Bakı dəbdə olan Avropa paytaxtına çevrilir

 

"Eurovision"da "məxməri qələbə" Azərbaycan üçün yeni imkanlar açır

 

Mayın 30-da Rusiyanın nüfuzlu nəşri "Nezavisimaya qazeta"nın internet saytında Nazim Cavadovun "Bakı dəbdə olan Avropa paytaxtına çevrilir" sərlövhəli məqaləsi verilmişdir. AzərTAc həmin məqaləni təqdim edir.

Azərbaycan "Eurovision" müsabiqəsində qazandığı qələbə ilə özünü Avropa ambisiyaları və imkanları olan ölkə kimi inamla təqdim etmişdir. Avropa İttifaqının rəsmi strukturları köhnə adətləri üzrə Bakıya soyuq münasibət nümayiş etdirsə də, nüfuzlu siyasətçilər, tanınmış biznesmenlər və sıravi avropalılar Odlar Yurdu ilə yaxından tanış olmağa getdikcə daha çox maraq göstərirlər.

Bu Qafqaz dövlətinə Avropanın münasibətində dəyişikliklər Azərbaycan ifaçılarının 2008-ci ildə "Eurovision"da iştirak etməyə başlaması ilə eyni vaxta düşmüşdür. İlham Əliyevin komandası avropalıları yeni Azərbaycanla - sürətlə inkişaf edən və haqlı olaraq təkcə regional lider deyil, həm də postsovet məkanında ən perspektivli dövlətlərdən biri roluna namizədlə tanış etmək üçün mahnı müsabiqəsinin səhnəsindən tam mənada istifadə etmişdir. Prezident İlham Əliyev bu yaxınlarda Avropanın iş adamları ilə görüşdə bu faktı təsdiqləyərək vurğulamışdır ki, son yeddi ildə Azərbaycanda ÜDM-in və sənaye istehsalının həcmi təxminən üç dəfə artmış, ölkədə yoxsulluğun səviyyəsi 5 dəfə azalmışdır.

Rəsmi Bakı eyni vaxtda iri infrastruktur layihələrini reallaşdırmağa və kiçik biznesi inkişaf etdirməyə istiqamətlənmişdir. Bu məqsədlə ölkədə sahibkarlıq mühiti qanunvericilik səviyyəsində liberallaşdırılır. Hər il dünya ölkələrində iqtisadi azadlıq indeksini tərtib edən beynəlxalq "Heritage" ("İrs") fondunun məlumatlarına görə, Azərbaycan ötən il MDB-nin digər dövlətlərini xeyli geridə qoyaraq 92-ci yerə çıxmışdır. Odur ki, iqtisadçılar Azərbaycanın iqtisadi inkişaf sürətinin yaxın illərdə də artacağını bildirirlər.

Təəccüblü deyildir ki, son vaxtlar Bakıda mütəmadi olaraq Avropa biznes forumları keçirilir. May ayında Çexiyanın işgüzar dairələrinin nümayəndələri ilə görüş başa çatandan dərhal sonra Niderland nümayəndə heyəti ilə dialoq başlanmışdır. Polşa Prezidentinin Odlar Yurduna rəsmi səfər edəcəyi iyul ayında Azərbaycan və Polşa iş adamlarının iştirakı ilə forum da planlaşdırılır. İlham Əliyev Çexiya nümayəndə heyəti qarşısında çıxışında xüsusi vurğulamışdır ki, 1990-cı illərin əvvəllərində enerji resurslarına ümid bəslənilirdisə, hazırda hakimiyyət infrastruktur və regional layihələrin, kənd təsərrüfatının, nəqliyyatın, ən müasir texnologiyaların və əlbəttə, turizm sektorlarının inkişafında maraqlıdır.

