İlhan Aküzüm: "Türkiyə 80 milyon Azərbaycan sevdalısının vətənidir"

 

Türkiyənin ilk və hələlik sonuncu azərbaycanlı naziri ilə tanışlığımızın tarixi çox da böyük deyil. Elə o vaxt - iki-üç il əvvəl, İstanbulda da diqqətimi çəkən ətrafındakıların xüsusi rəğbətlə - sayın bakanım - deyə müraciət etdiyi İlhan bəyin son dərəcə sadəliyi, təvazökarlığı, kübar davranışı oldu. Azərbaycanın böyük dostu, əski millət vəkili və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım onu - İlhan Aküzüm gəncəli balasıdır, Sarı Ələkbərin nəvəsi, mənim əqrəbamdır, - deyə təqdim etmişdi.

Qəzetimizin Gəncəbasar müxbiri, qədim Nizami yurdunun tədqiqatçılarından biri Əhməd müəllim vaxtilə yazılarımın birində adı keçən Sarı Ələkbəri Azərbaycanda ilk müstəqil dövlətin qurulmasında əməyi olan adamlardan biri kimi tanıtmışdı. Bu ailə sonralar sovetlərin repressiya siyasətinin qurbanlarından biri olmuş, kəşməkəşli sürgün taleyi yaşayaraq sırası hələ də seyrəlməmiş qeyrətli insanların köməyi sayəsində qaçıb Türkiyəyə pənah aparmışdı.

Dünya azərbaycanlılarının III qurultayında iştirak edən İlhan bəylə söhbətə qurultay təəssüratlarından öncə bu ailənin şəcərəsi ilə bağlı nə az-nə çox, düz 90 ilin o tayında qalaraq şərəfli bir nəslin tərcümeyi halına çevrilən xatirələrdən eşidib-bildiklərini söyləməsini xahiş edirəm. Və elə bəri başdan qeyd edim ki, ömrünün altıncı onilliyini geridə buraxmış, Türkiyə boyda bir ölkənin siyasi mübarizə burulğanlarında və idarəetmə işlərində bişib püxtələşmiş bu adam hər dəfə alovu sovulub közün ümidinə qalmış ocaq misallı xatirələrini tərpətdikcə qəhərini boğmağı bacarsa da, gözlərində gilələnən damlalar xiffətini "xaincəsinə" ələ verirdi.

İlhan Aküzüm 1947-ci ildə Qarsda anadan olmuş, ilk təhsilini Ankara Bozqurd ibtidai məktəbində almış, Türk Təhsil Dərnəyi Ankara kollecində davam etdirmişdir. 1973-cü ildə Ankara İqtisadi və Ticari Elmlər Akademiyasının xarici ticarət və turizm bölümünü bitirmişdir. Əsgərlik xidmətini başa vurduqdan sonra bir müddət TPAO və Türk Standartları İnstitutunda çalışmışdır.

Ana Vətən Partiyasından XYII, XYIII və XXI dönəm Qars millət vəkili, XX dönəm Ankara millət vəkili seçilmişdir. Turqut Özal və İldırım Akbulutun baş nazirliyində Türkiyənin turizm naziri, Məsud Yılmazın kabinetində İdman və gənclər məsələləri üzrə dövlət naziri olmuşdur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 iyul 2011-ci il sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə İlhan Aküzüm "Tərəqqi" medalı ilə təltif edilmişdir.

 

Yazın əvvəlində,

Gəncə çölündə...

 

- Özüm Qars doğumluyam. Nəslimiz kökəncə türk, əsil-kökümüzün ana qolu Gəncədəndir. Azərbaycanda ilk demokratik dövlət süquta uğrayandan sonra qırılanımız qırıldı, tutulanımız tutuldu, başı əlində olanlar da qaçıb Türkiyəyə sığındı.

