Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

 

İyulun 26-da İspaniya Krallığı Deputatlar Konqresinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşmüşdür. Qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən komitənin üzvü Asim Mollazadə Azərbaycanın qədim dövlətçilik tarixindən danışdı, Şərq dünyasında ilk dəfə demokratik parlamentin ölkəmizdə yaradıldığını, qadınlara seçki hüququnun əksər Qərb dövlətləri ilə müqayisədə daha öncə verildiyini qeyd etdi: "Müstəqilliyini bərpa etdikdən sonra Avrtlantik strukturlara inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə çox böyük nailiyyətlər əldə olunmuşdur. Zəngin təbii ehtiyatlara malik olan Azərbaycan sürətlə inkişaf etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlamışdır. Qlobal maliyyə böhranı dövründə ölkə iqtisadiyyatı öz inkişaf tempini saxlamış, böhranın zirvə nöqtəsinə çatdığı 2009-cu il ərzində ÜDM 9,3 faiz artmışdır".

Asim Mollazadə Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə qonaqlara ətraflı məlumat verdi, torpaqlarımızın bir hissəsinin işğalı nəticəsində yüz minlərlə insanın doğma yurd-yuvalarından didərgin düşməsini əsl humanitar fəlakət adlandırdı. Komitənin üzvü Qənirə Paşayeva erməni terrorçularının artıq uşaqları əsas hədəfə almasından narahatlığını ifadə etdi: "Təkcə cari il ərzində iki uşaq erməni terrorunun qurbanı olmuşdur". Komitə üzvləri daha sonra Azərbaycan parlamentinin fəaliyyəti, demokratik institutların formalaşması, inkişafı, qadınların ictimai-siyasi həyatdakı rolu barədə qonaqlara ətraflı məlumat verdilər.

Görüş üçün təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, İspaniya Krallığının Deputatlar Konqresi Xarici əlaqələr komitəsinin sədri Xosep Antonio Duran dedi ki, ölkəsi dövlətlərarası əlaqələrin inkişafında maraqlıdır: "Düşünürük ki, bu işdə parlamentlər də mühüm rol oynayırlar. Səfərlərin əsas məqsədi də bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır". Xosep Antonio Duran qeyd etdi: "Terrora heç nə ilə bəraət qazandırmaq mümkün deyildir. Biz terrorun bütün növlərini pisləyirik".

Qonaq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirdi. İspaniyanın bu səhədə də ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu vurğuladı.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi apardılar.

 

 

Azərbaycan.- 2011.- 27 iyul.- S.  4.