun yeni sosial müdafiə institutlarının
yaradılması əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir.
Son illərdə
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə
çox ciddi iqtisadi islahatların aparılmasının məntiqi
nəticəsi olaraq müasir qloballaşma dövrünün
reallıqlarına cavab verən müstəqil milli iqtisadiyyat
formalaşdırılmış, bu əsasda beynəlxalq
standartlara uyğun yeni sosial müdafiə modeli təşəkkül
tapmışdır. Həmin modelin mühüm tərkib hissəsi
olan sığorta-pensiya sistemində islahatların davam etdirilməsinin
dövlət başçısının xüsusi diqqət
mərkəzində saxlaması bütün uğurların
başlıca təminatçısı olmuşdur. Xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyev
hökumətin 2011-ci ilin birinci rübündə sosial-iqtisadi
inkişafın yekunları ilə bağlı keçirilən
iclasında 2006-cı ilədək pensiyaya
çıxmış vətəndaşların
pensiyalarının yenidən hesablanması ilə
bağlı göstəriş vermiş, beləliklə,
sosial bərabərsizliyin aradan qaldırılması
istiqamətində mühüm addım atmışdır. Bununla
əlaqədar büdcədə Dövlət Sosial Müdafiə
Fondunun gəlir və xərcləri də dəqiqləşdirilmişdir:
dövlət büdcəsindən DSMF-yə ayırmaların
məbləği 691000,0 min manatdan 886000,0 min manata
çatdırılmışdır. Bu, ilkin məbləğlə
müqayisədə 195000,0 min manat və ya 28,2 faiz artım
deməkdir. Artım nəticəsində fondun büdcəsində
transfertin xüsusi çəkisi təqribən 5 faiz bəndi
yüksələrək 40,9 faizə çatmışdır.
Dəyişiklik nəticəsində fondun ümumi xərcləri
2165540,0 min manata çatdırılmışdır. Bu ilkin
müəyyən edilmiş məbləğlə müqayisədə
195000,0 min manat və ya 9,9 faiz artım deməkdir.
Dövlət
başçısının verdiyi
tapşırığın icrası ilə əlaqədar
Milli Məclis vətəndaşların pensiya ilə təminatını
nəzərdə tutan mövcud qanunlara müəyyən əlavə
və dəyişikliklər etmişdir. Nəticədə
2011-ci il iyulun 1-dən 900 minədək
pensiyaçının pensiyası 40 faiz artmışdır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bunu
Azərbaycan hökumətinin iqtisadi siyasətinin
sosialyönümlü olması ilə izah etmişdir: "Bu,
bir daha onu göstərir ki, Azərbaycan iqtidarının siyasəti
sosialyönümlüdür. Bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. Bütün
iqtisadi uğurlar bizə imkan verir ki, sosial sahədə daha da
ciddi addımlar ataq. Mən əminəm ki,
pensiyaçıların sosial təminatının
yaxşılaşdırılması nəticəsində bir
milyona qədər Azərbaycan vətəndaşı maddi vəziyyətini
böyük dərəcədə
yaxşılaşdıracaqdır".
Azərbaycanın
milli sığorta-pensiya modelinin insanpərvər və
humanist səciyyə daşıması özünü həm
də pensiyaların artırılması mexanizminin bazar iqtisadiyatının
tələbləri ilə uzlaşdırılmasında
qabarıq göstərir. 2006-cı il yanvarın 1-dən tətbiq
edilən sığorta-pensiya sisteminə əsasən, pensiyaların baza hissəsinin
artırılması zamanı istehlak qiymətləri indeksinin
illik səviyyəsinın nəzərə alınması,
habelə sığorta hissəsinin istehlak qiymətləri
indeksinə uyğun indeksləşdirilməsi mövcud maliyyə
resurslarının əmək pensiyaçıları
arasında ədalətli bölgüsü məqsədinə
xidmət edir. Son 5 ildə Azərbaycan Prezidenti yaşa görə
əmək pensiyasının baza hissəsinin artırılması
ilə bağlı 7, sığorta hissəsinin
artırılması ilə bağlı 5 sərəncam
imzalamışdır. Prezident İlham Əliyevin
2011-ci il 15 fevral tarixli "Əmək pensiyalarının
sığorta hissəsinin indeksləşdirilməsi
haqqında" sərəncamı əsasında Azərbaycanda
ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə,
yəni inflyasiyaya uyğun indeksləşdirmənin
aparılması təmin edilmişdir. Artımlar
pensiyaların sığorta hissəsinin məbləği əsasında
hesablanmaqla 617 min 347 nəfər pensiyaçıya şamil
olunmuşdur.