Anam Gəncəli Sarı İmamqulu oğlu Ələkbərin qızıdır. Bir qədər irəli gedərək deyim ki, atamın babası İsgəndər bəy o vaxt Qarsda yaşaya-yaşaya İstanbuldakı osmanlı türkləri ilə gizli əlaqələr qururdu. Qars isə, bildiyiniz kimi, həmin dönəmdə rusların idarəçiliyində idi. İsgəndər bəyi həbs edib Qazaxıstana sürgün edirlər. Sarı Ələkbərin adamları o vaxt Gəncədə qatarı saxlayıb İsgəndər bəyi qaçırırlar. O vaxtkı Gəncə general-qubernatoru və Azərbaycanın səhiyyə naziri Xudadat bəydən bir sənəd alıb tam bir il qonaq saxlayırlar.

Gəncədəki Xəlfəli məhəlləsinin adlı-sanlı nəsillərindən olan Sarı Ələkbər ötən əsrin əvvəllərində Azərbaycanda azadlıq ideyalarının ilk qaranquşlarından sayılan "Difai" milli təşkilatının üzvü olmuş, sonralar Gəncə Milli Komitəsinin rəhbərliyində təmsil olunmaqla onun zərbə dəstələrindən birinə başçılıq etmişdir. İmkanlı adam olan Sarı Ələkbər yerlilərinin yaddaşında həm də bir xeyriyyəçi, el-obasının xeyrinə-şərinə yarayan səxavətli, comərd adam kimi qalıb.

Müstəqil Azərbaycan Sarı Ələkbərin arzusu, məqsədi idi. Amma kommunistlər Gəncə üsyanını boğandan sonra ciddi təqib olunan Sarı Ələkbər üç övladından yalnız birini - on yaşlı İsmayılı götürməyə macal taparaq, Gürcüstan vasitəsilə Türkiyəyə keçməyə müvəffəq olur. Bolşevik hökuməti onun ailəsinə rəhm etmədi; arvadı Cəvahir xanımı, oğlu Qulu və qızı Brilyantı Qazaxıstana sürgünə göndərdi.

- O vaxtlar anamın nənəsi, yəni Sarı Ələkbərin anası - mən gəlinimi və nəvələrimi qürbət yerə tək buraxa bilmərəm - deyib, onlara qoşulur və doğma torpağından min kilometrlərlə uzaqda - Aral sahillərində də vəfat edir.

Qulu dayımın səkkiz yaşı olanda xeyirxah adamların köməyi sayəsində anam və nənəmlə birlikdə sürgündən qaçıb min bir əziyyətlə Gəncəyə yetişirlər. Burada bir vaxtlar onların evində xidmətçilik etmiş adamların yanında, kənddə yaşamış, hətta başqa adla məktəbə getmişlər. Günlərin birində dərs vaxtı müəllim demişdir ki, aramızda xainlərin övladı var, Sarı Ələkbərin uşaqları burdadır. Görünür, kimlərsə məsələdən hali olubmuş. Onları dərhal məktəbdən qovurlar. Onların suçu nə idi? Vətənpərvər, millətçi, ölkəsini azad və müstəqil görmək istəyən bir insanın övladı olmalarımı?!

Günlərin birində birisi gəlib nənəmə deyir ki, mən Sarı Ələkbərdən xəbər gətirmişəm, o sizi gözləyir, qaçırmaq üçün fürsət arayır. Nənəm öncə inanmır. Bunun onları yaxalayıb yenidən sürgünə göndərmək fitnəsi olduğunu düşünür. Lakin sonradan bu xəbərin təsbiti gəlir və Naxçıvan üzərindən qaçmaq planı hazırlanıb həyata keçirilir. İqdırda onları qarşılayıb, bir evə gətirirlər və orada illərin ayrılığına son qoyulur.

