Azərbaycan
Diplomatik Akademiyasının Asiya və Afrika diplomatları
üçün kursları başa çatmışdır
İlk dəfə Afrika və Asiyadan gəlmiş diplomatlar Azərbaycan Diplomatik Akademiyasının (ADA) "Xəzər hövzəsi ölkələrinin öyrənilməsi" proqramı üzrə on günlük kursda iştirak etmişlər.
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev dərslərin başa çatması münasibətilə kurs dinləyicilərini təbrik edərək bildirmişdir ki, proqram Afrika və Asiyadan gələn iştirakçılar üçün Azərbaycanın siyasi, iqtisadi nailiyyətləri, eyni zamanda mədəniyyəti, tarixi haqqında məlumat almaq baxımından yaxşı imkanlar yaratmışdır.
Nepallı diplomat Sharma Pokharel iştirakçılar adından bildirmişdir ki, Azərbaycan onların yaddaşında xüsusi iz buraxmışdır. O, burada aldıqları biliklərin səviyyəsini və insanların səmimiyyətini yüksək qiymətləndirmişdir.
Tədbirin
sonunda proqram iştirakçılarına sertifikatlar təqdim
olunmuşdur.
Xatırladaq
ki, təlimə Haiti, Mali, Samoa, Banqladeş, Kamboca, Nepal, Myanma,
Malayziya və digər ölkələrdən 14 diplomat
qatılmışdır.
Azərbaycanda
olduqları zaman xarici diplomatlar Xəzər dənizi regionunun
tarixi və mədəni irsi, onun statusu və geosiyasəti,
neft sənayesi, iqtisadiyyatı və investisiya imkanları,
regionun gələcəyinə təhlükə yarada biləcək
potensial təhdidlər, regional münaqişələrə
dair məruzələri dinləmişlər. Diplomatlar
qarşısında Azərbaycan Diplomatik Akademiyası, Xarici
İşlər Nazirliyi, Dövlət Neft Şirkəti, Mərkəzi
Bank və Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri
mühazirələr oxumuşlar.
Azərbaycanın
mədəniyyəti və tarixi haqqında ətraflı məlumat
almaq üçün xarici diplomatlar Qubaya, Qobustana səfər
etmiş, Bibiheybət məscidində, Səngəçal
terminalında olmuşlar.
AzərTAc
Azərbaycan.- 2011.- 30 iyul.- S. 2.