Əhalinin
etibarlı sosial müdafiəsi sahəsində Azərbaycan
daha böyük uğurlara imza atır
"Bizim siyasətimiz çox açıqdır. Həm xarici siyasət, həm daxili siyasət, iqtisadi və sosial məsələlərlə bağlı olan siyasətimiz bir məqsədi güdür ki, ölkəmiz daha da güclənsin, bölgədəki mövqeləri daha da möhkəm olsun, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Bizim bütün iqtisadi göstəricilərimiz gördüyümüz işlərin bariz nümunəsidir".
İlham ƏLİYEV
İnkişafın əsas məqsədi hesab edilən sosial rifah müasir qloballaşma dövründə daha aktual xarakter alaraq hər bir cəmiyyətin sürətli tərəqqisini şərtləndirən əsas amillərdən birinə çevrilmişdir. Sosial rifahın davamlı yüksəlişinin təmin edilməsində isə cəmiyyətin mövcud əmək potensialı və resurslarının səmərəli şəkildə reallaşması, buna hesablanmış məqsədyönlü siyasətin həyata keçirilməsi, əldə olunan gəlirlərin ədalətlilik prinsipi əsasında bölüşdürülməsi kimi faktorlar mühüm rol oynayır.
Sözügedən faktorların iqtisadi siyasətin reallaşması zamanı nəzərə alınması nəticə etibarilə ümumi daxili məhsul istehsalının artımından tutmuş cəmiyyətin fərdi şəkildə götürülmüş hər bir üzvünün layiqli həyat tərzinin təmin olunmasına qədər geniş diapazonda kifayət qədər vacib əhəmiyyətə malikdir.
Tərəqqi göstəriciləri baxımından dünya dövlətlərinin reytinq cədvəlində ilk sıralarda qərarlaşmış ölkələrin təcrübəsi göstərir ki, yaşanan inkişafın dinamik və çoxcəhətli xarakter alması səmərəlilik əmsalı yüksək olan sosial siyasətlə üzvi surətdə bağlıdır. Çünki effektiv sosial siyasət iqtisadi artıma, milli sərvətlərin yaradılmasına, vətəndaşın əmək fəaliyyətinin uğurla reallaşmasını şərtləndirən əlverişli şəraitin formalaşmasına səbəb olan ən vacib vasitələrdən sayılır. Elə bu səbəbdəndir ki, iqtisadi inkişafın digər aspektlərinə ilk növbədə sosial siyasət prizmasından yanaşılır. Digər tərəfdən, səmərəli sosial siyasətin yüksək nəticələri təkcə məcmu istehsal, insanların maddi-rifah halının yüksəlişi ilə məhdudlaşmayaraq daha geniş spektrləri əhatə edir. Tarixdən də məlumdur ki, məhz sosial rifah halı yüksək olan cəmiyyətdə mədəni, mənəvi inkişaf digərləri ilə müqayisədə daha dinamik olur, milli dəyərlərin qorunması və tərəqqisi xüsusi diqqət mərkəzində yer alır. Bütün bunlar bir daha səmərəli sosial siyasətin hansı yüksək nəticə və nailiyyətlərin əldə olunmasına gətirib çıxardığını, eyni zamanda, inkişafın əhəmiyyətli dərəcədə sözügedən faktordan asılı olduğunu aydın şəkildə göstərir.
Sosial-iqtisadi inkişaf tempi baxımından beynəlxalq miqyasda nümunəvi ölkələrdən biri olmaq kimi möhtəşəm nailiyyətlərə imza atmağı bacarmış Azərbaycanı xarakterizə edən mühüm cəhətlərdən biri məhz ölkəmizdə yüksəksəmərəli sosisalyönümlü siyasətin həyata keçirilməsidir. Bu gün öz iqtisadi inkişafında sosialyönümlülük prinsipini əsas götürən dövlət olaraq Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında qeyd olunan istiqamət üzrə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda, ölkə və cəmiyyət reallıqlarını nəzərə alan mükəmməl siyasət həyata keçirir. Bu siyasət bazar iqtisadiyyatı şəraitində sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi mühüm prinsipləri özündə ehtiva edir. Ölkəmizdə iqtisadi zəmində sosial ziddiyyətlərin aradan qaldırılması, beləliklə də onların differensasiya mövcudiyyətinin qarşısının alınması baxımından uğurlu inkişaf tendensiyası formalaşmışdır.
