Fransanın nüfuzlu jurnalında
Azərbaycan iqtisadiyyatından bəhs edən məqalə dərc
olunmuşdur
Parisdə iqtisadiyyat məsələlərindən bəhs edən həftəlik "Yeni iqtisadçı" ("Le Nouvelle Economiste") jurnalının mayın 26-da işıq üzü görmüş son nömrəsində Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr edilmiş "Avropanın sərhədində yerləşən və sürətlə inkişaf edən ölkə" sərlövhəli məqalə dərc olunmuşdur.
Ölkəmizin iqtisadi inkişafından bəhs edən 10 səhifəlik məqalədə bildirilir ki, Qərblə Şərqin və məşhur İpək yolunun üstündə, qədim ticarət yollarının kəsişməsində yerləşən Azərbaycanda təxminən bir əsr bundan əvvəl, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika yaranmışdır. Bunun davamı olaraq vurğulanır ki, Azərbaycan 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etmişdir.
Bu ölkədə hər il
mayın 28-i Respublika Günü kimi qeyd olunur. Builki Respublika
Gününün bayram edilməsi Azərbaycanın müstəqilliyinin
bərpa edilməsinin 20 illik yubileyinə təsadüf etməsi,
ölkəmizin öz zəngin mədəniyyəti və ənənələri
ilə çox məşhur olması, müxtəlif
sivilizasiyaların kəsişdiyi bir məkanda yerləşməsi
məqalədə yer almışdır.
Daha sonra neft və qaz
ehtiyatları ilə zəngin olan ölkə əhalisinin Azərbaycanın
gələcək inkişafı ilə bağlı ümidlərinin
ümummilli lider, təcrübəli dövlət
başçısı Heydər Əliyevin doğrultduğu və
respublikanın hərtərəfli inkişafının bu
şəxsiyyətin adı ilə bağlı olduğu diqqətə
çatdırılır.
Məqalədə
vurğulanır ki, Prezident İlham Əliyevin təşəbbüsü
ilə 2004-cü ildən etibarən Azərbaycan regionlarının
sosial-iqtisadi inkişafı proqramları həyata
keçirilir və bunun nəticəsində 930 min yeni iş
yerləri yaradılmışdır, regionlarda bir sıra
mühüm sosial və iqtisadi layihələr
reallaşdırılır, müvafiq infrastruktur müasirləşdirilir,
qeyri-neft sektoru dinamik templə inkişaf edir və müasir
texnologiyalar bu sahələrə müvəffəqiyyətlə
tətbiq olunur, xarici sərmayələrin cəlb edilməsi
təşviq olunur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bu ilin
fevralında Fransanın nəqliyyat məsələləri
üzrə dövlət katibi Tiyeri Mariyanini Bakıda qəbul
edərkən söylədiyi fikirlər sitat gətirilərək
qeyd edilir ki, Azərbaycan Fransa ilə nəqliyyat sahəsində,
o cümlədən dəmir yolu, metro və yol nəqliyyatının
inkişafı sahələrində əməkdaşlıqda
maraqlıdır.
Jurnalda Azərbaycanın
Fransadakı səfiri Elçin Əmirbəyovun, xarici işlər
nazirinin müavini Mahmud Məmmədquliyevin, maliyyə naziri
Samir Şərifovun, mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin, rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasovun, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
prezidenti Rövnəq Abdullayevin, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun prezidenti Adil Məmmədovun,
Azərbaycan İnvestisiya Şirkətinin icraçı
direktoru Əfqan İsayevin və bir neçə özəl
şirkətin nümayəndələrinin müsahibələri
dərc edilmişdir.
Bu müsahibələrdə Azərbaycan ilə Fransanın enerji və qeyri-enerji sektorunda iqtisadi əməkdaşlığının inkişaf templəri haqqında, cari ilin sonunadək Azərbaycan-Fransa İkitərəfli İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı iclasının keçirilməsinin nəzərdə tutulduğuna, bu yaxınlarda Azərbaycan-Fransa Biznes Şurasının yaradıldığına, iyunun 7-də Parisdə informasiya və kommunikasiya texnologiyaları üzrə Azərbaycan-Fransa biznes forumunun keçiriləcəyinə, Azərbaycanda bu ilin "Turizm ili" elan edildiyi nəzərə alınaraq ölkəmizdə fəaliyyət göstərən "Aleksandr Düma Qafqazda" mədəni-turizm marşrutuna diqqətin artdığına dair məlumat verilir. Fransanın iş adamları ilə birgə Azərbaycanda avtomobillərin, qatar və metro vaqonlarının istehsalı, həmçinin alternativ enerji, sənaye, informasiya və kommunikasiya texnologiyaları, turizm və digər xidmət sahələrində, habelə kənd təsərrüfatı, xüsusilə şərab istehsalı sahəsində müvafiq layihələrin həyata keçirilməsi imkanlarından bəhs edilir.
Bununla yanaşı, qeyd edilir ki, Azərbaycan və Fransa prezidentləri, nazirlər və digər yüksək vəzifəli məmurlar bugünədək müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair 30-dan artıq hüquqi sənəd imzalamışlar. Bunun sayəsində də iqtisadi əməkdaşlıq üçün zəruri və zəngin hüquqi baza yaradılmışdır.
Ümumiyyətlə, məqalədə Azərbaycan və onun investisiya mühiti haqqında müsbət məlumat verilir və müstəqilliyin bərpa edilməsinin 20 illik dövrünün son 17 ilində ölkəmizin böyük iqtisadi nailiyyətlər qazandığı xüsusi vurğulanır. Bakı şəhərinin sürətli iqtisadi inkişaf dövrü yaşadığı və biznes mərkəzinə çevrildiyi bildirilir, həmçinin Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında körpü rolu oynadığı xatırlanır.
Xatırladaq ki, 1976-cı ildən çap olunan "Yeni iqtisadçı" jurnalı Avropanın ən məşhur həftəlik iqtisadi nəşrlərindən biridir və qitənin, xüsusilə Fransanın hökumət və biznes elitasının ən çox oxuduğu iqtisadi xəbərlər mənbəyidir. Jurnal Avropanın digər həftəlik nəşri olan "Financial Times" nəşrinin Fransada və fransızdilli ölkələrdə analoqu hesab edilir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.- 2011.- 1 iyun.- S. 4.