Polşa Prezidenti Bronislav Komorovskinin
Azərbaycana rəsmi səfəri
Azərbaycan-Polşa biznes forumu
Xəbər verdiyimiz kimi, iyulun 25-də Bakı Biznes Mərkəzində
Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa
Prezidenti Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa
biznes forumu keçirilmişdir.
Dövlətimizin başçısı Polşa
Prezidenti Bronislav Komorovskini qarşıladı.
Kənd təsərrüfatı
və qida sənayesi, maliyyə, sənaye,
bankçılıq, sığorta və digər sahələrdə
fəaliyyət göstərən hər iki ölkə
sahibkarlarının iştirak etdiyi biznes forumunun keçirilməsindən
məqsəd Azərbaycan və Polşanın iş
adamları arasında müxtəlif sahələrdə əməkdaşlığı
inkişaf etdirmək, respublikaların iqtisadi potensialından
yararlanaraq ticarət dövriyyəsinin səviyyəsini
artırmaqdır.
Dövlət başçıları forumda
çıxış etdilər.
Azərbaycan Prezidenti İlham
Əliyevin çıxışı
- Hörmətli
cənab Prezident, hörmətli qonaqlar, xanımlar və cənablar!
Sizin hamınızı ürəkdən salamlayıram. Bu gün
Polşa Prezidentinin Azərbaycana rəsmi səfəri
günüdür. Deyə bilərəm
ki, səfər çox uğurla keçir və bu gün səhər
apardığımız danışıqlar və etdiyimiz
qarşılıqlı təkliflər, əminəm ki, gələcəkdə
Polşa-Azərbaycan əlaqələrinin uzunmüddətli
inkişaf strategiyasını müəyyən edəcəkdir.
Bizim əlaqələrimiz çox gözəl tarixə
malikdir və çoxşaxəlidir. Əlbəttə ki,
bu gün biz eyni zamanda iqtisadi sahədə əlaqələr
haqqında geniş fikir mübadiləsi apardıq. Hesab edirəm ki, iqtisadi sahədə, biznes sahəsində
qarşılıqlı əməkdaşlıq
üçün çox gözəl perspektivlər
vardır. Əlbəttə ki, biznes dairələri
ilk növbədə siyasi cəhətdən məqbul olan
ölkələrə üz tuturlar. Azərbaycan
biznesmenləri də bu mövqedən yanaşırlar və
siyasi əlaqələrimiz yüksək səviyyədə
olduğu halda, əlbəttə ki, biznes dairələrinin də
əməkdaşlığı uğurlu ola
bilər. Biz çox maraqlıyıq ki, həm
dövlət, həm də özəl biznes strukturları
bir-biri ilə əlaqədə olsunlar. Bu
gün keçirilən biznes forumunun əsas məqsədi
bundan ibarətdir ki, bir-birimizi daha da yaxından
tanımalıyıq, imkanlarımızı bilməliyik,
araşdırmalıyıq. Əlbəttə,
ciddi təhlil aparılmalıdır və mən əminəm
ki, bunun nəticəsində konkret biznes layihələri də
üzə çıxacaqdır. Bu layihələrin
icrası nəticəsində həm iqtisadi əlaqələrimiz
möhkəmlənəcək, həm də
bütövlükdə bu təşəbbüslərin bizim əlaqələrimizə
də çox böyük xeyri olacaqdır.
Biz çox istərdik ki, Polşa şirkətləri Azərbaycanda
daha da geniş təmsil olunsunlar. Bunu etmək
üçün imkanlar var və mənə verilən məlumata
görə, bu gün artıq burada müxtəlif layihələrin
təqdimatı keçirilmiş, Azərbaycan və
Polşanın iqtisadi göstəriciləri ifadə
edilmişdir. Beləliklə, hesab edirəm ki, mövcud
vəziyyət biznes forumunda iştirak edən iş
adamları üçün daha da aydın olubdur. Azərbaycanda biznes mühitinin
yaxşılaşdırılması istiqamətində
çox mühüm addımlar atılmışdır.
İqtisadi sahədə liberallaşma siyasəti
aparılır, Azərbaycanda biznes strukturları güclənir.