Əhalinin həyati mənafeyinin təmin olunmasına yönəldilmiş bu siyasətin əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərin ötən əsrin son onilliyindən xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra dövlətin ən vacib vəzifələrindən biri kimi əhalinin sosial müdafiəsi məsələsi ön plana çəkildi. Sosial problemlərin həlli məqsədilə təxirəsalınmaz tədbirlər görüldü. Nəticədə əhalinin sosial müdafiəsinin təşkili inkişaf etməyə, həyat səviyyəsi ildən-ilə yüksəlməyə başladı. Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti xüsusi olaraq diqqət cəlb edirdi. Bunlardan birincisi sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, digəri isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Ulu öndərin verdiyi fərman və sərəncamlar, imzaladığı digər sosial xarakterli sənədlərdən də bunu aydın görmək mümkündür. Bütün bunlar Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycanda əhalinin sosial rifah halının davamlı şəkildə yüksəlişi, məşğulluq səviyyəsinin artması, yoxsulluq probleminin sürətli həllinə gətirib çıxarırdı.
Ümummilli liderin müdrik siyasi kursunun ən layiqli davamçısı olan Prezident İlham Əliyev ulu öndərin ölkəyə möhtəşəm nailiyyətlər qazandıran siyasətini bu gün layiqincə davam etdirərək onu zamanın çağırışlarına adekvat olan yeni çalar və əlavələrlə daha da zənginləşdirir. Bunu ölkə vətəndaşlarının ümumi rifah halının, məşğulluq səviyyəsinin davamlı şəkildə yüksəlməsindən, yeni açılan iş yerlərindən, bilavasitə insanların real gəlirlərinin artmasına yönəlmiş fərman və sərəncamlardan, Azərbaycanın iqtisadi cəhətdən daha qüdrətli dövlət halına gəlməsindən də aydın görmək mümkündür. Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti sayəsində ölkəmizin iqtisadi inkişaf dinamikası davam edir, sosial-iqtisadi tərəqqi göstəriciləri yüksələn xətt üzrə inkişaf edir. Cari ilin ilk 6 ayının sosial-iqtisadi yekunları da ölkənin iqtisadi imkanlarının artması şəraitində əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə görülən işlərin daha geniş vüsət aldığını qabarıq formada büruzə verir.
Aparılan uğurlu, məqsədyönlü siyasət əvvəlki kimi ölkədə işgüzar fəallığın daha da yüksəldilməsi, enerji, eləcə də qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına imkan verməklə yanaşı, əhalinin etibarlı sosial müdafiəsinin təminatına, maddi-rifah halının nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə gətirib çıxarmışdır. Əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün mümkün zəruri tədbirlər gerçəkləşdirilmiş, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdr. Eləcə də ölkə həyatının bütün sahələrində olduğu kimi, qeyd olunan sferada da özünü göstərən sürətli islahatlar əhalinin etibarlı sosial müdafiə sisteminin inkişafına geniş imkanlar yaratmış, əldə olunmuş nailiyyətlərin miqyası əhəmiyyətli dərəcədə genişlənmişdir. Cari ilin sonuna kimi bu istiqamətdə dövlət, onun müvafiq strukturları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zəruri addımların atılması, insanların sosial rifah halının yüksələn xətt üzrə inkişaf etməsi məqsədilə ölkə Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi intensiv surətlə icra olunacaqdır. Ölkəmizin artan maliyyə imkanları, böyük uzaqgörənliklə həyata keçirilən düzgün iqtisadi siyasət istər toplum, istərsə də fərd halında götürülmüş vətəndaşların həyatında öz əksini tapır, onların rifah halının yüksəlməsi ilə xarakterizə olunur. Bu ilin ilk yarısında dövlət büdcəsinə edilən dəyişikliklər isə sosial istiqamətlər üzrə daha böyük vəsaitin ayrılmasına imkan vermişdir.
