Neft, qaz, yoxsa informasiya
texnologiyaları?
1994-cü
ildə ulu öndər Heydər Əliyevin inanılmaz səyləri
nəticəsində Bakı şəhərində 8 ölkəni
təmsil edən 13 aparıcı neft şirkətinin
iştirakı ilə "Əsrin müqaviləsi"
imzalandı. Beləliklə, müstəqil Azərbaycan
dövlətinin tarixində yeni era başlandı. Vətəndaş müharibəsindən xilas
olmuş Azərbaycan dünyanın bir çox aparıcı
ölkələrinin diqqət mərkəzinə
çevrildi. Heydər Əliyevin yeni neft
strategiyası Azərbaycana sürətli inkişaf gətirdi
və çox keçmədən ölkəmiz regionun
aparıcı dövlətinə çevrildi.
Neft sektoru ilə bərabər, Azərbaycanda qeyri-neft
sahələri də inkişaf etdi, yeni infrastrukturlar quruldu və
bu yeni yaradılan infrastrukturlar arasında informasiya və
kommunikasiya texnologiyaları xüsusi yer tutdu.
Bu
günlərdə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev qeyd etdi ki, 2011-ci ilin altı
ayında ümumi daxili məhsul cəmi 0,9 faiz artsa da,
qeyri-neft sektorunda artım 7,2 faiz təşkil etmişdir. Dünyada iqtisadi böhranın olmasına baxmayaraq,
Azərbaycan yenə yüksək sürətlə inkişaf
edir. Bunun kökündə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
düşünülmüş, müasir siyasəti durur.
Azərbaycanın gələcəyi ancaq neft və qaz
sektorunun inkişafı ilə bağlıdırmı? Ekspertlərin
hesablamalarına görə Xəzər dənizinin enerji
ehtiyatları bu gün 3 trln. ABŞ
dolları təşkil edir. Rəqəmin
fantastikliyinə baxmayaraq, bu gün dünya fərqli bir
ölçüdə yaşayır. İnkişafa
güclü təsir göstərən, müasir iqtisadi siyasətin
əsasını təşkil edən informasiya-kommunikasiya
texnologiyaları yer üzündə aparıcı qüvvəyə
çevrilir.
2010-cu ildə
dünya üzrə İKT xərcləri 3,5
trln. ABŞ dolları təşkil etmişdir və
2011-ci ildə bu rəqəm 4 trilyonu keçəcək.
Bu gün dünyanın hər bir inkişaf etmiş
ölkəsində informasiya-kommunikasiya texnologiyalarının
yüksək səviyyədə olması müşahidə
edilir. Təsadüfi deyil ki, 2000-ci ildə
Davos Forumunda XXI əsrin əsas şüarı
"İqtisadiyyat və informatika" qəbul olundu.
Dünyanın inkişafını bu gün İKT-siz təsəvvür
etmək mümkün deyil. İKT ölkələrin
iqtisadiyyatının inkişafına səbəb oldu,
dünyanın qloballaşmasında xüsusi rol oynayaraq mədəniyyətlərin
qovuşmasına təkan verdi. İKT-nin
inkişafı elmi araşdırmaları sürətləndirdi
və bir çox elmi sahələrdə inqilabi dəyişikliklər
əldə etməyə imkan verdi. XX əsrin ən önəmli elmi nəticələrindən
biri olan insan genomunun (oxunmasında) açıqlanmasında məhz
İKT-nin mühüm rolu oldu.
Dünya Bankının məlumatına əsasən hər
ölkənin inkişafında üç faktor önəmli
rol oynayır.
Təbii sərvətlər, sənaye və
insan kapitalı. Dünyanın ən
inkişaf etmiş ölkələrində insan kapitalı
inkişafın 76 faizini, təbii sərvətlər isə 5
faizini təşkil edir. Ona görə də
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
"Neft faktorunu insan kapitalına çevirək" tezisini
irəli sürərək və İKT sahəsini Azərbaycanda
neft sektorundan sonra ikinci prioritet sahə elan etdi.
