Turizmin inkişafı prioritet məsələdir
İqtisadi
sahədə keçid dövrünün başa
çatması Azərbaycanın sosial-iqtisadi inkişafı
yolunda yeni, keyfiyyətcə daha yüksək mərhələnin
təməlini qoyub. Ölkəmizdə aparılan uğurlu
islahatlar iqtisadiyyatımızın hərtərəfli və
çoxşaxəli tərəqqisinə, xalqın rifah
halının yüksəldilməsinə, sosial tələbatların
daha dolğun ödənilməsinə münbit şərait
yaratmışdır. Bunun nəticəsidir ki, ölkənin
siyasi və iqtisadi qüdrəti daha da yüksəlib. Azərbaycanda
son 8 il ərzində neft sektoru ilə yanaşı, qeyri-neft
sektorunun da davamlı inkişafı böyük perspektivlərə
yol açmışdır. Həmçinin qeyri-neft sektoruna
daxil olan prioritet sahələrdən biri kimi turizm ölkə
iqtisadiyyatında aparıcı mövqe tutur.
Turizmin
inkişaf etdirilməsi mədəniyyət, idman, səhiyyə
və digər sosial sahələrin gəlirlərinin
artırılmasına geniş imkanlar yaradır. Bu baxımdan
turizmin inkişaf səviyyəsi istənilən dövlətdə
sosial-iqtisadi, qanunvericilik, təhlükəsizlik və s. sahələrdə
dövlət siyasətinin indikatoruna çevrilmişdir.
Ulu öndər
Heydər Əliyev ölkəmizdə turizmin inkişafına
diqqət və qayğı ilə yanaşırdı. Bu sahənin
dünya standartlarının tələbləri səviyyəsinə
yüksəldilməsi üçün mühüm
addımlar atırdı. Təsadüfi deyil ki, "2002-2005-ci
illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın
həyata keçirilməsi nəticəsində ölkədə
turizmin inkişafı üçün münbit şərait
yaradılmış, beynəlxalq turizm bazarına
inteqrasiyanın təmin olunmasının əsası
qoyulmuşdur.
Ölkədə
turizm siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev
bu sahənin inkişafını vacib istiqamətlərdən
biri kimi daim diqqətdə saxlayır. Son illər ölkədə
turizm sahəsində mövcud potensialın beynəlxalq aləmdə
tanınması istiqamətində, habelə turizmin müxtəlif
növlərinin inkişaf etdirilməsində məqsədyönlü
işlər görülmüşdür. Eyni zamanda imzalanan sərəncamlar,
qəbul edilən dövlət proqramları Azərbaycanın
turizm ölkəsinə çevrilməsində mühüm
rol oynayır.
"Azərbaycan
Respublikasında 2007-2016-cı illər üçün
turizmin inkişafına dair Dövlət Proqramı"nın
qəbul edilməsi turizm sahəsində dövlət siyasətinin
həyata keçirilməsi, turizm sərvətlərindən
səmərəli istifadə olunması, turizmin ölkə
iqtisadiyyatının öncül istiqamətlərindən
biri kimi tanınması baxımından mühüm əhəmiyyət
daşıyır. Turizmin ölkə iqtisadiyyatının
aparıcı sahələrindən birinə çevrilməsinə
nail olmaq məqsədilə "Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqında imzalanan sərəncam da bu sahənin
inkişafında yeni, daha məhsuldar mərhələnin
başlanğıcını qoydu. Bu sənəd ölkədə
turizm sektorunun dünya standartlarına uyğun şəkildə
inkişaf etdirilməsinə güclü təkan vermişdir.
Bütün
bu tədbirlərin nəticəsidir ki, 2011-ci il ölkəmizdə
"Turizm ili" elan edilmişdir. "Turizm ili"nin elan
edilməsi gözəl təbiəti, əlverişli coğrafi
mövqeyi, mədəni-tarixi irsi, qonaqpərvərliyi ilə
seçilən ölkəmizin tezliklə dünyanın turizm
mərkəzlərinin birinə çevrilməsinə öz
töhfəsini verəcəkdir. Bununla bağlı Prezident
İlham Əliyev demişdir: "Azərbaycan turizm
üçün çox cəlbedici ölkəyə
çevriləcəkdir. Bizim gözəl təbiətimiz var.