İyulun 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında söylədiyi dərinməzmunlu və proqram xarakterli çıxışında Prezident İlham Əliyev bununla əlaqədar qeyd etmişdir: "İlin birinci yarısında büdcəyə düzəlişlər edilmişdir. Bunun nəticəsində ilk dəfə olaraq, Azərbaycan büdcəsi - büdcə xərclərimiz 20 milyard dollara çatmışdır ki, bu da rekord göstəricidir. Əlbəttə, bu bizə imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanları ortaya qoyaq... Bütövlükdə hazırda ölkəmizin strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir. Bu çox böyük rəqəmdir və əminəm ki, bu rəqəm ilin sonuna qədər artacaqdır. Bu bizə imkan verir ki, ölkə iqtisadiyyatının inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları cəlb edək". Bu, bir daha təsdiq edir ki, həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam məhz xalqın sosial rifahının daha da yaxşılaşdırılmasıdır və bu, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir.
Respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, bütün sosial məsələlərin vaxtında və yüksək səviyyədə həllini tapması ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən vəzifələrin icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2011-ci ilin 6 ayında da məqsədyönlü işlər görülmüşdür. Sözügedən kontekstdə yoxsul ailələrin yaşayışında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramı ölkə rəhbərinin aztəminatlı insanlara olan diqqət və qayğısına layiq şəkildə həyata keçirilir. Əhalinin aztəminatlı təbəqəsinin maddi rifah halının yüksəlməsində mühüm rol oynayan və ildən-ilə verilmə mexanizmi daha da təkmilləşdirilən ünvanlı sosial yardım yoxsulluğun mənfi nəticələrinin yüngülləşdirilməsinə mühüm töhfələr verir. Ünvanlılıq, şəffaflıq, bərabərlik və ədalətlilik prinsiplərinin təminatı ilə verilən bu yardımın təyinatı zamanı subyektin dəqiq seçilməsi vacib faktor kimi daim ön planda yer alır. Cari il iyulun 1-nə ünvanlı yardım alan ailələrin sayı 125 472, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 103,95 manat təşkil etmişdir. Ünvanlı yardımın hesablanması üçün götürülən ehtiyac meyarının həddi bu ilin əvvəlindən 75 manata qaldırılmışdır ki, bu da 2006-cı ildəki müvafiq göstərici ilə müqayisədə 2,5 dəfə artım deməkdir.
Onu da bildirim ki, Dünya Bankının cari ilin 30 may-3 iyun tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində təşkil etdiyi, 54 ölkədən, həmçinin dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından 200-dək nümayəndənin iştirak etdiyi "Aşağı gəlirli ölkələrdə dayanıqlı sosial təminat proqramlarının hazırlanması" mövzusunda keçirilmiş beynəlxalq forumda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin "Ünvanlı sosial yardım - Azərbaycanda sosial təhlükəsizlik şəbəkəsinin inkişaf etdirilməsində səmərəli alət" mövzusunda məruzəsi maraqla qarşılanmış, respublikamızda bu kimi proqramların bir sıra ölkələrdəki kimi heç də xarici donorlar hesabına deyil, məhz dövlət vəsaiti hesabına həyata keçirilməsi forum iştirakçıları tərəfindən yüksək dəyərləndirilmişdir.