Həm böyük şirkətlər, həm də
kiçik və orta həcmli şirkətlər öz fəaliyyətlərini
gücləndirir. Özəl sektorun Azərbaycanın
ümumi daxili məhsulundakı payı 80 faizə
çatıbdır. Nəzərə alsaq ki, cəmi
iyirmi il bundan əvvəl Azərbaycanda
özəl sektor faktik olaraq mövcud deyildi, hesab edirəm, bu,
çox gözəl göstəricidir. Yəni
qısa müddət ərzində həm siyasi və eyni
zamanda iqtisadi islahatlar nəticəsində Azərbaycanda
liberal iqtisadiyyat tam formalaşıb, bazar iqtisadiyyatı
prinsipləri tam qüvvəyə minibdir. Bu, bizə
öz iqtisadi imkanlarımızı əhəmiyyətli dərəcədə
artırmağa imkan verdi.
Əlbəttə ki, müstəqilliyimizin ilk illərində
iqtisadi inkişafın təkanvericisi neft-qaz sektoru olmuşdur. Bu da təbiidir
və indi də belədir. Amma eyni zamanda, biz enerji sahəsində
apardığımız təşəbbüslər nəticəsində
qeyri-neft sektorunun inkişafına da nail ola
bilmişik və bu gün Azərbaycan iqtisadiyyatı artıq
çoxşaxəlidir. Məhz buna görə iki-üç
il bundan əvvəl dünyada neftin qiymətləri
kəskin şəkildə aşağı düşəndə
biz böyük çətinliklərlə üzləşməmişdik.
Hətta o illərdə ki dünyada neftin qiyməti
4-5 dəfə aşağı düşmüşdü, Azərbaycan
iqtisadiyyatı 8-9 faiz artmışdı. Nəyin
hesabına, - məhz qeyri-neft sektorunun inkişafı
hesabına. Bu, bizim siyasətimizdir və gələcək
illərdə çalışacağıq ki, qeyri-neft
sektorunun inkişafına daha da güclü təkan verək.
Deyə bilərəm ki, bunu etmək
üçün dövlət proqramları həlledici rol
oynayır. 2004-cü ildən bu günə
qədər artıq ikinci dövlət proqramı icra edilir.
Eyni zamanda, xarici investorların Azərbaycana olan marağı
və qoyulan investisiyalar da az rol oynamır.
Xüsusilə 90-cı illərin ortalarında
iqtisadi inkişafımızın təmin edilməsi
üçün həlledici rolu xarici sərmayələr
oynamışdır.
Biz bu gün də xarici sərmayələrin cəlb
edilməsinə çalışırıq. Azərbaycan
birbaşa xarici sərmayələrin həcminə görə
MDB məkanında ənənəvi olaraq birinci
sıralardadır. Təkcə keçən il ölkə iqtisadiyyatına 16 milyard dollardan
çox vəsait qoyulmuşdur. Onun əksəriyyəti
daxili sərmayələrdir, ancaq xarici sərmayələr də
mühüm yer tutur. Xarici sərmayələr
Azərbaycanda lazımi səviyyədə qorunur, o cümlədən
qanunvericilik bunu təmin edir. Bu gün biz
xarici sərmayələri eyni zamanda qeyri-neft sektorunda da
görürük. Azərbaycanda kənd təsərrüfatının
inkişafında xarici sərmayələr rol oynayır,
turizmin inkişafında onların rolu kifayət qədər
böyükdür. Deyə bilərəm ki,
bütövlükdə Azərbaycanda turizmin inkişafı
prioritet məsələlərdən biridir. Təkcə
bu il Bakıda 6 beşulduzlu hotelin
açılışı nəzərdə tutulur və bu,
özlüyündə bir göstəricidir.
Biz, əlbəttə ki, Polşa şirkətlərini
investorlar kimi görmək istərdik. Eyni zamanda, Azərbaycanda
müxtəlif mənbələr, o cümlədən dövlət
vəsaiti hesabına reallaşan böyük infrastruktur layihələrinin
icrasında Polşa şirkətləri fəal iştirak edə
bilər. Əminəm ki, bu gün bu barədə
də danışıldı.
Eyni zamanda, artıq Azərbaycan şirkətləri də
xarici bazarlara çıxır. Bizim dövlətimizin
siyasəti də bundan ibarətdir. Biz
özəl sektorun inkişafına diqqət verməklə,
çalışırıq ki, özəl qurumlar xarici
bazarlara da çıxsın. Azərbaycanın
dövlət şirkətləri də xarici bazarlara
böyük həcmdə investisiya qoyulmasına
başlamışdır və bu investisiyalar artıq
milyardlarla dollar səviyyəsindədir.
