AzərTAc ilə Polşa Xəbər Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da Polşa Xəbər Agentliyinin (PAP) İdarə heyətinin sədri Yerji Pasiorkovski ilə görüş olmuşdur.

Görüşdə AzərTAc ilə PAP arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

AzərTAc-ın baş direktoru Aslan Aslanov bildirmişdir ki, agentliklər arasında əməkdaşlıq haqqında sənədin imzalanması, qarşılıqlı əlaqələrin genişlənməsi, heç şübhəsiz, Polşa-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə layiqli töhfə verəcəkdir.

A.Aslanov demişdir ki, Azərbaycan və Polşanın milli informasiya agentlikləri Avropa Xəbər Agentlikləri Alyansı çərçivəsində fəal əməkdaşlıq edirlər.

Agentliklər arasında əməkdaşlığın indiki səviyyəsindən razı qaldığını bildirən Yerji Pasiorkovski vurğulamışdır ki, qarşılıqlı əlaqələri möhkəmləndirmək üçün böyük potensial vardır.

Polşa agentliyinin başçısı əməkdaşlıq imkanlarını genişləndirmək və təcrübə mübadiləsi aparmaq məqsədilə AzərTAc-ın nümayəndə heyətini Varşavada qəbul etməyə hazır olduğunu bildirmişdir.

Görüşdə agentliklər arasında informasiyajurnalist mübadiləsi məsələlərinə də toxunulmuşdur.

 

 

Azərbaycan.- 2011.- 26 iyul.- S. 4