Hazırda ünvanlı sosial yardım alan ailələrin daha fəal sosial təminatyönümlü proqramlara cəlb olunmaları, beynəlxalq təcrübəyə uyğun olaraq şərtləndirilmiş sosial yardımın verilməsi prinsiplərini özündə birləşdirən Birdəfəlik Sosial Yardım (Özünədəstək) proqramının sınaqdan keçirilməsi davam etdirilir. Dövlət başçısının sərhədyanı bölgələrin əhalisinə göstərdiyi diqqət və qayğıya uyğun olaraq, cari ilin mart ayının əvvəllərində Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Vahidli kəndində "Özünədəstək" layihəsi ilə bağlı sınaq işlərinə start verilmişdir. Həmin kənddə ünvanlı yardım alan 52 ailədən 15-nə ev təsərrüfatlarında şəxsi istehsalla məşğul olmaları və bununla özlərini təmin edə bilmələri üçün yerli ictimaiyyətin nümayəndələrindən ibarət şuranın iştirakı ilə mal və materiallar alınıb verilmişdir. Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılmasına aktiv tədbirlər vasitəsilə kömək göstərilməsi məqsədilə layihənin cari il ərzində daha üç pilot rayonda icra edilməsi nəzərdə tutulur.
Hazırda beynəlxalq miqyasda ən dinamik inkişaf edən ölkələrdən biri kimi qəbul edilən Azərbaycanda yaşanan tərəqqiyə paralel olaraq döyüş qabiliyyəti, peşəkarlığı ilə seçilən Silahlı Qüvvələr formalaşmışdır. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət ona gətirib çıxarmışdır ki, Silahlı Qüvvələrimiz Ali Baş Komandanın müvafiq əmri ilə ölkəmizin ərazi bütövlüyünü qısa zaman kəsiyində bərpa etməyə tam hazırdır. Bunu cari il iyunun 26-da keçirilən möhtəşəm hərbi parad da aydın göstərdi, bütün dünya Azərbaycan dövlətinin, ordusunun böyük qüdrətinə şahidlik etdi. Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev qeyd etmişdir ki, Silahlı Qüvvələr güclənir və bu məqsədlər üçün böyük vəsait ayrılır. Buna paralel olaraq Silahlı Qüvvələr sıralarında xidmət edən şəxsi heyətin sosial rifah halı da yüksəlir, eyni zamanda, həmişəki kimi, ölkəmizin ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təmin olunması istiqamətində işlər müvəffəqiyyətlə davam etdirilir. Ümumiyyətlə, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvləri və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması hər zaman cənab İlham Əliyevin diqqət mərkəzindədir. Bu yüksək diqqət və qayğının nəticəsidir ki, sözügedən kateqoriyadan olan insanların mənzil ehtiyaclarının ödənilməsi sahəsində hər keçən il görülən işlərin miqyası daha da artır. Eyni zamanda, mənzillərin inşasında müsbət dinamikanın qorunub saxlanması və nəticədə növbədə olan əlil və şəhid ailələrinin yeni müasir mənzillərlə təminatının tam başa çatdırılması üçün aparılan işlər daha da intensiv xarakter alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə fəaliyyətini uğurla davam etdirir. Məlumat üçün bildirim ki, nazirlik tərəfindən əlil və şəhid ailələri üçün 2008-ci ildə əvvəlki illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil istifadəyə verilmişdirsə, 2009-cu il ərzində bundan təxminən iki dəfə artıq - 707 mənzilin tikintisi başa çatdırılmışdır. Mənzillərin inşasında bu həcmin saxlanılması və nəticədə növbədə olan insanların yeni müasir mənzillərlə təminatının yaxın bir neçə ildə tam başa çatdırılması ilə əlaqədar dövlət başçısının şəxsi tapşırığının icrası olaraq 2010-cu ildə 715 mənzil inşa etdirilmişdir.