Azərbaycanın enerji resurslarının işlənilməsi
nəticəsində əldə edilən gəlirlər də
ədalətli şəkildə bölünür və bu gəlirlər
ölkə iqtisadiyyatının inkişafına xidmət
göstərir. Eyni zamanda, indi Azərbaycan Dövlət
Neft Fondu da xarici bazarlara investisiya qoyulması ilə məşğuldur
və mən hesab edirəm ki, bu imkanlar da nəzərdən
keçirilməlidir.
Əlbəttə, prezidentlər kimi biz
bütövlükdə özəl qurumlara ancaq tövsiyə
verə və öz fəaliyyətimizlə elə şərait
yarada bilərik ki, qarşılıqlı biznes maraqları
daha da artsın. Biz bunu etməyə
çalışırıq. Ümid edirəm
ki, bu biznes forumunun nəticələri yaxın vaxtlarda
özünü göstərəcək və Polşa-Azərbaycan
iqtisadi əlaqələri də sürətlə inkişaf
edəcəkdir.
Qeyd etdiyim kimi, Azərbaycanda biz qeyri-neft sektorunun
inkişafına xüsusi əhəmiyyət veririk. Azərbaycanda
kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya
texnologiyaları sürətlə inkişaf edir.
Hazırda Azərbaycanda İnternet istifadəçilərinin
sayı 50 faizə çatmışdır, gələn il biz birinci telekommunikasiya peykini orbitə
buraxacağıq. Digər sahələrdə də
böyük planlarımız var.
Ancaq eyni zamanda enerji sektoru da bizim üçün ənənəvi
olaraq həmişə çox vacibdir və Polşa-Azərbaycan
əlaqələrinin inkişafında neft-qaz sahəsindəki
əməkdaşlıq mühüm yer tutur. Biz bu gün
bu barədə də geniş fikir mübadiləsi apardıq.
Əminəm ki, bizim şirkətlərimiz
yaxın vaxtlarda bu sahədə yeni təşəbbüslər
irəli sürəcəklər.
Azərbaycanın zəngin neft və qaz yataqları
vardır, bunlar Azərbaycan xalqına xidmət edir. Eyni zamanda, bu
resursların, bu sahədə layihələrin regional əməkdaşlığın
dərinləşməsi üçün də böyük əhəmiyyəti
var. Azərbaycan enerji siyasəti baxımından çox
etibarlı tərəfdaşdır. Avropa
İttifaqı ilə bu istiqamətdə əməkdaşlıq
formatımız var və bu ilin yanvarında Avropa
İttifaqı ilə Azərbaycan arasında "Cənub qaz
dəhlizi haqqında" bəyannamə
imzalanmışdır. Bizim qaz ehtiyatlarımızın
hazırda təsdiq edilmiş səviyyəsi 2,2 trilyon
kubmetrdir və bu imkan verir ki, bundan sonra ən azı 100 il ərzində
Azərbaycan özünü və qonşu ölkələri,
Avropa ölkələrini təbii qazla lazımi səviyyədə
təmin edə bilər. Əlbəttə ki, bu
sahədə də biz əməkdaşlığın dərinləşməsinə
çalışırıq. Müəyyən
nəticələr var və əminəm ki, biznes qurumları
da bu işlərə fəal şəkildə qoşulacaqlar.
Bir daha demək istəyirəm ki, biz Polşa-Azərbaycan
əlaqələrinin inkişafına çox böyük əhəmiyyət
veririk və özəl sektorun bu əlaqələrin
inkişafında xüsusi rolu var. Mən bir daha əminliyimi
ifadə etmək istəyirəm ki, bugünkü biznes forumu
yaxın vaxtlarda gözəl nəticələrə gətirib
çıxaracaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.
Polşa Prezidenti Bronislav Komorovskinin
çıxışı
- Hörmətli
xanımlar və cənablar!
Bizi qəbul edən tərəfə, xüsusən də
Prezident İlham Əliyevə burada birgə
çıxış etmək imkanı yaratdığına
görə təşəkkürümü bildirmək istəyirəm. Gördüyünüz
kimi, burada, sizin qarşınızda iki prezident - Polşa və
Azərbaycan prezidentləri çıxış edir. Siz biznes dairələrinin nümayəndələrisiniz
və biz sizin qarşınızda çıxış edirik.
Bu, əslində, yeni zəmanənin bir işarəsidir.
Son illər ərzində Azərbaycan və Polşa eyni
yolları keçmişdir və bütün səylərimizi
göstəririk ki, əldə olunmuş azadlıqdan
lazımi şəkildə istifadə edək. Biz
görürük ki, bu gün Azərbaycanda lazımi səviyyədə
fəaliyyət aparılır və bu, əsasən biznes
inkişafının perspektivlərinə yönəlibdir.
