İcra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının hazırlanması və qəbul edilməsi
qaydası haqqında Əsasnamə
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1.
Ümumi müddəalar
1.1.
Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin
və digər mərkəzi icra hakimiyyəti
orqanlarının (bundan sonra - dövlət orqanları)
normativ hüquqi aktlarının "Normativ hüquqi aktlar
haqqında" Azərbaycan Respublikasının Konstitusiya
Qanununa (bundan sonra - Konstitusiya Qanunu) uyğun olaraq
hazırlanması və qəbul edilməsi qaydasını
müəyyən edir.
1.2.
Normativ hüquqi aktların hüquqi qüvvəsi Konstitusiya
Qanununun 2-ci maddəsinə uyğun olaraq müəyyən edilir.
2.
Normativ hüquqi aktların
hazırlanması
2.1.
Normativ hüquqi akt layihəsinin hazırlanmasının və
normayaratma orqanına təqdim edilməsinin ümumi qaydası
Konstitusiya Qanununun 45-48-ci maddələri ilə müəyyən
edilir.
2.2.
Normativ hüquqi aktın layihəsi onu qəbul edən
dövlət orqanının struktur bölmələri tərəfindən
həmin dövlət orqanının hüquq xidmətinin
mütləq iştirakı ilə hazırlanır. Sahələrarası
məsələlərə aid normativ hüquqi aktın layihəsi
hazırlanarkən həmin sahələrə aid olan struktur
bölmələri ilə razılaşdırılmalıdır.
2.3.
Ayrı-ayrı sahələr üzrə hazırlanan normativ
hüquqi aktın layihəsi müvafiq sahədə dövlət
siyasətini və tənzimləməsini həyata keçirən
dövlət orqanları ilə
razılaşdırılmalıdır. İnzibati ərazi
vahidlərinin səlahiyyəti və mənafeyi ilə bağlı
normativ hüquqi aktın layihəsi hazırlanarkən
onların müvafiq orqanları bu işə cəlb olunurlar.
2.4.
Azərbaycan Respublikasının Nazirlər Kabineti və mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən
hazırlanmış normativ hüquqi aktların layihələri
(əldə olunması qanunla məhdudlaşdırılan
informasiyaları əks etdirən layihələr istisna olmaqla)
razılaşdırılmaya göndərildiyi andan
"elektron hökumət" portalında yerləşdirilməlidir.
Portalda yerləşdirilmiş normativ hüquqi aktların layihələrinə
dair verilən təkliflər məqsədəuyğun hesab
edildikdə nəzərə alınır, məqsədəuyğun
hesab edilmədikdə təklifi verən şəxsə bu barədə
əsaslandırılmış cavab təqdim olunur.
2.5.
Yuxarı dövlət orqanı tərəfindən müvafiq
sahədə dövlət siyasətini və tənzimləməsini
həyata keçirən dövlət orqanına normativ
hüquqi aktın layihəsinin hazırlanması
tapşırıldıqda, tapşırıqda icra müddəti
mütləq qeyd edilməklə, müvafiq sahədə
dövlət siyasətini və tənzimləməsini həyata
keçirən dövlət orqanı əsas icraçı
kimi müəyyən olunmalı və layihənin
razılaşdırılması vacib olan dövlət
orqanları göstərilməlidir.
2.6.
Normativ hüquqi aktın layihəsi iri həcmli olduqda, layihənin
üçdən artıq dövlət orqanı ilə
razılaşdırılması və ya dəvət
olunmuş müstəqil ekspertlərin layihə ilə
bağlı əlavə ekspertizalar keçirməsi zərurəti
yarandıqda, layihəni hazırlayan dövlət
orqanının əsaslandırılmış təqdimatına
əsasən, onun hazırlanması üçün müəyyən
edilmiş müddət tapşırığı verən
müvafiq dövlət orqanı tərəfindən
uzadılır.
2.7.
Bu Əsasnamənin 2.8-ci bəndində nəzərdə
tutulmuş hallar istisna olmaqla, Konstitusiya Qanununun 46.4-cü maddəsinə
uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin və ya
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarında digər
hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktın
layihəsinin razılaşdırılması zamanı
dövlət orqanının müvafiq layihəyə dair
razılıq verməsi və ya verməməsi layihənin
müəyyən olunmuş qaydada alındığı
gündən ən geci 60 gün keçənədək, onun
vizalanması isə ən geci 5 gün keçənədək
həyata keçirilir.
2.8.
Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aktlarında normativ
hüquqi aktın layihəsinin hazırlanması
üçün 3 ay və ya daha az müddət müəyyən
edildikdə, razılaşdırılmaq üçün
müvafiq dövlət orqanına daxil olmuş layihəyə
10 gün müddətində münasibət bildirilməlidir.
2.9.