Atam Qarsın çox önəmli ailələrindən birinin nümayəndəsi idi, 30 yaşında millət vəkili seçilmişdi. Amma Sarı Ələkbərin qızı olduğuna görə həmişə masanın başında anamı otuzdurardı. Bayramlarda hamı anamın əlini öpüb xeyir-duasını alardı. Hələ uşaqkən, sonralar isə ağlım kəsəndən gördüyüm, müşahidə etdiyim ailəmizdəki nəhayətsiz, ülvi bir Azərbaycan sevgisi olub. Nəinki qəlbimiz, gözümüz, sözümüz, evimiz də bu sevgi ilə dolu idi. Bacım Türkan, Gül, indi Türkiyənin çox nüfuzlu bir elm adamı olan qardaşım professor Turan və mənim üçün bu sevgi bir qədər əflatuni olsa, vətən söhbətləri böyüklərin söylədikləri və bizim də xüsusi maraqla dinlədiyimiz xatirələrdən o tərəfə adlamasa da, görünür irsi, genetik xarakter daşıya bildiyi üçün tarixi vətən sevgisi hisslərimizə həmişəlik hakim kəsilmişdir. Yaxşı yadımdadır, atam hardansa, hansı yollasa Türkiyədə də böyük coşqu ilə sevilən Rəşid Behbudovun bir valını əldə etmişdi. Ona yüzmü deyim, beş yüzmü deyim, bəlkə min dəfə qulaq asmışdıq. O ecazkar səs hər dəfə - Yazın əvvəlində, Gəncə çölündə, Çıxıbdı yenə də dizə lalələr - oxuyanda anam dolmuş gözlərini o taya dikib sanki uşaqkən ayrıldığı həmin yerlərə bir də qayıdaraq - Bizim Gəncəmizdən oxuyur - deyərdi.

Sarı Ələkbərin ailəsi öz qabiliyyət və fərasəti sayəsində Türkiyədə böyük nüfuz qazanmışdı. Qarsda tanınmış iş adamı olan Sarı Ələkbər 1956-cı ildə vəfat edir. Onun nəsli Sarıyal soyadını götürərək onu Türkiyənin məşhur soyadlarından birinə çevirir.

 

Demokratik Azərbaycandan müstəqil Azərbaycana

 

Gözlərini Xəzərin yüngül gilavarın hər nəfəsindən cilvələndikcə gah gümüşü, gah da zümrüd rəng alan ləpələrindən çəkməyən İlhan bəy deyir:

- Qarsda Aküzüm deyilən bir yer var. Azərbaycandan qaçanlar gəlib oraya sığınmışdılar. Soyadımızı da oradan götürmüşük. Yeddi arxa-dönənimizi tanıyırıq. Atam ötən əsrin 50-ci illərində millət vəkili olmuşdur. Savadlı hüquqşünas, tanınmış vəkil idi. El içində böyük nüfuzu olduğu üçün hardasa bir 20-25 il Qarsdan millət vəkili seçildi. O vaxtlar Türkiyədə ilk Azərbaycan mədəniyyəti dərnəyini yaradıb rəhbərlik etmişdir. O vəfat etdikdən sonra dərnəyə rəhbərliyi növbə ilə əmilərim davam etdirmişlər. Çünki bu işi heç vəchlə sönməyə qoymaq olmazdı. Əmilərimin hər biri Türkiyənin bir önəmli vəzifəsində çalışırdı; biri Konya şəkər fabrikinin, birisi Kırıkkale maşınqayırma zavodunun direktoru idi, digəri çox nüfuzlu vəkil idi. Ancaq həmin dərnək 90-cı ilə qədər Türkiyədə Azərbaycanla ilgili yeganə dərnək olaraq qaldı. 1991-ci ildə Azərbaycanın müstəqilliyini böyük sevinclə qarşıladıq. Əgər həmin günədək dərnəyimizin fəaliyyətinin hədəfi Azərbaycanın müstəqilliyini əldə etməsi idisə, indən belə bütün qayğılarımız bu müstəqilliyin möhkəmlənməsi ilə bağlı idi. Yadımdadır, 1985, ya 86-cı ildə Azərbaycanla bağlı bir tədbir təşkil etmişdik. O vaxtkı Baş nazir Turqut Özal məni aradı. O vaxt mən millət vəkili idim və partiyanın rəhbər heyətində təmsil olunurdum. Soruşdu ki, nə ilə məşğulsan? Dedim, hər il düzənlədiyimiz tədbirdəyəm. Dedi ki, qarşılayın, gəlirəm və sizə bir sürprizim də var. Gəldi. Yanında məşhur Naim Süleymanoğlu vardı, çoxlu televizyonçu vardı. Əlamətdar idi ki, məhz Azərbaycanla bağlı bir mərasimdə bütün dünyaya Naim Süleymanovun Türkiyəyə qayıtdığını bəyan etdilər.