Bu gün insan kapitalı dedikdə ilk növbətə
cəmiyyətin inkişafına xüsusi təsir göstərən
informasiya texnologiyaları nəzərdə tutulur. Əgər XX
əsrin əvvəlində ölkənin qüdrəti əsasən
onun təbii sərvətləri ilə
ölçülürdürsə, bu gün meyar dəyişib.
Dövlətlərin gücü və qüdrəti
təbii sərvətlərlə yanaşı, İKT
sektorunun səviyyəsi ilə ölçülür.
Yaponiya, Sinqapur, Finlandiya, Hollandiya və digərləri təbii
sərvətlər baxımından heç də zəngin
ölkələr deyil. Amma İKT sektorunun
inkişafı nəticəsində bu ölkələrdə
yaşayış səviyyəsi olduqca yüksəkdir. İKT sektorunun xüsusiyyətlərindən biri də
ondan ibarətdir ki, dünyada baş verən iqtisadi böhran
nəinki bu sahəyə təsir göstərmədi, hətta
böhrana baxmayaraq, bu sahə bu gün də
inkişafdadır.
Asiya ölkələrində iqtisadiyyatın dirçəlişi
İKT-nin inkişafı nəticəsində mümkün
oldu. Vaxtı
ilə yoxsul həyat tərzi sürən ölkələr -
Çin, Sinqapur, İndoneziya, Malayziya, Finlandiya yüksək
yaşayış səviyyəsinə İKT hesabına nail
oldular. 2010-cu ildə dünya üzrə İKT
xərcləri 8 faiz artaraq 3.5 trln. ABŞ
dollarını keçdi və 2011-ci ildə bu rəqəmin
4 trilyonu aşması gözlənilir. Artıq
İKT sektorunun xərcləri ənənəvi zəngin olan
"Maliyyə və Bank" (3 trln.) və Neft
sektorlarını (2 trln.) üstələmişdir.
Bu sahədə Azərbaycanda sürətli inkişaf
gedir. Son illər Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən
10-dan çox beynəlxalq forum təşkil olunmuşdur.
Bu forumlarda dünyanın aparıcı ölkələrinin
(ABŞ, Fransa, Almaniya və s.) İKT sahəsində
tanınmış şirkətləri iştirak etmişdir.
Forumlarda aparıcı şirkətlər tərəfindən
ölkəmizə olan maraq Azərbaycanda bu sahədə olan
inkişafı və aparılan işlərin dünya səviyyəsində
olmasını təsdiq edir.
İKT sahəsində dünyanın lideri
ABŞ-dır.
Bu ölkə ildə İKT sahəsinə 200
mlrd. dollar xərcləyir. ABŞ-dan sonrakı yerdə Yaponiya və Çin
durur. Bu ölkələrin hər biri
İKT sahəsinə ildə 180 mlrd. ABŞ
dolları xərcləyirlər. İKT istehsalına
görə 2010-cu ildə Çinin ÜDM 5,5
trilyonu keçdi və bu göstəriciyə görə
Çin Yaponiyanı ötərək dünyada ikinci oldu.
(Birinci ABŞ-dır, 14 trln.).
Əgər
on il bundan öncə dünyada mövcud
olan şirkətlərin 30 faizi İKT sahəsində fəaliyyət
göstərirdisə, indi şirkətlərin yarısından
çoxu bu sahədə fəaliyyət göstərir və
həmin rəqəm getdikcə artmaqdadır. Ekspertlərin
qənaətinə görə, İKT həcmi hər 5 ildə
iki dəfə artacaq, gələcəkdə dünyanın
ÜDM-nin 90 faizini təşkil edəcəkdir.
İKT sahəsində dünyada olan istehsalın 67 faizi
Asiya ölkələlərinin payına düşür. Bu istiqamətdə
ən yüksək templə Cənubi Koreya və Çin
inkişaf edir. ABŞ və Yaponiya
dünyada istehsal olunan İKT-nin 13 faizini verir. Tək Çin Asiyada olan İKT istehsalının
yarısını və dünya üzrə 1/3 faizini verir.
