Milli Məclisin yaz sessiyası başa çatdı
Mayın 31-də Milli Məclisin
2011-ci ilin yaz sessiyasında sonuncu plenar iclası keçirildi.
İclasda ilk olaraq "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında" qanun layihəsi müzakirəyə
çıxarıldı. Layihə ilə bağlı Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki,
İnzibati Xətalar Məcəlləsinin 116.0.7-ci maddəsinə
təklif olunan dəyişiklik yazılı bildiriş
göndərilmədən qazın, elektrik enerjisinin və ya
istilik enerjisinin verilməsinin dayandırılmasına görə
müfəttişlərin məsuliyyətini nəzərdə
tutur. Qanun layihəsi təsdiq olundu.
Əli Hüseynli "Yol hərəkəti
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" qanun layihəsini müzakirəyə
təqdim etdi. Bildirildi ki, dəyişikliklərdən biri
şəxslərin yol hərəkəti qaydalarının
pozuntusu ilə əlaqədar barələrində tətbiq
edilən inzibati tənbeh haqqında qərarlarla və
onların nəticələri (cərimələr və
onların ödənilməsi, balların sayı və ya
silinməsi) ilə bağlı rəsmi internet informasiya
ehtiyatlarından məlumat almalarını təmin etməkdir.
Həmçinin qanuna 85-1-ci maddənin əlavə edilməsi
nəzərdə tutulur. "Yol hərəkəti
qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə
cəlbetmə qaydası" adlanan bu maddəyə görə,
inzibati cərimə növündə inzibati tənbeh tətbiq
etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi
gündən 30 iş günü müddətində inzibati xəta
törətmiş şəxs cərimə bildirişi üzrə
müvafiq məbləği banka ödəməlidir. Barəsində
inzibati cərimə tənbeh növü tətbiq edilən
şəxs qərarı dərhal və ya qərar qanuni
qüvvəyə mindiyi gündən 3 iş günü
müddətində icra edərsə, tətbiq olunan cərimənin
10 faizi miqdarında məbləğin ödənişindən
azad edilir. İnzibati cərimə növündə inzibati tənbeh
tətbiq etmə haqqında qərar qanuni qüvvəyə
mindiyi gündən 30 iş günü müddətində cəriməni
qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən
şəxsə onun ödənilmədiyi hər növbəti
gün üçün cərimə məbləğinin 2
faizi miqdarında dəbbə pulu tətbiq edilir.
Müzakirələr zamanı deputatlardan Elmira Axundova, Rafael Cəbrayılov, Xanhüseyn Kazımlı, Astan Şahverdiyev, Cavid Qurbanov, Aydın Mirzəzadə, Etibar Hüseynov, Zeynəb Xanlarova və Siyavuş Novruzov qanun layihəsini müsbət dəyərləndirdilər, nəzərdə tutulan dəyişikliklərin müasir dövrün tələblərinə cavab verdiyini, yol hərəkəti qaydalarının daha dəqiq tənzimlənməsinə xidmət etdiyini bildirdilər. Qanuna dəyişikliklərdə cərimə edilənin həvəsləndirilməsinin də nəzərdə tutulması təqdir edildi.
Bu məsələyə münasibətini bildirən Milli Məclisin Sədri Oqtay Əsədov Dövlət Yol Polisinin işində çox böyük irəliləyiş olduğunu dedi. Layihəni yüksək qiymətləndirən Oqtay Əsədov bu cür dəyişikliklərin yol polisinin fəaliyyətinin daha da yaxşılaşdırılmasına xidmət edəcəyini diqqətə çatdırdı.
Yekunda qanun layihəsi təsdiq
olundu.
Gündəlikdə olan
növbəti məsələ - "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" qanun layihəsi
ilə də bağlı Əli Hüseynli məlumat verdi.
Onun sözlərinə görə, bu dəyişikliklər
üzvi surətdə bundan əvvəl müzakirə olunan məsələ
ilə bağlıdır. Belə ki, qanun layihəsinə əsasən
İnzibati Xətalar Məcəlləsinə 159-1-ci maddənin
əlavə edilməsi təklif olunur. Bu maddəyə görə,
yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların
törədilməsinə görə inzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay
müddətində qanunla müəyyən edilmiş əsaslar
olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini
idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılır.
Qanun layihəsi təsdiq
olundu.
İclasda "Azərbaycan
Respublikasının Mülki-Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında" qanun layihəsi də
müzakirə olundu. Qeyd edildi ki, bu məcəlləyə təklif
olunan dəyişikliklər Azərbaycan Respublikası Ali Məhkəməsinin
Plenumu tərəfindən ərizəyə baxılması ilə
bağlı məsələləri özündə ehtiva
edir. Deputatlar qanun layihəsinin lehinə səs verdilər.
İclasda son olaraq "Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" və "Azərbaycan Respublikasının
Cəzaların İcrası Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" məsələlər müzakirəyə
çıxarıldı. Qısa müzakirədən sonra hər
iki qanun layihəsi təsdiqləndi.
Gündəlikdəki məsələlərin
müzakirəsi yekunlaşandan sonra Milli Məclisin Sədri
Oqtay Əsədov Azərbaycan Respublikası Milli Məclisinin
2011-ci il yaz sessiyasının başa
çatdığını elan etdi. Azərbaycan
Respublikasının Dövlət himni səsləndirildi.
Azərbaycan.- 2011.-1 iyun.- S. 1.