1983-cü ildə ANAP-ın üzvü olaraq millət vəkili seçildim. O vaxtadək uzun müddət atam millət vəkili idi. O, vəfat etdikdən sonra əmilərim məsləhət gördülər ki, bu fəaliyyəti mən davam etdirim. Özal da məni istədi. Çox gənc idim, 36 yaşım vardı. Həmin dövrdə ANAP təkbaşına iqtidar qurmuşdu. Elə ilk qurultayda məni partiyanın rəhbər heyətinə daxil etdilər. Kabinet formalaşanda turizm naziri vəzifəsini də mənə tapşırdılar. Rəhmətlik Özal mənim xətrimi çox istəyirdi və bütövlükdə Azərbaycana böyük sevgisi olan insan idi. Həmişə deyərdi ki, bax, görərsən, İlhan, Azərbaycan əvvəl-axır müstəqilliyinə qovuşacaq. Və belə bir gün gəlib yetişdiyi zaman məni ürəkdən təbrik etdi. - Bütün Azərbaycan xalqının gözləri aydın!, - dedi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bəyan edən kimi Baş nazir Özal Nazirlər Kabinetini dərhal topladı, gözləri dolmuş halda bu şad müjdəni verdi və bununla da Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə oldu. Ancaq bəzi əndişələri də vardı. Bu müstəqilliyin də ilk demokratik Azərbaycanın taleyini yaşaya biləcəyindən narahat idi. Doğrudan da, həmin ərəfədə Azərbaycanda çox mürəkkəb olaylar yaşandı. 1993-cü ildə qatıldığımız bir tədbirdəki fasilə zamanı, o vaxt Turqut Özal artıq Prezident idi, cümhurbaşkanımız mənə dedi ki, İlhan, artıq Azərbaycandan yana çox rahatam, oraya elə bir adam gəlir ki, ölkənin müstəqilliyinə təminatı olmasa, bu addımı atmaz. Təbii ki, həmin vaxt Azərbaycandakı hadisələr diqqətimizdə idi və hörmətli Heydər Əliyevin həmin çətin günlərdə Azərbaycanın müstəqilliyinin məsuliyyətini boynuna götürməsi fövqəladə şücaət idi. Həqiqətən də, arzularımız çin oldu və Azərbaycan qısa bir zaman içərisində bugünkü səviyyəsinə gəlib yetişdi.

Bəri başdan deyim ki, hər bir türk vətəndaşının qəlbində bir Azərbaycan sevdası var. Mən bunu uzun müddət millət vəkili, nazir olmuş, Anadolunu qarış-qarış gəzmiş birisi kimi deyirəm.

Sonralar Azərbaycan-Türkiyə əlaqələri iki ölkə arasındakı qardaşlığın, əməkdaşlığın ən gözəl, yaddaqalan nümunələrini qoydu ortaya. Ulu öndər Heydər Əliyev həmin münasibətlərə yeni nəfəs verdi. Bir millət, iki dövlət - fəlsəfəsi ilə dünyaya müstəsna, tarixi və əbədi bir birliyin örnəyini çatdırdı. Payızda Azərbaycanın müstəqilliyinin 20 yaşı tamam olur. Bu tarix həm də ölkələrimiz arasındakı diplomatik münasibətlərin təvəllüd günüdür. Lakin mənəvi bağlantılarımızın gerçək tarixi daha uzaqlara gedir, onların təməli siyasi-diplomatik sənədlərlə deyil, daha möhkəm, keyfiyyətli və əbədi "materialla" xalqlarımızın arzusu və istəyi, genetik qan yaddaşı ilə hörülmüşdür.

