Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan ayının başlanması münasibətilə fətva vermişdir

 

İyulun 28-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) mübarək Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə mübarək Ramazan ayının başlanması münasibətilə xalqımızı təbrik etmiş, bu müqəddəs ayın əhəmiyyətindən danışmışdır. O, insanların Ramazan ayında xeyirli əməllərlə məşğul olmasının vacibliyini vurğulamış və şəhidlərimizə Allahdan rəhmət diləmişdir.

A.Paşazadə Azərbaycanda dövlət və din arasında möhkəm birliyin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Prezident İlham Əliyevin bu ənənəni uğurla davam etdirdiyini diqqətə çatdırmışdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, akademik Vasim Məmmədəliyev və digər çıxış edənlər insanın mənəvi saflığı üçün orucluğun əhəmiyyətindən söhbət açmışlar. Vurğulanmışdır ki, Azərbaycanda dini tədbirlərin, mərasimlərin keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır.

Sonra QMİ-nin Qazılar Şurasının mübarək Ramazan ayının başlanması münasibətilə fətvası oxunmuşdur.

Fətvada bildirilir ki, mübarək Ramazan ayının ilk günü bu il avqustun 1-nə təsadüf edir. İyul ayının 31-i orucluğun niyyət gecəsidir. Təzə ayın görünməsindən asılı olaraq, Ramazan bayramı miladi təqvimi ilə avqustun 30-na və ya 31-nə düşəcəkdir. Uca Allah bu mübarək ayda insanlara daha çox savab qazanmaq, günahlarının bağışlanması üçün imkan yaradır, qəlblərində xoş əməllərə meyli artırır, nəfsə və şərə qalib gəlməyin yollarını göstərir.

Fətvada deyilir ki, QMİ Ramazan orucunu tutanlara kömək məqsədi ilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlamışdır. Orucnamaz vaxtlarını ayrı-ayrı qurumlar tərəfindən hazırlanan, təfriqə yaradan cədvəllərə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanmış, elmə əsaslanan, milli-mənəvi birliyimizə xidmət edən bu cədvələ müvafiq nizamlamağı müsəlmanlara tövsiyə edirik. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, imamlara, axundlara həvalə olunur.

Diqqətə çatdırılır ki, ən ümdə istəyimiz işğal altındakı torpaqlarımızın azad edilməsi, Qarabağ probleminin ədalətli həll olunmasıdır. Vətən torpağı uğrunda şəhid olan övladlarımıza Allah rəhmət eləsin!

Bu mübarək ay ərəfəsində xalqımızın milli-mənəvi və dini dəyərlərinə qayıdışında önəmli rol oynamış ümummilli lider Heydər Əliyevə Allahdan rəhmət diləyir, onun başlanğıcını qoyduğu milli- mənəvi yüksəlişi uğurla irəli aparan Prezident İlham Əliyevin səylərinə rəvac verməsi üçün dualar edirik.

Fətvanın sonunda deyilir ki, qoy Allah məğfirət, ülfət ayı olan Ramazanın fəzilət və bərəkətlərindən hər birimizə nəsib etsin, orucumuzu, ibadət və dualarımızı qəbul etsin!

 

 

Azərbaycan.- 2011.- 29 iyul.- S.  5.