Novruz Məmmədov: Beynəlxalq ictimaiyyət Azərbaycan Ermənistan prezidentlərinin görüşünə böyük əhəmiyyət verir

 

Azərbaycan Ermənistan prezidentlərinin Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi ilə iyunda planlaşdırılan görüşünə təkcə biz yox, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu həmsədr ölkələrin prezidentləri böyük əhəmiyyət verirlər.

Bunu AzərTAc-a müsahibəsində Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov demişdir.

N.Məmmədov bildirmişdir ki, bu yaxınlarda Minsk qrupu həmsədr ölkələri prezidentlərinin bəyanatında münaqişənin tezliklə həll olunması ilə bağlı tələb ortaya qoyulmuşdur. Bizim istəyimiz ondan ibarətdir ki, həm həmsədr dövlətlərin rəhbərlərinin, həm Minsk qrupunun həmsədrlərinin, beynəlxalq ictimaiyyətin tələbi ilə münaqişə ilə bağlı status-kvo dəyişilsin. Status-kvonun dəyişilməsi münaqişənin həllində birinci mərhələdən, yəni, Azərbaycanın ərazilərinin - Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunması ilə başlaya bilər. Düşünürük ki, Ermənistan tərəfi bu bəyanata ciddi yanaşacaq, müəyyən bəhanələr axtarmayacaq, bundan sonra da danışıqlar prosesində yenə vaxtın uzadılmasına çalışmayacaqdır.

 

 

Azərbaycan.- 2011.- 1 iyun.- S. 3.