Bakıda "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda konfrans davam edir

 

Bakıda "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda Beynəlxalq elmi konfrans davam edir.

Beynəlxalq konfransın ölkəmizdə keçirilməsi akademik Cəlal Əliyevin fotosintezin tədqiqi üzrə əldə etdiyi böyük uğurlar, fotosintezin kompleks şəkildə araşdırılması və öyrənilməsi sahəsində dünya elminə verdiyi töhfələr ilə bağlıdır.

AzərTAc xəbər verir ki, konfransda Norio Murata (Yaponiya) "Vivo şəraitdə foto inhibirləşmənin mexanizmi", Steven Lonq (ABŞ) "Əkində fotosintezin effektivliliyini yüksəltmək üçün istifadə olunan sistemlərə və sintetik bioloji tədqiq yollarına yenidən baxılması" mövzularında məruzələr etmişlər.

Sonra digər alimlərin çıxışları dinlənilmiş, geniş fikir mübadiləsi olmuşdur.

İyulun 30-da başa çatacaq konfransda fotosintez prosesinin mühüm istiqamətləri üzrə müzakirələr keçiriləcəkdir.

Beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycan, Rusiya, ABŞ, Almaniya, Fransa, Yaponiyadan alim və mütəxəssislər iştirak edirlər.

 

 

Azərbaycan.- 2011.- 27 iyul.- S.  7.