Sosialyönümlü
tədbirlər sırasında ünvanlı sosial yardım
proqramının əhəmiyyətini xüsusi vurğulamaq
lazım gəlir. Ünvanlı sosial yardım sisteminin tətbiqi
üçün ilkin tədbir kimi qanunvericilik bazası
formalaşdırılmış, "Ünvanlı sosial
yardım haqqında" Azərbaycan Respublikasının
Qanunu hazırlanaraq qüvvəyə minmişdir.
Hazırda 125 min ailə hər ay orta hesabla 104 manat
ünvanlı sosial yardım alır. Həmin
ailələrin 60 faizinin sosial proqramlar çərçivəsində
dövlətdən heç bir yardım almaması yeni sistemin
səmərəliliyini təsdiqləyir. Ünvanlı
dövlət sosial yardımının təyin edilməsi məqsədilə
ehtiyac meyarı mərhələlərlə ölkə
üzrə yaşayış minimumuna çatdırılır.
Aztəminatlı
ailələrin sosial müdafiəsinin gücləndirilməsi
və ünvanlı dövlət sosial yardımı
mexanizminin təkmilləşdirilməsi məqsədilə
"Ünvanlı dövlət sosial yardımı
haqqında" Azərbaycan Respublikası Qanununa 2008-ci il 13
iyun tarixdə edilmiş dəyişikliklərə əsasən,
həmin yardımın verilməsi müddəti
6 aydan 1 ilədək artırılmış, yardım almaq
hüququ əcnəbilərə də şamil edilmişdir.
Ünvanlı sosial yardımların verilməsində dövlətin
məqsədi heç də insanları ələbaxımlığa,
dövlətin himayəsinə öyrətmək deyil, əksinə,
işlə təmin etmək, maddi rifah halının
yüksəldilməsinə nail olmaqdır. Prezident İlham Əliyev
Nazirlər Kabinetinin bu ayın 12-də keçirilən
iclasında bununla bağlı demişdir: "Ünvanlı
sosial yardım proqramı aparılır. Bu proqram hazırda
125 min ailəni əhatə edir. Hər ay orta hesabla hər bir
ailəyə 104 manat kömək göstərilir. Bu da yoxsul təbəqəyə
Azərbaycan dövləti tərəfindən göstərilən
qayğıdır. Məqsədimiz ondan ibarətdir və bu məqsədi
bir neçə il bundan əvvəl qarşıya qoymuşdum
ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan
qaldırılsın. Son illərin təcrübəsi göstərir
ki, biz bu məqsədə çatırıq. Son 7 il ərzində
yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə
aşağı düşmüşdür. Mən ümid
edirəm ki, bu ilin yekunlarına görə bu rəqəm yenə
də aşağı düşəcəkdir".
Həmin
iclasda səslənən fikirlər bir daha göstərir ki,
hökumət davamlı və tarazlı iqtisadi tərəqqinin
təmini baxımından ölkədə sahibkarlığın
inkişafı tədbirlərinin davam etdirilməsini, iş
adamlarının fəaliyyətinə mane olan bürokratik
amillərin aradan qaldırılmasını son dərəcə vacib sayır. Çünki
özəl sektorun inkişafı, halal yolla maddi
imkanlarını artıran vətəndaşlarımızın
sayının çoxalması dünyanın bütün
demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində
də sabitlik və tərəqqinin, demokratikləşmə
prosesinin hərəkətverici qüvvəsi sayılan
milli burjaziyanın, orta təbəqənin əhatəsini
genişləndirir.
Prezident İlham Əliyevin
ötən müddətdə sahibkarlığın
inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər
də ardıcıllığı, səmərəliliyi və
sistemliliyi ilə diqqəti cəlb edir. Hələ
2004-cü ilin fevralında Bakı Biznes Mərkəzində
yerli sahibkarlarla görüşən dövlət
başçısı onları narahat edən məsələləri
diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini,
iş adamlarına gələcəkdə də lazımi
kömək göstərəcəyini bəyan etmişdir.
Dövlət rəhbəri inhisarçılığı,
sahibkarlara süni maneələrin yaradılmasını,
hüquq-mühafizə orqanlarının iş
adamlarının fəaliyyətinə müdaxiləsi
hallarını pisləmiş, belə münasibət konkret qərarlarla
müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin
gücləndirilməsi, inflyasiyanın
qarşısının alınması üçün əsaslı
tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi,
yerlərdə regional iqtisad məhkəmələrinin
yaradılması və s. kimi tədbirlər buna misal ola bilər.
