Bakıda
"Davamlı inkişaf üçün
fotosintez tədqiqatları" mövzusunda Beynəlxalq konfrans
keçirilir
İyulun 24-də Azərbaycan Milli Elmlər
Akademiyasında "Davamlı inkişaf üçün
fotosintez tədqiqatları" mövzusunda Beynəlxalq
konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, konfransın sədri
Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin
prezidenti, professor Ceyms Barber (Böyük Britaniya), fəxri sədri
isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü Cəlal Əliyevdir. Hidrogen Enerjisi üzrə Beynəlxalq
Assosiasiyanın prezidenti, professor Necat Vəziroğlu və
professor Qari Brudviq (hər ikisi ABŞ-dan) konfransın həmsədrləri,
biologiya elmləri doktoru, professor Süleyman Allahverdiyev (Rusiya) əlaqələndirici
təyin olunmuşlar.
Konfransda 40 ölkədən 260-dək nümayəndə
iştirak edir.
Konfransı giriş sözü ilə açan Ceyms
Barber onun təşkilinə görə Azərbaycan hökumətinə
minnətdarlığını bildirmişdir. O demişdir ki,
belə bir mötəbər tədbirin Azərbaycanda
keçirilməsi iştirakçılara həm də bu qədim
ölkənin tarixini, mədəniyyətini, milli adət-ənənələrini
daha yaxından öyrənməyə imkan verəcəkdir.
Fotosintezin çox geniş və dərin tədqiqat
tarixi olduğunu vurğulayan alim bildirmişdir ki, konfransda
iştirak edən mütəxəssislərin əksəriyyəti
bu sahənin öyrənilməsində mühüm rol
oynamışlar. Qarşımızda duran ən vacib məsələ
Yer kürəsində durmadan artan əhalinin ərzaq problemini
həll etməkdir.
Tədbirdə çıxış edən Azərbaycanın
rabitə və informasiya texnologiyaları naziri, akademik Əli
Abbasov demişdir ki, bu gün dünyanı üç qlobal
problem ciddi narahat edir - enerji, ərzaq və ekoloji təhlükəsizlik
problemləri. Siyasətçilər, iqtisadçılar,
alimlər, ümumiyyətlə, dayanıqlı və xoşbəxt
gələcək üçün düşünənlər
bu məsələlərin həlli yollarını
axtarırlar.
Enerji resurslarına olan müasir tələbatın təxminən
80 faizi karbohidrogen ehtiyatlarının hesabına ödənilir.
Enerji daşıyıcılarının qiymətlərinin
durmadan artması və resursların məhdudluğu hamıya
məlumdur. Bu gün alternativ enerji növlərindən, əsasən
də Günəş enerjisindən istifadə, o cümlədən
fotosintez əsasında həyata keçirilən
biotexnologiyalar vasitəsilə bioenerjinin alınması
ümidverici istiqamətlərdəndir. Fotosintezin klassik
problemləri ilə yanaşı, stres biologiyası, süni
fotosintez və yanacaq problemləri kimi vacib məsələlər
də gündəlikdədir. Alimlərin Yer üzündə
təbii ehtiyatların tükənməsini gözləmədən,
cəmiyyətin 100-200 il sonrakı taleyini düşünməsi,
bu istiqamətdə çalışması təqdirəlayiqdir.
Konfransın təşkilat komitəsinin tərkibinə
dünyanın aparıcı ölkələrinin fotosintez tədqiqatları
sahəsində çalışan nüfuzlu alimləri
daxildir. Məhz belə bir irimiqyaslı elmi tədbirin Azərbaycanda
ilk dəfə keçirilməsi akademik Cəlal Əliyevin
fotosintezin tədqiqi sahəsində, həmçinin
yaratdığı məktəbin əldə etdiyi
böyük uğurların dünya elmi ictimaiyyəti tərəfindən
ciddi qiymətləndirilməsi ilə bağlıdır.
Akademik Cəlal Əliyev məktəbinin dünya elminə
verdiyi töhfələr fotosintez prosesinin molekulyar-genetik səviyyədən
başlayaraq bitki və əkinə qədər bütün mərhələ
və formalarında öyrənilməsini əhatə edir.
Xüsusi olaraq qeyd edilmişdir ki, Azərbaycan
hökumətinin elmin inkişafına verdiyi diqqət və
qayğı Prezident İlham Əliyevin təsdiq etdiyi
"2009-2015-ci illərdə elmin inkişafı üzrə
Milli Strategiya"da və onun həyata keçirilməsi
üzrə Dövlət Proqramında bir daha öz əksini tapmışdır.
Ə.Abbasov demişdir ki, dünya şöhrətli
alimlərin iştirak etdikləri bu beynəlxalq konfrans
fotosintez sahəsində yeni elmi nəticələrin əldə
edilməsinə təkan verəcək, eyni zamanda, Azərbaycan
elminin təbliğində, dünya elminə inteqrasiyasında
çox önəmli rol oynayacaqdır.
Açılış mərasimində
çıxış edən alimlər - Bill Rutherford (Fransa),
Bob Blankenşip (ABŞ) və Süleyman Allahverdiyev (Rusiya)
vurğulamışlar ki, belə konfranslar elmi biliklərin təkmilləşməsində
və yeni təcrübə mübadiləsinin
aparılmasında müstəsna rol oynayır.
İyulun 30-dək davam edəcək elmi forumda
fotosintez prosesinin bütün istiqamətləri, o cümlədən
hidrogenin alınması və süni fotosintez kimi problemlər
barədə geniş müzakirələr aparılacaq,
konfransın materialları beynəlxalq "Biochimica et
Biophysica Acta (Bioenergetics)" və "Journal of Hydrogen
Energy" jurnallarının xüsusi
buraxılışlarında dərc olunacaqdır.
Azərbaycan.- 2011.- 26 iyul.- S. 4.