Cari ildə də bu sahədə fəaliyyət yüksək templə davam etdirilir. Belə ki, ilin əvvəlindən bir sıra rayonlarda yeni fərdi və çoxmənzilli yaşayış binaları istifadəyə verilmiş və mənzillə təmin olunan şəhid və əlil ailələrinin sayı 4000-ni ötmüşdür. Bu ilin sentyabr ayınadək Ağcabədi, Göygöl, Samux, Qəbələ, Yevlax və Quba rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları istifadəyə veriləcək. Hazırda Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində isə 12 mərtəbəli 112 mənzilli yaşayış binalarının inşası işləri aparılır. Yaxın günlərdə Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, eyni zamanda, müxtəlif bölgələrdə 10 ədəd fərdi evin tikintisinə başlanacaq. Dövlət başçısının ötən ilin dekabrında Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində əlil və şəhid ailələri üçün hər biri 81 mənzilli 3 ədəd binadan ibarət olacaq yaşayış kompleksinin təməlini qoyması nazirliyin bu sahədə qarşısında yeni vəzifələr müəyyənləşdirməsinə, işində məsuliyyətini daha da artırmasına səbəb olmaqla yanaşı, əlil və şəhid ailələrində böyük ruh yüksəkliyi yaratmışdır. Həmçinin, əlillərin minik avtomobilləri ilə təminatı davam etdirilmiş və bu vaxtadək 3000-dən çox Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə minik avtomobilləri verilmişdir.
Son illərdə ölkədə bərpa-müalicə sisteminin təkmilləşdirilməsi, eləcə də əlillik təyinatlarının aparılmasına nəzarətin gücləndirilməsi nəticəsində respublikada əlilliyin artım tempinin qarşısı alınmış, reabilitasiya göstəricisi 6 faizədək yüksəlmişdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlillərin əhali tərkibində faiz göstəricisi 10 faizdən yüksəkdir. Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdəndir. Hazırda nazirliyin nəzdində 14 regional bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, onlarda da hər il 8000 nəfərədək əlilə bərpa-müalicə xidməti göstərilir. Qarşıda duran əsas vəzifələrdən biri sosial reabilitasiya yönümlü tədbirlərin daha da gücləndirilməsi yolu ilə fiziki məhdudiyyətli insanların dolğun həyat tərzinin təmin olunması, özlərini cəmiyyətin digər üzvləri kimi hiss etməsi üçün onlara daha geniş şəraitin yaradılmasıdır. Bu məqsədlə tibbi bərpa profilli müəssisələrdə çoxşaxəli sosial reabilitasiya tədbirlərinin tətbiqinə hazırlıq işləri aparılır.
Eyni zamanda, yaxın günlərdə əlillərin cəmiyyətə fəal inteqrasiyasının təmin olunması məqsədilə ölkədə yeni tipli müəssisələrin - Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, Yetkinlik Yaşına Çatmayanlar üçün Sosial Sığınacaqların və Tibbi-Sosial Reabilitasiya Mərkəzlərinin inşasına başlanacaq. Əlillərin problemlərinə kompleks yanaşmanı təmin etmək məqsədilə respublika üzrə lazımi məlumatları özündə əks etdirən vahid məlumat bazasının yaradılması işləri davam etdirilir. Bu məqsədlə sorğu anketi hazırlanmış və xüsusi kompyuter proqramı yaradılaraq şəbəkəyə qoşulmuşdur. İndiyədək bazada 140 min nəfərə yaxın əlil haqqında məlumat toplanmışdır.
Aktiv sosial müdafiə tədbirlərinin davamı olaraq cari ilin ilk 6 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 11.916 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunmuş, 1.658 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilmişdir. Qeyd olunan müddətdə 2.030 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi nəticəsində 5401 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar olunmuş, işəgötürənlərə ümumilikdə 245.350 manat məbləğində cərimə tətbiq edilmişdir. Müsbət hal kimi qeyd etmək olar ki, həyata keçirilən tədbirlər, həmçinin əmək qanunçuluğunun pozulmasına görə inzibati cəzanın sərtləşdirilməsi işəgötürənlərdə işçi hüquqlarının təminatı, o cümlədən işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı sosial məsuliyyət hissinin tədricən artmasına səbəb olmuşdur.