Dəvətlisi olduğum Dünya azərbaycanlılarının III qurultayında ölkəmizi təmsil edən nümayəndələrdən biri dedi ki, Türkiyədə yaşayan üç milyon azərbaycanlıdan biridir və bununla fəxr edir. Bəli, azərbaycanlı olmaq ulu öndər Heydər Əliyevin dediyi kimi, hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Ancaq öz çıxışımda həmin fikrə vacib bir məna təshihi verdim. Anadoluda, şimallı-cənublu Azərbaycanda, eləcə də dünyanın dörd bir guşəsində yaşayan azərbaycanlılar da türkdürlər, türk soyludurlar və Azərbaycan üçün taleyüklü önəm daşıyan bütün məsələlərdə 80 milyonluq türkün də hər biri azərbaycanlıdır. Bütün dünyanın bunu bilməsi vacibdir. Bu sevgi Atatürklə başlamışdır və bir kimsənin ona xətər yetirməyə gücü yetməz.

İstisna etmirik ki, bu gün çevrədəki bəzi ölkələr, müəyyən geosiyasi güc mərkəzləri zaman-zaman Türkiyə-Azərbaycan münasibətlərində müəyyən soyuqluq yaratmağa çalışmışlar. Elə Ermənistanla sərhədlərin açılması məsələsində də belə bir aqibət yaşandı. Ancaq Azərbaycanın milli mənafeləri gözlənilmədən belə bir işin baş tuta bilməsi ehtimalı əvvəlcədən sıfıra bərabər idi. O vaxt toplantılardan birində çıxış edərkən dedim ki, ölkənin Prezidenti və Baş nazirlə danışmışam, onlar bu işə müsaidə etməzlər. Onlar edərsə, dövlət etməz. Dövlət edərsə, böyük türk xalqı bu işə yol verməz. Bu, manifestdir, dəyişdirilmə mexanizmi olmayan bir qanundur.

Hörmətli Prezidentimiz İlham Əliyevin də qurultayda vurğuladığı kimi, Azərbaycan barış tərəfdarıdır, bütün münaqişələrin yalnız sivil çözüm yolunu qəbul edir. Fəqət, torpaq məsələsində heç bir güzəştdən söhbət gedə bilməz. Biz Azərbaycan sevdalılarının, yəni tək kökəncə deyil, şüur, qəlb etibarilə də Azərbaycanın yanında, ona bağlı olan dostların, insanların başlıca vəzifəsi bu haqq işində soydaşlarımıza dəstək verməkdir. Bu yolda bütün güc və imkanlarımızı səfərbər etməliyik. Mübarizənin yeni mərhələsinə daha böyük əzm, səy və qətiyyətlə qədəm qoymalıyıq.

Cənab Prezident çıxışında bir narahatlığını da dilə gətirdi, dedi ki, bəzi ölkələrdə səfirliklərlə diaspor arasında anlaşılmazlıqlar yaşanmaqdadır, diaspor təşkilatları arasında əlaqə zəifdir. Bu isə səylərimizi hücum diplomatiyası istiqamətində yönəltməyə mane olur. Xahiş etdi ki, belə hallara son qoyulsun. Çünki biz ölkə daxilində də, xaricdə də bir yerdə olmalıyıq. Birlik olmasa, biz güclü ola bilmərik. Mən də hesab edirəm ki, hər cür umu-küsünü bir yana qoyub bu gün üçün yeganə ümummilli məsələ olan Qarabağ, işğal altında olan torpaqlarımızın taleyi barədə düşünməli və hərəkət etməliyik. Həmişə, hər yerdə demişəm və bir daha qəzetinizin mənə verdiyi imkandan istifadə edərək bəyan edirəm: - Bizlər Azərbaycanın ərazi problemi, haqq işinin dünyaya çatdırılması, lobbi yaradıcılığı məsələləri ilə məşğul olmalıyıq. Azərbaycanın daxili işləri bizim nə haqqımız, nə də həddimizdir. Biz ilk növbədə həddimizi bilməliyik. Hər hansı bir hüququ haqq etmək üçünsə ortaya iş qolmalıyıq. Allahın köməkliyi ilə yaxın zamanda Türkiyədə bütün azərbaycançı qüvvələri bir çətir altında toplayacaq işlər başlayacağıq.

