Dünya şöhrətli "The Business Year" jurnalının Azərbaycana aid xüsusi buraxılışının təqdimatı olmuşdur

 

İyulun 29-da Bakıda Prezident Administrasiyasının və "The Business Year" jurnalının təşkilatçılığı ilə nəşrin Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunmuş xüsusi buraxılışının ("The Business Year-Azerbaijan 2011") təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan haqqında xüsusi buraxılışın hazırlanmasını respublikanın 2010-cu ildə dünyanın lider dövləti olması ilə əlaqələndirmişdir. Ötən ilin nəticələrinə görə, dünyada ən yüksək iqtisadi artım məhz Azərbaycanda olmuşdur. Hətta 2008-ci ildə dünyada başlayan böyükciddi maliyyə böhranı da Azərbaycanın 2009-cu ildən indiyədək iqtisadi artım əldə etməsinə mane ola bilməmişdir. Ə.Həsənov əhalinin pul gəlirlərinin artdığını, dövlət büdcəsinin rekord həddə - 20 milyard dollara çatdığını xüsusi vurğulamışdır. Halbuki cəmi 7 il əvvəl bu rəqəm 1,4 milyard dollar idi.

Ə.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin jurnala verdiyi müsahibəni də xatırlatmış və bildirmişdir ki, bu, dövlət başçısının son 5 ildə yazılı mediaya verdiyi ən iri müsahibədir. Bunun özü də jurnalın beynəlxalq nüfuzunun göstəricisidir.

Xüsusi buraxılışda qonşudost ölkələrin dövlət başçılarının - Rusiya Prezidenti Dmitri Medvedevin, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin, Şotlandiyanın Baş naziri Aleks Salmondun Azərbaycanla bağlı fikirləri də öz əksini tapmışdır. Onlar Azərbaycanı dünyanın tərkib hissəsi kimi xarakterizə etmişlər.

Ə.Həsənov onu da bildirmişdir ki, jurnalın xüsusi nömrəsinin həsr olunduğu dövlətlər dünyada ciddi biznesiqtisadi tərəfdaş, sosial, mədəni, turizm, İKT və digər sahələrdə sanballı inkişafa nail olmuş dövlətlər kimi təqdim edilir. Jurnalın tirajı 100 minə yaxındır və o, dünyanın ən populyar yerlərində yayılır. Şöbə müdiri jurnalın yenə də Azərbaycanla bağlı xüsusi buraxılışının olacağına əminliyini söyləmişdir.

Xüsusi buraxılışda dərc olunmuş müsahibələrdən birinin müəllifi, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkə iqtisadiyyatında həyata keçirilən islahatlardan, görülən işlərdən bəhs etmişdir. Nazir bildirmişdir ki, iqtisadiyyatda əldə olunan uğurlar müxtəlif reytinq agentliklərinin də diqqətindən kənarda qalmamışdır. 2010-cu ildə Moody`s, Fitch, Standard&Poors kimi beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycana verilmiş "stabil" reytinqi "pozitiv"ə qaldırılmışdır. Bu uğurların təməlində ulu öndər Heydər Əliyevin iqtisadi strategiyası və onun əsasında Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi inkişaf siyasəti dayanır. Bu siyasətin əsas istiqamətlərini isə makroiqtisadi sabitliyin qorunması və saxlanılması, milli iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətinin davamlı olaraq artırılması, neftdən asılılığın tədricən azaldılması, qeyri-neft sektorunun inkişafı, ölkədə əlverişli biznes və sərmayə mühitinin yaradılması və formalaşdırılması, enerji və ərzaq təhlükəsizliyinin, ekoloji tarazlığın təmin olunması təşkil edir.

Ş.Mustafayev son 7 ildə Azərbaycan iqtisadiyyatının 3 dəfə, son 10 ildə 4 dəfə artdığını xatırlatmışdır. Qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini deyən nazir bildirmişdir ki, burada əsas prioritet sahələr kənd təsərrüfatı, İKT, nəqliyyat, xidmət, turizm, ekologiyadır. Xarici ticarət dövriyyəsində müsbət saldo var, son illərdə qeyri-neft sektoru məhsullarının ixracının artım tempi yüksəlmişdir. Bütün bunlar ölkədə yoxsulluğun azalması ilə şərtlənmişdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalın xüsusi buraxılışında ölkənin İKT sahəsindəki uğurlarının geniş əksini tapdığını bildirmişdir. O demişdir ki, bu sahədə qarşıda duran əsas məqsəd onu 2025-ci ilədək Azərbaycanın neft sektorunun inkişafına yaxınlaşdırmaqdır. Son dövrdə hər üç ildə İKT sektoru iki dəfə genişlənir. Lakin ölkənin ərazi baxımından kiçik olduğunu nəzərə alsaq, sonrakı inkişaf perspektivi ixrac potensialının artırılmasıdır. Ölkədəki İKT mühitinin xarici investorlara açılması, Azərbaycan şirkətlərinin transmilli səviyyədə xarici bazarlara çıxması üçün də təbliğata böyük ehtiyac duyulduğunu vurğulayan Ə.Abbasov bu baxımdan jurnalın rolunu yüksək qiymətləndirmişdir.

Ə.Abbasov onu da bildirmişdir ki, Azərbaycanda informasiya yayımı azad və şəffafdır. İnternetin inkişafı və açıqlığı da kütləvi informasiya vasitələrinin məhdudiyyətsiz yayımını təmin edir.

Jurnalın ölkə meneceri Bətul Çakaloğlu xüsusi buraxılışın indiyədək ingilis dilində Azərbaycan haqqında hazırlanmış ən irihəcmli toplu olduğunu xatırlatmışdır. Nəşrin yeddi aya ərsəyə gəldiyini deyən B.Çakaloğlu bu işdə onlara böyük kömək göstərmiş Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova xüsusi təşəkkürünü bildirmişdir.

Mərasimdə digər çıxış edənlər bütövlükdə Azərbaycanın, o cümlədən onun iqtisadi potensialının dünyada tanıdılması baxımından jurnalın xüsusi buraxılışının əhəmiyyətini vurğulamışlar.

Jurnalın redaktoru Ceyson Nesh demişdir ki, xüsusi buraxılışda Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, siyasi-sosial həyatı barədə maraqlı məqalə və müsahibələr dərc olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 30 iyul.- S.  2.