Dünya Azərbaycanın
sığorta-pensiya sistemini beynəlxalq model olaraq qəbul
edir
DSMF-nin Ağcabədi rayon
şöbəsində əhaliyə xidmət zamanı şəffaflıq
əsas prinsipdir
Dinamik inkişafını yeni nailiyyətlərə imza atmaqla davam etdirən Azərbaycanda iqtisadi sferada həyata keçirilən siyasət sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar yaradır. Bunun nəticəsidir ki, ölkəmizdə özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, çoxşaxəli iqtisadiyyat formalaşıb. Qeyd edilənlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişaf strategiyasının alternativsizliyini və möhtəşəm nəticələrini bir daha aydın nümayiş etdirir.
Həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet xəttini bütün sahələrin inkişafına nail olunması, əhalinin sosial müdafiəsinin, maddi rifahının yüksəldilməsi tədbirlərinin gücləndirilməsi təşkil edir. Uğurlu islahatlar digər sahələrdə olduğu kimi, sığorta-pensiya sistemində də cox böyük nailiyyətlərin qazanılması ilə nəticələnir. Artıq ölkəmizdə müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modeli qurulub. Bu sahədə atılan qətiyyətli addımlar və əldə edilən nailiyyətlər ölkəmizin dünyanın ən nüfuzlu təşkilatı olan Beynəlxalq Sosial Təminat Assosiasiyasının üzvü, büro üzvü və nəhayət, Avropa ölkələri sosial sığorta-pensiya sistemləri şəbəkəsinin rəhbər komitəsinə üzv seçilməsinə gətirib çıxarıb. Əldə edilmiş uğurların sayəsində Azərbaycanın pensiya və sosial təminat layihəsinin icrasına nəzarət etmək məqsədilə ölkəmizdə olmuş Dünya Bankı missiyasının rəsmi məlumatında ölkəmizin sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrildiyi vurğulanıb. Bunun nəticəsidir ki, Dünya Bankının layihələrinin tətbiq olunduğu keçid dövrü ölkələrinin müvafiq nümayəndə heyətlərinin Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədilə respublikamıza səfərləri həyata keçirilir.
2006-cı il yanvarın 1-dən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə ölkədə sosial sığorta münasibətlərinə əsaslanan əmək pensiyaları sistemi tətbiq olunub, pensiyaçıların sosial müdafiəsinin dövlət tənzimləməsi və bazar münasibətləri əsasında təminatının müasir forması təşəkkül tapıb. Qarşıya qoyulan tapşırıqların vaxtında icrası sosial ədalət prinsipinin bərqərar olmasına, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə şərait yaradıb. Ölkə vətəndaşlarının sığorta-pensiya sisteminə böyük inam göstərmələri, pensiyaların dinamik artırılması, pensiyaların ödənilməsində gecikmələrin aradan qaldırılması, pensiyaların plastik kartlarla ödənilməsi və bir sıra digər mühüm yeniliklər sosial müdafiə sistemi sahəsində həyata keçirilən islahatların uğurlarından xəbər verir.
Bu gün Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən sığorta-pensiya sistemi üzrə genişmiqyaslı islahatların mühüm istiqamətlərindən biri də əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi üçün şəraitin yaradılması, şəffaflığın təmin olunması, yerlərdə mövcud infrastrukturun yenidən qurulmasıdır. Artıq son illər bu istiqamətlərdə görülən işlərin nəticəsidir ki, ayrı-ayrı rayonlar üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinin maddi texniki bazası möhkəmləndirilib, əhaliyə xidmətin səviyyəsi müasirləşdirilib, şöbələr yeni müasir standartlı inzibati binalarla təmin ediliblər. Dövlət Sosial Müdafiə Fondunun bütün şöbələri müxtəlif növ proqram təminatı ilə təmin ediliblər və hazırda əksər işlər kompüter sistemləri vasitəsi ilə aparılır. Görülən işlərin nəticəsində Dövlət Sosial Müdafiə Fondunun serverlərində unikal elektron məlumat bazaları yaradılıb.