İlham Əliyev demişdir: "Bu il təkcə Bakı şəhərində dünya səviyyəli altı yeni beşulduzlu hotel açılacaqdır. Bu da onu göstərir ki, dünya brendləri Azərbaycana sərmayə yatırmağın mümkün və lazım olduğu bir ölkə kimi baxır, ən başlıcası, ölkəmizin gələcəyinə inanırlar". Prezident siyasi modernləşdirmə olmadan iqtisadi islahatların yalnız qısamüddətli perspektivdə səmərə verə biləcəyini Bakıda yaxşı başa düşdüklərini vurğulamışdır: "Biz Avropa strukturları ilə konstruktiv münasibətlər qurmuşuq, artıq on ildir ki, Avropa Şurasının üzvüyük, Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" proqramı üzrə işləyirik. Azərbaycanı çiçəklənən dövlətə çevirmək üçün ölkəmizi bundan sonra da modernləşdirmək niyyətindəyik".

Bu fonda Azərbaycan duetinin "Eurovision"da qələbəsi həqiqətən Odlar Yurdunun Avropada öz yeni obrazını qəti təsdiq etməsinə imkan verən bir hadisədir. 2012-ci ilin may ayının sonlarında Bakıda keçiriləcək müsabiqəyə on minlərlə turistin gələcəyi gözlənilir. Onların Bakıda yerləşməsini lazımi qaydada təşkil etmək üçün dövlət başçısı yüksək səviyyəli təşkilat komitəsinin tərkibini təsdiq etmişdir. Təşkilat komitəsinə hökumət üzvləri, sahə idarələrinin rəhbərləri daxildir. Müsabiqəyə hazırlığa isə şəxsən birinci xanım Mehriban Əliyeva rəhbərlik edəcəkdir. "Eurovision"un icraçı prodüseri Jan-Ola Sand vəd etmişdir: "Bakıda bütün Avropanın ürəyincə olacaq müsabiqə keçiriləcəkdir".

İndiki qaliblərin - Eldar Qasımov və Nigar Camalın görünməmiş dərəcədə populyarlığına əsasən mühakimə yürütmək olar ki, avropalılar Odlar Yurdunu özləri üçün kəşf etməkdə maraqlıdırlar. Onlar Avropada çıxış etmək və Qərb telekanallarına müsahibə vermək üçün hər gün yeni-yeni dəvətlər alırlar. Duetin rəqiblərinin şərhləri də bunu təsdiq edir. Məsələn, bu ilin favoriti sayılan Britaniyanın "Blue" qrupunun iştirakçıları KİV-ə müsahibələrində bildirmişlər ki, müsabiqəyə hazırlıq çərçivəsində onları yaxşı mənada ən çox heyrətləndirən Bakıya səfərləri olmuşdur. Onlar demişlər: "Ölkəniz bizdə o qədər xoş təəssürat doğurmuşdur ki, biz yenidən Azərbaycana qayıtmaq istəyirik". Azərbaycan duetinin təqdim etdiyi musiqinin gözəlliyini, çıxışı təmin edən qrupun sahmanlı işini, mahnının son dərəcə uğurlu olduğunu vurğulayan britaniyalı ifaçılar həmkarlarının qələbəsini layiqli qələbə sayırlar.

Artıq Avropada hitə çevrilmiş "Running Scared" mahnısı tənqidçiləri də təəccübləndirmişdir: melodiyanın romantik şəffaflığının və mətnin lirikasının parlaq şounun dəstəyinə ehtiyacı yox idi. Avropalılar bu kübar sadəliyini layiqincə qiymətləndirmişlər. Azərbaycana maksimum balı verən ölkələrin sayı çox olmamışdır. Lakin orta səviyyədən yuxarı göstəricilər bütün Avropa ölkələri üzrə bərabər paylanmışdır. Duetin gözəl, inamlı və sakit "məxməri qələbə"sini də məhz bu təmin etmişdir. Müsabiqənin finalının digər 24 iştirakçısı favoritlərdən xeyli geri qalmışdır. Ekspertlər proqnozlaşdırırlar ki, inkişaf edən, Avropa standartlarına can atan, lakin bənzərsiz özünəməxsusluğunu qoruyub saxlayan Azərbaycanın özünü də elə belə rahat və gözəl qələbələr gözləyir.

 

 

Azərbaycan.- 2011.-1 iyun.- S.6.