 

"Hər gəlişimdə yeni bir Azərbaycan gördüm"

 

- Azərbaycanın iç işlərindən söz düşmüşkən, bir vacib məqama da toxunmaya bilmərəm. Bəli, bu gün Azərbaycan xalqının inanıb seçdiyi Prezidenti ölkəni məharətlə idarə edir, xalqın güc və dəstəyinə söykənərək ortaya çıxan problemləri müdrikliklə çözür, siyasi və iqtisadi inkişafı tənzimləyir. Bu gün Azərbaycanın kiçik bir Qafqaz ölkəsi miqyaslarından çıxaraq dünyaca tanınmış, qabaqcıl iqtisadiyyatı, böyük mədəniyyət və incəsənəti, çağdaş dəyərləri, beynəlxalq imici olan bir dövlətə çevrildiyini hamı iqrar etməkdədir. Son illər Bakıda keçirilən ən müxtəlif toplantılar da bu ölkənin qüdrət və nüfuzunun, tolerantlığının daha bir əyani nümayişinə çevrilmişdir. Elə Dünya azərbaycanlılarının III qurultayının dəvətliləri sırasından istər Bakıya ilk dəfə təşrif buyurmuş qonaqlar, istərsə də sonuncu qurultaydan sonra bu şəhərə ayağı dəyməmiş soydaşlarımız gördüklərindən heyrət və heyranlıqlarını gizlədə bilmirdilər. Səslənən xoş sözlər bir azərbaycanlı kimi qürurumu oxşayırdı. Bəli, bu gün inkişafın Azərbaycan fenomenindən bəhs etmək mümkündür. Ulu öndər Heydər Əliyev Azərbaycanın insan kapitalından sonra ikinci ən qiymətli neməti olan nefti, qazı insanların rifahının, ölkənin inkişafının xidmətinə qoymağı bacardı. Həmin xətt hörmətli İlham Əliyev tərəfindən böyük yetənəklə, qiymətli çalarlarla davam etdirilir.

Çoxları, bu sırada yerli adamlar da var, bu cür sıçrayışın sürətinə alışa bilmirlər. Paytaxtın, əyalətin, bunu televiziyadan davamlı izləyirik, siması günbəgün dəyişir. Mərhum Turqut Özalın dönəmində Türkiyədə də belə idi. Bu cür yüksək sürətə görə onu qınayanlar da tapılırdı. Amma sonradan ortadakı nəticəyə zamanın fövqündən boylandıqda, bu "tələskənliyin" bəhrəsinə nəzər saldıqda hər şeyi anladılar və şükranlıqlarını ifadə etdilər. Azərbaycanda da belədir. Prezident İlham Əliyev böyük idarəçi, müdrik dövlət xadimi və praqmatik düşüncəli insan kimi məhz indi, bu an zamanın Azərbaycanın xeyrinə işlədiyini görür və bu imkandan ölkəsinin, xalqının, millətinin xeyrinə maksimum yararlanmağa çalışır. Bu gün beynəlxalq aləmdə gücsüz tərəflə hesablaşmırlar, olsa-olsa, anlayış verirlər. Bunun tam əksi olaraq Azərbaycan dünyaya demokratiyasını inkişaf etdirən, Avropanın enerji təhlükəsizliyi siyasətinə töhfəsini verən, bəşər mədəniyyətini zənginləşdirə biləcək kifayət qədər potensialı olan zəngin bir ölkə kimi açılmaqdadır.

Bütün bunlar bizlərin - Azərbaycanı səmimi məhəbbətlə sevən insanların qürurunu oxşayır. Və tam əminliklə söyləyirəm: Azərbaycanın bu günü və sabahı tək Türkiyədəki etnik azərbaycanlıların deyil, 80 milyonluq türkiyəlinin, türk vətəndaşının arzusudur.

 

 

Söhbət etdi:

Xalid NİYAZOV

 

Azərbaycan.- 2011.- 27 iyul.- S. 6.