İstedadsızlar iz qoya bilməzlər

 

Azərbaycan musiqisinin bəzəyi xalq mahnılarıdır. İnsanın kədərli və şən günlərində ona arxa duran, onu ovunduran və işıqlı gələcəyə səsləyən bu incəsənət növünə biganə qalan, onu sevməyən adama rast gəlmək mümkün deyil! Çünki mahnı insana həyatverici qüvvə təsiri göstərir, qəlbə sirayət edir və son nəticədə xoş ovqat yaranmasına yardımçı olur.

Bir vaxtlar əkinçi, cütçü, çoban, ovçu, ipəkçi, balıqçı, xonça və nişantaxdı, xınayaxdı və gəlinaparma, eləcə də uşaq nəğmələri dəbdə idi. Onları müvafiq mərasimlərdə oxuyurdular. İndi isə həmin mahnılar, demək olar ki, yoxdur. Radio və televiziya kanallarında istedadsız "şairlər" və "müğənnilər" nəslinin "yaradıcılığına", səsdən məhrum ifaçılara geniş meydan verilməsi əsl mahnıları az qala aradan çıxarmışdır. Elə bir mühit yaranıb ki, səsini kompyuterdə köklətməyən, ona metallıq, lətafət verdirməyən "müğənni" canlı efirdə müxtəlif bəhanələrlə oxumaqdan imtina edir. Xalqın mənəvi aləmini zənginləşdirən, onu aliləşdirən əsl mahnılara az yer verilir. Sovetlər vaxtında radio və televiziya kanallarında bədii qiymətləndirmə komissiyaları vardı. Həmin komissiyalar bu və ya digər əsəri hərtərəfli müzakirə etmədən ifasına icazə vermirdi. Bu səbəbdən də səsləri özlərinə xoş gələnlər telekanallara yol tapmırdılar. Belə komissiyaların ziyanlı cəhətləri də vardı. Məsələn, ali konservatoriya təhsili olmayan böyük istedadlar üçün də istisna yox idi. Ələkbər Tağıyev, Bəhram Nəsibov kimi anadangəlmə bəstəkarlara "həvəskar bəstəkar" adı qoymuşdular, xalq arasında sevilə-sevilə dinlənən "həvəskar bəstəkar" mahnıları teleradio efirində xalq mahnıları kimi təqdim olunurdu. Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin bəstələdikləri nəğmələrə də "xalq mahnıları" "möhürü" vurulurdu.

Cabbar Qaryağdıoğlunun topladığı 300-dən artıq xalq mahnısı Azərbaycanda musiqi ifaçılığının inkişafında böyük rol oynamış, opera və operettalarda yaradıcılıqla istifadə olunmuşdur. Onun bəstələdiyi 30-dan artıq mahnını Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və Səid Rüstəmov nota almışlar.

Səs xəzinəmizin əvəzsiz nümayəndəsi Xan Şuşinski də mahnı ifaçılığında və mahnı bəstələməkdə önəmli yer tutan sənətkar idi. Dahi Üzeyir bəyin məhz onun səsinə yazdığı "Qaragöz" mahnısı indiyədək konsert salonlarının bəzəyidir. Bu mahnının əvvəlinci və axırıncı kişi ifaçısı Xan Şuşinski olmuşdur. Qadına xitabən yazılmış bu mahnı gözəl tembrli, ürəyəyatımlı çox geniş diapazonlu səs tələb etdiyindən kişi xanəndələr bu mahnını oxumaqdan vaz keçmişlər. Bu ağır ifaçılıq yükünü öz boynuna unudulmaz müğənni Sara Qədimova götürmüş və müəllifin yazdığı zil tonallıqda çox gözəl oxumuşdur. "Məni gəl məzəmmət eyləmə, gözəl yar" nəqarət yerində onun təkrarən çox zilə çəkməsi dinləyicidə məftunluq yaradırdı. Bunu ancaq Sara xanım edə bilirdi. Ona görə ki, səsi imkan verirdi. Yeri gəlmişkən, öz pərdəsində oxunmayan mahnı dinləyicini riqqətə gətirmir. Məsələn, Qədir Rüstəmova qədər çoxları "Sona bülbüllər" xalq mahnısını oxumuşdu, amma öz tonallığında oxumadıqlarından mahnının gözəl çağırışları dinləyiciləri biganə qoymuşdu. Qədir Rüstəmovun mərhum tarzən Əhsən Dadaşovun ansamblının müşayiəti ilə oxuduğu "Sona bülbüllər" mahnısı və arada etdiyi muğam ayağı dinləyici qəlbinə dərhal yol tapdı. Ona görə ki, müğənni bu mahnını böyük çılğınlıqla səsləndirir. Ürək yanğısı ilə vurduğu qırıq-qırıq zəngulələri iliklərə işləyir, dinləyicinin ovqatına hakim kəsilir. Qadın müğənnilər bəzən "Qaragöz" mahnısını öz pərdəsində oxumayanda mahnı çox adiləşir və özünün bədii təsir qüvvəsini tam itirir.

