Metallurgiya Azərbaycan sənayesinin prioritet sahəsidir

 

Azərbaycan Texniki Universiteti fəaliyyətinin ilk illərindən metallurq kadrların hazırlanması işini həyata keçirməyə başlamışdır. Təhsil ocağı 60 il ərzində metallurgiya sənayesində yaranan problemlərin həllində, habelə bu sahənin inkişafında, kadrlarla təminatında mühüm rol oynamışdır. XX əsrin 70-80-ci illərində AzTU nəinki respublikamız, eyni zamanda, keçmiş SSRİ üçün də kifayət sayda mühəndis-metallurq kadrların hazırlanmasında yaxından iştirak etmişdir. Ali məktəb indi də bu sahədə öncül mövqeyini qoruyub saxlayır və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına ciddi səy göstərir.

Ümummilli lider Heydər Əliyev təhsilin prioritet sahə olduğunu bütün dövrlərdə xüsusi vurğulamışdır: "Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır". Ulu öndərin tövsiyələrini strateji vəzifə kimi qarşıya qoyan Prezident İlham Əliyev hazırda bu istiqamətdə ciddi islahatlar həyata keçirir. "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiqi qarşıda duran konseptual vəzifələrin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Proqramda ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, onun məzmununun Bolonya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli sistemin formalaşdırılması və s. məsələlər öz əksini tapmışdır.

Ağır sənaye sahələrinin, xüsusilə metallurgiya sənayesinin inkişafı metallurq kadrların hazırlığından əsaslı şəkildə asılıdır. Odur ki, metallurgiyanın Azərbaycan sənayesində və iqtisadiyyatında rolu, bugünkü vəziyyəti və gələcək inkişaf perspektivləri, kadr hazırlığında qarşıda duran vəzifələr hazırda respublikada yeganə mühəndis-metallurq kadrların hazırlanmasını həyata keçirən universitetin daim diqqət mərkəzindədir.

Dünyada texnika və texnologiyanın inkişafı son iki yüzillikdə əsasən metal istehsalından, metal texnologiyasının inkişafından asılı olmuşdur. Bu asılılıq metal materiallarının spesifik xassələrinin olması ilə əlaqədardır. İnsan cəmiyyəti yaranandan metal və metal məmulatlara ehtiyac olmuşdur. Tarixi mənbələrdə göstərilir ki, hələ eramızdan təxminən 5000 il əvvəl təbii qızıl və misin alınması, istismarı həyata keçirilmişdir. Lakin həmin dövrlərdə belə metallar, sözsüz ki, yalnız bəzək əşyaları üçün istifadə edilmişdir. Tarixi mənbələr, eyni zamanda, eramızdan 2800 il əvvəl dəmirin əridilməsi ilə bağlı məlumatların olmasını təsdiqləyir və həmin texnologiyanın sirlərinin Misir fironu Tutanxamona mənsub olması göstərilir. Həmin sənədlər hələ o dövrlərdə metal istehsalının hər bir dövlət üçün nə qədər mühüm əhəmiyyət daşıdığını müəyyən edir.

Sonuncu yüzilliklərdə metal, xüsusilə polad istehsalı XIX əsrin ortalarından sürətlə inkişaf etməyə başlamışdır. Hansı ölkələrdə metal istehsalı inkişaf etmişdirsə, orada digər elm və istehsal sahələri də tərəqqi dövrünü yaşamış, bununla da həm iqtisadi, həm hərbi, həm də mədəni cəhətdən irəliləyişə nail olmuşlar.

Metallurgiya sənayesi digər sənaye sahələrinin - maşınqayırma, cihazqayırma, avtomobilqayırma, energetika, eləcə də məişət texnikasının inkişafına müsbət təsir göstərir. Təsadüfi deyil ki, dünyanın ən iri ölkələrinin məhz metal istehsalı, metal emalı sənayeləri kifayət qədər güclüdür.