Razılaşdırılma haqqında məlumat bu Əsasnamənin
2.7-ci və ya 2.8-ci bəndləri ilə müəyyən
edilmiş müddətdə təqdim edilmədikdə və
bu zaman razılaşdırılma müddətinin
uzadılması zərurəti və ya bu müddətin
uzadılmasından imtina edilməsi əsaslandırılmaqla
razılaşdırılma müddətinin uzadılması
haqqında təklif olmadıqda, normativ hüquqi aktın layihəsi
razılaşdırılmış hesab olunur və normayaratma
orqanına təqdim edilən layihəyə
razılaşdırılma haqqında məlumatı
vaxtında təqdim etməyən dövlət orqanına
göndərilən müvafiq müşayiət məktubu əlavə
olunur.
2.10.
Konstitusiya Qanununun 48.2-48.5-ci maddələrinə uyğun
olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetindən
Azərbaycan Respublikasının Prezidentinə təqdim edilən
normativ hüquqi aktın layihəsinə, onun növündən
asılı olaraq, aşağıdakılar əlavə
edilir:
2.10.1.
müşayiət məktubu və normativ hüquqi aktın qəbul
edilməsi zərurətinin əsaslandırılması, o
cümlədən maliyyə-iqtisadi əsaslandırılması;
2.10.2.
layihənin razılaşdırılması (vizalanması)
haqqında məlumatı əks etdirən sənədlər;
2.10.3.
layihəyə dair məcburi hüquqi ekspertizanın, o
cümlədən layihənin sui-istifadəyə məruz
qalmasına dair və digər ekspertizaların rəyləri;
2.10.4.
hər bir dövlət orqanı göstərilməklə,
layihəni hazırlamış şəxslərin
siyahısı;
2.10.5.
qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə
maddənin və ya qanunun digər struktur elementinin
redaksiyası və layihə ilə qanuna təklif edilən dəyişikliklər
nəzərə alınmaqla maddənin və ya qanunun digər
struktur elementinin redaksiyası göstərilməklə
müqayisəli cədvəl;
2.10.6.
layihəyə aid digər sənədlər (öz qərarına
əsasən).
2.11.
Konstitusiya Qanununun 48.7-ci maddəsinə uyğun olaraq normativ
hüquqi aktın layihəsi Azərbaycan Respublikasının
Prezidentinə kağız daşıyıcıda və eyni
zamanda Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında yaradılmış xüsusi elektron
poçt ünvanına elektron fayl formasında göndərilir.
2.12.
Azərbaycan Respublikası Prezidentinin
tapşırığı ilə normativ hüquqi aktın
layihəsinin hazırlandığı və ya layihənin
birbaşa Azərbaycan Respublikasının Prezidentinə təqdim
edilməsinin zərurəti əsaslandırıldığı
hallar istisna edilməklə, hər hansı bir dövlət
orqanı və ya qurumunun hazırladığı normativ
hüquqi aktın layihəsi Azərbaycan Respublikasının
Prezidentinə Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən təqdim edilməlidir. Belə zərurət
əsaslandırılmadıqda və ya bu cür əsaslandırma
qaneedici olmadıqda, normativ hüquqi aktın layihəsi
münasibət bildirməsi üçün Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə göndərilir.
Bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti
qaldırılan məsələni:
2.12.1.
məqsədəuyğun hesab etdikdə, normativ hüquqi
aktın layihəsini hazırlayaraq bu Əsasnamənin 2.10-cu bəndində
müəyyən edilmiş qaydada;
2.12.2.
məqsədəuyğun hesab etmədikdə, bu barədə
əsaslandırılmış cavab məktubunu Azərbaycan
Respublikasının Prezidentinə təqdim edir.
2.13.
Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin
III hissəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü
qaydasında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim etdiyi qanun
layihəsində dəyişikliklərin edilməsinə dair
digər icra hakimiyyəti orqanlarının təklifləri Azərbaycan
Respublikasının Milli Məclisinə (deputatlara, komitələrə)
təqdim oluna bilməz.
3.
Normativ hüquqi aktların qəbul edilməsi
3.1.
Normativ hüquqi aktın layihəsinə baxılması və
onun qəbul edilməsinin ümumi qaydası Konstitusiya Qanununun
XII fəsli ilə müəyyən edilir.
3.2.
Dövlət orqanının əsasnaməsində nəzərdə
tutulmuş hallarda normativ hüquqi akt dövlət
orqanının rəhbəri və ya kollegiyası tərəfindən
qəbul edilir. Normativ hüquqi aktın qəbul edilməsi barədə
dövlət orqanının kollegiya qərarını bu
orqanın rəhbəri imzalayır.
3.3.
Konstitusiya Qanununun 78.2-ci maddəsinə uyğun olaraq normativ
hüquqi aktı qəbul etmiş dövlət orqanı onu Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilmək üçün həmin aktın qəbul
edildiyi gündən üç gün keçənədək
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə
göndərir.
Azərbaycan.- 2011.-29 iyul.- S. 2.