Dövlət başçısı
iqtisadiyyatın liberallaşdırılması, bazarın
inhisardan, haqsız rəqabətdən azad olunması, özəl
sektorun dəstəklənməsi, sahibkarlara güzəştli
kreditlərin verilməsi sahəsində ciddi addımlar
atmış, bütün vədlərinə sadiqlik
nümayiş etdirmişdir.
Ölkə rəhbərinin
imzaladığı Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər)
Dövlət Proqramı, Korrupsiyaya qarşı mübarizə
üzrə Dövlət Proqramı (2004-2006-cı illər),
"Korrupsiyaya qarşı mübarizə haqqında",
"Sahibkarlığa dövlət maliyyə dəstəyinin
göstərilməsi sahəsində əlavə tədbirlər
haqqında",
"Azərbaycan Respublikası
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi
qaydalarının təkmilləşdirilməsi
haqqında", "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan
Respublikasında azad iqtisadi zonaların yaradılması
haqqında", "Azərbaycan Respublikasında
sahibkarlığın inkişafı ilə bağlı
bəzi tədbirlər haqqında" və s. fərman, sərəncam
və qanunlar sahibkarlığın inkişafına təkan
vermiş, qeyri-neft sektorunun inkişafını
stimullaşdırmışdır.
Respublikamızda
sahibkarlığın inkişafına mane olan süni maneələrin
aradan qaldırılması istiqamətindəki fəaliyyətinin
ardıcıl və davamlı səciyyə daşıdığını
Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə
imzaladığı "Azərbaycan Respublikasında
sahibkarlığın inkişafı ilə bağlı bəzi
tədbirlər haqqında" fərman bir daha təsdiqləmişdir.
Bu fərmanla indiyə qədər çoxpilləli biznesə
başlamaq sahəsində mövcud problemlər həllini
tapmış, o cümlədən süründürməçilik
halları, bürokratik əngəllər aradan
qaldırılmışdır. Sərəncam əsasında
vahid kodlaşdırmanın aparılması, biznes
strukturlarının "bir pəncərə" - vahid
qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri
əksini tapmışdır. Yeni dövrün tələbləri
ilə tam səsləşən bu fərman sahibkarlar tərəfindən
dəstəklənərək böyük rəğbətlə
qarşılanmışdır.
Mərkəzdə
və regionlarda infrastrukturun yeniləşdirilməsinin,
respublikanın ən müxtəlif bölgələrində
modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin
mavi yanacaqla təchizatının özü də dövlətin
özəl sektora dəstəyinin tərkib hissəsidir. Sahibkarlığa Kömək Milli Fonduna dövlət
büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə
daha böyük rəqəmlərlə ifadə olunması,
fermerlərin zəruri texnika ilə təchizatı
üçün "Aqrolizinq" Səhmdar Cəmiyyətinin
yaradılması və bu quruma böyük həcmdə maliyyə
vəsaitinin ayrılması da hökumətin sahibkarlara
münasibətinin əsas göstəricilərindən
sayıla bilər. Son illər iş adamlarına güzəştli
kreditlərin verilməsi sahəsində mövcud olan problemlər
də əsaslı şəkildə aradan
qaldırılmışdır.
2011-ci ilin
birinci yarısında Sahibkarlığa Kömək Milli
Fondunun vəsaitləri hesabına 823 sahibkarlıq subyektinə
ayrılan 72 milyon manat güzəştli kreditlərin 72 faizi
respublikanın regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin
payına düşür. Vəsaitlərin 70 faizindən
çoxu aqrar sektorun inkişafına yönəldilmişdir. Həmin kreditlər hesabına yaradılan yeni iş
yerlərinin sayı 3500 olmaqla ötən ilin müvafiq
dövrü ilə müqayisədə güzəştli
kredit alan sahibkarların sayı və kreditlərin məbləği
1,5, yeni iş yerlərinin sayı 1,6 dəfə
artmışdır. Ötən dövr özəl sektorun
sabit iqtisadi münasibətlər qurması ilə də
səciyyəvi olmuş, qeyri-dövlət sektorunun vergi
daxilolmalarında xüsusi çəkisi 72,9 faizə
çatmışdır.