Belə ki, ötən ilin ilk yarımilində dövlət nəzarəti həyata keçirilən müəssisələrdə əmək müqaviləsi olmadan işə cəlb edilənlərin sayı 2009-cu ildəki 7.048 nəfərdən 3.404 nəfərə enmiş, cari ilin birinci yarımilində isə bu göstərici 770 olmuşdur. Həmin işçilərlə əmək müqaviləsi bağlanılmışdır. Vətəndaşlara ödətdirilməsi təmin edilmiş gecikdirilmiş vəsaitin ümumi məbləği 516.742 manat olmuşdur ki, bu məbləğin 270.898 manatını əməkhaqları təşkil etmişdir. Hesabat dövründə istehsalatda 128 bədbəxt hadisə qeydə alınmış, bu hadisələr nəticəsində 53 nəfər dünyasını dəyişmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı qanunauyğun tədbirlər görülmüşdür. O da qeyd olunmalıdır ki, əməyin mühafizəsi ilə əlaqədar həyata keçirilən maarifləndirmə tədbirlərinin, eləcə də aparılan məqsədyönlü işlərin nəticəsi olaraq, iş yerlərində istehsalatla əlaqəli bədbəxt hadisələrin və bu hadisələr nəticəsində həlak olanların sayında ötən illərlə müqayisədə azalma müşahidə edilir.
Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər ölkəmizdə işsizlik probleminin həlli istiqamətində böyük nailiyyətlərə imza atılması ilə nəticələnmişdir. Cari ilin ilk yarısında açılan yeni iş yerlərinin sayı 38 minə çatmışdır və bu proses davam edir. Ümumiyyətlə isə Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət müddəti ərzində ölkəmizdə 1 milyona qədər yeni iş yeri açılmışdır və bu, kifayət qədər uğurlu göstərici hesab olunur. Yeni iş yerlərinin açılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində isə iqtisadiyyatın müxtəlif sahələrinin dinamik inkişafını təmin edən dövlət proqramları vacib rol oynayır. Həmin proqramlara misal olaraq, hazırda uğurla icra olunan "Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digərlərini göstərmək olar.
Beləliklə, iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, bunların konkret dövlət proqramları ilə təminatı ölkəmizdə sosial-iqtisadi inkişaf prosesinin daha yüksək templərlə müşayiət olunmasında böyük əhəmiyyətə malikdir və bu, Azərbaycan Prezidenti tərəfindən həyata keçrilən siyasətin vacib məqamlarındandır. Ölkəmizdə sosial infrastrukturun müasir standartlara uyğunlaşdırılması və yenilərinin yaradılması da prioritet istiqamətlər sırasında yer alır.
Sosial sferada həyata keçirilən siyasətin mühüm elementlərindən biri də yoxsulluğun azaldılmasına xidmət edən proqramlardır. Ölkəmizdə sosial məsələlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində qazanılan möhtəşəm müvəffəqiyyətlər dünya miqyasında da təqdir edilir və inkişafın Azərbaycan modelinin uğurunun açıq təzahür etdiyi ən mühüm göstəricilərdən biridir. 2008-ci il sentyabrın 15-də Prezident tərəfindən təsdiq edilən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" və ona edilən əlavələr nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azaldılmışdır. Xatırlatmaq yerinə düşərdi ki, cari il iyunun 28-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) təsdiq olunmuşdur. Ümumiyyətlə, Azərbaycanın dövlət başçısının əsas məqsədi odur ki, ölkəmizdə yoxsulluq kimi sosial problem birdəfəlik aradan qaldırılsın. Artıq son 7 il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə azalmışdır və 2015-ci ilə kimi bu problemin tamamilə həll olunması nəzərdə tutulur. Daha bir mühüm faktor isə ondan ibarətdir ki, istər yoxsulluğun azaldılması, istərsə də digər parametrlər üzrə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətdə nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizə də diqqət yetirilən əsas cəhətlər sırasında yer alır. Həmin səbəblərin aradan qaldırılması üçün səmərəli tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul olunur. Bu səpkili preventiv addımlar, həmçinin problemlərə kompleks yanaşma, onları doğuran səbəblərin aradan qaldırılması mümkün neqativ nəticələrin baş verməsinin əvvəlcədən qarşısını alaraq tərəqqi prosesini daha da dinamik hala gətirir.