Xəzər dənizimiz, gözəl dağlarımız,
çaylarımız, meşələrimiz böyük sərvətimizdir.
Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına
böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə
2011-ci ilin "Turizm ili" elan olunması ədalətlidir".
Mədəni-tarixi
irs, ləziz mətbəx, yüksək qonaqpərvərlik ənənələri
ölkədə turizmin inkişafı üçün
böyük perspektivlər açır. Azərbaycan Beynəlxalq
Turizm Sərgisinin (AİTF) keçirilməsinin ənənə
halını alması dövlətin turizm sənayesinin
inkişafına böyük əhəmiyyət verməsini
sübut edir. Təsadüfi deyil ki, Azərbaycan Beynəlxalq
turizm sərgisi bütün Xəzəryanı regionun səyahət
sənayesinin əsas hadisəsinə çevrilmişdir.
Bundan başqa, ölkənin turizm potensialının zənginliyindən, imkanlarının genişliyindən bəhs edən materiallar dünyanın bir sıra böyük şəhərlərində - İstanbul, Berlin, Moskva, London, Əl-Küveyt, Kiyev, Tbilisi, Daşkənd və digər şəhərlərdə keçirilən sərgilərdə nümayiş etdirilib. Azərbaycanı turizm ölkəsi kimi dünyada tanıtmaq məqsədilə yeni turizm əmtəə nişanının (loqosunun) və turizm sahəsində olan Azərbaycan brendlərinin reklam-təbliğat, məlumat-sorğu fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir.
Son illər respublikamızda turizm şirkətlərinin və mehmanxanaların sayının artması, turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi Azərbaycanın dünya turizm bazarına inteqrasiyasını daha da sürətləndirmişdir. Turizmin inkişafı sahəsində həyata keçirilən kompleks tədbirlər çərçivəsində qarşıya qoyulan əsas məqsədlər sırasında turizm ehtiyatlarının öyrənilməsi və genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin müasir standartlara uyğunlaşdırılması kimi amillər dayanır.
Qusar rayonunda "Şahdağ" Milli Parkının ərazisində inşa olunan "Şahdağ" qış-yay xizək kompleksi dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq istəyənlər üçün əlverişli şərait yaradır. Bu tipli turizm obyektlərinin inşa edilməsi Azərbaycanın beynəlxalq turizm ölkəsinə çevrilməsinə stimul yaradır. Bu yaxınlarda turizm obyektləri sırasına dünya standartlarına cavab verən "Kempinski Badamdar" otel kompleksi də daxil oldu. Adı çəkilən otel kompleksinin açılışında iştirak edən dövlət başçısı İlham Əliyev paytaxtda, bütün bölgələrdə yeni, gözəl müasir mehmanxanalar, turizm məntəqələrinın açıldığını önə çəkərək bildirmişdir: "Kempinski otelinin Azərbaycanda fəaliyyətə başlaması çox gözəl hadisədir. Çünki bu otellər dünya miqyasında otellər içində mühüm yer tutur. Bakıda Kempinskinin açılışı eyni zamanda, Azərbaycanın inkişafının göstəricisidir... Bir il ərzində bir şəhərdə beşulduzlu altı otelin, özü də ən məşhur otellər şəbəkəsinə mənsub olan otellərin fəaliyyətə başlaması onu göstərir ki, Azərbaycan sürətlə inkişaf edir".
Bu tip komplekslərin inşa edilməsi ölkənin turizm potensialının beynəlxalq aləmdə tanıdılması və turistlərə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması baxımından önəmlidir.
Tural ƏHMƏDOV
Azərbaycan.- 2011.- 27 iyul.- S. 6.