Azərbaycanda da metallurgiyanın inkişafının qədim tarixi və ənənələri var. Naxçıvan çayı vadisində yerləşən I Kültəpədə, II Kültəpədə, eləcə də Şərurdakı Maxta yaşayış yerində aparılmış arxeoloji tədqiqatların nəticələri Kür-Araz mədəniyyətinin özündən əvvəlki yerli eneolit mədəniyyəti əsasında inkişaf tapdığını sübut edir. Naxçıvanda zəngin mis və mışyak yataqlarının olması burada qədim metallurgiyanın çox erkən inkişaf etməsinə zəmin yaratmışdır. İlk Tunc dövründə (e.ə. IV-III minilliklərdə) Naxçıvanla Yaxın Şərqin və Cənubi Qafqazın mədəniyyət mərkəzləri arasında sıx iqtisadi, mədəni əlaqələr olmuşdur. Eramızdan əvvəl II minillikdə - Tunc dövrünün orta və son inkişaf mərhələlərində Naxçıvan tayfaları yeni həyat tərzinə qədəm qoymuşlar. Eramızdan əvvəl III minilliyin sonu və II minilliyin əvvəllərində bu diyarda, eləcə də Azərbaycanın bir çox cənub regionlarında metallurgiyanın, dulusçuluğun və sənətkarlığın əksər növlərinin intensiv inkişafı sosial-iqtisadi və mədəni yüksəlişə böyük təkan vermişdir. Burada Tunc dövrünün inkişaf etmiş çağlarında güclü tayfa ittifaqları yaranmışdır.

Son illər Azərbaycanda metallurgiya sənayesi prioritet sahə kimi özünü göstərməkdədir. Bu, ümummilli lider Heydər Əliyevin Azərbaycanda metallurgiyanın inkişafına göstərdiyi xüsusi qayğı ilə bağlıdır. "Azərbaycan metallurgiya sənayesinin kompleks inkişaf proqramı" çərçivəsində Sumqayıt, Gəncə, Daşkəsən və Gədəbəydə iri istehsal sahələri qurulmuşdur. XX əsrin 70-ci illərində ulu öndərin uzaqgörən siyasəti nəticəsində çoxlu sayda metallurq və maşınqayırma sahəsinin alimləri, mühəndisləri Rusiyanın və SSRİ-nin digər respublikalarının elm mərkəzlərinə aspirantura və doktoranturaya göndərilmişdir. Sonradan həmin mütəxəssislərin hesabına Azərbaycan Texniki Universitetində güclü kadr potensialı formalaşmışdır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə metallurgiya sənayesinin inkişafı üçün çox iş görülür, mühüm layihələr həyata keçirilir. Gəncədə Polad Mərkəzinin inşası, alüminium istehsalı üçün çox ciddi layihələrin icrası, "Baku Stell Company" şirkətinin təşkili, Azərbaycanın qızıl istehsal edən ölkələrdən birinə çevrilməsi respublikamızın zəngin metallurgiya sənayesinə malik olduğunu sübut edir.

Azərbaycanın şimal-qərb bölgəsinin dağlıq ərazilərində faydalı qazıntıların olması hələ xeyli əvvəl bəlli idi. Almaniyanın "Siemens" şirkətinin XIX əsrdə burada kobalt və mis yataqlarının istismarına başlaması göstərir ki, həmin bölgənin faydalı qazıntı yataqlarının işlənməsinə xarici ölkələrdə də maraq göstərənlər olmuşdur.

Lakin dağ-mədən sənayesinin əsl inkişafı Azərbaycan Filizsaflaşdırma Kombinatının tikilməsindən sonra başlanmışdır. Hələ İkinci Dünya müharibəsi başa çatmamış geniş tikinti meydanını xatırladan Daşkəsəndə çətin relyefə baxmayaraq, dəmir və avtomobil yolları çəkilmiş, körpülər salınmış, çoxmərtəbəli binalar ucaldılmış, şəhər üçün zəruri xidmət obyektləri, dağ-mədən sənayesi texnologiyasının tələblərinə uyğun nəhəng sex və qurğular, habelə filizsaflaşdırma fabriki inşa edilmişdi.

Ölkədə metallurgiya sənayesinin sürətli inkişafına nail olmaq üçün zəruri amillər mövcuddur. Belə ki, əsas xammal bazasının və müxtəlif metal tullantılarının, metal tələbatlı sənaye və tikinti sahələrinin olması, əsas enerji ehtiyatlarının mövcudluğu, yeni istehsal sahələrinin yaradılma imkanlarının genişliyi, təcrübəli kadr və əmək ehtiyatlarının olması bu sahənin uğurlu fəaliyyətinə təminat verirdi.