Dövlət
başçısı İlham Əliyevin şəffaflığın
təmini və korrupsiyaya qarşı mübarizə tədbirləri
çərçivəsində vergitutma bazasının
genişləndirilməsi, kiçik və orta
sahibkarlığın təşviq edilməsi, vergidən
yayınma hallarına qarşı ciddi və məqsədyönlü
mübarizənin aparılması barədə
tapşırıqlarının icrası da hesabat
dövründə hökumətin diqqət mərkəzində
olmuşdur. Dövlət büdcəsinə
vergi daxilolmalarının ahəngdarlığının təmini,
həmçinin vergidən yayınma hallarının
qarşısının alınması, vergitutma
bazasının genişləndirilməsi məqsədilə
sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyiciləri
və təsərrüfat subyektlərinin
uçot məlumatlarının dürüstləşdirilməsi
istiqamətində də tədbirlər həyata
keçirilmişdir. 2011-ci ilin ötən 6 ayı ərzində
qeydiyyata alınmış obyektlərin sayı ötən
ilin müvafiq dövrünə nisbətən 58,2 faiz
artmış, vergi uçotundan yayınan 2 mindən
artıq vergi ödəyicisinin, 2126 təsərrüfat
subyektinin uçota alınması təmin edilmişdir.
Vergitutma bazasının
genişləndirilməsini, habelə kiçik və orta
sahibkarlığa dəstəyi şərtləndirən əsas
amillərdən biri də sahibkarlıq subyektləri
üçün qeydiyyat sisteminin sadələşdirilməsidir.
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın icrası sayəsində
hesabat dövründə "bir pəncərə" sistemi
ilə qeydiyyata alınmış 32,5 mindən çox
sahibkarın 57,2 faizi regionların payına düşür.
Prezident
İlham Əliyevin "Dövlət orqanlarında elektron xidmətlər
göstərilməsinin təşkili sahəsində bəzi
tədbirlər haqqında" 2011-ci il 23 may tarixli fərmanının
icrası ilə əlaqədar 2011-ci il iyul ayının 1-dən
etibarən yeni elektron xidmətin göstərilməsinə
başlanmışdır.
Belə ki, həmin tarixdən sahibkarlıq fəaliyyətini
hüquqi şəxs yaratmadan həyata keçirmək istəyən
fiziki şəxslər vergi orqanlarına gəlmədən -
İnternet Vergi İdarəsi vasitəsilə birbaşa on-line
rejimində qeydiyyata alınırlar və bu da qeydiyyat sahəsində
mütərəqqi bir üsuldur.
Şəffaflığın
təmini baxımından qarşıda duran əsas vəzifələrdən
biri də sahibkarlıq subyektlərinin fəaliyyətində
hesabatlılığın artırılması,
nağdsız hesablaşmalara üstünlük verilməsi,
müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin
tətbiqinin genişləndirilməsidir. Bu məqsədlə
Mərkəzi Bank və digər aidiyyəti qurumlar ticarət
və xidmət sahələrində pos-terminalların
quraşdırılması işini daha da sürətləndirmişlər.
Eyni zamanda, stasionar telefon rabitəsinin olmadığı
obyektlərdə mobil rabitə vasitəsilə
çalışan pos-terminalların ölkəmizə gətirilməsi
üçün banklarla danışıqlara
başlanılmışdır.
Prezident İlham Əliyev Nazirlər
Kabinetinin 2011-ci ilin ötən 6 ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş iclasında bununla bağlı
demişdir: "Elektron hökumət prinsiplərinə
keçməyimiz də korrupsiyaya qarşı mübarizədə
çox təsirli amil olacaqdır. Bütövlükdə
çalışmalıyıq ki, nə qədər
mümkündür, məmur-vətəndaş təmaslarını
aradan qaldıraq. İndi internet vasitəsilə, elektron xidmət
vasitəsilə müxtəlif məlumatları da,
arayışları da əldə etmək olar. Qeydiyyat məsələləri
də internet vasitəsilə aparılmalıdır. Mənim
tərəfimdən imzalanmış xüsusi sərəncamda
bütün bu məsələlər göstərilibdir. Hər
bir nazirlik və dövlət qurumu həmin sərəncama
uyğun olaraq təkliflər verməlidir ki, onların nəzdində
hansı xidmətlər elektron variantda aparılmalıdır.
Bunu heç kim yubatmasın və uzatmasın. Bu sərəncam
və onun icrası bilavasitə mənim nəzarətim
altındadır. Tezliklə təkliflər verilməlidir.
Ondan sonra daha da ciddi addımlar atılacaqdır. Korrupsiya və
rüşvətxorluqla mübarizənin nəticələri
var, nəticələr yaxşıdır".