Sosial sahədə beynəlxalq əməkdaşlıq, qabaqcıl dünya təcrübəsinin mənimsənilməsinə xidmət edən konkret addımlar da ölkəmizin inkişafına özünəməxsus töhfələr verir. Bu fonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində "İSCO 8808-ə uyğun Təkmilləşdirilmiş Peşə Standartları və Əlaqədar Təlim Standartlarının hazırlanması" Layihəsinin icrası işləri davam etdirilir. Layihə çərçivəsində 3 il ərzində 200 peşə və 100 təlim standartı, həmçinin 200 standart üzrə qiymətləndirmə forması, peşə təsnifatının müasir tələblərə uyğunlaşdırılması məqsədilə təkliflər və Peşə Standartları Mərkəzinin yaradılması üçün hüquqi-institusional baza hazırlanacaq. Bu isə əmək bazarında iqtisadi inkişafa uyğun olaraq beynəlxalq tələblər səviyyəsində ixtisaslı kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair 14 yanvar 2011-ci il tarixdə keçirilmiş iclasında, həmçinin əhali ilə görüşlərdə hökumət strukturları qarşısında qoyduğu vəzifələri rəhbər tutaraq və Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının 27 yanvar 2011-ci il tarixli iclasında verilmiş tapşırıqların həyata keçirilməsi ilə bağlı nazirliyimiz tərəfindən əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, görülən işlərdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə konkret işlər görülmüşdür.
Bununla bağlı nazirlikdə və müxtəlif zonalarda keçirilən müşavirələrdə ünvanlı sosial yardımın təyinatı, əlillik təyinatlarının aparılması, əlillərin reabilitasiyası və s. ilə əlaqədar vətəndaşların ərizə və şikayətlərində, habelə nazirliyin 142 nömrəli "Qaynar xətt"inə daxil olmuş müraciətlərdə qaldırılan məsələlər geniş müzakirə olunmuş, nazirliyin rəhbərliyi tərəfindən bölgələrdə vətəndaşların qəbulu, həmçinin əhali ilə müntəzəm görüşlər həyata keçirilmişdir.
Cari ilin 6 ayında yardımların təyinatı və əlilliyin müəyyən edilməsi ilə əlaqədar ərizələr birbaşa nazirliyin və Ombudsman Aparatının əməkdaşları ilə birgə vətəndaşların özlərinin iştirakı ilə araşdırılmış və qanunamüvafiq tədbirlər görülmüşdür. Eyni zamanda, vəzifələrinin icrasında, vətəndaşlara xidmət sahəsində yol verdikləri ciddi nöqsanlara görə ayrı-ayrı strukturların rəhbər şəxsləri, məsul əməkdaşları sərt cəzalandırılmışdır.
Sosial müdafiə tədbirlərində şəffaflığın və ictimai nəzarətin artırılması məqsədilə ünvanlı yardım təyin edən komissiyaların işində vətəndaş cəmiyyətləri nümayəndələrinin daha geniş iştirakına şərait yaradılmış, ünvanlı yardımı almaq üçün plastik kartların vətəndaşlara bankların əməkdaşları tərəfindən verilməsi, müəssisələrdə dövlət nəzarətinin sosial tərəfdaşlarla birgə aparılması üçün Sosial Şuranın yaradılması və sair işlərə başlanmışdır. Ünvanlı sosial yardım proqramının şəffaf şəkildə icra olunması, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması üçün ünvanlı sosial yardımla bağlı alternativ müraciət mexanizmləri (poçtla və elektron) hazırlanmış və hazırda 2 pilot rayonda (Balakən, Cəlilabad) sınaqdan keçirilməsi barədə qərar qəbul edilmişdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətinin əsas istiqamətləri vətəndaşların ölkə Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarının təmin edilməsinə, aztəminatlı vətəndaşların, o cümlədən əlillərin sosial müdafiəsinin təşkil edilməsinə, sosial yardım sistemində ünvanlılıq prinsiplərinin gücləndirilməsinə və cəmiyyətdə mövcud olan sosial münasibətlərin tənzimlənməsinə yönəldilmişdir. Bu məqsədə xidmət edən islahatlar prosesi dərinləşdikcə, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı üzərinə yeni-yeni öhdəliklər götürür və onların icrasını uğurla həyata keçirir.