Daşkəsən dəmir filizi əsasında yaradılacaq metallurgiya kompleksinin gələcəkdə fasiləsiz olaraq rentabelli və ahəngdar işləməsi üçün bu prosesə daxil olan hər bir istehsalat sahəsində zəruri texniki-təşkilati tədbirlər yüksək səviyyədə həyata keçirilməli, müasir idarəetmə üsulları peşəkarlıqla tətbiq edilməlidir. Rəqabətə davamlı, region qiymətləri ilə müqayisədə sərfəli polad məmulatlarının istehsalına yalnız bu yolla nail olmaq mümkündür. Məlumdur ki, tikilməkdə olan metallurgiya kompleksi ildə 5 milyon ton filiz çıxarmaq, hər il 1 milyon ton polad istehsal etmək məqsədi daşıyır. Mütəxəssislər Daşkəsəndə tərkibi 65-67 faizə qədər saflaşmış dəmir konsentratı istehsal edən filizçıxarma və saflaşdırma kompleksi yaradılmasını, bundan əlavə, Gəncədə okatış istehsal edən qurğu, 92-95 faizli məsaməli dəmir hazırlayan istehsal sahəsi və poladəritmə zavodunun tikilməsini məqsədəuyğun hesab edirlər.

Yaradılmaqda olan bu cür böyük metallurgiya kompleksinin idarə olunması, rentabelli işləməsi üçün indidən kadr hazırlığını günün tələbləri səviyyəsinə qaldırmaq lazımdır. Azərbaycan Texniki Universiteti 60 illik fəaliyyəti dövründə bu sahədə güclü kadr potensialı formalaşdırmışdır.

Ölkəmizdə həm qara, həm də əlvan metallurgiyanın inkişafı üçün çox yaxşı imkanlar mövcuddur. Qara metallurgiyaya dəmir filizinin çıxarılması və saflaşdırılması, çuqun və poladın əridilməsi, yayma və ferroərintilərin istehsalı daxildir. Respublikamızda ən iri qara metallurgiya mərkəzləri Sumqayıt, Bakı və Daşkəsəndədir. Daşkəsən Azərbaycanın ən böyük dağ-mədən sənayesi mərkəzidir. Ötən əsrin 80-ci illərində 2500-ə qədər işçisi olan, ildə 1 milyon tondan çox dəmir konsentratı və hər il 900 min tona qədər bentonit gili istehsal edən Azərbaycan Filizsaflaşdırma Kombinatı keçmiş SSRİ məkanında qara metallurgiya sənayesinin ən qabaqcıl müəssisələrindən birinə çevrilmişdi. Bu kombinatda alınan filiz Gürcüstanın Rustavi şəhərindəki metallurgiya zavoduna göndərilir. Çünki Azərbaycanda dəmir filizinin əridilməsi üçün kokslaşan daş kömür yoxdur. Sumqayıtdakı boru-yayma zavodunda isə qara metallurgiyanın son məhsulu olan boru və digər yayma məhsulları hazırlanır. Azərbaycanda boru və digər yayma məhsullarının istehsalının yaradılması neft-qaz sənayesinin inkişafı ilə əlaqədardır. Maşınqayırmanın inkişafı və metal tullantılarının çoxluğu ilə əlaqədar Abşeronda təkrar metal emalı zavodları və kiçik metallurgiya sexləri fəaliyyət göstərir. Ölkəmizdə qara metallurgiyanın inkişafında Qazax rayonunun Daş Salahlı kəndindəki bentonit gil yatağının rolu böyükdür. Bu gildən polad əridilməsində istifadə olunur. Yuxarıda qeyd olunduğu kimi, qara metallurgiya aşağıdakı mərhələlərdən keçir: dəmir filizinin çıxarılaraq saflaşdırılması, çuqun, polad, yayma istehsalı. Bunların Azərbaycanda tam həyata keçirilməsi isə mümkündür.

Əlvan metallurgiyanın Azərbaycanda güclü inkişafı üçün də kifayət qədər elektrik enerjisi, alunit, molibden, civə və polimetal filiz yataqları mövcuddur. Əlvan metallurgiya müəssisələrinə Sumqayıt və Gəncə alüminium zavodları, Bakı və Gəncə əlvan metalların emalı zavodları, Sumqayıt Alüminium Yayma Zavodu daxildir. Kifayət qədər xammal və elektrik enerjisinin olması sayəsində əlvan metallurgiya sənayesi Abşeron, Gəncə-Qazax və Naxçıvan bölgəsində daha yaxşı inkişaf edib. Şəki-Zaqatala, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın bölgələrində isə əlvan metallurgiyanı gələcəkdə inkişaf etdirmək mümkündür. Azərbaycanda alüminium sənayesi Gəncədə və Sumqayıtda daha güclü inkişaf etmiş alüminium oksidi və alüminiumun istehsalı mərhələlərindən ibarətdir. Daşkəsəndəki Zəylik alunit yatağı və bol elektrik enerjisi hesabına Gəncə zavodu fəaliyyət göstərir. Bu zavodda alüminium oksidi, sulfat turşusu, kalium gübrəsi və s. istehsal olunur. Azərbaycanda metallurgiyanın ən gənc sahəsi ovuntu metallurgiyasıdır. Bakıda müxtəlif ovuntulardan hazır metal məmulatları istehsal olunan zavod fəaliyyət göstərir. Bir sözlə, ölkəmizdə metallurgiyanın inkişafı üçün hər bir şərait - bol xammal və enerji, yüksəkixtisaslı kadrlar var.