Fikirləşirsən ki, səsləri kompyuterdə köklənəndən sonra oxumaq cəsarəti çatanların dövranı çoxmu çəkəcək? Nə üçün səs imkanlarının azlığını bilənlər kompyuter texnikasının gücü ilə əlçatmaz mahnılara girişməkdən çəkinmirlər? Səssiz müğənnilərin böyük sürətlə artımı dünyanın hər yerində müşahidə olunur. Hətta bir vaxtlar Moskvanın kütləvi informasiya vasitələrində "Oxuyana səs lazımdırmı?" məsələsi müzakirə mövzusuna çevrilmişdi. Belə çıxır ki, Azərbaycan estrada mühitində oxumaq eşqində olanlara səs lazım deyil. Doğrudan da səsgücləndiricilər, kompyuter oyunbazlıqları şəraitində səsə ifa imkanları verəndən sonra fonoqramlarla oxuyub toylara qazanc dalınca getməkdən yaxşı nə ola bilər? Səssiz müğənnilər, görünür, böyük "cəsarət" sahibləridir. Qəflətən elektrik enerjisi kəsilsə, görəsən, onlar nə edərlər? Heç bu barədə fikirləşirlərmi?

Yenə də qayıdaq Xan Şuşinskinin mahnı bəstəçiliyinə.

Xan Şuşinski onlarca mahnı müəllifidir. "Alma almaya bənzər", "Əlində sazın qurbanı", "Şuşanın dağları" , "Ay gözəl", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ay qəşəng ceyran", "Ölürəm, ay ceyran bala", "Qəmərim" mahnıları dediklərimizə misal ola bilər.

Tibb xadimi Zəhra Rəhimovanın qrammofon valına yazdırdığı "Ölürəm, ay ceyran bala" mahnısı emosionallığı ilə yaddaşlara yaxşı həkk olunmuşdu. Yeri gəlmişkən, Zəhra Rəhimovanın ifa qabiliyyəti Üzeyir bəyin diqqətini çəkdiyindən onun konservatoriyanın vokal sinfində oxumasını məsləhət görmüşdü. Üzeyir bəyin düzgün seçimi sayəsində dünya musiqi salonlarının bəzəyi ola biləcək qaltanlı, geniş diapazonlu və ifa qabiliyyətli metso-soprano Z.Rəhimova xalqın sevimlisinə çevrilmişdi. Üzeyir bəyin yazıb tamamlaya bilmədiyi eyni adlı operadan "Firuzənin ariyası"nı onun kimi möhtəşəmliklə oxuyan olmamışdır. Onun boğaz xırdalıqları ilə gözəllik verdiyi mahnılar və romanslar Azərbaycan Teleradio Şirkətinin qızıl fondunda saxlanılır.

Dahi Üzeyir bəyin əsasını qoyduğu professional milli musiqi məktəbinin istedadlı nümayəndələri - Asəf Zeynallı, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Şəfiqə Axundova, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Hökumə Nəcəfova, Hacı Xanməmmədov və bir çox başqaları Azərbaycanda mahnı və romans janrının inkişafında böyük rol oynamış, misilsiz xidmətlər göstərmişlər. Onların yazdıqları əsərlər müasir ritmikanın və milli motivlərin uğurlu sintezinə və ən başlıcası, muğam dəryasının böyük gücünə söykəndiyindən musiqi aləminə birdəfəlik daxil olmuşdur. Mahnılarımızın zəngin melodiyası onları hər dəfə dinləyən musiqisevərlərdə müsbət emosiyalar yaratmaqdadır. Bu səbəbdən də xalq mahnılarımız dünya musiqi meridianlarında bütün möhtəşəmliyi ilə səslənməkdədir. Xalq artisti Səyavuş Kəriminin Norveçin xor kollektivləri ilə birlikdə xalq mahnılarımızı səsləndirməsi də təqdir olunmalıdır. Xor ifaçılığının yüksək zirvədə dayandığı Norveçdə Azərbaycan melodiyaları Allah dərgahından gələn sakitləşdirici xoş musiqi kimi qəlblərə sirayət edir.