Əhalinin sosial müdafiəsinə yönəlmiş tədbirlərin icrasında isə əsas vasitəçi orqan kimi çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin reallaşması istiqamətində məqsədyonlü tədbirlər görməkdə davam edir. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə təkliflərin hazırlanması, nazirlik tərəfindən həyata keçirilən tədbirlərin keyfiyyətinin, səmərəliliyinin artırılması və monitorinqlərin aparılması məqsədilə nazirlik yanında İctimai Şura yaradılmış və cari ilin 15 iyul tarixində şuranın ilk iclası keçirilmişdir. Ombudsman Aparatının, Azərbaycan Milli QHT Forumu, Korrupsiyaya Qarşı Mübarizə Üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq şəbəkəsi, Konstitusiya Araşdırmaları Mərkəzi, "Şəffaflıq Azərbaycan" Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası kimi vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin təmsil olunduğu İctimai Şuranın Əsasnaməsi təsdiq edilmişdir.
Artıq İctimai Şuranın fəaliyyət istiqamətləri hazırlanıb. Nazirliyin fəaliyyət istiqamətləri üzrə təkliflərin hazırlanması, nazirlik tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, mütərəqqi beynəlxalq təcrübədən istifadə imkanlarının araşdırılması və s. məsələlər İctimai Şuranın vəzifələrinə daxildir. İctimai Şuranın tərkibində 4 istiqamət (dövlət sosial yardımları; dövlət sosial xidmətləri; əlilliyin müəyyən olunması və əlillərin tibbi-sosial reabilitasiyası; işsiz və işaxtaran vətəndaşlar üçün sosial müdafiə tədbirləri) üzrə işçi qrupları yaradılıb.
Hər bir işçi qrupda nazirliyin nümayəndələri seçilmiş istiqamət üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları və Ombudsman Aparatı ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyətlərini davam etdirəcəklər. Eyni zamanda, növbəti ildən respublika üzrə tətbiq edilməsi planlaşdırılan Özünədəstək Sosial Yardım Proqramına cəlb olunacaq ailələrin seçilməsi işlərində nazirliyin və ictimai təşkilatların nümayəndələrinin birgə fəaliyyəti nəzərdə tutulur. İctimai Şuranın səlahiyyət müddəti iki ildir və bu müddətin başa çatmasına bir ay qalmış şuranın yeni tərkibi formalaşdırılacaq.
Modern inkişaf yolunda uğurla irəliləyən müasir Azərbaycan əldə olunan nailiyyətlərlə, qazanılan nəticələrlə kifayətlənməyərək daim irəliyə baxan, inkişaf etmiş ölkələr sırasına daxil olmağı qarşısında əsas məqsədlərdən biri kimi müəyyən edən dövlətdir. Bu isə o deməkdir ki, qarşıdakı dövr ərzində də ölkənin sürətli inkişafına yol açan işlərin miqyası, göstərilən səylərin həcmi daha da genişlənəcək və bu sıraya istər əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi, istərsə də sosial müdafiəsinin davamlı olaraq yaxşılaşdırılması da daxildir. Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev çox açıq şəkildə vurğulamışdır ki, həyata keçirilən siyasətin əsas məqsədi Azərbaycanın daha da güclənməsi, ölkə vətəndaşlarının yaxşı yaşamasını özündə ehtiva edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bundan sonra da dövlət başçısının tapşırıqlarını rəhbər tutaraq sosial məsələlərin uğurlu həllinə öz töhfələrini verəcək, insanların layiqli həyat səviyyəsinin təmin olunmasında səylərini daim gücləndirəcək.
Füzuli ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının
əmək və əhalinin sosial
müdafiəsi naziri
Azərbaycan.- 2011.- 29 iyul.- S. 3.