2011-ci ildə metallurgiya sənayesində ümumdaxili məhsulun artımının 22 faiz olacağı gözlənilir. Növbəti 3 il ərzində isə bu göstərici orta hesabla 14,2 faizə çatacaq. Bu artım əsasən "Baku Stell Company" MMC-nin istehsal həcminin artırılması, Gəncədə növbəti alüminium zavodunun fəaliyyətə başlaması ilə əlaqədar olacaq. Eləcə də gələn il Gədəbəydəki qızıl zavodunun istehsal həcmi genişləndiriləcək. 2014-cü ildə Azərbaycanda qızıl istehsalının bu illə müqayisədə 6 dəfə artacağı proqnozlaşdırılır.

Gələcəkdə metallurgiya sənayesinin daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Texniki Universitetinin, xüsusilə metallurqların qarşısında böyük vəzifələr durur. Metallurq kadrların hazırlanması üçün AzTU-da böyük elmi kadr potensialı mövcuddur. Bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə isə çox böyük vəsait tələb olunur. Maddi-texniki bazanın gücləndirilməsi istiqamətində müvafiq sənaye sahələrinin universitetlə birgə layihələr həyata keçirməsinə ciddi ehtiyac var. Bununla bağlı bizim də qarşımızda ciddi vəzifələr durur. Metallurgiya və maşınqayırma sənayesi, eyni zamanda, müasir informasiya-kommunikasiya texnologiyalarının ən geniş tətbiq olunduğu sahələrdən sayılır. Bunlar nisbətən ağır sənaye sahələri olduğundan aparılan texnoloji proseslərin avtomatlaşdırılması və kompyuterlərin köməyi ilə idarə olunması daha çox vacibdir. Ona görə də müasir informasiya texnologiyalarını mənimsəməyə qabil gənclərin bu sahədə təhsil alması zəruridir.

Gənclərimizin bir qismi, xüsusilə yüksək hazırlığa malik olanlar metallurgiya, maşınqayırma, materialşünaslıq ixtisaslarına deyil, bəzən dəb hesab etdikləri başqa ixtisaslara meyil göstərirlər. Amma bizim tövsiyə etdiyimiz sahələr gənclərimizin karyerasında, maddi təminatında daha böyük rol oynaya bilər. Belə mütəxəssislərə respublikamızın hər yerində ciddi ehtiyac duyulur. Eyni zamanda, bu sahələr dövlətlər üçün strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, XVIII əsrdə Rusiyada metallurgiyanın problemlərinin həllinə ilk elmi yanaşma məhz dünya şöhrətli alim M.V.Lomonosov tərəfindən verilmişdir. Görkəmli alim bu məqsədlə yazdığı "Metallurgiya və filiz işlərinin ilkin əsasları" adlı əsərində təcrübi tədqiqatların nəticələrinin nəzəri əsaslarını vermiş, metallurji proseslərin fiziki-kimyəvi mahiyyətini aşkarlamağa çalışmışdır. Bu o dövr üçün irəliyə doğru atılmış çox ciddi addım idi.

Azərbaycan Texniki Universitetinin bu sənaye sahəsinin formalaşmasında və gələcək inkişafında rolu danılmazdır. Onun hazırladığı mütəxəssislər nəinki respublikamızda, keçmiş SSRİ məkanında müvəffəqiyyətlə fəaliyyət göstərmişlər. Azərbaycan Politexnik İnstitutunda 1956-cı ildən mühəndis-metallurq kadrların hazırlanması işinə başlanmışdır. Sənayedə ilk belə mütəxəssislər tökmə istehsalının maşınları və texnologiyası ixtisası üzrə mühəndislər olmuşlar.