İqtisadiyyatda
keyfiyyət və kəmiyyət dəyişikliklərinə
nail olmaq üçün dövlət strukturlarının fəaliyyətinin
təkmilləşdirilməsi, onların işinin beynəlxalq
idarəetmə sisteminə və funksional siyasətin həyata
keçirilməsinə imkan verən tələblərə
çatdırılması ümumilikdə ötən illər ərzində
bazar iqtisadiyyatının inkişafına impuls verən yeni
idarəetmə strukturlarının yaradılması ilə
müşayiət olunur. Bütün dövlət təşkilatlarının
fəaliyyətində şəffaflığın təmin
edilməsi və çevik idarəetmə mexanizmlərinin
yaradılması üçün beynəlxalq
mühasibatlıq uçotu prinsiplərinə keçid
başa çatdırılmaq üzrədir. Bir
sözlə, Azərbaycan hökuməti azad
sahibkarlığın inkişafı, investisiyaların
qorunması, rəqabət mühitinin
formalaşdırılması və xarici sərmayəçilərin
fəaliyyətinin genişləndirilməsi məqsədilə
kompleks islahatlar həyata keçirməyə nail olmuşdur.
İldən-ilə əhəmiyyətli
dərəcədə artan maliyyə imkanları Azərbaycanın
həm də sərmayədar ölkəyə çevrilməsini,
digər dövlətlərin iqtisadiyyatına kapital
yatırmasını şərtləndirir. Türkiyə,
Gürcüstan, Moldova ərazisində inşa edilən nəhəng
sənaye obyektləri respublikamızın həmin ölkələrin
bu məhsullara olan təminatında həlledici rol oynaması
ilə bərabər, sərmayədar dövlət kimi
dünya bazarında rəqabət imkanlarını
artırır. Türkiyənin nəhəng
sənaye sütunu olan "Petkim"in və "Tekfen"
Holdinqin səhmlərinin böyük bir hissəsinin ARDNŞ
tərəfindən alınması respublikamızın iqtisadi
qüdrətinin bariz nümunəsidir. Şübhəsiz, digər
ölkələrin iqtisadiyyatına yatırılan
investisiyalar yaxın perspektivdə respublikamıza
böyük iqtisadi dividendlər qazandıracaqdır. Eyni
zamanda, azərbaycanlı iş adamları artıq Türkiyədə,
Gürcüstanda və Orta Asiya respublikalarında öz bizneslərini
qurur, fəaliyyət dairələrini genişləndirirlər.
Bununla yanaşı,
respublikamız regional və beynəlxalq əhəmiyyətli
layihələri də daxili imkanları hesabına maliyyələşdirmək
iqtidarındadır. Təkcə bir faktı demək
kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək
strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
maliyyələşdirilməsi üçün
Gürcüstana 25 il müddətinə əvvəlcə 200
milyon, sonra isə 575 milyon ABŞ dolları məbləğində
kredit vermişdir. Dövlət başçısı
İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında bunu ölkəmizin
iqtisadi qüdrətinin əhəmiyyətli dərəcə
artması ilə izah etmişdir: "Azərbaycanda icra edilən
infrastruktur layihələri nəinki ölkəmiz
üçün, bölgə üçün də
böyük əhəmiyyət daşıyır. Xüsusilə,
indi uğurla icra edilən Bakı-Tbilisi-Qars dəmir yolunun
tikintisini misal kimi gətirmək olar. Bildiyiniz kimi, birinci mərhələdə
Azərbaycan Gürcüstana 200 milyon dollar kredit
ayırmışdı. Ondan sonrakı mərhələdə
575 milyon dollar əlavə kredit ayrılmışdır. Yəni,
biz bu imkanları əldə etmişik. Əgər bu imkanlar
olmasaydı, heç vaxt Bakı-Tbilisi-Qars dəmir yolu tikilməzdi".
Hələ 2003-cü ilin oktyabrında
keçirilmiş andiçmə mərasimində "Azərbaycan
xalqını əmin etmək istəyirəm ki, bundan sonra da
Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın
çiçəklənməsi üçün mən əlimdən
gələni əsirgəməyəcəyəm, Azərbaycan
xalqına bundan sonra da xidmət edəcəyəm" - deyən
dövlət başçısı İlham Əliyev ötən
8 ildə bunu əməli fəaliyyəti ilə sübuta
yetirmişdir. Ümumilikdə, 2011-ci ilin ötən 6
ayının yekunları bir daha təsdiqləyir ki, xalqa
layiqli xidmət məramı dövlət
başçısının yürütdüyü siyasətin
ana xəttini təşkil edir. Bu siyasət, eyni zamanda hər
bir vətəndaşın layiqli və firavan həyat tərzinin
təminatına, ölkənin taleyi üçün strateji
qlobal layihələrin davamlılığına, ölkədə
demokratik-hüquqi islahatların genişləndirilməsinə
xidmət edir.
Müşfiq ATAKİŞİYEV,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.- 2011.- 26 iyul.- S. 6.