Azərbaycan ilə
İspaniya arasında mədəniyyət və turizm sahələrində
əməkdaşlığın perspektivləri müzakirə
edilmişdir
İspaniya Krallığının Deputatlar Konqresinin Xarici əlaqələr komitəsinin sədri Xosep Antonio Duranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.
Nazir Əbülfəs Qarayev ilə görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaqları salamlayan Ə.Qarayev mədəniyyət və turizm sahələri üzrə ikitərəfli təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulamışdır.
Əbülfəs Qarayev hər il İspaniyanın Madrid şəhərində keçirilən "Fitur" Beynəlxalq turizm sərgisində Azərbaycan tərəfinin mütəmadi olaraq iştirak etdiyini diqqətə çatdırmışdır. Nazir Azərbaycanda İspaniya Krallığının səfirliyinin açılmasının qarşılıqlı turist mübadiləsinin artmasına müsbət təsir göstərəcəyini bildirmişdir.
Görüş zamanı nazir həmçinin Azərbaycanda tikilən yeni mehmanxanalar, Şahdağ Qış-Yay Turizm Kompleksi və digər turizm infrastrukturu obyektləri barədə geniş məlumat vermiş, eyni zamanda Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki parlaq qələbəsindən sonra ölkəmizə böyük turist axınının gözlənildiyini vurğulamışdır.
Sonra Ə.Qarayev turizm sahəsi üzrə əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə İspaniyada bu sahə üzrə fəaliyyət göstərən şirkətləri hər ilin aprel ayında Bakıda keçirilən Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində iştiraka dəvət etmişdir. Eyni zamanda, nazir İspaniyanın əyalətləri ilə əməkdaşlıq etmək və qarşılıqlı infoturların keçirilməsi təklifini də irəli sürmüşdür.
Görüş iştirakçıları iki
ölkə arasında mədəniyyət və turizm sahələrində
əməkdaşlığın gələcəkdə daha
da genişlənəcəyinə əmin olduqlarını
bildirmişlər.
Azərbaycan.- 2011.- 29 iyul.- S. 5.