Milli Məclisdə
görüş
Azərbaycanda səfərdə olan Polşa
Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 25-də
Milli Məclisə gəlmişdir.
Parlamentin binası önündə ali qonağı
Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi
şəxslər qarşıladılar.
Polşa dövlətinin başçısı əvvəlcə
Milli Məclisin iclas salonuna baxdı, parlamentin
binasındakı Heydər Əliyev Xatirə zalı ilə
tanış oldu.
Sonra Prezident Bronislav Komorovski ilə Milli Məclisin Sədri
Oqtay Əsədovun görüşü keçirildi.
O.Əsədov bildirdi ki, Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra iki ölkə arasında geniş əlaqələr
qurulmuşdur. Dövlət başçılarının
müxtəlif dövrlərdə səfərləri
zamanı imzalanmış sənədlər
qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə
xidmət etmiş, əlaqələrin inkişafı dinamik
xarakter almışdır. Cənubi Qafqazda həyata
keçirilən qlobal layihələrin fəal
iştirakçısı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinə
mühüm töhfələr verir. Təkcə neft-qaz sahəsində
deyil, qeyri-neft sektorunda da əməkdaşlığı dərinləşdirmək
üçün geniş imkanlar vardır.
Parlamentlərarası
əlaqələrin inkişafının əhəmiyyətindən
danışan Milli Məclisin Sədri hər
iki ölkənin qanunverici
orqanında dostluq qruplarının
olmasını müsbət dəyərləndirmiş,
onların fəaliyyətinin daha da canlandırılmasının səmərəli
əməkdaşlığın aparılmasına müsbət
təsir göstərəcəyini söyləmişdir. O bildirdi ki, Avropa
İttifaqının Tvinninq layihəsi
çərçivəsində Milli Məclislə
Polşa Seymi
arasında əməkdaşlıq qurulmuşdur.
Biz nüfuzlu beynəlxalq
təşkilatlar çərçivəsində də əməkdaşlıq
edirik.
Dağlıq Qarabağ
problemindən bəhs edən O.Əsədov dedi
ki, bu münaqişə
regionun siyasi və iqtisadi inkişafına, Avratlantik
məkana inteqrasiya proseslərinə ciddi maneələr yaradır. Biz problemin
beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
ədalətli həllinin tərəfdarıyıq.
İnanırıq ki, beynəlxalq birliyin, o cümlədən
Polşanın dəstəyi sayəsində bu
problem tezliklə aradan
qalxacaqdır.
Prezident Bronislav Komorovski Azərbaycanın
müstəqillik dövründə əldə etdiyi nailiyyətləri çox
yüksək dəyərləndirdi. O dedi
ki, Azərbaycanın belə sürətlə
inkişaf etməsi düşünülmüş
iqtisadi siyasətin məntiqi nəticəsidir.
Ali qonaq Bakı ilə
Varşava arasında münasibətlərin
dərinləşməsinin günün tələbi
olduğunu vurğuladı.
Prezident bildirdi ki, Polşa
təkcə energetika sahəsində deyil, qeyri-neft sektorunda da Azərbaycanla əməkdaşlığın
dərinləşməsində maraqlıdır. O, 20 il Polşa qanunverici
orqanının deputatı olduğunu
xatırlatdı, parlamentlərin dövlətlərarası
münasibətlərin inkişafında xüsusi
rol oynadığını bildirdi.
Görüşdə
qarşılıqlı əlaqələrin inkişaf
perspektivləri, regional münaqişələrin
həlli yolları, parlamentlərarası əməkdaşlığın
inkişafı və digər məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.- 26 iyul.- S. 4.