2009-cu ildə Çin İKT istehsalı nəticəsində
350 mlrd. ABŞ dolları məbləğində
gəlir əldə etmişdir.
Azərbaycanda
2010-cu ildə İKT sektorundan əldə edilən gəlirlərin
artımı 2009-cu illə müqayisədə 32,1 faiz təşkil etmişdir. 2010-cu ildə bu
gəlirlər 1230,2 mln. manat
təşkil etmiş və 2005-ci illə müqayisədə
artım 5 dəfə olmuşdur. Xüsusi qeyd
etmək lazımdır ki, burada özəl sektorun payı 80
faiz təşkil etmişdir. 2011-ci ilin
birinci yarısında İKT sektorundan əldə olunan gəlirlərin
həcmi ötən ilə nisbətən 15 faiz
artmışdır, bu isə ümumdünya orta göstəricisindən
təxminən 2 dəfə çoxdur. Azərbaycan
inkişafda olan ölkə sayılsa da, bəzi göstəricilərə
görə inkişaf etmiş ölkələrlə eyni səviyyədə
durur, hətta bir çoxunu geridə qoyur.
MDB ölkələri arasında Azərbaycanda ilk dəfə
olaraq sabit telefon şəbəkəsi tam
elektronlaşdırılmış, yəni rəqəmləşdirilmişdir. Belə hallar
inkişaf etmiş ölkələrə məxsusdur. Bu o deməkdir ki, indi Azərbaycanın istənilən
yaşayış məntəqəsində yüksək
sürətli internetə çıxış imkanı var.
Bu gün Azərbaycanda hər 100 nəfərə təxminən
105 mobil telefon düşür. Bu isə
ümumdünya orta göstəricisindən təxminən 30
faiz yüksəkdir və inkişaf etmiş ölkələr
səviyyəsindədir. Son altı ayda
mobil telefon xidmətlərinin qiyməti 30 faiz, rouminq xidmətlərinin
qiyməti isə istiqamətlər üzrə 20-50 faiz
azalmışdır. İndi ölkəmizdə
mobil telefon xidmətlərinin qiymətləri təxminən
Şərqi Avropa səviyyəsindədir.
Ümumdünya İqtisadi Forum Azərbaycanda İnternet
istifadəçilərinin sayını 2010-cu ilin sonuna əhalinin
50 faizi civarında qiymətləndirmişdir. 2011-ci ilin
birinci yarısında bu rəqəm daha da artmış və
təkcə genişzolaqlı internet istifadəçilərinin
sayı əhalinin təxminən 30 faizinə
yaxınlaşmışdır. Bu isə ümumdünya
orta göstəricisindən təxminən 2,5
dəfə yüksəkdir.
Vacib məsələlərdən biri vətəndaşların
elektron xidmətlərə çıxış
imkanlarının genişləndirilməsi üçün
internetin, xüsusilə genişzolaqlı internetin sürətli
inkişafının təmin olunmasıdır. İnternetin
sürətli inkişafının təmin edilməsini nəzərdə
tutan Azərbaycanda genişzolaqlı xidmətlərin
inkişafı üzrə "Strategiya"
hazırlanmışdır. Bir çox
beynəlxalq təşkilatların hesabatlarında göstərilir
ki, Azərbaycanda İKT-nin inkişaf dinamikası son 5-7 ildə
birinci onluq ölkələr sırasındadır.
Radio və televiziya yayımı infrastrukturunun
inkişafında 6 aylıq əsas nəticə ölkədə
yerüstü rəqəmli televiziya proqramlarının
yayım texnologiyasının tətbiqidir.
