Azərbaycan-Polşa
əlaqələri yeni inkişaf
mərhələsinə qədəm qoyub
Azərbaycanın Avropa məkanında əməkdaşlıq əlaqələrinin inkişafına mühüm önəm verdiyi ölkələrdən biri Polşa Respublikasıdır. Beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri olan Polşa ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilmişdir.
Mərkəzi Avropa ölkəsi olan Polşa bu gün iqtisadiyyatı inkişaf etmiş, demokratiya yolunda mühüm nailiyyətlər qazanmış, zəngin ənənələrə malik ölkələrdəndir. Rəsmi Bakının Avratlantik məkana inteqrasiya və Avropa İttifaqı ilə sıx əməkdaşlıq prosesində adıçəkilən ölkənin dəstəyinə xüsusi önəm verməsi təsadüfi olmayıb, bir sıra mühüm tarixi və geosiyasi gerçəkliklərlə şərtlənir. Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. Ölkələrimiz arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Polşanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. 27 dekabr 1991-ci ildə Polşa Azərbaycanın müstəqilliyini tanımış və 21 fevral 1992-ci ildə iki olkə arasında diplomatik əlaqələr qurulmuşdur.
Rəsmi Varşavanın bu qərarı dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Polşa ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Həmin dövrdən etibarən Polşa-Azərbaycan münasibətlərinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır. "Azərbaycan Respublikası və Polşa Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı haqqında" Bəyannamə, "Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında" Konvensiya, "Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında mədəni və elmi əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" sazişlər və digər hökumətlərarası sənədlər ikitərəfli əlaqələrin genişləndirilməsinə imkan yaratmışdır.
Prezident İlham Əliyevin Polşa Respublikasına və adıçəkilən ölkənin dövlət başçısının Azərbaycana səfərləri ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olduğunu təsdiqləməklə bir sıra mühüm nəticələrlə yadda qalmışdır. Əldə edilən nəticələr deməyə əsas verir ki, Polşa əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara dinamik inteqrasiyasına ciddi maraq göstərir. Rəsmi Varşava Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir. Polşa gələcəkdə enerjiyə artan daxili tələbatlarını Azərbaycandan idxal edəcəyi neft və təbii qaz hesabına ödəmək, beləliklə, həm də alternativ enerji mənbəyi qazanmaq niyyətindədir. Respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi həm də mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Polşa üçün vacib önəm daşıyır.
Polşa Prezidenti Bronislav Komorovskinin bu günlərdə ölkəmizə rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi. Ölkə başçılarının görüşündə Azərbaycan və Polşa münasibətlərinin siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, əlaqələrin bundan sonra genişlənəcəyi qeyd olunmuşdur. Prezident İlham Əliyev bildirmişdir: "Polşa öz regionunda, Azərbaycan isə öz regionunda Xəzər dənizi - Baltik dənizi əməkdaşlığının inkişafı üçün çox cildi mövqelərə malikdir. Biz elə etməliyik ki, Xəzər dənizi - Qara dəniz - Baltik dənizi ölkələri arasında əməkdaşlıq daha da intensiv aparılsın və bu sahədə Polşa-Azərbaycan əlaqələrinin çox mühüm yeri vardır...
Bu gün, eyni zamanda, enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır. Bir müddətdir ki, bu istiqamətdə bizim qurumlarımız arasında fikir mübadiləsi, danışıqlar aparılır, Azərbaycan neftini və qazını dünya və Avropa bazarlarına çıxarmaq üçün yeni imkanlar araşdırılır. Bu sahədə Polşa-Azərbaycan əlaqələrinin mühüm yeri var. Əminəm ki, hazırda Avropa İttifaqının sədri olan Polşa bizim bütövlükdə Avropa İttifaqı ilə apardığımız danışıqlarda öz sözünü deyəcəkdir".
Polşanın dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində oynayacağı rolu müsbət qiymətləndirərək energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bəyan etmişdir. Polşa Prezidenti Bronislav Komorovski enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsini vacib sayaraq bildirmişdi: "Bir çox məsələləri nəzərdən keçirdik, müzakirə etdik, regiondakı siyasət, böyük qonşularımızın regionda gedən proseslərə təsiri haqqında danışdıq. Həmçinin enerji sahəsində əməkdaşlığa toxunduq. Polşa bir daha maraqlı olduğunu bəyan edir ki, enerji resurslarının çatdırılmasına öz töhfəsini verməyə hazırdır. Hesab edirəm ki, bu, nəinki bizim ölkə üçün, bütövlükdə Avropa İttifaqı üçün vacibdir. Avropa İttifaqı tərəfindən təsdq edilmiş bir layihə var. Əslində, bu, Odessa-Brodı-Plotsk-Qdansk boru kəmərinə aiddir. Bu layihə aktual hesab olunur və demək istəyirəm ki, bugünkü dünyada əgər əhəmiyyətindən söhbət gedirsə, bu layihənin biznes baxımından əhəmiyyəti artır".
Prezident İlham Əliyev bu səfərin ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açacağını bəyan etmişdir. Səfər zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən birgə sazişlər imzalanmışdır. Bu sırada "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyi arasında 2011-2013-cü illər üçün Əməkdaşlıq Proqramı", "Azərbaycan Respublikası hökuməti və Polşa Respublikası hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" sazişləri göstərmək olar. İmzalanan sənədlər dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə verəcəkdir.
Ümumiyyətlə, Prezident
İlham Əliyevin ölkəmizə rəhbərliyi
dövründə Polşa-Azərbaycan əlaqələri daha da inkişaf
etmiş, ikitərəfli münasibətlərdə
qarşılıqlı inam və etimad güclənmişdir. Rəsmi Varşava Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində
ilk gündən ədalətli və beynəlxalq
hüquq normalarına söykənən mövqe tutmuşdur. Bu gün Azərbaycanla Polşa arasında mövcud
olan münasibətlərin səviyyəsi
onu deməyə əsas verir
ki, Azərbaycan Avropa
İttifaqına və digər avrostrukturlara
inteqrasiya prosesində rəsmi
Varşavanın hərtərəfli dəstəyinə ümid edir. Polşa isə Cənubi Qafqazın ən
aparıcı və perspektivli ölkəsi
sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək
üçün səylərini daha da artırmaq niyyətindədir.
Azərbaycan.- 2011.-31 iyul.- S. 1.