Fondun Ağcabədi rayon şöbəsində əhalinin əmək pensiyası və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və ödənilməsinin vaxtında həyata keçirilməsi üçün məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz tapşırığının yerinə yetirilməsi əsas vəzifə kimi qarşıya qoyulub. Şöbənin müdiri Kamil Quliyev bildirdi ki, bu sahədə işin aparılması zamanı şəffaflığın artırılması əsas amillərdən biri hesab olunur. Bu məqsədlə şöbəyə müraciət edən vətəndaşların adları növbətçi tərəfindən xüsusi tərtib olunmuş jurnala qeyd olunmaqla onların tələblərinin yerinə yetirilməsi operativ qaydada həll edilir.
Vətəndaşların müraciətlərinə baxılması üçün şöbədə qəbul günləri təyin olunub. 2011-ci ilin yanvar-aprel ayları üzrə şöbəyə vətəndaşlardan rəsmi ərizə daxil olmayıb. Vətəndaşlar tərəfindən şifahi müraciətlər edilib ki, həmin vətəndaşların tələbləri diqqətlə araşdırılaraq onlara qanuna müvafiq olaraq ətraflı izahatlar verilir. 2011-ci ilin yanvar-aprel ayları ərzində şöbəyə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış 6 ərizə və müraciətlər daxil olub. Həmin vətəndaşlar şöbəyə dəvət olunaraq onların tələbləri araşdırılıb və müraciətləri ilə bağlı qanuna müvafiq izahatlar verilib.
Şöbə tərəfindən 2011-ci ilin yanvar-aprel ayları üçün məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz tapşırığın yerinə yetirilməsi üçün müvafiq işlər görülüb. Keçən ilin müvafiq dövrünə nisbətən qeyri-büdcə təşkilatlarından 26,4 min manat artıq vəsait yığılıb. Məcburi dövlət sosial sığorta haqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsi üçün şöbə tərəfindən qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülüb. K.Quliyev qeyd etdi ki, 2011-ci ilin yanvar-aprel ayları üçün şöbənin gəlirləri 5 milyon 662,6 min manat, xərcləri isə 5 milyon 580 min manat olub. Şöbədə 406 hüquqi şəxs, 2009 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, 3132 torpaq pay mülkiyyətçisi, cəmi 5547 sığortaedən qeydiyyata alınıb. Hazırda şöbədə 17297 nəfər əmək pensiyaçısı qeydiyyatdadır və onlar öz pensiyalarını vaxtında plastik kartlardan alırlar.
"Əmək pensiyalarının sığorta hissələrinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli sərancamına əsasən müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2011-ci ilin yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2010-cu il üzrə səviyyəsinə uyğun artım tətbiq edilib. Artımla əlaqədar şöbə üzrə 9170 nəfər pensiyaçıya 9540,86 manat sığorta hissəsi əlavə olaraq hesablanıb. Dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi ilə əlaqədar olaraq idarə, müəssisə və təşkilatlarda çalışan işçilərə, əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə, pay torpaq mülkiyyətçilərinə və onların əmək qabiliyyətli ailə üzvlərinə fərdi hesablar açılıb.
Hazırda DSMF-də "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq pensiya təyinatının avtomatlaşdırılması, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Bütün bu tədbirlər şəffaflığın artırılmasında başlıca meyar olan inzibati nəzarət üsulunun ictimai nəzarətlə əvəzlənməsinə xidmət edir. Pensiya təyinatının avtomatlaşdırılması ilə bağlı görülən işlərin əsas istiqamətlərindən biri 2006-cı il yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasıdır. Digər əsas istiqamət fərdi uçot sistemində sığortaolunanlara dair ödənilən sosial sığorta haqları üzrə hesabatların qəbulu prosesidir. Artıq 2006-cı ildən sonra ödənilən sığorta haqları barədə bəyannamələrin qəbulu yekunlaşıb və onların hesablara işlənilməsi prosesi gedir. DSMF-nin Ağcabədi rayon şöbəsində də bu istiqamətdə müvafiq işlər görülməkdədir. Sığortaedənlər tərəfindən 2006-2009-cu illər üçün təqdim olunmuş "sığortaolunanlar haqqında məlumatlar" qəbul edilərək 6 milyon 375,5 min manat ödənilmiş sosial sığorta haqları sığortaolunanların fərdi şəxsi hesablarında əks etdirilib.
K.Quliyev sonda vurğuladı ki, DSMF-nin Ağcabədi rayon şöbəsi gələcəkdə öz işinin qanunvericiliyin tələblərinə müvafiq olaraq qurulması və bu sahədə şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan tam istifadə edəcək.
R.BAYRAMOV
Azərbaycan.- 2011.-1 iyun.- S. 5.