Bu texnologiya Beynəlxalq Telekommunikasiya
İttifaqının yeni standartıdır və bütün
dünya üzrə bu yayım texnologiyasına keçid
2015-ci ilin sonuna kimi başa çatmalıdır. İnkişaf
etmiş ölkələrdə bu texnologiyaya keçidin
2012-ci ilin sonunda, Azərbaycanda isə 2013-cü ilin birinci
yarısında başa çatdırılması nəzərdə
tutulur.
Bakı-Abşeron, Şimal və Cənub bölgələrində
12 efir kanalının rəqəmli yayımı sınaq
dövrünü keçir. Burada özəl
sektorun nümayəndələri nazirlik və Milli Teleradio
Şurası ilə birgə işlər aparırlar. Özəl sektor televiziya və radio yayım sistemində
çox aktivdir və təxminən 10 şirkət peyk, kabel,
İP-TV və digər texnologiyalarla ödənişli
yayım xidmətləri göstərirlər.
Əgər
2005-ci ildə hər 100 nəfərə 2,3
faiz kompyuter istifadəçisi düşürdüsə, bu
rəqəm 2010-cu ildə 15 faiz təşkil etmişdir.
Hazırda ölkədə 1,5 milyon
kompyuter istifadəçisi var və əhalinin hər iki nəfərdən
biri internet istifadəçisidir. Belə istifadəçilərin
sayı 2010-cu ildə 2005-ci illə müqayisədə 14 dəfə
artmışdır. Azərbaycan neft və
qaz ölkəsi olmaqla bərabər, yüksək
infrastrukturlu İKT ölkəsinə çevrilir. 2023-cü ilə İKT sektorundan əldə olunan gəlir
neft və qaz sektorundan gələn gəlirə yaxın olacaqdır.
Amma bu, neft və qaz hasilatının azalması
ilə bağlı deyil, məhz İKT sekotorunun sürətli
inkişafı nəticəsində baş verəcəkdir.
Azərbaycan
əhali baxımından kiçik ölkə olsa da (9,2 mln. nəfər), 2012-ci ildə belə
ölkələr arasında öz peykinə malik yeganə
ölkə sayılacaq. Bu peykin
resurslarının 50 faizindən çoxunun xarici ölkələrə
satışının ilkin şərtləri artıq
razılaşdırılmışdır. Dövlət Proqramına uyğun olaraq Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi digər təşkilatlarla
birlikdə ikinci telekommunikasiya peykinin hazırlanması, Yer səthinin
monitorinqi və öyrənilməsi üçün
alçaqorbitli izləyici peyklərin hazırlanması istiqamətində
araşdırma işlərini davam etdirir.
Bu gün qarşıda duran əsas məsələlərdən
biri ölkəmizin İKT ixrac potensialının gücləndirilməsi
və Azərbaycan şirkətlərinin xarici bazarlarda fəaliyyətinin
aktivləşdirilməsidir. Belə aktivləşmə
həm İKT sektorunun inkişafına və eyni zamanda ölkənin
gəlirlərinin artmasına gətirir. Ümumiyyətlə,
son illərdə Azərbaycanda İKT sektorundan əldə
edilən gəlirlər artım tempinə görə orta
dünya tempi ilə müqayisədə 2,5-3
dəfə çoxdur və bu rəqəm getdikcə
artmaqdadır.
Yuxarıda sadalanan uğurların kökündə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
düşünülmüş, elmi əsaslara arxalanan
müasir siyasəti durur. Bu siyasətdə
İKT sektoruna xüsusi diqqət ayrılır və
Prezidentin ideya və təklifləri Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən
uğurla həyata keçirilir. Nazirliyin əldə
etdiyi uğurlar üç prinsipə əsaslanır. Elmi kadrlardan istifadə edərək fundamental elmi
araşdırmaların aparılması, elmi nəticələrin
modellər üzərində yoxlanılması, nəticələrin
praktiki sahələrdə geniş tətbiq olunması. Bu prinsipləri həyata keçirmək
üçün nazirlik lazımi elmi potensialdan istifadə
edir.
