Bakıda "Silk Way Business
Aviation" şirkətinin biznes terminalı istifadəyə
verilmişdir
İyulun
28-də Heydər Əliyev Beynəlxalq Aeroportunda regionda
analoqu olmayan biznes terminalı istifadəyə verilmişdir.
"Silk Way Business Aviation" şirkətinə məxsus yeni terminaldan ilk uçuş İtaliyanın Milan şəhərinə olmuşdur.
Beynəlxalq standartlara uyğun inşa olunan üçmərtəbəli terminalda sərnişinlər üçün 50 nəfərlik salon, ailəvi otaqlar və biznes mərkəzi, əlil sərnişinlər üçün xüsusi otaqlar vardır. Terminalın sahəsi 1200 kvadratmetrdir. Yüksək standartlara uyğun perronda 13 təyyarə üçün dayanacaq nəzərdə tutulmuşdur.
2007-ci ildə fəaliyyətə
başlamış "Silk Way Business Aviation" şirkətinin
balansında hazırda beş təyyarə vardır: 10 nəfərlik
Gulfstream- 200, 14 nəfərlik Gulfstream- 450, 18 nəfərlik
Gulfstream- 500, VİP salonlu 19 nəfərlik ATR və VİP
salonlu 60 nəfərlik Boeing-727. Bu təyyarələrlə
Avropa, Azərbaycan, Gürcüstan, Rusiya və
Qazaxıstandan, habelə MDB-nin digər ölkələrindən
olan iş adamlarının sifarişləri əsasında
uçuşlar həyata keçirilir. Uçuşlar adətən Bodrum,
Antalya, Moskva, London, Paris, Maldiv adaları və Keyptauna yerinə
yetirilir. Şirkətin xidmətlərindən hər gün
30-dan çox iş adamı istifadə edir. Şirkət
ölkədə turizmin inkişafı üçün daxili
sifarişlər, habelə xarici ölkələrə
çarter reysləri də təşkil edir.
Terminalda
beynəlxalq standartlar səviyyəsində yerüstü xidmətlər
göstərilir. Sərnişinlərə duty-free, wifi xidmətləri
də təklif olunur. Terminal regionda bu tip obyektlər
sırasında ən böyük VİP terminaldır.
Hazırda
"Silk Way Business Aviation" şirkətində 90 nəfər
aviator çalışır. Xidmət səviyyəsinin
yüksəldilməsi məqsədi ilə yaxın gələcəkdə
təyyarə parkının daha da genişləndirilməsi
planlaşdırılır. Bu məqsədlə 2012-ci və
2013-cü illərdə 10 nəfərlik Gulfstream-250, 2015-ci
ildə isə 18 nəfərlik Gulfstream- 650 tipli təyyarələrin
alınması nəzərdə tutulmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.-29 iyul.- S. 5.