Ərəb dünyasının
nüfuzlu "Cümhuriyyə" qəzetinin bir səhifəsi
Azərbaycana həsr edilmişdir
Misir və ərəb dünyasının aparıcı "Cümhuriyyə" qəzetinin 28 may tarixli nömrəsinin bir səhifəsi "Azərbaycanın istiqlaliyyəti" sərlövhəsi altında Azərbaycana həsr edilmişdir. Bu, Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü və 28 May - Respublika Günü münasibətilə Misirdəki diplomatik nümayəndəliyimiz tərəfindən təşkil olunmuşdur.
Ölkəmizin Misirdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, xüsusi səhifədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətli inkişafı, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti və onun varisi kimi təşəkkül tapmış müstəqil Azərbaycan Respublikasının 20 illik müstəqillik yolu, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri, Azərbaycanın neft tarixi, turizm potensialı, xalçalarımız, milli mətbəximiz və Azərbaycan-Misir əlaqələri haqqında məqalələr öz əksini tapmışdır.
Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edən məqalədə ümummilli liderin dövlət təhlükəsizlik orqanları, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və nəhayət, müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti haqqında məlumat verilir. Yazıda dahi şəxsiyyətin uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri arxada qoyaraq davamlı inkişaf mərhələsinə çıxdığı bildirilir və onun gördüyü misilsiz işlər haqqında məlumat verilir.
Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycanın ictimai-siyasi həyatın, iqtisadiyyatın, mədəniyyət və incəsənətin bütün sahələrində əldə etdiyi uğurları haqqında məlumat verilən digər məqalədə Azərbaycanın regionun lider ölkəsi olduğu və beynəlxalq sülh və təhlükəsizliyə, humanitar əməliyyatlara töhfə verən dövlət olduğu vurğulanır.
Şərqin ilk demokratik respublikasının Azərbaycanda təsis edildiyini diqqətə çatdıran məqalədə isə 23 ay yaşamış və sonradan bolşevik işğalına məruz qalmış Azərbaycan Xalq Cümhuriyyətində Qərb ölkələrindən xeyli əvvəl qadınlara siyasi hüquqların verildiyi diqqətə çatdırılır. AXC-nin varisi olan müstəqil Azərbaycan Respublikasının 20 il ərzində qazandığı uğur və nailiyyətlərlə dolu müstəqillik yoluna nəzər salınır.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: işğal və təcavüz" adlanan məqalədə münaqişənin tarixi, ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması, Xocalı faciəsi, Azərbaycanın işğal olunmuş ərazilərində islam dini və mədəniyyətinə aid olan abidələrin talan edilməsi, danışıqlar prosesində Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe barədə oxuculara ətraflı məlumat verilir.
Azərbaycanın neft tarixindən bəhs edən məqalədə isə orta əsrlərdə ərəb və Avropa səyyahlarının Bakı nefti haqqında söylədikləri fikirlərə istinad olunaraq dünyada ilk neft quyusunun Azərbaycanda qazıldığı, neft sənayesi sahəsində əksər yeniliklərin ilk dəfə paytaxtımızda tətbiq edildiyi bildirilir, Bakı neftinin II dünya müharibəsində oynadığı həlledici rol açıqlanır, "Əsrin müqaviləsi" və respublikamızın neft-qaz sənayesinin müasir mərhələsinə, Dövlət Neft Fondunun fəaliyyəti və neft gəlirlərinin şəffaf idarəçiliyi mexanizminə toxunulur.
2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunduğu nəzərə alınaraq Azərbaycanın turizm imkanları, mədəniyyəti, incəsənəti, mətbəxi və Azərbaycan xalçaçılıq sənəti barəsində də oxuculara ətraflı məlumat verilir.
"Cümhuriyyə"
qəzeti gündəlik, yarım milyon tirajla nəşr
edilir. Bundan əlavə, qəzetin elektron versiyası Misir və
onun hüdudlarından kənarda çoxsaylı ərəbdilli
oxucu tərəfindən izlənilir.
Azərbaycan.- 2011.- 1 iyun.- S. 3.