Təcrübə göstərir ki, muğamın sirlərinə bələd olmayanların ərsəyə gətirdikləri mahnılar qarmaqarışıq səs yığınından ibarət olur, mahnı təsiri bağışlamır və dinləyicidə ancaq etinasızlıq yaradır. Təəssüf ki, telekanalların, demək olar, hamısında həndəsi silsilə ilə artan "bəstəkarların" mahnıları və səssiz "müğənnilərin" ifaları geniş yer tutur. Belələri təşəxxüslə hansısa layihə üzərində işlədiklərindən, adları musiqi aləmində heç kimə tanış olmayan "bəstəkar" və "şairlə" birgə çalışmalarından danışırlar. "Təzə" mahnıların əksəri dinləyicilərin çoxunu yorur. Qəribəsi də odur ki, özəl telekanallarda bu sayaq "sənətçilərin" təmtəraqlı reklamına geniş yer verilir.

Təqsir onlarda deyil, onları efirə çıxaranlarda, toylara çağırıb böyük miqdarda pul verənlərdədir. Əsl sənətkarlar təşəxxüslü olmamışlar. Onlar həmişə xalqın içində püxtələşmişlər. Xalq artisti Əlibaba Məmmədov bənzərsiz ifaçı olduğu kimi, bənzərsiz də bəstəkardır. Əsl muğam ustadı olan bu ifaçının 100-dən artıq bəstəsi vardır və bu mahnılar dinləyicilərdə həmişə xoş ovqat yaradır. Ona görə ki, onun hər bir musiqi cümləsi muğamdan yaranıb. Vaxtilə onun da bəstələri xalq mahnısı kimi təqdim olunurdu. Səbəb, yuxarıda qeyd etdiyimiz kimi, ali musiqi təhsili olmayanlara efir yasağı qoyulması idi. İndi, çox şükür ki, əsl istedadların əsərləri onların öz adları ilə verilir.

Yaxın keçmişdə unudulmaz sənətçilər - Xan Şuşinski, Seyid Şuşinski, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Tükəzban İsmayılova, Mütəllim Mütəllimov və başqaları filarmoniyada konsertlərdə mikrofonsuz oxuyurdular. Filarmoniyanın yay estradasında da mikrofon qoyulmurdu. Ona görə ki, onlar əsl ifaçılar idilər, gözəl tembrli və geniş diapazonlu gur səsləri vardı. Azərbaycan Dövlət Filarmoniyasında hər axşam müğənnilərimizin konsertləri anşlaqla keçirdi. Muğam xiridarları və ümumiyyətlə musiqi biliciləri konsertdən sonra da indiki Filarmoniya bağında yığışıb aldıqları təəssüratı bir-birləri ilə bölüşürdülər. Artıq neçə illərdir ki, filarmoniya, demək olar, fəaliyyətsiz qalıb. Keçmişlərdə SSRİ məkanının ən güclü ifaçıları və simfonik orkestr kollektivləri bu mədəniyyət ocağında konsertlər verirdilər. Bakı ən musiqili şəhər sayılırdı. Bəs indi hansı səbəbdən filarmoniya çox vaxt sükuta qərq olur?

Bütün bunlara baxmayaraq, sabaha nikbinliklə baxmağa dəyər. Çünki son vaxtlarda keçirilən muğam müsabiqələrində böyük istedadlar meydana gəlib. Onların mahnı yaradıcılığında öz sözlərini deyəcəkləri vaxt reallığa çevrilmişdir. Bu bizi çox sevindirir. Bir də ki, möhtəşəm muğam dayaqları üstündə ucaldılmış sənət sarayında gəldi-gedərlər heç vaxt iz qoya bilməyiblər. Odur ki, bu barədə belələri özləri düşünsələr, daha yaxşı olar.

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2011.- 31 iyul.- S.  5.