"Azərbaycan
mətbuat tarixi antologiyası"
kitabının ikinci cildi
çapdan çıxmışdır
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi
Fondunun vəsaiti hesabına "Azərbaycan mətbuat tarixi
antologiyası" kitabının ikinci cildi "Elm və təhsil"
nəşriyyatında çapdan
çıxmışdır.
Azərbaycan mətbuatının 135 illiyinə həsr
edilmiş antologiya Prezident İlham Əliyevin bu sözləri
ilə başlayır: "Söz azadlığı,
demokratiyanın inkişafı, hüquqi dövlətin
qurulması Azərbaycanda çox vacib olan məsələlərdir.
Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox
böyük və uğurlu yol keçmişdir".
Kitabın redaksiya heyətinə Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov, Mətbuat
Şurasının sədri Əflatun Amaşov və Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinə Dövlət Dəstəyi Fondunun
icraçı direktoru Vüqar Səfərli daxildirlər.
Bakı Dövlət Universitetinin müəllimləri
Şamil Vəliyev və Nəsiman Yaqublunun nəşrə
hazırladıqları bu kitabda Azərbaycan mətbuatı və
jurnalistikasının inkişafı tarixini və onun elmi-nəzəri
prinsiplərini əks etdirən materiallar
toplanmışdır. Azərbaycanın ictimai-mədəni həyatı,
sosial-siyasi təkamülü, demokratikləşmə, söz
azadlığı, vətəndaş cəmiyyəti və
müstəqil dövlət quruculuğu uğrunda mübarizədə
əsaslı rol oynayan "dördüncü hakimiyyətin",
mətbuat və jurnalistikanın təşəkkülü və
inkişafını işıqlandıran antologiya media
işçiləri, tədqiqatçı alimlər,
ümumilikdə geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur.
Nəfis tərtibatlı 440 səhifəlik "Azərbaycan
mətbuat tarixi antologiyası" kitabının ikinci cildi
ali məktəblərin ictimai və humanitar fakültələrinin
tələbələrinə, kitabxanalara pulsuz veriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.- 26 iyul.- S. 7.