Biz, əslində, Avropa İttifaqında yeganə ölkəyik
ki, 20 il ərzində böhrandan heç
bir əziyyət çəkməmişik, bizim ölkədə
resessiya müşahidə olunmayıbdır. Bizim
bütün göstəricilərimiz yalnız və yalnız
yüksələn xətlə artıbdır. Əgər siz bizim iqtisadi göstəricilərə
nəzər salsanız, görərsiniz ki, onlar Avropa
İttifaqının digər ölkələrindən
müsbət mənada fərqlənir. Əslində,
bu iqtisadi nailiyyətləri bir də ona görə qeyd edirik
ki, bu gün Polşa həm də Avropa İttifaqında sədrlik
edən ölkədir. Bu onu göstərir
ki, bizim ardıcıl addımlarımız bütün
xalqların rifahına xidmət edir.
Mən çox şadam ki, Azərbaycan ilə Polşa
arasında olan əlaqələr lazımi şəkildə
inkişaf edir.
Biz tez-tez siyasi səviyyədə, ən
yüksək səviyyədə görüşlər
keçiririk. Görürük ki, daha
çox imkanlar var ki, biz fəaliyyətimizin yeni sahələrini
müəyyən edək.
Cənab Prezident! Siz burada bildirdiniz ki, enerji sektoru hələ də çox mühüm rol oynayır. Bu onu göstərir ki, biz növbəti, digər əməkdaşlıq vektorlarını araşdırmalıyıq, müəyyən etməliyik və bunlar əsasən Polşa biznesinin Azərbaycanda və Azərbaycan biznesinin Polşada inkişafına xidmət etməlidir. Eyni bir sahədən kənara çıxmayan ölkələrdə bəzi problemlər yaranır. Ona görə də çalışmalıyıq o sahələrdə fəaliyyət göstərək ki, onlar yeni olsun, biz yeni istiqamətlərə çıxaq, yeni üfüqlər, yeni imkanlar açaq. Bu baxımdan Polşa nümayəndə heyətində bütün biznesə yardım təşkilatlarının təmsilçiləri vardır. Burada özəl sektorların nümayəndələri, işəgötürənlər federasiyasının nümayəndələri əyləşibdir. Bunlar çox cəsarətli, irəliyə çox böyük addımlar atan şəxslərdir və bilirlər ki, çox zəhmət çəkib böyük imkanlar, maliyyə vəsaitləri əldə ediblərsə, bunları itirmək istəmirlər. Əslində, bunu inkişaf etdirmək istəyirlər. Əgər biz bu gün gələcəkdən danışırıqsa, kiçik və orta sahibkarlığa xüsusi diqqət yetirməliyik.
Beləliklə, bu təmsilçilərin bugünkü tədbirdə iştirakını təmin etməklə biz demək istəyirik ki, kiçik və orta biznes sahəsində böyük bir fəaliyyət görünsün, bu, Polşa və Azərbaycan arasında baş versin. Bu gün biz tamamilə yeni imkanlar əldə etmiş oluruq və bütün bunlar, əslində, böyük bir sıçrayışın, irəliyə doğru addımın bir rəmzidir.
Azərbaycan iqtisadiyyatı irəliyə doğru böyük bir addım atmışdır. Bu, nəinki enerji sektoruna aiddir, həm də biz bilirik ki, Azərbaycanda yeni sahələrdə yeni imkanlar yaradılır. Hesab edirik ki, bu, əslində, Azərbaycan ilə Polşa arasında olan gözəl münasibətlərin daha da güclənməsinə xidmət edir. Biz istəyirik ki, nəinki Azərbaycan ilə Polşa arasında əməkdaşlıq, həm də Avropa İttifaqı ilə Azərbaycan arasında işbirliyi daha da artsın. Bütün bunlar məhz yeni biznes təmaslarına, işgüzar dairələrin bir-biri ilə əlaqə saxlamasına əsaslanacaqdır. Təbii ki, bu, bizim əməkdaşlığımızın yeni bir mənbəsi olacaqdır. Əslində, bizi əlaqələrimizin daha yeni sahələri gözləyir.
Bəlkə də burada çox
az sayda insanlar bilir ki, Azərbaycan xam nefti artıq Çexiya
Respublikasının ərazisindəki bizim, Polşanın emal
zavodlarına daxil olur. İldə
bir milyon ton neft emal edilir, bu proses Polşa kapitalına məxsus
olan müəssisələrdə baş verir. Biz
çalışırıq ki, Azərbaycanın xam nefti daha
çox həcmdə daxil olsun.
