Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə "Hakimlər və hüquqşünaslar üçün "yay məktəbi"nin açılışı olmuşdur

 

İyulun 25-də Bakıda "İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının (İHAK) 5-ci və 6-cı maddələrinin tətbiqi" mövzusunda hakim və hüquqşünaslar üçün "yay məktəbi"nin açılışı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbiri Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) Konstitusiya Məhkəməsi və Məhkəmə-Hüquq Şurası birgə təşkil etmişdir. Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu və ATƏT-in Bakı Ofisi tədbirin keçirilməsinə dəstək vermişdir.

Tədbiri giriş sözü ilə açan AHK-in sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yay məktəbinin əhəmiyyətindən danışmışdır. O demişdir ki, hər il ənənəvi keçirilən yay məktəbində yerli hüquqşünaslarla yanaşı xarici ekspertlərin də iştirakı tədbirin Azərbaycanın ictimai-siyasi həyatında özünə məxsus yer tutduğunun əyani göstəricisidir.

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirmişdir ki, Azərbaycanın insan hüquqlarına dair Konvensiyaya qoşulmasından 10 il keçir. Bu illər ərzində ölkəmizin ictimai həyatında, o cümlədən hüquq sahəsində çox böyük irəliləyişlərə nail olunmuşdur. Məhkəmələrin və hakimlərin hüquqi statusunun təmin edilməsi məqsədilə respublikada məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Məhkəmə-Hüquq Şurası yaradılmış, hakimlərin hazırlığı üsulları təkmilləşdirilmiş, hüquqi biliklərinin və peşəkarlığının artırılması üçün xüsusi kurslar, treninqlər və seminarlar təşkil olunmuşdur. Bunun nəticəsində ölkə vətəndaşlarının məhkəmələrə, hüquq-mühafizə orqanlarına etimadı xeyli artmışdır.

Natiq qeyd etmişdir ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsində Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Qanunun tətbiq edilməsi barədə" 2006-cı il 19 yanvar tarixli fərmanı mühüm rol oynamışdır.

Bu fərmandan sonra regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün respublikanın bölgələrində yeni məhkəmələr yaradılmışdır. Məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqinə başlanılmış, məhkəmə aparatlarının strukturuişi daha səmərəli şəkildə qurulmuşdur. Həmin fərmanda həmçinin məhkəmələrə tövsiyə edilmişdir ki, insan hüquqları üzrə Avropa məhkəməsinin presedent hüququ öyrənilsin və məhkəmə təcrübəsində tətbiq olunsun.

Məsələnin daim diqqətdə saxlanıldığını vurğulayan F.Ələsgərov bu yöndə məhkəmə və prokurorluq işçiləri üçün mütəmadi olaraq seminarların keçirildiyini diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, Avropa dövlətlərində mövcud olan təcrübələr barədə əlavə biliklər əldə olunur, hakimlərin və hüquq sahəsində çalışanların hüquq mədəniyyəti inkişaf etdirilir. Ölkəmizdə insan hüquq və azadlıqlarının tənzimlənməsi ilə bağlı məsələlərə xüsusi önəm verilir. Yeni qanunvericilik aktlarının layihələri Avropa Konvensiyasının maddələrinə uyğunlaşdırılır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev demişdir ki, Azərbaycanın beynəlxalq aləmdə əsas nailiyyətlərindən biri 2001-ci il yanvarın 25-də Avropa Şurasının tamhüquqlu üzvü olmasıdır. Bu faktın özü respublikamızda demokratiyanın inkişaf etdiyini, hüququn aliliyinin, insan hüquq və əsas azadlıqlarının təmin olunmasını təsdiq edən başlıca amildir.

Ölkə Konstitusiyasının 151-ci maddəsində deyilir ki, qanunvericilik sistemində normativ hüquqi aktlarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə ziddiyyət yarandıqda beynəlxalq müqavilələrə üstünlük verilir. Bununla da Azərbaycan Respublikası Avropa Konvensiyasına daxil olmaqla öz siyasətinin prioritetini bildirmişdir.

Vurğulanmışdır ki, Azərbaycanda sivil dəyər və yanaşmalar bu gün həm vətəndaşların həyatının, həm də dövlət qurumlarının fəaliyyətinin tərkib hissəsinə çevrilmişlər.

Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlıq Fondunun nümayəndəsi xanım Mayke Ruhlig çıxışında tədbirin təşkilini yüksək qiymətləndirmiş, iki ölkənin Ədliyyə nazirlikləri arasında uğurlu əməkdaşlıqdan danışmışdır. Qeyd etmişdir ki, təmsil etdiyi fond Azərbaycanda güclü məhkəmə sisteminin qurulmasında çox maraqlıdır. Bu baxımdan ölkəmizdə aparılan hüquqi islahatlara, mütərəqqi qanun layihələrinin hazırlanmasına daim dəstək verilmiş, məhkəmə və prokurorluq işçiləri, vəkillər üçün seminarlar və treninqlər təşkil edilmiş, Almaniyaya təcrübə mübadiləsi ilə bağlı səfərlər təşkil olunmuşdur.

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun "İHAK-ın strukturu və mahiyyəti", Aİ TACİS layihəsi üzrə hüquqi ekspert Mjriana Visentin "Rusiya Federasiyasının Ədliyyəsinə giriş" mövzularında məruzələri dinlənilmişdir.

Yay məktəbində həmçinin Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi Azər Cəfərov, Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin (CPT) sədri Lətif Hüseynov, baş prokurorun müavini Namiq Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Almaniya Federal Məhkəməsinin təqaüddə olan baş hakimi Dr. Otto Mallmann, almaniyalı ekspert vəkillər Stefan von RaumerDr. Kleine-Cosack iştirak edirlər.

Hüquqşünasların "yay məktəbi" iyulun 29-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 26 iyul.- S. 4.