Azərbaycanın
daimi nümayəndəliyi BMT-nin baş katibinə məktub
göndərmişdir
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi təşkilatın baş katibi Pan Gi Muna məktub göndərmişdir.
AzərTAc xəbər verir ki, məktubda Ermənistanın təxribatçı əməllərinə və bəyanatlarına qarşı kəskin münasibət bildirilmişdir.
Məktubda deyilir ki, Ermənistan rəhbərliyinin ritorikasının yeganə məqsədi beynəlxalq ictimaiyyəti çaşdırmaq, münaqişənin həlli prosesini ləngitmək və ölkə əhalisinin diqqətini daxili problemlərdən yayındırmaqdır. Məktubda nümunə kimi Ermənistan prezidenti Serj Sarkisyanın iyunun 22-də Avropa Şurası Parlament Assambleyasında, habelə Ukraynaya səfəri zamanı və iyulun 9-da Gənc zabitlərin ilk ordu konfransında səsləndirdiyi bəyanatlar göstərilir. Bildirilir ki, bu bəyanatlarda Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin əsl səbəbləri, gedişi və nəticələri həyasızcasına təhrif olunur.
Məktubda cari ilin iyun ayı ərzində
Ermənistan silahlı qüvvələri tərəfindən
atəşkəsin davamlı pozuntuları haqqında da BMT-nin baş
katibinə məlumat verilir. Bildirilir ki, bu müddət ərzində Ermənistan
silahlı qüvvələri atəşkəsi 55 dəfə
pozmuşlar. Nəticədə Azərbaycanın
bir mülki vətəndaşı
həlak olmuş və bir
əsgəri isə ciddi
yaralanmışdır. Məktubda bir daha xatırladılır ki,
işğal olunmuş
Azərbaycan ərazilərinin boşaldılması
haqqında BMT Təhlükəsizlik Şurasının qəbul
etdiyi dörd qətnaməni
Ermənistan indiyə qədər yerinə yetirmir.
Azərbaycan.- 2011.-28 iyul.- S. 3.