Azərbaycan
sürətlə inkişaf edən ölkədir
İyulun 26-da Milli Məclisin Sədri Oqtay Əsədov Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Mühafizəkarlar Partiyasından olan Azərbaycanın Dostlar Qrupunun sədr müavini Kristofer Pinçerin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür. Qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən Milli Məclisin Sədri son dövrlərdə istər İcmalar, istərsə də Lordlar Palatasının təmsilçilərinin ölkəmizə səfərlərinin intensivləşdiyini və bunun müsbət hal olduğunu vurğuladı. Qeyd etdi ki, bu səfərlər qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfələr verir. Oqtay Əsədov Kristofer Pinçerin rəhbərlik etdiyi nümayəndə heyətinin səfərinin ikitərəfli əlaqələrin inkişafına, o cümlədən Azərbaycanla Britaniya arasında müxtəlif sahələrin, xüsusən də iqtisadi sferada əməkdaşlığın genişlənməsində özünəməxsus rol oynayacağına əminliyini söylədi.
Görüş üçün təşəkkürünü bildirən Kristofer Pinçer Azərbaycana ikinci dəfə səfərə gəldiyini diqqətə çatdırdı: "Birinci səfərim kifayət qədər uğurlu alındı və bu səfərimin də belə olacağına heç bir şübhə yoxdur". Qonaq ölkəmizdə gedən tərəqqi prosesindən də söz açdı və bildirdi ki, Azərbaycan sürətlə inkişaf edir: "Mən sizin Milli Məclisin binası ilə tanış olanda da bunu gördüm. Bu, çox gözəl, yaraşıqlı, müasir binadır. Mən deyərdim ki, Azərbaycanda gedən dinamik inkişafın göstəricilərindən biri də elə Milli Məclisin binasıdır. Qeyd edim ki, bizim parlament binası ilə müqayisədə sizin Milli Məclisin binası daha gözəl və müasirdir".
Daha sonra Kristofer Pinçer Azərbaycan və Britaniya münasibətlərinin inkişafı, bu prosesdə iki ölkənin parlamentinin oynadığı rol barədə maraqlandı. Milli Məclisin Sədri Oqtay Əsədov ikitərəfli münasibətlərin davamlı olaraq inkişaf etdiyini söylədi. Bildirdi ki, qarşılıqlı əlaqələrin dərinləşməsinə Azərbaycan və Britaniya parlamentləri özünəməxsus töhfələr verirlər.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2011.-27 iyul.- S. 3.