İspaniya Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

 

İyulun 27-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İspaniya Krallığının Deputatlar Konqresinin xarici əlaqələr komitəsinin sədri Xosep Antonio Duranın rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.

Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Azərbaycan ilə İspaniya arasında münasibətlərdən danışmışdır. Bildirmişdir ki, 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, ona bitişik 7 rayonun ərazisi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan bu qətnamələrə əməl etmir. Digər beynəlxalq qurumlar bu məsələ ilə bağlı qərarlar qəbul etsə də, qərarlar hələ də icra olunmur.

Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bütün dinlərin nümayəndələri yaşayır. Azərbaycana dost ölkə olan İspaniya respublikamızın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Azərbaycan İspaniya ilə əməkdaşlıqda maraqlıdır. Ölkələrimiz arasında tarixi oxşarlıqlar vardır.

Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyini dəstəklədiyi üçün İspaniya dövlətinə təşəkkürünü bildirmişdir. Baş nazirin müavini qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini vurğulamışdır.

Xosep Antonio Duran BMT-nin münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında qətnamələrinə Ermənistanın əməl etmədiyi barədə məlumatları olduğunu söyləmişdir. İspaniya Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Avropa İttifaqı çərçivəsində problemin həllinə çalışır.

Görüşdə Dağlıq Qarabağ probleminin həlli yolları müzakirə edilmiş, qonaqlara Dağlıq Qarabağ münaqişəsindən bəhs edən disk təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-28 iyul.- S.  3.