Azərbaycan
Respublikası Hərbi Prokurorluğunun kollegiya iclası keçirilmişdir
Hərbi Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iyulun 29-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi prokurorluğun rəhbər heyətinin iştirakı ilə 2011-ci ilin birinci yarısında Azərbaycan Respublikasının Hərbi Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Azərbaycan Respublikasının Baş prokurorunun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev iclasdakı çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü işlər nəticəsində 2011-ci ildə dövlət müstəqilliyimiz daha da möhkəmlənmiş, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu proseslərinin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, respublikamızın beynəlxalq aləmə inteqrasiya prosesi daha da sürətlənmiş, sosial-iqtisadi inkişaf sahəsində mühüm uğurlar qazanılmış, Azərbaycanın ədliyyə, məhkəmə və prokurorluq sisteminin inkişafı, müasirləşdirilməsi, qanunun aliliyinin və insan hüquqlarının etibarlı təminatına xidmət edən mütərəqqi islahatlar aparılmışdır.
Hərbi prokuror bildirmişdir ki, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, ordunun döyüş qabiliyyəti xeyli yüksəlmiş, şəxsi heyətin nizam-intizamı güclənmiş, nöqsanların aradan qaldırılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur.
Cari ilin 6 ayında hərbi prokurorluq orqanları silahlı birləşmələrdə hərbi nizamnamələrin tələblərinə əməl edilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, hərbi qurumlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində fəaliyyətini daha da artırmış, ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayət hadisələrinin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş, digər təsirli tədbirlər görülmüşdür.
Hərbi prokuror qeyd etmişdir ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2011-ci ilin birinci yarısında qeydə alınmış tabelik qaydasının əleyhinə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə, maşınları idarəetmə, istismar qaydalarını pozma, özünü öldürmə, qulluğa səhlənkar yanaşma, mülkiyyət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları, ümumiyyətlə, qeydə alınmamışdır.
Qeydə alınmış cinayətlərin 98,8 faizi, o cümlədən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə təsdiq olunmuş plan əsasında həyata keçirilən birgə tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur.
Bununla yanaşı, qeyri-hərbi cinayətlərin sayı artmışdır.
Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə bu növ cinayətlərin qarşısının alınması üçün respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilmişdir. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir. Silahlı Qüvvələrdə törədilən cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilmiş və icrası təmin olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
"Korrupsiyaya qarşı mübarizə haqqında" Qanundan və Azərbaycan Prezidenti İlham Əliyevin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın təsdiq edilməsi barədə" 2007-ci il 28 iyul tarixli sərəncamından, eləcə də cari il yanvarın 27-də dövlət başçısının tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın geniş yığıncağında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmişdir ki, bu da mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaratmışdır.
Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq, korrupsiya ilə mübarizəni inzibati və inandırma metodlarının vəhdəti üzərində quran Hərbi Prokurorluq orqanları fəaliyyətini daha da təkmilləşdirməklə bu işi öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmişdir. Bu müddət ərzində respublika hərbi prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 58 fakt üzrə cinayət işi başlamışdır. Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayonları, Sumqayıt şəhəri və respublikanın digər rayon hərbi komissarları barəsində CM-in 311.1, 313, 341.1 maddələri ilə cinayət işləri başlanmış və istintaqı davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" 2009-cu il
22 iyun tarixli fərmanında və Nazirlər Kabinetinin 2011-ci il iyulun 12-də altı ayın yekunlarına dair iclasındakı çıxışında rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası prokurorluğun üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edən Xanlar Vəliyev bildirmişdir ki, bu qəbildən olan cinayətlərin aşkarlanması sahəsində struktur qurumlar tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlər davam etdirilməlidir.
Hərbi prokurorluq orqanları cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 81 faizinin istintaq zamanı ödənməsini təmin etmişlər.
2011-ci ilin birinci yarısında ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi sahəsində müəyyən müsbət işlər görülmüş, hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanmış, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilmişdir.
Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 73 yoxlama keçirilmiş, nəticədə 965 qanun pozuntusu aşkar edilmiş, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 166 təqdimat göndərilmiş, 68 nəfərə xəbərdarlıq edilmiş, 37 cinayət işi başlanmış, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 58 yazılı göstəriş verilmişdir.
Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 30 apelyasiya protestinin 47 faizi təmin olunmuşdur.
Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə 68 məhkəmə prosesinin səyyar qaydada keçirilməsi təmin edilmişdir.
Cari ilin birinci yarısında hərbi prokurorluq orqanlarında vətəndaşların 1137 müraciətinə baxılmış, 1789 vətəndaş müxtəlif məsələlərlə bağlı Hərbi Prokurorluq əməkdaşları tərəfindən qəbul edilmişdir.
Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası CM-in soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü və digər maddələrilə istintaq olunaraq cinayət işi üzrə 287 təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Görülmüş müsbət işlərlə yanaşı, kollegiyada "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmuşdur.
Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülmüş, qanunvericiliyin öyrənilməsi ilə əlaqədar "Hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində" respublika Hərbi Prokurorluğunun, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla birgə tədbirlər planına əsasən hərbi prokurorluğun əməkdaşları müntəzəm olaraq hərbi hissələrdə olmuş, hərbi qulluqçular qarşısında çıxışlar, məruzələr etmiş, söhbətlər aparmışlar.
X.Vəliyev diqqətə çatdırmışdır ki, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Nazirlər Kabinetinin 2011-ci il 12 yanvar tarixli qərarına əsasən hərbi prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 94 əməkdaşına respublika hərbi prokurorunun əmri ilə məharət dərəcələri verilmişdir. Hesabat dövründə Baş prokurorun və respublika hərbi prokurorunun müvafiq əmrləri ilə xidməti fəaliyyətlərində fərqlənmiş 22 əməkdaş həvəsləndirilmiş, hərbi prokurorun əmri ilə 5 işçi vəzifədə irəli çəkilmiş, 8 işçi isə intizam məsuliyyətinə cəlb edilmişdir.
Hərbi prokurorluğun maddi-texniki vasitələrlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla təchiz edilməsi üçün müvafiq işlər görülmüşdür.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Kollegiyada çıxış edən respublika hərbi prokurorunun müavinləri Şəfahət İmranov, Rasim Kazımov və Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi Aydın Ələsgərov hesabat dövründə görülmüş işlərdən danışmış, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat vermişlər.
Kollegiya iclasında, eləcə də ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri hərtərəfli müzakirə olunmuş, tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan və işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş, əlaqədar struktur qurumlarına konkret göstərişlər verilmişdir.
Respublika hərbi prokuroru Xanlar Vəliyev kollegiyaya yekun vuraraq demişdir ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunmuş, onların aradan qaldırılması üçün konkret göstərişlər verilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 30 iyul.- S. 4.