Energetikanın texniki-fiziki problemləri beynəlxalq konfransda müzakirə edilmişdir
Bu günlərdə Şimali Kiprin Lefkoşa şəhərində "Energetikanın texniki-fiziki problemləri" mövzusunda akademik Ç.M.Cuvarlının xatirəsinə həsr olunmuş VII Beynəlxalq konfrans keçirilmişdir. Konfrans barədə məlumat almaq üçün Milli Elmlər Akademiyası Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılova müraciət etdik. O dedi:
"Energetikanın texniki-fiziki problemləri" mövzusunda VII Beynəlxalq konfrans tanınmış alimimiz Çingiz Cuvarlının xatirəsinə həsr olunmuşdu. Alim ötən əsrin ortalarında "Qövs ifrat gərginliyinin nəzəriyyəsi və təcrübi tədqiqi" mövzusunda namizədlik və "Yanıb-sönən yerlə qapanan qövsdən yaranan ifrat gərginliyinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi. Çingiz Cuvarlı vaxtilə Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, müxtəlif vəzifələrdə çalışmış, o cümlədən akademiyanın fizika-texnika və riyaziyyat elmləri bölməsinin akademik katibi işləmişdi. Mürəkkəb elektrik şəbəkələrindəki dalğa proseslərinin ədədi hesablanması metodlarının yaradılması sahəsindəki kompleks işlərinə görə SSRİ Elmlər Akademiyasının Yabloçkov adına mükafatına layiq görülmüşdür. Çingiz Cuvarlı SSRİ-nin fəxri energetiki, Azərbaycanın əməkdar elm xadimi idi".
- Konfransda
hansı ölkələrin nümayəndələri iştirak edirdi?
- Konfransın işində Azərbaycan, Rumıniya, Türkiyə, İspaniya, İran, Rusiya, Ukrayna və digər ölkələrdən nümayəndələr iştirak edirdi. Beynəlxalq tədbirdə ölkəmizi 12 nümayəndə təmsil edirdi. Konfransda azərbaycanlı alimlər 15 məruzə ilə çıxış etmişlər.
- Konfransın plenar iclasında hansı məsələlər
müzakirə olundu?
- Plenar iclasda akademik Arif Həşimov "Müasir energetikanın problemləri" mövzusunda məruzə etdi. O öz çıxışında müasir həyatda elektrik enerjisinin rolu, onun istehsalı və uzaq məsafələrə ötürülməsi, diversifikasiya üsulları, problemlər və perspektivlər barədə söhbət açdı. Müasir dünyamızda elektrik enerjisi əhalinin enerji ilə təminatında əsas yer tutur. Hazırda elektrik enerjisinin istehsalı üçün alternativ üsulların intensiv axtarışları həyata keçirilir. Bunlar Günəş, hidrogen, nüvə energetikası və sairədir.
- Məlumatlara
görə, mötəbər konfransın təşkilat komitəsinə
azərbaycanlı alimlər də daxil olmuşlar.
- Bəli, Azərbaycan Respublikasından beynəlxalq konfransın təşkilat komitəsinin tərkibinə akademik Arif Həşimov (həmsədr), professor Rauf Mehdiyev (elmi katib), habelə professorlar Fikrət İsmayılov, Kamil Qurbanov, Eldar Həsənov və digərləri daxil olmuşlar. Qeyd edim ki, tədbirdə 6 seksiyada 100-ə qədər məruzə dinlənildi və müzakirə olundu.
- Yakın
Doğu Universiteti barədə nə deyə bilərsiniz?
- Şimali Kıprız
Türk Cümhuriyyətinin
Yakın Doğu Universitetində 15 min tələbə,
o cümlədən 120 azərbaycanlı
təhsil alır. Universitetin ərazisi
1000 hektar təşkil
edir. Bu təhsil
ocağında tələbələrin
yüksək səviyyədə
elmə yiyələnməsi
üçün hər
cür şərait yaradılmışdır.
- Növbəti
VIII Beynəlxalq konfrans
harada keçiriləcək?
- Yekun iclasda bir
çox təşkilati
məsələlərlə bərabər 2012-ci ildə
"Energetikanın texniki-fiziki
problemləri" mövzusunda
növbəti VIII Beynəlxalq
konfransın İordaniyada
keçirilməsinə dair
qərar qəbul olundu. Bundan əvvəlki illərdə
isə mötəbər
elmi toplantı Bakıda (2009) və Təbrizdə (2010) təşkil
edilmişdi.
Rizvan HİLALOĞLU
Azərbaycan.- 2011.- 28 iyul.- S. 5.