Misirin və ərəb
dünyasının nüfuzlu "Əl-Əhram" qəzetində
"Şərqin ilk parlamentli demokratik respublikası"
adlı məqalə dərc edilmişdir
28 may - Respublika Günü münasibətilə Misirin və ərəb dünyasının nüfuzlu "Əl-Əhram" qəzetinin 28 may tarixli nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin "Şərqin ilk parlamentli demokratik respublikası" adlı məqaləsi dərc edilmişdir.
Səfirlikdən AzərTAc-a daxil olan məlumatda deyilir ki, məqalədə Şərqin ilk demokratik respublikası kimi təşəkkül tapmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması prosesinə toxunan səfir AXC-də çoxpartiyalı prinsip əsasında parlamentin təşkili, Avropa ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsi, təhsil, mədəniyyət və ordu quruculuğu sahəsində görülmüş işlər barəsində ətraflı məlumat vermiş, SSRİ-nin süqutundan sonra məhz Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri əsasında müstəqilliyini bərpa etdiyini yazmışdır.
Məqalədə AXC-nin süqutuna şərait yaradan problemlərin müasir Azərbaycan Respublikasının da qarşısına çıxdığı qeyd edilir, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalın nəticələri barəsində geniş məlumat verilir, müstəqilliyinin belə bir çətin dövründə xalqın siyasi hakimiyyətə qayıtmaq üçün təkidlə Heydər Əliyevə müraciət etdiyi bildirilir.
Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində mərkəzi hakimiyyətin gücləndiyi, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi, demokratikləşmə prosesinin başlandığı, "Əsrin müqaviləsi"nin imzalandığı, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğu və tarixi İpək yolunun bərpa olunduğu oxucuların diqqətinə çatdırılır.
Ş.Abdullayev ümummilli lider Heydər Əliyev siyasi kursuna sadiq qalaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu qeyd etmiş və uğurla davam etdirilən siyasi, iqtisadi islahatların nəticəsində ölkəmizin regionda lider dövlətə çevrildiyini bildirmişdir.
Neft və qaz ixrac kəmərləri şəbəkəsi ilə Azərbaycanın Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını qeyd edən müəllif ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunun inkişafı istiqamətində görülən ardıcıl tədbirlər haqqında məlumat vermiş, nəqliyyat infrastrukturunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırıldığını və Azərbaycanın Dünya Bankının "Doing Business" kateqoriyası üzrə lider olduğunu, informasiya və kompyuter texnologiyalarının inkişafı sahəsində regional mərkəzə çevrildiyini vurğulamışdır.
Məqalədə Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsulun artım sürəti, xarici valyuta ehtiyatının həcmi, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması kimi müsbət inkişaf meyilləri rəqəmlərlə oxucuların nəzərinə çatdırılmışdır.
Müəllif müstəqilliyinin ilk illərində xarici donor və humanitar yardımlara ehtiyacı olan Azərbaycanın bu gün beynəlxalq humanitar və sülhməramlı əməliyyatlara töhfə verən dövlət olduğunu bildirmişdir.
Məqaləni
ümummilli lider Heydər Əliyevin məşhur kəlamı
ilə bitirən səfir Ş.Abdullayev Azərbaycanın
müstəqilliyinin "dönməz, daimi və əbədi"
olduğunu vurğulamışdır.
Azərbaycan.- 2011.- 1 iyun.- S. 4.