Türkiyənin Baş naziri Şəhidlər
xiyabanını ziyarət etmişdir
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iyulun 27-də Şəhidlər xiyabanını ziyarət etmişdir.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Rəcəb Tayyib Ərdoğan və Türkiyənin nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman oğulların məzarlarını ziyarət etdilər.
Türkiyənin Baş naziri "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.
Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək əklil qoydu.
Ali qonaq Xatirə kitabına ürək sözlərini yazdı.
AzərTAc
Azərbaycan.- 2011.- 28 iyul.- S. 2.