Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri

 

Rəsmi qarşılanma mərasimi

 

 İyulun 27-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verdi.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkiyənin Baş naziri Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

 Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 28 iyul.- S.  1.