İspaniya Azərbaycanla əlaqələrin
inkişafında maraqlıdır
İyulun 26-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İspaniya Krallığının Deputatlar Konqresinin xarici əlaqələr komitəsinin sədri Xosep Antonio Duran ilə görüşmüşdür.
Görüşdə Ziyafət Əsgərov Milli Məclisin fəaliyyəti, tərkibi barədə qonaqlara ətraflı məlumat vermişdir. Demişdir ki, parlamentdə 125 deputat var. Deputatlar 11 komitədə qanunvericilik fəaliyyəti ilə məşğul olurlar. Milli Məclisdə 70-dən çox dostluq qrupu fəaliyyət göstərir. Bu qruplar parlamentlərarası əlaqələrin inkişafında mühüm rol oynayırlar.
Ziyafət Əsgərov qeyd etdi ki, Azərbaycanla İspaniya arasında ikitərəfli əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Ölkələrimizin münasibətləri ildən-ilə yaxşılaşır. Azərbaycanla İspaniya bir neçə önəmli sənəd imzalamışdır. Eləcə də daha 8 sənəd imzlanmaq üçün hazırlanır. İspaniyalı deputatların ölkəmizə səfəri ikitərəfli əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcəkdir. Ziyafət Əsgərov əmin olduğunu bildirdi ki, bu səfər uğurlu olacaq və münasibətlərimiz yeni müstəvidə yüksələn xətlə inkişaf edəcəkdir.
İspaniya Krallığının Deputatlar Konqresinin xarici əlaqələr komitəsinin sədri Xosep Antonio Duran demişdir ki, səfərin əsas məqsədi münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün geniş fikir mübadiləsi aparmaqdır. İspaniya Azərbaycanla humanitar, siyasət, iqtisadiyyat və digər sahələrdə əlaqələrin uğurla davam etdirilməsində maraqlıdır. Qonaq yaxın vaxtlarda Bakıda İspan səfirliyinin açılacağına ümidvar olduğunu bildirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Ziyafət Əsgərov bildirmişdir ki, bu problemin həll olunmaması bölgədə sülh və əminamanlığın təminatına ciddi əngəl yaradır. Torpaqlarımızın işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, ATƏT, Avropa Şurasının qərarlarını xatırladan Ziyafət Əsgərov Ermənistanın təcəvüzkar siyasətdən hələ də əl çəkmədiyini diqqətə çatdırdı.
Görüşdə İspaniya-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdirilməsindən, qarşılıqlı tərəfdaşlığın gələcək perspektivlərindən danışıldı.
* * *
Həmin gün Milli Məclisdə İspaniya Krallığının Deputatlar Konqresinin xarici əlaqələr komitəsinin sədri Xosep Antonio Duranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə də görüşmüşdür.
Qonaqları salamlayan işçi qrupun rəhbəri Fəzail Ağamalı demişdir ki, Milli Məclisdə fəaliyyət göstərən dostluq qrupları parlamentlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Milli Məclisdə İspaniya ilə əlaqələr üzrə də işçi qrupu fəaliyyət göstərir. Qarşı tərəfdə də belə bir qrupun yaradılması məqsədəuyğun olardı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Fəzail Ağamalı demişdir ki, problemin öz ədalətli həllini tapmaması təkcə regionun deyil, eləcə də Avropa ölkələrinin təhlükəsizliyinə təhdiddir. Ona görə də, ispaniyalı həmkarlarımız da bu məsələyə münasibət bildirməlidirlər.
Xosep Antoni Duran dövlətlər arasında əlaqələrin genişlənməsində parlamentlərin rolunu xüsusi qeyd etmişdir. Bildirmişdir ki, ölkəsinə qayıtdıqdan sonra Konqresdə parlamentlərarası dostluq qrupunun yaradılması məsələsini gündəmə gətirəcəkdir.
Görüşdə iki ölkə arasında elm,
təhsil, mədəniyyət, iqtisadiyyat
və ticarət sahələrində əməkdaşlığın
inkişaf perspektivləri, deputatların
qarşılıqlı səfərlərinin vacibliyi,
qanunvericilik sahəsində təcrübənin
öyrənilməsi və digər məsələlər ətrafında
fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2011.- 27 iyul.- S. 4.