Turizm obyektlərində monitorinqlərin nəticələri açıqlanmışdır

 

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin daxil olduqları monitorinq qrupu tərəfindən Azərbaycanın bir neçə bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə aparılmış monitorinqlərin nəticələri açıqlanmışdır.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən bildirmişlər ki, iyunun 20-dən başlayan və 3 həftə müddətində davam edən monitorinqin gedişində Qax, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Xaçmaz, Qusar, Quba, Lənkəran, Lerik və Masallı rayonlarında fəaliyyət göstərən obyektlərə baxış keçirilmişdir.

Monitorinq komissiyası tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu bölgələrdə fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsi və ona uyğun olaraq qiymətlər də müxtəlifdir.

Bölgələrdə bir çox mehmanxanalar, bu barədə sahiblərinə dəfələrlə müraciət olunmasına baxmayaraq, lisenziyasız fəaliyyət göstərirlər. Bu yerləşdirmə obyektlərinin əksəriyyəti həm primitiv şəkildə tikilib, həm də bu obyektlərdə çalışanların peşə hazırlığı, demək olar ki, yox səviyyəsindədir. Mehmanxana və mehmanxana tipli obyektlərin bir çoxunda qeyd-qəbul bölməsinin olmaması ciddi nöqsanlardandır.

Ümumilikdə baxış keçirilərkən məlum olmuşdur ki, şimal bölgəsində 35 faiz, cənub bölgəsində 30-40 faiz, şimal-qərb bölgəsində isə 45 faiz yerləşdirmə obyekti müasir standartlara cavab verir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 29 iyul.- S.  5.