Koreya ilə Azərbaycan arasında əməkdaşlıq davam etdirilir

 

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Koreya Respublikasının ChonnamChosun universitetlərinin tələbələri ilə görüş keçirilmişdir. Qonaqlar əvvəlcə yeni istifadəyə verilmiş və ən son texnologiyalarla təchiz edilmiş Tədris-İnnovasiya Mərkəzi, AzScienceNet-in monitorinq və təhlükəsizlik xidmətinə baş çəkmiş, burada görülən işlər və yeni layihələrlə tanış olmuşlar.

Görüşdə informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar, bu sahələr üzrə yüksəkixtisaslı kadr hazırlığı, həyata keçirilən innovativ layihələr barədə də söhbət aparılmışdır.

Tədris-İnnovasiya Mərkəzində dərslərə nəzarət etmək üçün quraşdırılmış video-monitorinq sistemi ilə tanış olmuş tələbələrə bildirilmişdir ki, şəffaflığı təmin edən bu sistem müəllimlərin məsuliyyətini artırır, həmçinin doktorantdissertantlar imtahanların gedişatını monitorlar vasitəsilə izləmək imkanı qazanırlar.

İTİ-nin fəaliyyəti, eləcə də yeni yaradılmış distant tədris xidməti haqqında ətraflı məlumat verən institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov Azərbaycanda informasiya cəmiyyətinin qurulmasında və "Elektron hökumət"in yaradılmasında institutun rolundan söz açmış, hər ay burada keçirilən seminarların əhəmiyyətindən də danışmışdır.

Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova ölkələrarası əməkdaşlıqdan söz açaraq bildirmişdir ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi və İTİ-nin birgə layihəsi çərçivəsində Tədris-İnnovasiya Mərkəzində həmin fakültənin tələbələrinə "İnformasiya cəmiyyətinin əsasları" fənni tədris olunur. Bu layihə Azərbaycanda ilk dəfə həyata keçirilir.

 

 

Azərbaycan.- 2011.- 30 iyul.- S.  5.