AzTU-da metallurgiya fakültəsi 1964-cü ilin fevralında yaradılmışdır. Fakültədə hazırda 600-dək bakalavr və 40 magistrant təhsil alır. Burada 4 istiqamətdə bir çox ixtisaslar üzrə bakalavr və magistrlər hazırlanır. Bu gün AzTU-da əlvan metalların metallurgiyası, metalların təzyiqlə emalı, metalşünaslıq və termiki emal, qara və əlvan metalların tökmə istehsalı, tökmə istehsalın maşınları və texnologiyası, qaynaq istehsalının avadanlığı və texnologiyası, kompozisiya və ovuntu materialları, örtüklər, metallurji proseslərin və materialların fiziki-kimyəvi tədqiqat üsulları, materialşünaslıq və yeni materialların texnologiyası, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və ekologiya ixtisasları üzrə mütəxəssis hazırlanır. Fakültənin 98 nəfərlik kollektivi beş kafedrada cəmləşmişdir. Onların 64-nü professor-müəllim heyəti, 34-nü isə tədris-köməkçi işçilər təşkil edir. Professor-müəllim heyətindən 13 nəfəri elmlər doktoru, professor, 42 nəfəri elmlər namizədi, dosent, 10 nəfəri isə baş müəllim və assistentdir. Hazırda fakültədə 4 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bu günə qədər Azərbaycan Texniki Universiteti 6000-dən çox metallurq-mühəndis kadr hazırlamışdır.

Metallurgiya fakültəsinin yaradılması, mühəndis-metallurq kadrların hazırlanmasında texnika elmləri doktoru, professor Nadir Qasımzadənin, professor Rəhim Şükürovun, professor, Dövlət mükafatı laureatı Xanoğlan İmanovun, professor Vilayət Eyvazovun böyük xidmətləri vardır. Mühəndis-metallurq, AzTU-nun dosenti Eylaz Babayev 1976-cı ildə "Sümük toxumalarında xüsusi daxili gərginliyin olması"nı kəşf edən müəlliflərdən olmuşdur.

Son illərdə fakültənin müəllimləri tərəfindən 260-dan artıq elmi əsər, o cümlədən 9 monoqrafiya nəşr edilmişdir. Kafedraların əməkdaşları 150-dən çox konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişlər. Son illərdə fakültənin müəllimlərindən 6 nəfəri doktorluq, 10 nəfəri isə namizədlik dissertasiyası müdafiə etmişdir.

Tədris olunan müxtəlif fənlər üzrə 25 dərslik və dərs vəsaiti çapdan çıxmışdır. Metallurgiya fakültəsinin professor-müəllim heyətinin 30 nəfərdən çoxu Moskva, Sankt-Peterburq, Krakov, Varşava, Kiyev və Minsk şəhərlərində təhsil almış, namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdir. Bir çox əməkdaş Almaniyanın və digər inkişaf etmiş ölkələrin müxtəlif ali məktəblərində təcrübə, xüsusi kurs keçmişlər.

Kafedralar xarici ölkələrin elm və sənaye mərkəzləri ilə, o cümlədən Moskva Polad və Ərintilər İnstitutu, Almaniyanın Aaxen Texniki Universiteti, Orta Şərq Texniki Universiteti, Yıldız Texniki Universiteti, Qazi Universiteti, Ukrayna Elmlər Akademiyasının Materialşünaslığın Problemləri İnstitutu, Kiyev Metallar Fizikası İnstitutu, Moskva Alət və Dəzgahlar İnstitutu, Moskva Mərkəzləşdirilmiş Qara Metallurgiya İnstitutu, Macarıstan Mikels Universiteti, Gürcüstan Elmlər Akademiyasının Ekologiya İnstitutu və s. təhsil ocaqları ilə sıx əməkdaşlıq əlaqələri yaratmışlar.

Hazırda müasir dövrün tələblərinə uyğun yüksək ixtisaslı kadların hazırlanmasında Texniki Universitetin qarşısında yeni vəzifələr durur. Bunu dərindən dərk edən təhsil ocağının professor-müəllim heyəti respublikada bu sənaye sahəsinin inkişafına öz töhfələrini vermək üçün qüvvə və bacarığını əsirgəmir.

 

 

Havar MƏMMƏDOV,

AzTU-nun rektoru, professor

 

Sübhan NAMAZOV,

Metallurgiya və metalşünaslıq

kafedrasının müdiri,

texnika elmləri doktoru

 

Azərbaycan.- 2011.- 31 iyul.- S. 4.