Bu, əməkdaşlığımızın bir hissəsidir, amma biz istəyirik ki, digər sahələrdə də işbirliyi qurulsun. Mən bilirəm ki, bu gün, sabah siz söhbətlərinizi, müzakirələrinizi aparacaqsınız. Bəzi Polşa şirkətləri var ki, onlar artıq Azərbaycanda fəaliyyət göstərir. Təbii ki, burada qəti qərarı mən qəbul etmirəm, işgüzar dairələr qəbul edirlər. Lakin mən öz tərəfimdən bəyan etmək istəyirəm ki, biz Polşa ilə Azərbaycan arasında nəinki iqtisadi təmaslarımızı, həm də siyasi təmaslarımızı daha da gücləndirməliyik ki, işgüzar dairələrin işini daha da asanlaşdıraq.
Aviaşirkətin nümayəndəsini burada görürəm, - bir ildən sonra Bakıya uçuşlar başlayacaqdır. Polşa nazirliyinin məlumatına görə, Varşava ilə Bakı arasında uçuşlar artıq baş tuta bilər. Nə qədər tez olsa, bir o qədər yaxşı olar. Çünki belə olan halda biz bu təmasların, işgüzar münasibətlərin məhz Polşa və Azərbaycan arasında əlaqələrin daha da güclənməsinə yönəldiyini nümayiş etdiririk. Əslində bu, Polşa və Azərbaycan iş adamlarının əldə etdiyi nəticələrdir.
Diqqətinizə görə çox sağ olun.
***
Biznes forumu başa çatdıqdan sonra Dənizkənarı milli parkda gəzintiyə çıxan Prezident İlham Əliyev və Prezident Bronislav Komorovski burada bir qrup polşalı tələbə ilə görüşdülər. Dövlət başçılarına məlumat verildi ki, bu ilin yanvar-may aylarında Gənclər və İdman Nazirliyi Azərbaycanın xaricdəki səfirlikləri ilə birgə əcnəbi tələbələr arasında "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda esse-yazı müsabiqəsi keçirmişdir. Bu müsabiqədə Polşa da daxil olmaqla 9 ölkədən tələbələr iştirak etmişlər. Müsabiqənin əsas mövzuları ümummilli lider Heydər Əliyev, Dağlıq Qarabağ münaqişəsinin reallıqları, Azərbaycanın iqtisadi inkişafı, dili, milli adətləri, mədəniyyəti, beynəlxalq siyasətdəki rolu və digər istiqamətlər olmuşdur. Təmsilçiləri müsabiqədə iştirak edən ölkələrdə yaradılmış münsiflər heyətləri 75 qalibi müəyyən etmişdir. Onlar 40-dan çox universitet, akademiya, lisey və kollecin tələbələridir. Polşadan olan 11 qalib isə artıq Bakıdadır və onlar şəhərin görməli yerləri, muzeyləri, tarixi abidələrlə yaxından tanış olur, insanlarla ünsiyyət qururlar. Polşalı tələbələr bu günlərdə Lahıcda, Qəbələ və Şəki rayonlarında, Naxçıvan MR-də olmuşlar.
Tələbələr dövlət başçıları ilə xatirə şəkli çəkdirdilər.
Dənizkənarı milli parkda gəzinti zamanı Polşanın dövlət başçısına son illər Bakıda həyata keçirilən yenidənqurma və abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, Avropada ən böyük dənizkənarı bulvarlardan biri olan bu ərazidə bir neçə il öncə başlanmış yenidənqurma işləri buranın simasını tamamilə dəyişibdir. Yenidənqurma işləri zamanı milli üslubla beynəlxalq təcrübə peşəkarlıqla uzlaşdırılıbdır. Hazırda öz gözəlliyi ilə diqqəti çəkən Bakı bulvarı Azərbaycan paytaxtına xüsusi yaraşıq verir, paytaxt sakinlərinin, eləcə də xaricdən gələn qonaqların ən maraqlı istirahət yerinə çevrilibdir. 100 ildən çox yaşı olan Dənizkənarı milli parkın genişləndirilməsi ilə bağlı işlər davam etdirilir. Ümumiyyətlə, son illər Bakıda park və bağların yenidən qurulmasına xüsusi diqqət yetirilir. Təbii ki, şəhərin abadlaşdırılması ilə yanaşı, əsas məqsəd insanların istirahəti üçün rahat şərait yaratmaqdır.
AzərTAc
Azərbaycan.- 2011.-27 iyul.- S. 1, 2.