Nazirliyin nəzdində beynəlxalq aləmdə yüksək
elmi nüfuza malik Yüksək Texnologiyalar Araşdırma Mərkəzi
fəaliyyət göstərir. Bu yaxınlarda həmin
Mərkəz ABŞ-da Azərbaycan-Amerika İKT Forumu çərçivəsində
dünya universitetləri arasında yüksək reytinqi olan
Los-Ancelesdə yerləşən Cənubi Kaliforniya Universiteti
(University of Southern California, USC) ilə əməkdaşlıq
protokolu imzalamışdır. Bu protokolun
imzalanması Azərbaycanda İKT sahəsində yüksək
səviyyəli araşdırmaların aparılmasını təsdiq
edir. Belə əlaqələr həm elm,
həm də təhsil sahəsində geniş istifadə
olunmalıdır.
Qeyd etmək lazımdır ki, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi təhsil məsələlərinə
də xüsusi diqqət yetirir. Azərbaycan
Respublikası Prezidentinin sərəncamına uyğun olaraq
nazirlik gənclərimizin dünyanın aparıcı elm və
təhsil mərkəzlərində təhsil almasına
yardımçı olur və burada informasiya-kommunikasiya
texnologiyaları sahəsi nazirliyin prioritet sahələri
sırasındadır. Hazırda nazirliyin dəstəyi
ilə 150-dən çox gəncimiz dünyanın
aparıcı universitetlərində İKT sahəsində təhsil
alır. Bu, Azərbaycanın gələcəyinə
yönəldilmiş siyasətdir.
XXI əsrdə intellektual (əqli) mülkiyyət və
xüsusilə informasiya texnologiyaları cəmiyyətin əsas
inkişaf alətlərinə çevrilmişdir. ABŞ, Kanada,
Sinqapur, Finlandiya, Hollandiya, Yaponiya dünyanın ən
inkişaf etmiş ölkələridir və bu ölkələrdə
informasiya texnologiyalarının yüksək səviyyədə
istehsalı və istifadəsi müşahidə olunur.
Dünyanın Karlos Slim Elu (Meksika), Bil Geyts, Larri Ellison
(ABŞ) və digər zəngin insanları məhz informasiya
texnologiyaları ilə sıx bağlıdırlar.
Əgər biz ölkəmizi inkişaf etmiş, zəngin və qüdrətli ölkələr sırasında görmək istəyiriksə, intellektual mülkiyyətə və xüsusən informasiya texnologiyalarına önəm verib, bu sahələrin inkişafına nail olmalıyıq. Çünki dünyanın gələcəyi bu sahələrin inkişafı ilə bağlıdır.
Neft və qaz, yoxsa informasiya texnologiyaları Azərbaycanın gələcəyidir? Heydər Əliyev dəyərləri üzərində qurulmuş müstəqil Azərbaycan dövləti artıq öz seçimini etmişdir. Vaxtilə həyata keçirilməsi mümkün olmayan əfsanə adlandırılan, bu gün isə gerçəkliyə çevrilən Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri artıq qurulmuşdur. Digər neft və qaz kəmərləri isə qurulmaqdadır. Azərbaycanın neft və qazı bu kəmərlərlə dünya bazarlarına çatdırılır və çatdırılacaqdır. Azərbaycanın inkişafı və gələcəyi enerji daşıyıcıları kimi informasiya texnologiyaları ilə də sıx bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda neft sektorundan sonra ikinci prioritet sahə kimi informasiya-kommunikasiya texnologiyalarını elan edib. Heydər Əliyev dəyərlərinə və siyasətinə yeni nəfəs gətirən, elmi əsaslara arxalanan Prezident İlham Əliyevin müasir siyasəti Azərbaycanı uğurla gələcəyə aparır və bu siyasətin ayrılmaz hissəsi informasiya-kommunikasiya texnologiyalarının inkişafıdır.
A.HACIYEV,
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü
Azərbaycan.- 2011.- 27 iyul.- S. 5.