İrpendə yenidənqurma və
abadlaşdırmadan sonra akademik Zərifə Əliyevanın
adını daşıyan Dostluq parkının təntənəli
açılış mərasimi olmuşdur
Kiyevin peyki - İrpen şəhərciyində yenidənqurma və abadlaşdırma işlərindən sonra görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın büstünün ucaldıldığı, Azərbaycan xalqının bu şanlı qızının adını daşıyan Dostluq parkının təntənəli açılış mərasimi olmuşdur.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ali Radanın deputatı, ölkə parlamentinin Ukrayna-Azərbaycan dostluq qrupunun rəhbəri Eduard Zeynalov, İrpen şəhər merinin müavini Nikolay Qolovkeviç, Türkiyə, Özbəkistan, Türkmənistan və Tacikistanın diplomatik nümayəndəliklərinin başçıları, diaspora üzvləri, Ukraynada təhsil alan azərbaycanlı tələbələr, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Akademik Zərifə Əliyeva adına küçədə yerləşən 12 nömrəli orta ümumtəhsil məktəbində Zərifə xanım Əliyevanın otaq-muzeyinin açılış mərasimi olmuşdur.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, İrpen şəhəri sakinləri, Azərbaycanın İrpen şəhərindəki diaspora üzvləri, o cümlədən diasporanın fəalı, sahibkar Namiq Quliyev və başqaları iştirak etmişlər.
Həmin gün axşam Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə təntənəli qəbul təşkil olunmuşdur. Bayram gecəsində ARDNŞ prezidenti Rövnəq Abdullayev, Azərbaycan Milli Məclisi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə parlamentinin deputatları, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Ukraynanın tanınmış siyasətçiləri, elm və mədəniyyət xadimləri, Ukraynadakı Azərbaycan diasporası üzvləri və başqaları iştirak etmişlər.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukrayna xarici işlər nazirinin müavini Viktor Mayko, ARDNŞ prezidenti Rövnəq Abdullayev və başqaları tədbir iştirakçıları qarşısında təbrik nitqi söyləmişlər.
Bayram gecəsində Azərbaycanın görkəmli alimi, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub Mahmudlunun Ukrayna dilində "Azərbaycan: tarixi oçerklər" və ingilis dilində "Azərbaycan dövlətçiliyinin qısa tarixi" kitablarının təqdimatı olmuşdur. Həmin kitablar Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən Respublika günü münasibətilə nəşr olunmuşdur.
Qonaqlar həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımından bəhs edən kitablar, habelə Azərbaycan üzrə sorğu kitabçaları və turist bukletləri ilə tanış olmuşlar.
Ukraynanın xalq artisti Qurban Abbasov populyar Azərbaycan və Ukrayna mahnılarını ifa etməklə bayram iştirakçılarına xoş dəqiqələr bəxş etmişdir.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Kiyev
Azərbaycan.- 2011.-1 iyun.- S. 2.